Məhkəmə qərarları › İş №2(001)-4862/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4862/2023

09.10.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4862/2023 09.10.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X6 katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə 09 oktyabr 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddia tələbi, onun əsasları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 17000 manat məbləğində pul vəsaitinin, habelə iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 142 manatın tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2015-ci ilin yanvar ayında Bakı şəhəri, Biləcəri qəsəbəsində yaşayan keçmiş tələbə yoldaşı – cavabdeh ilə görüş zamanı Biləcəri qəsəbəsi ərazisində oğlu üçün fərdi yaşayış evi tikmək məqsədilə torpaq sahəsi almaq istədiyini cavabdehə bildirmişdir. Cavabdeh özündə münasib qiymətə torpaq sahəsi olduğunu demiş və ayrı-ayrı yerlərdə hərəsi 300 kv.metr olmaqla cəmi 600 kv.metr torpaq sahəsini qarşılıqlı razılıqla cəmi 21000 manata qiymətləşdirmişlər. Yəni, torpaq sahələrinin birinin qiyməti 10000 manat, digəri 11000 manat müəyyənləşdirilmişdir. Sənədləşmə məsələlərinə gəldikdə, cavabdeh bildirmişdir ki, torpaq sahələrindən biri qardaşının adınadır, hər iki torpaq sahəsinə dair bələdiyyə sərəncamı mövcuddur. Gələcəkdə sənədləşmə işində heç bir problem olmayacağına iddiaçını əmin edərək tövsiyyə etmişdir ki, torpaq sahələrinə dair notarial qaydada etibarnamə verəcəkdir. Beləliklə, 15 yanvar 2015-ci il tarixdə cavabdehin adına olan 300 kv.metr torpaq sahəsi ilə bağlı öz adına, cavabdehin qardaşı Şahvələd Ləzgiyevin adına olan torpaq sahəsi ilə bağlı isə qudası X1 adına etibarnamə almış, cavabdehlə əvvəlcədən razılaşdıqları məbləğdən 17000 manatını ödəmiş, qalan məbləği sənədləşmə baş verdikdən sonra ödəyəcəyinə dair razılaşmışlar. İddiaçı bir müddət sonra cavabdehin ona təqdim etdiyi torpaq sahəsinə getmiş, icazə almaq üçün yerli icra nümayəndəliyinə, daha sonra Binəqədi bələdiyyəsinə müraciət etmişdir. Bu zaman məlum olmuşdur ki, cavabdehin ona göstərdiyi və güyə satmış olduğu torpaq sahələri ilə bələdiyyə sənədləri uyğunluq təşkil etmir, başqa sözlə, əslində mövcud deyil. Cavabdeh iddiaçıya müxtəlif yerlərdə torpaq sahələrini göstərsə də, iddiaçı bələdiyyədən maraqlanıb öyrənmişdir ki, göstərilən torpaq sahələrinin cavabdehə heç bir aidiyyəti yoxdur. Belə olan halda iddiaçı cavabdehə müraciət edərək, etibarnamələri ləğv etməklə, verdiyi pulu geri tələb etmiş, lakin cavabdeh müxtəlif bəhanələrlə pulu qaytarmaqdan yayınmışdır. Buna görə də, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iddiaçı iddia ərizəsində göstərilənləri təsdiq etdiyini, iddianı müdafiə etdiyini bildirərək, izahatında göstərdi ki, o, həm cavabdehin, həm də qardaşının adına olan torpaq sahələrini özü üçün almaq istəmiş, lakin hər iki torpaq öz adına olmasın deyə, torpaqlardan birini qudasının adına almışdır. Həmin vaxt cavabdehlə torpaqların qiyməti barədə lazılaşmışlar, cavabdeh övladına toy etməli olduğu üçün təcili pula ehtiyacı olduğunu demiş, pulun yarısını alğı-satqı zamanı ödəməyini xahiş etmiş, qalan məbləği isə sənədləşmə işləri tamamlandıqdan sonra qəbul edəcəyini, sənədləşmə işləri alınmasa, pulu qaytaracağını bildirmişdir. O, cavabdehin tələbə yoldaşı olduğuna arxayın olaraq ona inanmış, razılaşmış, 17000 manat pulu şəxsən cavabdehə vermişdir. Lakin, cavabdehin ona göstərdiyi torpaq sahəsində bir müddət sonra tikinti aparmaq istəyərkən həmin torpaq sahəsinin hasarlandığını görmüş, müəyyən edilmişdir ki, torpaq neft kəmərlərini keçdiyi ərazidədir. Beləliklə o, verdiyi pulu cavabdehdən tələb etsə də, cavabdeh müxtəlif bəhanələrlə pulu qaytarmaqdan yayınmışdır. Sonda İddiaçı məhkəmədən göstərilənləri nəzərə alıb, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi izahatında göstərdi ki, cavabdehin bu qanunsuz əməlləri ilə bağlı polisə müraciət olunmuş, araşdırma zamanı müəyyən olunmuşdur ki, cavabdehin iddiaçıya təqdim etdiyi sənəddə qeyd edilən torpaq sahəsi ilə göstərdiyi faktiki torpaq sahəsi üst-üstə düşmür. Digər tərəfdən, cavabdeh izahatında iddiaçıdan yalnız öz torpağının dəyəri kimi 4800 manat aldığını, qalan məbləği qardaşının qəbul etdiyini bildirsə də, iddiaçı cavabdehin qardaşını yalnız notariat ofisində görmüş, iddiaçının cavabdehin qardaşı ilə pul münasibəti olmamışdır. Bunu şahid ifadələri də təsdiq edir. Sonda Vəkil məhkəmədən göstərilənləri nəzərə alıb, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh iddianı qəbul etmədiyini bildirərək, izahatında göstərdi ki, iddiaçı torpaq almaq istəmiş, həmin vaxt onun özünə məxsus, lakin neft kəmərlərinin ərazisində yerləşən torpaq sahəsi olmuşdur. O, həmin torpaq sahəsini iddiaçıya göstərmiş, iddiaçı bəyənərək, torpağı almaq qərarına gəlmişdir. Bir müddət sonra iddiaçı bacısı üçün də torpaq almaq istəyini bildirmiş, bu zaman onun qardaşı Şahvələd öz adına ona torpaq sahəsini iddiaçıya satmışdır. Şahvələdlə iddiaçı arasındakı pul haqqhesabının ona aidiyyəti yoxdur. O, özünə aid torpağı iddiaçıya 10000 manata satmış, pulun 4800 manatını iddiaçıdan almış, qalan pulu iddiaçı sənədləşmə işləri tamamlandıqdan sonra verəcəyini demişdir. O, torpağı iddiaçıya satarkən ərazinin neft ərazisi olduğunu, lakin torpaqla bağlı bələdiyyə sərəncamının mövcud olduğunu, tezliklə orada ev tikərsə, sənədləşmə işlərinin asanlıqla həll olunacağını demişdir. Lakin, iddiaçı tikinti işlərini gecikdirmiş, nəticədə Neft Kəmərləri İdarəsi həmin ərazini hasara almışdır. Hazırda da torpağın iddiaçının mülkiyyətinə verilməsi ilə bağlı bələdiyyə ilə danışıqlar aparılır. Tədqiq edilən sübutlar: - 15 yanvar 2015-ci il tarixli, AR-İ seriyalı, 353287 nömrəli etibarnamədən görünür ki, Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbə bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 1331 nömrəli sərəncamına əsasən, ona məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi bələdiyyəsi hüdudları daxilində yerləşən 300 kv.metr torpaq sahəsinə dair tikinti işləri aparmağı, özəlləşdirmə işlərini aparmağı və s. ilə əlaqədar bütün hərəkətləri 50 il müddətinə İddiaçı etibar etmişdir. - 15 yanvar 2015-ci il tarixli, AR-İ seriyalı, 353289 nömrəli etibarnamədən görünür ki, X7 Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbə bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 1428/1 nömrəli sərəncamına əsasən, ona məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi bələdiyyəsi hüdudları daxilində yerləşən 600 kv.metr torpaq sahəsindən 300 kv.metr torpaq sahəsinə dair tikinti işləri aparmağı, özəlləşdirmə işlərini aparmağı və s. ilə əlaqədar bütün hərəkətləri 50 il müddətinə X2 etibar etmişdir. - Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə bələdiyyəsinin 12 avqust 2007-ci il tarixli, 1331 nömrəli sərəncamından görünür ki, Binəqədi rayonu Binəqədi qəsəbəsinin ərazi hüdudları daxilində, Binəqədi qəsəbə ərazisindən istifadəsində olan 300 kv.metr torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi üçün Cavabdeh Mərdalı oğlunun adına alğı-satqı yolu ilə mülkiyyətinə ayrılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, iddiaçı onun qayınıdır. İddiaçı torpaq sahəsi almaq istəyərdən ondan onunla getməsini xahiş etmişdir. Cavabdehlə iddiaçı tələbə yoldaşı olmuş, illərdir bir-birini tanımışlar. O, iddiaçı ilə birlikdə Biləcəri qəsəbəsinə getmiş, cavabdehə 15500 manat pul vermişlər. Cavabdeh sənədləri dözəldib verəcəyinə söz vermişdir. Pul verilərkən cavabdehin ailəsi də orada olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində göstərdi ki, iddiaçı onun əmisidir. O, dəfələrlə əmisini, yəni iddiaçını öz maşını ilə sözügedən torpaq sahəsinə aparmış-gətirmişdir. İddiaçı avtovağzal yaxınlığında cavabdehə 1200 manat pul verərkən o da orada olmuş, digər pulların verilməsindən məlumatı olmamış, görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində göstərdi ki, iddiaçı onun bacanağıdır. İddiaçı ona torpaq almaq istəyini bildirmiş və 300 manat borc istəmişdir. O, həmin 300 manat pulu metronun “20 Yanvar” stansiyasının yaxınlığında “Azərsu” idarəsini qarşısında cavabdehə vermişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. 1092.3. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən onlar öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. - 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmənin mövqeyi: Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki iş materiallarını araşdıraraq, hesab edir ki, iddianın qismən təmin edilməsi üçün əsaslar mövcuddur. İşin müəyyən edilən hallarına görə 2015-ci ildə cavabdeh Bakı şəhəri, Biləcəri qəsəbəsində yerləşən hər biri 300 kv.metr olmaqla cəmi 600 kv.metr torpaq sahəsini 21000 manata qiymətlənirərək iddiaçıya satmağı təklif etmiş, bunun müqabilində 300 kv.metr torpaq sahəsi ilə bağlı öz adından iddiaçının adına, digər 300 kv.metr torpaq sahəsi ilə bağlı cavabdehin qardaşı Şahvələd Ləzgiyevin adından X1 adına etibarnamələr verilmişdir. İddiaçı iddia edir ki, həmin vaxt cavabdehlə əvvəlcədən razılaşdıqları məbləğdən 17000 manatını ödəmiş, qalan məbləği sənədləşmə baş verdikdən sonra ödəyəcəyinə dair razılaşsa da sonradan ona sözügedən torpaq sahələrinin neft kəmərlərinin keçdiyi ərazi olduğu məlum olmuşdur. İlk növbədə məhkəmə tərəflərin istinad etdiyi dəlillərin əsaslılığı ilə bağlı qeyd edir ki, iddiaçı 17000 manatın ödədiyini iddia edir, cavabdeh 4800 manat pulu aldığını etiraf edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi də öz qərarlarında bu mövqeydən çıxış etmişdir (“Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli Qərar, “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərar və sair). İddiaçının dəlillərinə münasibətdə qeyd olunmalıdır ki, onun tərəfindən tam olaraq 17000 manatın məhz cavabdehə ödədiyi sübut olunmur. Belə ki, tərəflər arasında yaranan münasibətlər şifahi qaydada baş verərək heç bir rəsmi sənədlə rəsmiləşdirilməyib. İş üzrə şahid qismində dindirilən X3 cavabdehə 15500 manat, X9 1200 manat, X8 isə 300 manat pulun ödənildiyini bildirmişlər. Qeyd olunmalıdır ki, şahidlərin hər üçün iddiaçı ilə qohumluq münasibətində olmaqla yanaşı mübahisəli pulun məbləği, verilməsi yeri və zamanı baxımından bir birə uyğun olmayan ifadələr vermişlər. Bu ifadələri isə məhkəmə işin hallarını təsdiq edən əhəmiyyətli sübut olaraq qəbul edə bilməz. Bununla yanaşı cavabdeh iddiaçıya torpaq satılması ilə bağlı etibarnamələrin verildiyini mübahisələndirmir, özünə aid torpağın 10000 manata satddığı, pulun 4800 manatını iddiaçıdan aldığını etiraf edərək, qalan pulun isə iddiaçı sənədləşmə işləri tamamlandıqdan sonra verəcəyini bildirir. Məhkəmə hesab edir ki, cavabdeh iddiaçıdan aldığı 4800 manat pulun alınmasına nə qanuni əsas nə də müqavilə olmadığından əsassız olaraq varlanmışdır. Ona görədə əsassız varlanma nəticəsində əldə olunmuş pul vəsaiti iddiaçıya qaytarılmalıdır. Beləliklə, yuxarıda göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 4800 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Həmçinin, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən, iddia qismən təmin edildiyindən, onun təmin edilmiş hissəsinə müvafiq olaraq ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası qismən təmin edilsin. 4800 manat məbləğində pul vəsaiti, eləcə də dövlət rüsumunun əvəzi kimi 30 manat Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar