Məhkəmə qərarları › İş №2(001)-4857/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-4857/2021

01.06.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-4857/2021 01.06.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Hətəmzadə Fərid Eldar oğlu, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “faiz borcunun silinməsi və əsas borcun hissə-hissə ödənilməsi” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq m ü ə y y ə n e t d i m: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “faiz borcunun silinməsi və əsas borcun hissə-hissə ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, bank tərəfindən hesablanmış faiz borcunun silinməsinə köməklik göstərilməsini, habelə 679 manat əsas borc məbləğinin hissə-hissə ödənilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədi nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi “faiz borcun silinməsi” hissəsində geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsindən müəyyən olunur ki, cavabdehin hüquqi ünvanı Binəqədi rayonu ərazisində yerləşmədiyindən iddia ərizəsi ərazi aidiyyəti üzrə düzgün verilməmiş, habelə iddiaçının öz tələblərini əsaslandırdığı hallara dair sənədlər, əgər bu sənədlərin surətləri cavabdehlər və üçüncü şəxslərdə yoxdursa, onlara verilmək üçün bu sənədlərin surətləri, bunlarla yanaşı dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd də iddia ərizəsinə əlavə edilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. 149.2-ci maddəsinə əsasən ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.3-cü maddəsinə əsasən iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb. 149.2.5-ci maddəsinə əsasən ərizəyə əlavə edilən sənədlərin siyahısı. 150.0.5-ci maddəsinə əsasən iddiaçının öz tələblərini əsaslandırdığı hallara dair sənədlər, əgər bu sənədlərin surətləri cavabdehlər və üçüncü şəxslərdə yoxdursa, onlara verilmək üçün bu sənədlərin surətləri iddia ərizəsinə əlavə edilir. 108.1.1-ci maddəsinə əsasən iddia ərizələri verildikdə dövlət rüsumu ödənilir. 108.3-cü maddəsinə əsasən dövlət rüsumu yalnız elektron ödəniş sistemləri vasitəsilə ödənilməlidir. 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır; 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsasən belə nəticəyə gəlirəm ki, iddia ərizəsi “faiz borcun silinməsi” hissəsində geri qaytarılmalı və iddiaçıya izah edilməlidir ki, o, qərardadda göstərilən nöqsanları aradan qaldırdıqdan sonra cavabdehin hüquqi ünvanı üzrə müvafiq rayon məhkəməsinə müraciət edə bilər. İddia ərizəsinin “əsas borcun hissə-hissə ödənilməsi” hissəsində isə belə qənaətə gəlirəm ki, iddia tələbinin bu hissədə icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, hazırki iddia tələbinə iddia icraatı qaydasında deyil, icra icraatı qaydasında baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. 231.2-ci maddəsinə əsasən həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. 153.2 və 153.2.1-ci maddələrinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir; 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Qeyd etməyi zəruri hesab edirəm ki, “iş məhkəmədə baxılmalı deyildirsə” müddəası özündə, mülki işin məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda baxılmalı olmasını, eləcə də iş məhkəməyə aid olsa da, mülki mühakimə icraatı qaydasında deyil, başqa məhkəmə icraatı qaydasında (cinayət, inzibati, inzibati xətalara dair işlər üzrə icraat və ya icra icraatı) baxılmalı olmasını ehtiva edir. Ona görə də hesab edirəm ki, iddia ərizəsinin “əsas borcun hissə-hissə ödənilməsi” hissəsinin icraata qəbul edilməsindən imtina edilməli, iddiaçıya bununla bağlı ərizə ilə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 153, 263 və 264-cü maddələrini rəhbər tutaraq qərara a l d ı m: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsinin “faiz borcun silinməsi” hissəsi geri qaytarılsın və iddiaçıya izah edilsin ki, o, qərardadda göstərilən nöqsanları aradan qaldırdıqdan sonra cavabdehin hüquqi ünvanı üzrə müvafiq rayon məhkəməsinə müraciət edə bilər. İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsinin “əsas borcun hissə-hissə ödənilməsi” hissəsinin icraata qəbul edilməsindən imtina edilsin və iddiaçıya izah edilsin ki, o, borcun hissə-hissə icra edilməsi ilə bağlı məhkəməyə ərizə ilə müraciət edə bilər. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya rəsmi qaydada verilsin. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar