Məhkəmə qərarları › İş №2(001)-4922/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4922/2020

06.10.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4922/2020 06.10.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rəhimov Elçin Əhəd oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı borc və sair tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh qarşı borc və sair tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, Cavabdeh 2019cu ilin iyul-sentyabr aylarında ona müraciət edərək, borc pula ehtiyacı olduğunu bildirmiş və o, cavabdehə xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək hissə-hissə cəmi 5000 manat pul vəsaitini faizsiz borc olaraq vermişdir. Cavabdeh borc istədikdə avtomobil təmiri, alver etmək səbəbi ilə ehtiyac olduğunu deyib 1-2 aya aldığı borcu qaytarmağı öhdəsinə götürsə də, bu günə kimi üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. O, cavabdehə müraciət edərək borcun geri qaytarmasını xahiş etsə də cavabdeh hər vasitə ilə borcu ödəməkdən yayınmışdır. Bundan sonra o, xx.xx.2020-ci il tarixdə Binəqədi RPİ-nin 6-cı PB-nə cavabdehin onun etibarından sui istifadə edərək pulunu alaraq mənimsəməsi barədə şikayət ərizəsi ilə müraciət etmişdir. Qeyd olunan şikayət üzrə araşdırma aparılmış və xx.xx.2020-ci il tarixdə cinayət işinin başlanılmasmın rədd edilməsi haqqında qərar qəbul edilmişdir.Qeyd edilən qərarda cavabdeh ondan borc aldığını etiraf etmişdir.Cavabdeh tərəfindən borcun qaytarılmaması ona kifayət qədər maddi zərər yetirmişdir. Belə ki, istənilən banka bu vəsaiti depozit kimi qoysaydı bu günədək ən az 12% gəlir əldə etmiş olardı. Beləliklə 5000 manat pulun illik depozit faizi 600 manat təşkil edir. O, bu məbləği əldən çıxardığı fayda hesab edir. Cavabdeh bu günədək aldığı borcdan 1020 manat qaytarmışdır. Cavabdehin ona faiz ödəməsi barədə dedikləri həqiqət deyildir. Ona görə də borca görə 5000 manat, əldən çıxmış faydaya görə 600 manat, mənəvi zərərə görə 2500 manat olmaqla cəmi 8100 manatın Cavabdeh onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Cəfərov Ceyhun Pöhrüz oğlu iddia ərizəsini müdafiə edərək İddiaçı izahatını təsdiq etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X3 iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, cavabdeh iddiaçıdan borc olaraq 5000 manatı 12% ödəmək şərti ilə almış, əsas borcdan 850 manat və 100 ABŞ dolları qaytarmışdır. Bundan başqa cavabdeh iddiaçıya faiz olaraq cəmi 9920 manat ödəmişdir. Lakin bu barədə iddiaçıdan hər hansı bir sənəd almamışdır. Hazırda cavabdehin iddiaçıya borcu yoxdur. Ona görə də iddia ərizəsinin təmin edilməməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsini qəbul etməyərək nümayəndəsi X2 izahatını təsdiq etmişdir. Məhkəmə tərəflərin izahatını, şahid ifadəsini dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, hesab edir ki, aşağıdakılara görə iddia ərizəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı PB-nin təhqiqatçısı X1 cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarının surətindən müəyyən olunur ki, İddiaçı ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə iclasında şahid X5 izahatında göstərmişdir ki, o, qonşusu İddiaçının xahişi ilə ona 5000 manat pulu hissə-hissə vermiş, İddiaçı isə həmin pulu E.T. Hüseynovaya vermişdir. Borc faizsiz, 2-3 aya qaytarılmaq şərti ilə verilmişdir. Cavabdeh aldığı borcdan 500 manat, 200 manat, 150 manat və 2020-ci ilin mart ayında 100 ABŞ dolları, yəni 170 manat olmaqla cəmi 1020 manat qaytarmışdır. Cavabdeh faiz olaraq pul ödəməsi həqiqət deyildir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla cavabdehin iddiaçıdan 5000 manat borc alması, aldığı borcdan 1020 manat qaytarması, qalıq borcunun 3980 manat olması öz təsdiqini tapdığından məhkəmə iddiaçının borca görə 3980 manat tələbini əsaslı hesab edib iddia ərizəsini bu hissədə təmin edir. Məhkəmə iclasında cavabdeh borcun faiz ödənilmək şərti ilə verildiyini, ona görə iddiaçıya faiz ödədiyini bildirsə də, etirazında istinad etdiyi bu halları təsdiq edə biləcək mötəbər, təkzib olunmaz sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də məhkəmə cavabdehin etirazında istinad etdiyi halları sübuta yetirilə bilinməməsi əsası ilə qəbul etmir. Məhkəmə iddiaçının əldən çıxan fayda ilə bağlı tələbi üzrə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsi nəzərdə tutur ki, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Normanın mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır: qanunsuz saxlama; qaytarmaqdan boyun qaçırma; ödənilməsini digər şəkildə gecikdirmə; başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsinə əsasən istifadə hüququ – əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair xx.xx.2009-cu il Qərarında qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Məhkəmə araşdırması zamanı iddiaçı cavabdehin özündə saxladığı pul vəsaitindən gəlir əldə etməsini təsdiq edən sübutlarını məhkəməyə təqdim edə bilmədiyindən məhkəmə iddia tələbinin bu hissədə təmin edilməsini qeyri-mümkün hesab edir. Məhkəmə iddiaçının mənəvi ziyan tələbi ilə bağlı qeyd edir ki, keçirdiyi fiziki və mənəvi sarsıntılarla bağlı öz tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən hər hansı bir tutarlı sübutu məhkəməyə təqdim edə bilmədiyindən, MPM-in 77.1 və 14.2-ci maddələrinin tələbləri baxımından iddia ərizəsi bu hissədə də sübuta yetməməsi əsası ilə təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iddiaçının ödədiyi dövlət rüsumu cavabdehə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh borca görə 3980 manat, dövlət rüsumuna görə 30 manat olmaqla cəmi 4010 manat İddiaçı xeyrinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar