Məhkəmə qərarları › İş №2(001)-4830/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4830/2024

16.09.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4830/2024 16.09.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ X5 Hüseynağa qızının sədrliyi, Hümbətov Cavidan Etibar oğlunun katibliyi, İddiaçı Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı nikahın pozulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təsviri hissə İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə aralarında bağlanmış 16 iyul 2010-cu il tarixli nikahın pozulması, birgə nikahdan olan 16 oktyabr 2010-cu il təvəllüdlü X3 və 18 iyun 2014-cü il təvəllüdlü X2 adlı uşaqların yetkinlik yaşa çatanadək saxlanmaları üçün cavabdehin aylıq gəlirin 1/3 hissəsi miqdarında alimentin tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmiş, iddia tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehlə 16 iyul 2010-cu il tarixdə rəsmi nikaha daxil olmuş, birgə nikahlarından 16 oktyabr 2010-cu il təvəllüdlü X3 və 18 iyun 2014-cü il təvəllüdlü X2 adlı uşaqları vardır. Ailə qurduqları ilk vaxtlar cavabdehlə münasibətləri normal olsa da, sonradan pozulmuşdur. Hazırda nikahları formal xarakter daşıyır. Məhkəmə iclasında iddiaçı iddia ərizəsində göstərilənləri təsdiq və iddianı müdafiə etdiyini bildirib, əlavə olaraq göstərdi ki, məhkəmədən öncə mediasiya təşkilatında cavabdehlə aralarında barışıq sazişi bağlanmış, həmin sazişdə hər iki tərəf nikahın pozulmasına və bundan sonra birgə nikahdan olan uşaqların analarının yanında qalmalarına etirazlarının olmadığını göstərmişlər. Həmçinin, həmin sazişdə aliment və əmlak məsələsi də həll edilmişdir. Sonda iddiaçı iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etdiyini və nikahın ləğvinə və uşaqların analarının himayəsində qalmasına etiraz etmədiyini bildirdi. Həmçinin alimentin ödənilməsi məsələsi ilə əlaqədar artıq mediasiyada razılığa gəldiklərini və vaxtında aliment məbləğini ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını hərtərəfli, obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddiaya aşağıdakı əsaslara görə nikahın ləğvi və uşaqların ananın himayəsində qalmaları hissəsində təmin, alimentin müəyyən edilməsi hissəsində isə xitam verilməlidir. Əsaslandırıcı hissə İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: “Nikah haqqında şəhadətnamə”dən görünür ki, iddiaçı ilə cavabdeh 16 iyul 2010-cu il tarixdə rəsmi nikaha daxil olmuş, nikahları Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsində akt qeydləri kitabında 982 nömrəsi ilə qeydə alınmışdır. “Doğum haqqında şəhadətnamə”lərin surətindən görünür ki, iddiaçı ilə cavabdehin birgə nikahlarından 16 oktyabr 2010-cu il təvəllüdlü X3 və 18 iyun 2014-cü il təvəllüdlü X2 adlı iki yetkinlik yaşına çatmayan uşaqları vardır. 10 iyun 2024-cü il tarixli, MŞB/2/2024-00610 saylı “Barışıq Sazişi”ndən görünür ki, iddiaçı ilə cavabdeh arasında Bakı şəhəri 2 saylı Mediasiya Təşkilatında barışıq sazişi bağlanmış, sazişin şərtlərinə əsasən, hər iki tərəf aralarında bağlanmış 16 iyul 2010-cu il tarixli nikahın pozulmasına və birgə nikahdan olan uşaqların anaları İddiaçı yanında qalmalarına etiraz etməmişlər. Həmçinin, cavabdeh uşaqların saxlanması üçün iddiaçıya hər ay ümumilikdə 400 manat aliment ödəməyi öhdəsinə götürmüş, bundan başqa, həmin sazişdə tərəflərin bir-birinə qarşı əmlak tələbinin olmadığı, qarşılıqlı razılaşmaları əsasında cavabdhein uşaqları ilə sərbəst görüşə bilməsi göstərilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Ailə qanunvericiliyinə əsasən nikah məhkəmə qaydasında pozularkən, məhkəmə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən etməlidir. Tələbin nikahın ləğvinə münasibətdə: Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 19.1-ci maddəsinə əsasən, bu məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. 20.1-ci maddəsinə əsasən, ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. 21.1-ci maddəsinə əsasən, yetkinlik yaşına çatmayan ümumi uşaqları olan ərarvadın nikahın pozulmasına qarşılıqlı razılığı olduqda, eləcə də bu Məcəllənin 19.2-ci maddəsində göstərilən hallarda nikah onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulur. Məhkəmə hesab edir ki, təqdim edilmiş barışıq sazişində, eləcə də məhkəmə iclasındakı izahatlarında həm iddiaçı, həm də cavabdeh nikahın pozulmasına razı olduqlarından, onlar arasında bağlanmış nikah səbəbləri araşdırılmadan pozulmalıdır. Yetkinlik yaşına çatmayanların hansı valideynin himayəsində qalmasına münasibətdə: 21.2-ci maddəsinə əsasən, ər-arvad bu Məcəllənin 22.1-ci maddəsinə uyğun olaraq uşaqları barədə sazişi baxılmaq üçün məhkəməyə təqdim etmək hüququna malikdirlər. Bu saziş olmadıqda və ya həmin saziş uşaqların maraqlarını pozduqda məhkəmə bu Məcəllənin 22.2-ci maddəsində nəzərdə tutulan qaydada onların mənafeyinin müdafiəsi üçün tədbirlər görür. 22.1-ci maddəsinə əsasən, nikah məhkəmə qaydasında pozularkən, ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim edə bilərlər. Həmçinin, tərəflər nikah pozulduqdan sonra uşaqların hansı valideynin yanında qalmalarına dair də öz mövqelərini barışıq sazişində əks etdirdiklərindən, həmçinin, məhkəmə iclasında da sazişdə göstərilənlərə zidd izahat vermədiklərindən, məhkəmə hesab edir ki, nikah pozulduqdan sonra uşaqlar analarının, yəni iddiaçının yanında saxlanmalıdırlar. Alimet məbləğinin müəyyən edilməsinə münasibətdə Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında 10 iyul 2024-cü il tarixdə Bakı şəhəri 2 saylı Mediasiya Təşkilatında barışıq sazişi bağlanmış, sazişin şərtlərinə əsasən, hər iki tərəf aralarında bağlanmış 16 iyul 2010-cu il tarixli nikahın pozulmasına və birgə nikahdan olan uşaqların anaları İddiaçı yanında qalmalarına etiraz etməmişlər. Həmçinin, cavabdeh uşaqların saxlanması üçün iddiaçıya hər ay ümumilikdə 400 manat aliment ödəməyi öhdəsinə götürmüş, bundan başqa, həmin sazişdə tərəflərin bir-birinə qarşı əmlak tələbinin olmadığı, qarşılıqlı razılaşmaları əsasında cavabdhein uşaqları ilə sərbəst görüşə bilməsi göstərilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 99-cu maddəsinə əsasən ailə üzvləri arasında aliment ödənilməsi barədə saziş olmadıqda, bu Məcəllənin 13—16-cı fəsillərində göstərilmiş şəxslər aliment tutulması barədə məhkəməyə müraciət edə bilərlər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, tələbə bu hissədə xitam verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddia təmin edildiyindən, onun verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi kimi 60 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Nəticə hissəsi Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında 16 iyul 2010-cu il tarixdə Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsində bağlanmış, akt qeydləri kitabında 982 nömrəsi ilə qeyd edilmiş nikah pozulsun. Tərəflərin birgə nikahlarından olan 16 oktyabr 2010-cu il təvəllüdlü X3 və 18 iyun 2014-cü il təvəllüdlü X2 adlı uşaqlarının anaları İddiaçı yanında saxlanmaları müəyyən edilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 60 (altmış) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. Tərəflərə nikah dövründə əldə etdikləri ümumi əmlaka dair paylarının bölünməsi məsələsinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsində göstərilən müddət çərçivəsində (3 illik müddət) həll edilməsinin məqsədə müvafiqliyini izah edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. X6

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar