Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4935/2025 29.10.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Fəramət oğluna qarşı mülki iş üzrə Açar sözlər: sağlamlığa vurulmuş maddi ziyanın ödənilməsi Hakim Məmmədova Lətifə Məhyəddin qızının sədrliyi, Məhkəmə iclas katibi Məşədiyeva Fidan Eynur qızının katibliyi, İddiaçı İddiaçı, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh Cavabdeh1, Cavabdeh Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “sağlamlığa vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İşin halları:
1. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “sağlamlığa vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən onun xeyrinə 1800 manat məbləğində pulun və gələcəkdə sağlamlığın bərpası üçün nə qədər pul xərclənsə həmin pulun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırmışdır ki, xx.xx.2025-ci il tarixdə “BakuBus”a məxsus avtobusda sərnişin qismində hərəkətdə olarkən, sürücünün qəfildən əyləci kəskin surətdə sıxması nəticəsində iddiaçı avtobusda oturduğu oturacaqdan yerə çırpılaraq İİİ,V,Vİ, İX və Xİİ qabırğaların sınığı ilə nəticələnən bədən xəsarəti almışdır. Bununla bağlı polis şöbəsinə və 102 xidmətinə müraciət etmişdir. Hadisə yerinə gələn təcili tibbi yardım briqadası iddiaçını Sabunçu xəstəxanasına aparmış və orada qabırğaların sınığı aşkar edilmişdir. İddiaçı hadisə baş verən tarixdən indiyə qədər müalicələr alsa da avtobus sürücü tərəfindən ona heç bir maddi yardım göstərilməmişdir. İddiaçı hadisədən sonra hələ də tam sağalmamış və müalicələri davam etməkdədir. Baş vermiş hadisə ilə bağlı polis əməkdaşından işin nə yerdə olduğunu soruşmuş, ona dəymiş ziyanla bağlı sürücüləri məhkəməyə verə biləcəyi bildirilmişdir. İddiaçı ilk öncə sürücülərdən maddi ziyanın ödənilməsini tələb etsə də onlar heç bir ödəniş etməmişdir. Bu səbəbdən də iddiaçı məhkəməyə qədər müalicəsi üçün xərclədiyi 1800 manat pulun tutulması üçün məcburi qalaraq mövcud iddia tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, tələbin tam təmin edilməsini xahiş etdi. Əlavə olaraq isə bildirdi ki, xx.xx.2025-ci il tarixdə Baku Busa məxsus 99 J0 107 dövlət qeydiyyat nişanlı 46 nömrəli marşrut xətti olan sərnişin avtobusu ilə Xətai rayon 8 Noyabr prospekti ilə “Amay” Ticarət Mərkəzi istiqamətində hərəkətdə olarkən sürücünün əyləci kəskin sıxması nəticəsində avtobusda qarşı oturacaqda oturduğu yerdən yerə çırpılaraq qabırğalarının sınması ilə nəticələnən bədən xəsarəti almışdır. O, yıxıldıqdan sonra ona köməklik edilməmişdir. Sonradan öyrənmişdir ki, hadisə Cavabdeh2 avtomobilinin ani olaraq avtobusun qarşısını kəsməsi nəticəsində baş verib. Bu səbəbdən də hər iki sürücünü cavabdeh qismində məhkəməyə verib.
4. Məhkəmə icasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Həmçinin bildirdi ki, anası avtobus sürücüsünün məsuliyyətsizliyi səbəbindən hazırda müalicə alır və avtobusda yıxıldığı anda ona heç kim yardım etməyib, müalicəsi isə pul tələb edir. Maddi imkanları zəif olduğuna görə müalicələri tam etdirə bilmirlər.
5. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul etmədiyini bildirdi. Həmçinin bildirdi ki, o, öz yolunda asta sürətlə hərəkət edib. Lakin ani olaraq Cavabdeh2 idarə etdiyi avtomobil qarşına çıxıb və o da qəzanın qarşısını almaq məqsədilə əyləci sıxıb. Bunun nəticəsində təkcə iddiaçı yıxılmış, digər sərnişinlərin sağlamlığına isə hər hansı bir zərər dəyməmişdir. Bunun əsas səbəbi isə iddiaçının düzgün formada avtobusda əyləşməməsi olmuşdur. Hadisə sonrası o, təcili yardım çağırmışdır. Hadisədən sonra iddiaçının oğlu və digər qohumları ona zəng edərək əssasız olaraq pul tələb etməyə başlamışlar. O, da gücü çatan qədər ilk dövrdə kömək etsə də hazırda maddi imkanı yoxdur. Əlavə olaraq isə qeyd etdi ki, avtobusda sərnişinlər üçün bütün qaydalar qeyd olunub və iddiaçı sərnişin kimi öz təhlükəsizliyini təmin etməli idi.
6. Məhkəmənin əvvəlki iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qəbul etmədiyini bildirdi. Həmçinin qeyd etdi ki, o, asta sürətlə hərəkətdə olarkən sağa dönmək istəyəndə anidən qırmızı avtobus qarşısına çıxıb. Həmin vaxt az da olsa avtobus zolağına daxil olmuşdur. Lakin avtobusun da asta sürətlə hərəkət etmədiyini, yaranmış vəziyyətdən sonra hər hansı bir hadisə olmadığını görüb və yoluna davam edib. Hazırda özünündə sağlamlığında problemlər olduğunu, maddi cəhətdən əziyyət çəkdiyini bildirərək, qeyd edilən məbləğlə razılaşmamışdır.
7. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir.
Mülki işin materialları:
8. İş materiallarına əlavə edilmiş ambulator çıxarışdan, xəstəlik barədə arayışdan və digər tibbi sənədlərdən görünür ki, İddiaçı solda V,Vİ qabırğaların arxa qoltuqaltı xətt üzrə xətti sınıqları, sol İİİ qabırğanın yerdəyişmiş sınığı, Vİİİ, İX, qabırğaların bitişməkdə olan sınığı, İİİX qabırğanın sınığı aşkar edilmiş, xəstədə döş qəfəsinin sol yarısında ağrılar diaqnozu qoyulmuşdur.
9. “X1” PHŞ tərəfindən xx.xx.2025-ci il tarixdə keçirilmiş MR müayinə nəticəsində İddiaçı - onurğanın bel şöbəsində açıqlığı sağa baxan minimal skolioz, lumbar spondiloz və s. kimi hallar aşkar edilmişdir.
10. İddiaçı tərəfindən təqdim edilmiş resept blanklarından, tövsiyə vərəqələrindən və ödəniş qəbzindən görünür ki, dərman vasitələrinin alınması üçün təxminən 975 manat məbləğində pul vəsaiti xərclənmişdir.
11. Cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2025-ci il tarixli qərardan görünür ki, baş vermiş hadisə ilə əlaqədar İddiaçı ərizəsi əsasında araşdırma aparılmışdır. Araşdırma zaman dindirilən sürücülər Cavabdeh1 və Cavabdeh2 dindirilmiş və hadisənin olduğunu təsdiq etmişlər. Həmçinin araşdırma zamanı Məhkəmə Tibbi Ekspertizasının rəyi alınmışdır. Rəyə əsasən İddiaçı sol V-Vİ qabırğaların sınıqları və sol budun qançırı müəyyən edilmiş və xəsarətlər bərk-küt əşya(lar) təsirindən törənmişdir. Xəsarətlər dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid edilmişdir. Həmçinin İddiaçı aşkar edilmiş xəsarətlərin xarakter və lokalizasiyalarına görə özüözünə yetirməsi, eləcə də öz boyu hündürlüyündən yıxılması nəticəsində əmələ gəlməsi inkar olunmur. Nəticə olaraq isə qeyd edilmişdir ki, mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq baş vermiş hadisə zamanı İddiaçı sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığın az ağır zərərvurmaya aid xəsarət alması cinayət məcəlləsində nəzərdə tutulmuş yol nəqliyyat hadisəsi, ehtiyatsızlıqdan sağlamlığa zərər vurma və sair hallar kimi müəyyən edilmədiyindən, material üzrə cinayət işinin başlanması rədd edilmiş, sürücü Cavabdeh2 barəsində AR İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tədbirinin görülməsi üçün qərar surəti aidiyyəti üzrə göndərilmişdir.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:
Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
12. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
13. 21.2-ci maddəsinı əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
14. 1096.1-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
15. 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
16. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
17. 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
18. 1108.2. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər.
19. Məhkəmə qeyd edir ki, məhz Cavabdeh2 inzibati xəta törətməsi nəticəsində iddiaçıya maddi ziyan dəyməsi işin mübahisəsiz halıdır. Belə ki, bu hal tərəfin izahatı, o cümlədən iş materialları ilə təsdiq olunur.
20. Məhkəmə Cavabdeh2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinməsini qiymətləndirərək hesab edir ki, göstərilən qərar məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olmadığından, Azərbaycan Respublikası MPMnin 82.4-cü maddəsinə müvafiq olaraq həmin qərar məhkəmə üçün məcburi olmasa da yolnəqliyyat hadisəsinin məhz Cavabdeh2 tərəfindən törədilməsi göstərilən qərarla sübuta yetirilmiş və buna görə də Cavabdeh2 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinmişdir.
21. Beləliklə, Cavabdeh2 hərəkətliliyi (digər nəqliyyat vasitəsinin qarşısına tam və ya qismən çıxması) nəticəsində hadisənin baş verməsi, tərəflərin məhkəmə iclasında verdiyi izahatları və işin digər materialları ilə tam sübuta yetirilmişdir.
22. Məhkəmə iddianın digər Cavabdeh1 münasibətdə isə bildirir ki, ona qarşı iddia tələbi təmin edilməməlidir.
23. Belə ki, o, ümumi istifadədə olan nəqliyyat vasitəsini ona ayrılan yolla hərəkətdə olarkən (avtobusun yüksək sürətlə hərəkət etməsi sübuta yetirilmir) qarşısına çıxmış (tam və ya qismən) nəqliyyat vasitəsi ilə toqquşmamaq üçün zəruri hərəkətlər etmiş və idarə etdiyi nəqliyyat vasitəsini anidən saxlamışdır.
24. Göründüyü kimi avtobusun anidən dayanması və içərisində olan sərnişinlərin xəsarət olması onun iradə ifadəsindən asılı olmayan səbəblədən (qarşısına anidən nəqliyyat vasitəsinin çıxması) baş vermişdir.
25. Bundan başqa məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə bağlı vurulmuş zərərə görə məsuliyyətin həmin mənbəyə bilavasitə sahiblik edən şəxsin daşıdığı təsbit olunmuş, həmçinin də müəyyən olunmuşdur ki, mənbəyə sahiblik həm mülkiyyət hüququ ilə, həm də digər qanuni əsaslarla ola bilər. Qanunverici MM-in 1108.1-ci maddəsinin ikinci cümləsində mənbəyə digər qanuni əsasla sahiblik etmənin hallarını (əsaslarını) qeyd etmiş və bu vaxt ara cümlə ilə mötərizədə misal olaraq- icarə hüququ və nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnaməni sadalamış, cümlənin sonunda isə oxşar əsasları nəzərdə tutan genişləndirici “və i.a.” ifadə vasitəsindən istifadə etmişdir ki, bu da öz növbəsində podrat, lizinq, tapşırıq, əmək müqavilələri, eləcə də yol vərəqi əsasında mənbəyə sahibliyin də qanuni sahiblik olduğunu nəzərdə tutur.
26. İddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş "xxxx" MMC-yə dərman alınması üçün ödənilmiş 304.77 manat məbləğində qəbzdən və “dövlət qeydiyyatına alınmış dərman vasitələsinin qiymətlərinin” müəyyən edilməsinə dair Tarif Şurasının müvafiq cədvəlinə əsasən iddiaçı tərəfindən təqdim edilmiş resept blanklarında qeyd edilən dərman vasitələrinin qiymətləri təxminən 670.23 manat müəyyən edilmişdir.
27. Məhkəmə hesab edir ki, baş vermiş hadisəsi nəticəsində İddiaçı xəsarət alması işin mübahisəsiz halıdır. Buna görə də iddia qismən təmin edilməli, Cavabdeh2 dəymiş ziyana görə 975 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilməli, qalan hissədə iddia tələbi təmin edilməməlidir.
28. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
29. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
30. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ:
İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “sağlamlığa vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh2 975 (doqquz yetmiş beş) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Cavabdeh2 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət nəfinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, “elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Lətifə Məmmədova