Məhkəmə qərarları › İş №2(001)-4917/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4917/2020

29.10.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4917/2020 29.10.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rəhimov Elçin Əhəd oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı Bakı şəhəri Binəqədi rayonu Rəsulzadə qəsəbəsi 1-ci sıra 35 saylı evə hüququnun olmamasının müəyyən edilməsinə, mənzildən qeydiyyatdan çıxarılmasına dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh qarşı Bakı şəhəri Binəqədi rayonu Rəsulzadə qəsəbəsi 1-ci sıra 35 saylı evə hüququnun olmamasının müəyyən edilməsinə, mənzildən qeydiyyatdan çıxarılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, Bakı şəhəri Binəqədi rayonu Rəsulzadə qəsəbəsi 1-ci sıra 35 saylı ev xx.xx.2014-cü il tarixdən ona atasından vərəsəlik qaydasında keçmiş və həmin vaxtdan ev onun xüsusi mülkiyyətindədir.Həmin evdə o, ailə üzvləri ilə birlikdə qeydiyyatda olmaqla yaşayır. İş yerinə təqdim etmək üçün qeydiyyat ünvanı ilə bağlı arayış alan zaman Cavabdeh adlı şəxsin onun evində qeydiyyatda olması ona məlum olmuşdur. Ümumiyyətlə tanımadığı cavabdehin onun evinənecə qeydiyyata düşməsi ona məlum deyildir. Bu məsələni araşdırmaq üçün müvafiq orqanlara müraciət etdikdə, həmin şəxsin yalnız məhkəmə yolu ilə qeydiyyatdan çıxarıla biləcəyi ona bildirilmişdir. Cavabdehin onun evində əsassız və qanunsuz olaraq qeydiyyatda qalması onun həmin evlə bağlı konstitusion hüquqlarını pozur. Cavabdeh heç vaxt onun evində yaşamadığından onun bu evə heç bir hüququ yoxdur. Ona görə də Cavabdeh Bakı şəhəri Binəqədi rayonu Rəsulzadə qəsəbəsi 1-ci sıra 35 saylı evə dair hər hansı hüququnun olmamasının müəyyən edilməsinə dair qətnamə çıxarılmasına, qətnamənin nəticə hissəsində cavabdehin onun evindən qeydiyyatdan çıxarılması üçün qətnamənin əsas olması barədə xüsusi olaraq göstəriş qeyd edilməsinə, cavabdehin onun evinə qeydiyyata alınması ilə bağlı Polis İdarəsinin əməkdaşları barədə xüsusi qərardad qəbul edilməsinə dair qərardad qəbul edilməsini xahiş edir. Cavabdeh məhkəməyə məlum ünvanı üzrə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını, şahid ifadələrini dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Məhkəmə qeyd edir ki, mülkiyyət hüququ maddi nemətlərin fərdi nəzəriyyəsində iqtisadi hüquq və azadlıqlar sistemində, Azərbaycan Respublikasının Konstitusiyasında (13 və 29 mad.) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. X3 Məhkəməsi Marckx Belçikaya qarşı xx.xx.1979-cu il tarixli qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2014-cü il tarixli RX ******* seriyalı çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, Bakı şəhəri Binəqədi rayonu Rəsulzadə qəsəbəsi 1-ci sıra 35 saylı ev İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 58 nömrəli reyestr kitabının 8739 nömrəli vərəqində qeydiyyata alınmışdır. 1 saylı Asan xidmət mərkəzi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan müəyyən olunur ki, Cavabdeh Bakı şəhəri Binəqədi rayonu Rəsulzadə qəsəbəsi 1-ci sıra küçəsi 35 saylı evdə qeydiyyatdadır. Məhkəmə iclasında şahid X1 ifadəsində göstərmişdir ki, 2000-ci ildən qonşusu olan İddiaçı Bakı şəhəri Binəqədi rayonu Rəsulzadə qəsəbəsi 1-ci sıra küçəsi 35 saylı evdə arvadı X.Namazova, uşaqları G.İddiaçı və E.K.Namazzadə ilə birlikdə yaşayır. O, Cavabdeh adlı şəxsi tanımır və həmin şəxs Bakı şəhəri Binəqədi rayonu Rəsulzadə qəsəbəsi 1-ci sıra küçəsi 35 saylı evdə heç vaxt yaşamamışdır. Məhkəmə iclasında şahid İsayeva Könül Şamilstan qızı ifadəsində göstərmişdir ki, 2002-ci ildən qonşusu olan İddiaçı Bakı şəhəri Binəqədi rayonu Rəsulzadə qəsəbəsi 1-ci sıra küçəsi 35 saylı evdə arvadı X.Namazova, uşaqları G.İddiaçı və E.K.Namazzadə ilə birlikdə yaşayır. O, Cavabdeh adlı şəxsi tanımır və həmin şəxs Bakı şəhəri Binəqədi rayonu Rəsulzadə qəsəbəsi 1-ci sıra küçəsi 35 saylı evdə heç vaxt yaşamamışdır. Məhkəmə iclasında şahid X2 ifadəsində göstərmişdir ki, o, 1994-cü ildə İddiaçı ilə nikaha daxil olaraq Bakı şəhəri Binəqədi rayonu Rəsulzadə qəsəbəsi 1-ci sıra 35 saylı evdə yaşayır. Cavabdeh adlı şəxsi tanımır və həmin şəxs Bakı şəhəri Binəqədi rayonu Rəsulzadə qəsəbəsi 1-ci sıra küçəsi 35 saylı evdə heç vaxt yaşamamışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, İddiaçı ilə heç bir qohumluq münasibəti olmayan Cavabdeh Bakı şəhəri Binəqədi rayonu Rasulzadə qəsəbəsi 1-ci sıra 35 saylı evdə heç vaxt yaşamamış, onun bu evə istifadə hüququnun yaranmasına əsas ola biləcək mülkiyyətçi ilə bağlanmış notarial qaydada təsdiq olunmuş razılaşma mövcud deyildir, bu ünvana cavabdehin qeydiyyatı formal xarakter daşıyır. Məhkəmə qeyd edir ki, 2000-ci ilin sentyabrın 1-dən qüvvəyə minmiş MM-in 228.1-ci maddəsi müəyyən etmişdir ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, bu hüququn yaranması üçün mülkiyyətçi ilə notariat qaydasında təsdiq olunmuş müqavilə bağlansın və həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış olsun. Məhkəmə mülki iş üzrə tədqiq olunmuş sübutlar məcmusuna qiymət verib belə nəticəyə gəlir ki, cavabdehin Bakı şəhəri Binəqədi rayonu Rasulzadə qəsəbəsi 1-ci sıra 35 saylı evə hər hansı bir hüququnun mövcud olması öz təsdiqini tapmadığından onun bu evə hüququnun olmamasına dair iddia tələbi əsaslıdır, ona görə də təmin edilir. Məhkəmə eyni zamanda qeyd edir ki, hazırkı qətnamə cavabdehin Bakı şəhəri Binəqədi rayonu Rasulzadə qəsəbəsi 1-ci sıra 35 saylı evdən qeydiyyatdan çıxarılması üçün əsasdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, cavabdehlər qeydiyyatda olduqları ünvanda yaşamırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1.-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Məhkəmə araşdırması zamanı tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərinin mövcud olması aşkar olunmadığından məhkəmə iddiaçının iş üzrə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verilməsinə dair vəsatətini təmin etmir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi təmin edilsin. Cavabdeh Bakı şəhəri Binəqədi rayonu Rasulzadə qəsəbəsi 1-ci sıra 35 saylı evə hüququnun olmaması müəyyən edilsin. Hazırkı qətnamə Cavabdeh Bakı şəhəri Binəqədi rayonu Rasulzadə qəsəbəsi 1-ci sıra 35 saylı evdən qeydiyyatdan çıxarılması üçün əsasdır. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar