Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4845/2025 23.12.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ X19 Hüseynağa qızının sədrliyi, Əfəndiyeva Lalə Elxan qızının katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2, onun nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh X4 nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı miras əmlakdan payların müəyyən edilməsi və əldə edilmiş gəlirin vərəsələrə ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı miras əmlakdan payların müəyyən edilməsi və əldə edilmiş gəlirin vərəsələrə ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişlər, tələb onunla əsaslandırılmışdır ki, İddiaçı2 - xx xxxx 1967-ci ildə Bakı şəhərində anadan olmuşdur. Atası - X18 - 04 may 1940-cı ildə Ermənistanın Amasiya rayonunda doğulmuş, 06 sentyabr 2015-ci ildə Bakı şəhərində vəfat etmişdir. Anası - İddiaçı1 -xx xxxxxx 1944-cü ildə Tovuz şəhərində doğulmuşdur. Qardaşı - X9 -xx xxx 1966-cı ildə Bakı şəhərində anadan olmuşdur. Qardaşım - X15 - 01 iyul 1971-ci ildə Bakı şəhərində doğulmuş, 27 iyul 2020-ci ildə rəhmətə gedib. Atası "xxxx" Kiçik müəssisəsinin təsisçisi, baş direktoru olub. X3 adına 1994-cü ildən ünvan 1 ünvanında - "xxxx" Kiçik müəssisəsi olub, 6 mağaza, 8 dənə box və 14 ədəd avtoprofilaktoriya işlədib. Atası rəhmətə gedəndən sonra həmin mağazalar, boxlar və avtoprofılaktoriyaları qardaşım Səlahətdin işlətməyə başladı və onlardan əldə edilən gəliri atasının vərəsələri arasında bölünəcəyini vəd etdi. Anası - İddiaçı1 ərizəsi əsasında Bakı şəhəri 27 saylı Notariat ofisində vərəsəlik işi açılmış və vərəsələrin dairəsi müəyyən edilmişdir. X3 adında qalmış miras əmlaka - İddiaçı1 qızma, İddiaçı2, X13 və X5 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. X8 06 sentyabr 2015-ci ildə vəfat etdikdən sonra qardaşı - X9 həmin avtoprofilaktoriyanı işlədəcəyini və hər ay iddiaçıya, anasına, qardaşına düşən paya uyğun olaraq pullarını verəcəyini bildirmiş, hər dəfə bir bəhanə ilə pulu verməkdən boyun qaçıraraq, bu günə qədər heç birinə bir manat da olsun verməmişdir. X1 atasının miras əmlakını ələ keçirərək, 10 ildir ancaq özü işlətməklə, oradan əldə etdiyi pulları şəxsən özü xərcləyərək, iddiaçıya, anasına, rəhmətlik qardaşının ailəsinə düşən paydan əldə etdiyi gəlirlər ancaq özünə və ailəsinə xərcləməklə məşğuldur. İddiaçı və anası dəfələrlə X6 müraciət edərək, həmin miras paydan onlara düşən hissənin pulunu verməyini xahiş etsələr də, o, pul verməyəcəyini bildirmişdir. Bu səbəbdən də məhkəməyə müraciət edərək, atasının mirasından hər birinə düşən payın bölünməsi və bu günə qədər həmin əmlakdan gəlir götürən X10indan 2016-cı ildən bu günə qədər onlara çatan pul vəsaitinin hesablanaraq ödənilməsi barədə qətnamə çıxarılmasını tələb edir. ünvan 1 ünvanında "xxxx" Kiçik müəssisəsi olub, 6 mağaza, 8 box və 14 ədəd avtoprofilaktoriya atasının öldüyü məqamadək sahib olduğu əmlak hüququ olmuşdur. Mərhunı atasına məxsus əmlak barədə hüquqmüəyyənedici sənədlər mövcuddur, bu sənədlər hazırda qardaşının oğlundadır. Miras qoyan atası vəsiyyətnamə qoymadığından hesab edir ki, onun miras əmlakı qanun üzrə vərəsəlik qaydasında birinci növbəli vərəsələri arasında bölünməlidir. Bu səbəbdən mərhum X8ndan miras qalmış ünvan 1 ünvanında - "xxxx" Kiçik müəssisəsi olub, 6 mağaza və 14 ədəd avtoprofılaktoriyanın vərəsələr arasında bərabər paylara bölünməsi, X11 qalan mirasdan 2016-cı ildən bu günə qədər gəlir götürən X2 2016-cı ildən bu günə qədər onlara çatan pul vəsaitinin hesablanaraq ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. İddiaçılar iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, ünvan 1 ünvanında yerləşən "xxxx" kiçik müəssisəsinin ½ hissinin birgə nikah dövründə əldə edilmiş əmlak kimi İddiaçı1 mülkiyyət hüququnu müəyyən etməklə, mərhum X11 miras qalmış "xxxx" KM-nin 1/2 hissədə miras pay hüquqlarının müəyyən edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında: İddiaçılar izahatlarında məhkəməyə bildirdilər ki, iddianı müdafiə edir, təmin olunmasını xahiş edirlər. İddiaçı1 bildirdi ki, Şəms firması mərhum əri tərəfindən yaradılmışdır. Adını da özü qoymuşdur. Firma heç vaxt oğlu Səlahəddinin olmamışdır. Əksinə əri vəfat etdikdən sonra cavabdeh onun yanına gələrək firmanın öz adına rəsmiləşməsinə razılıq verməini və sənədlərə imza etməsini ondan xahiş etsə də imtina etmişdir. Oğlu saxtakarlıq edərək sənədləri öz adına keçirmişdir. İddiaçı2 izahatında bildirdi ki, Şəms firması atası tərəfindən təsis edilmişdir. Qardaşı sadəcə orada işləmiş, heç bir səlahiyyətə malik olmamışdır. Hətta dəfələrlə anasından firmanın onun adına keçirilməsini xahiş etsə də anası buna razı olmamışdır. Qardaşı Səlahətdin bilərəkdən, qəsdən qanunsuzluq etmiş, qərarda atasının adını saxtalaşdıraraq öz adı kimi göstəmişdir. Həmin sənədlər saxtadır. Atasının firmasından və əmlakından ona da pay düşməlidir. Cavabdehin nümayəndəsi və vəkili izahatında məhkəməyə bildirdi ki, iddia tələbini qəbul etmir. Hazırda baxılan mübahisə predmeti ümumiyyətlə mirasa daxil ola bilməz. Vərəsələr tərəfindən notariusda olarkən də miras kimi yalnız mənzil bölünmüş, firmanın bölgüsü ilə bağlı heç bir mübahisə olmamışdır. Hazırda rəsmi sənədlərlə firma cvabdehin adına rəsmiləşdirilmişdir. Əgər tərəflər sənədlərin saxta olmasını bildirirlərsə bunu inzibati qaydada mübahisələndirsinlər. Məhkəmə tərəfləri dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Əsaslandırıcı hissə: İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən: Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri 27 Saylı Notariat ofisinin xx.xx.2025-ci il tarixli məktubunun surətindən müəyyən olunur ki, 06 sentyabr 201 ci il tarixdə vəfat etmiş X12 adına 02 aprel 2016-cı tarixdə İddiaçı1 ərizəsi əsasında Bakı şəhəri 27 saylı notariat ofisində vərəsəlik işi açılmışdır və vərəsələrin dairəsi müəyyən edilmişdir. X12 adında qalmış miras əmlak ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 63,92 kv m. Olan 4 otaqlı mənzilə dair İddiaçı2, anası İddiaçı1, qardaşı X13, qardaşı Cavabdeh qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. Ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X18 xx.xx.2015-ci il tarixdə vəfat etmiş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 874 saylı qeyd aparılmışdır. Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X7, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsinin xx.xx.2003-cü il tarixli, 421 №-li qeydiyyat vəsiqəsinin surətindən müəyyən olunur ki, Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi 3105c küçəsində yerləşən qeyri yaşayış binası ümumi sahəsi- 24.3 kvm; Q-8.6 kvm; "xxxx" müstəqil kiçik müəssisəsinin adına tam mülkiyət hüquqi əsasında hüququ müəyyən edilmişdir. Azərbaycan Respublikasının Vergilər Nazirliyi Bakı şəhəri Vergilər Departamenti Kommersiya Hüquqi şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin xx.xx.2015-ci il tarixli məktubunun surətindən müəyyən olunur ki, kommersiya hüquqi şəxslərin dövlət reyestrinə əsasən "xxxx" Kiçik Müəssisəsinin (VÕEN **********) hüquqi ünvanı ünvan 3əsisçisi və rəhbəri Azərbaycan Respublikası vətəndaşı Cavabdehdur. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin çıxarışından müəyyən olunur ki, "xxxx" Kiçik Müəssisəsinin (VÖEN **********) təsisçilər və nizamnamə kapitalında mayaların miqdarı 100% olmaqla Cavabdeh adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan müəyyən olunur ki, Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin uçot baza məlumatlarına əsasən bildirilir ki, Cavabdeh "xxxx" Kiçik Müəssisəsinin (VÖEN **********) direktoru və təsisçisidir. Hüquqi şəxsin qeydiyyat qovluğunda "xxxx" Kiçik Müəssisəsinin qeydiyyatı haqqında Cavabdeh xx.xx.1994-cü il tarixli ərizəsi müəyyən edilmişdir, lakin təyinatı barədə sənəd aşkar edilməmişdir. Binəqədi Rayonu İcra Hakimiyyətinin Rəhbəri 298 nömrəli, 10 aprel 1992-ci il tarixli əmrin surətindən müəyyən olunur ki, "xxxx" müstəqil kiçik müəssisəsinin qeydiyyatı haqqında "Kiçik müəssisələrin yaradılması və inkişafı tədbirləri haqqında" Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq və onların inkişafı üçün iqtisadi və hüquqi şərait yaratmaq məqsədilə: 1. Əsas fəaliyyəti istehlak mallarının istehsalı və satışı, təmir-tikinti işləri və Nizamnamədə göstərilən digər fəaliyyətlər olan vətəndaş R.M.Məmmədov tərəfindən təsis edilmiş müstəqil kiçik müəssisənin Nizamnaməsi qeydiyyata alınmışdır. 2. Vətəndaş R.M.Məmmədov "xxxx" müstəqil kiçik müəssisəsinin direktoru vəzifəsinə təsdiq edilmiş və ona müəyyən edilmiş müddətlərdə müvafiq vergiləri yerli büdcəyə köçürmək tapşırılmışdır. 3. Rayon Daxili İşlər Şöbəsi (Əliyev M.M.) "Qama" müstəqil kiçik müəssisəsinə möhür və ştamp istehsalına icazə vermişdir. 4. "xxxx" müstəqil kiçik müəssisəsinin direktoru öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həyata keçirməlidir. 5. Bu əmrin icrasına nəzarət İcra Hakimiyyəti Başçısının müavini D.İ.Məmmədova, Vergi Müfəttişliyinin rəisi N.İskəndərova və Rayon Daxili İşlər Şöbəsinin rəisi M.M.Əliyevə həvalə edilmişdir. Azərbaycan Respublikasinin Ədliyyə Nazirliyi Baki şəhəri 27 saylı notariat ofisinin 73 №-li məktubundan müəyyən olunur ki, 06 sentyabr 2015- ci il tarixdə vəfat etmiş X12 adına 02 aprel 2016-cı il tarixdə İddiaçı1 ərizəsi əsasında Bakı şəhəri 27 saylı notariat ofisində vərəsəlik işi açılmışdır və vərəsələrin dairəsi müəyyən edilmişdir. X12 adında qalmış miras əmlaka İddiaçı1, X13 və Cavabdeh qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri 27 saylı notariat ofisinin xx.xx.2025-ci il tarixli, 147 saylı məktubundan müəyyən olunur ki, xx.xx.2015-ci il tarixdə vəfat etmiş X12 vəfatı ilə əlaqədar olaraq xx.xx.2016-cı il tarixdə adına açılmış və xx.xx.2017-ci il tarixdə 2V-128,2V-129,2V-130 saylı reyestrlərlə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələri verilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin 7-ci hissəsinə görə, Dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Məhkəmənin mövqeyi Sadalanan maddi və prosessual qanun normalarını ümumiləşdirərək məhkəmə qeyd edir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə öz növbəsində yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməli, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməlidir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur və məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla və iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırır. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyrimüəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Məhkəmə qeyd edir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir? Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki mühakimə icraatında yekun qərarın çıxarılmasını asanlaşdıran bir qayda var – iddiaçının dediklərinə əsasən iddia təmin olunan deyilsə, qarşı tərəfin etirazları ilə bağlı araşdırma aparmadan mübahisəni bitirmək olar. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu dəfələrlə qərarlarında qeyd etmişdir ki, prosessual qənaət prinsipi məhkəmə prosesinin uzadılmasının aradan qaldırılmasına, bir sıra prosessual institutların münasib hala gətirilməsinə, onların qanunvericiliklə daha dəqiq tənzimlənməsinə və tərəflərin tarazlaşdırılmış vəziyyətə gətirilməsinə yönəlmişdir (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2016-cı il 12 iyul tarixli Qərar). Prosessual qənaət prinsipi, məhkəmə prosesinin lüzumsuz uzanmasının qarşısını almaq, vaxt və resurslara qənaət etmək məqsədi daşıyan bir hüquqi anlayışdır. Bu prinsipə əsasən, məhkəmələr bəzi hallarda müvafiq şikayətlərin verilməsi hüququnu məhdudlaşdıra və ya istisna edə, eləcə də işlərə baxarkən qüsurları aradan qaldırmaq üçün tədbirlər görərək məhkəmə prosesinin lüzumsuz uzadılmasının qarşısını almağa çalışırlar. Məhkəmə araşdırması zamanı müəyyən olunur ki, Binəqədi Rayonu İcra Hakimiyyətinin Rəhbəri 298 nömrəli, 10 aprel 1992-ci il tarixli əmrin surətindən müəyyən olunur ki, "xxxx" müstəqil kiçik müəssisəsi mərhum X18 tərəfindən təsis edilmiş, lakin sonradan sorğulanmış məlumatlarda Cavabdeh "xxxx" Kiçik Müəssisəsinin (VÖEN **********) direktoru və təsisçisi olması, hüquqi şəxsin qeydiyyat qovluğunda "xxxx" Kiçik Müəssisəsinin qeydiyyatı haqqında Cavabdeh xx.xx.1994-cü il tarixli ərizəsi müəyyən edilmişdir. Həmçinin miras qoyan Rəşid Məmmədov 2015-ci il tarixdə vəfat etmiş, ölümündən sonra miras əmlak kimi mənzili vərəsələr arasında notariat qaydasında bölüşdürülərək hər birinə qanun üzrə vərəsəlik haqqında şəhadətnamələr verilmişdir. Hazırki müəssisənin miras kimi bölüşdürülməsinə dair miras qoyanın ölümündən hazırki zamanadək heç bir mübahisə olmamışdır. Həmçinin tədqiq edilmiş sənədlərdən mübahisəli müəssisənin miras əmlak kimi müəyyən edilməsi üçün heç bir əsas müəyyən edilməmişdir. Qeyd olunanlar isə tələbin hazırki əsaslarla təmin olunmasını istisna edir. Lakin məhkəmə tərəflərin diqqətinə çatdırır ki, gələcəkdə müəssisənin və ya mübahisəsi gedən əmlaka dair rəsmi sənədlərin saxta və ya qanunsuz olması qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təsdiqləndiyi və hazırda mövcud hüquqmüəyyənedici sənədlərin qüvvədən düşdüyü halda yeni yaranmış hüquqi əsaslarla əmlakın miras əmlak kimi mübahisələndirilməsi təbii ki, istisna deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi təmin edildiyindən məhkəmə xərcləri cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119-cu maddəsinin şərtləri nəzərə alınmaqla, məhkəmə xərcləri tərəflərə aid edilməlidir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Nəticə hissəsi QƏT ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı ünvan 1 ünvanında yerləşən "xxxx" kiçik müəssisəsinin ½ hissinin birgə nikah dövründə əldə edilmiş əmlak kimi İddiaçı1 mülkiyyət hüququnu müəyyən etməklə, mərhum X11 miras qalmış "xxxx" KM-nin 1/2 hissədə miras pay hüquqlarının müəyyən edilməsi tələbinə dair tələbi təmin edilməsin. Məhkəmə iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Hakim: Səidə Məmmədova
Məhkəmə qərarları › İş №2(001)-4845/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4845/2025
23.12.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver