Məhkəmə qərarları › İş №2(001)-4961/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4961/2024

17.12.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4961/2024 17.12.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: pul tələbi) Hakim Məmmədova Lətifə Məhyəddin qızının sədrliyi Məhkəmə iclas katibi Quliyev Mikayıl Əbdüləli oğlunun katibliyi ilə, İddiaçı İddiaçı, Cavabdeh Cavabdeh, Cavabdehin nümayəndəsi-vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İşin halları:

1. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Əlisanǝn oğlundan 40600 manat pulun və ödənilmiş 211,8 manat dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh 2015-ci ildən "Məşhəd” ziyarətinə gedərkən tanımış, daha sonra cavabdehlə dostluq münasibəti yaranmışdır. 2021-ci ilin yay aylarının sonunda (avqust ayında) Cavabdeh ailəsinə məxsus olan torpaq sahəsini satdığını və əlində olan 30000 manata yaxın pul vəsaiti ilə ipotekaya ev almaq istədiyini demiş, Cavabdeh isə ona gəlirli işin olduğunu bildirmişdir. Cavabdeh, "Meyvəli” adlanan meyvə bazarında meyvə-tərəvəz alveri ilə məşğul olduğunu deyərək, onun meyvə-tərəvəz işinə pul qoyduğu təqdirdə, yaxşı gəlir qazanacağına inandırmışdır. Dostluq münasibətindən irəli gələrək cavabdehə inanıb ona 10 gün ərzində 11000 manat və daha sonra 18900 manat olmaqla, cəmi 29900 manat pul vermişdir. Cavabdeh bildirmişdir ki, bir müddət sonra gəlir əldə edəcək və ipoteka ilə almaq istədiyi evi nağd ala biləcək, əgər işdən gəlir əldə etmək yubanarsa öz evini sataraq ona pulunu qaytaracağına inandırmışdır. Bundan sonra Cavabdeh ona cəmi 4 ay ərzində 1700 manat olmaqla, cəmi 6800 manat məbləğində pul vermişdir. Həmçinin Cavabdeh ona məxsus olan "Toyota Prius" markalı, **-EL-*** dövlət qeydiyyat nişanlı avtomobilini satmaq istədiyini bildirmiş və cavabdeh avtomobili baha qiymətə sata biləcəyinə onu inandırmışdır. 2021-ci ilin sentyabr ayında Cavabdeh tapdığı müştəriyə maşına dair etibarnamə vermişdir. Cavabdeh ona söz vermişdir ki, avtomobili 13500 manata satmış və həmin pulu 2 ay ərzində müştəridən alaraq ona qaytaracaqdır. Daha sonra 2021-ci ilin sentyabr ayının sonlarında Cavabdeh hansısa tanışının polis orqanlarının birində tutulduğunu və təcili pul lazım olduğunu bildirmiş, ondan borca 4000 manat pul istəmiş, o isə cavabdehə inanaraq 4000 manat məbləğində pul vermişdir. 2021-ci ilin sonlarında Cavabdeh onunla qəfl əlaqəni kəsmiş və bir necə dəfə əlaqə saxlamaq istəsə də bu mümkün olmamışdır. Bundan sonra cavabdehin yaşadığı yerə gedərək pulu tələb etmiş, o isə yalvar-yaxar edərək bir neçə ay gözləməyini xahiş etmiş və pulu qaytaracağına söz vermişdir. Bir neçə ay gözlədikdən sonra cavabdehin heç bir ödəniş etmədiyini və pulu qaytarmaq niyyətinin olmadığını görüb, məcbur qalıb polis orqanlarına müraciət etmişdir. Şikayətinə 2022-ci il tarixdə Binəqədi RPİ-də baxılmışdır. Həmin zaman mübahisənin mülki xarakterdə olması əsas gətirilərək xx.xx.2022-ci il tarixdə və xx.xx.2023-cü il tarixdə müstəntiq tərəfindən "Cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərar qəbul edilmişdir. Həmin zaman şikayəti əsasında Cavabdeh izahatı alınmış və o, aldığı pulları etiraf etmişdir. Cavabdehin borcunu etiraf etməsi yuxarıda qeyd edilən qərarlarda əks olunmuşdur (Qərarlar iddia ərizəsinə əlavə edilmişdir). Dəfələrlə pulun geri qaytarılmasını tələb etsə də cavabdeh müxtəlif yalan səbəblər gətirərək üzərinə düşən öhdəliyi icra etməkdən boyun qaçırmışdır.

a) İddia ərizəsinə qarşı etiraz:

3. Cavabdeh nümayəndəsi xx.xx.2024-cü il tarixdə iddia ərizəsinə etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı qeyd edir ki, "Cavabdeh 2015-ci ildən "Məşhəd" ziyarətinə gedərkən tanımışam. Dostluq münasibətindən irəli gələrək cavabdehə inanıb ona 10 gün ərzində 11000 manat və daha sonra 18900 manat olmaqla, cəmi 29900 manat pul vermişəm. Bundan sonra Cavabdeh mənə cəmi 4 ay ərzində 1700 manat olmaqla, cəmi 6800 manat məbləğində pul vermişdir”. Qeyd edilməsi zəruridir ki, cavabdeh iddiaçıya 4 ay deyil, 5 ay 1700 manat olmaqla, cəmi 8500 manat məbləğində pul vermişdir. Beləliklə iddia ərizəsinin yuxarıda qeyd olunan hissəsi üzrə 29900 manat məbləğdən 8500 manat iddiaçıya ödənilmişdir. İddiaçının ona məxsus olan "Toyota Prius" markalı, **-EL-*** dövlət qeydiyyat nişanlı avtomobilini satması müqabilində ona dəymiş zərəri cavabdehdən tələb etməsi anlaşılan deyildir. Əgər iddiaçı özünün bağladığı ǝqddən narazıdırsa, bu barədə aidiyyəti üzrə cavabdehləri müəyyən etməklə əqdin etibarsızlığı qaydasında iddia tələbi ilə məhkəməyə müraciət edə, avtomobilini və ya əqdin bağlanması nəticəsində ona dəymiş zərəri ǝqd üzrə digər tərəfdən tələb edə bilər. Ona görə də iddia ərizəsinin bu hissəsi əsassız olduğundan təmin edilə bilməz. İddia ərizəsinin “2021-ci ilin sentyabr ayının sonlarında Cavabdeh hansısa tanışının polis orqanlarının birində tutulduğunu ve təcili pul lazım olduğunu bildirmiş, məndən borca 4000 manat pul istəmiş və mən də ona inanaraq 4000 manat məbləğində pul vermişdim” hissəsinə münasibət bildirərək qeyd edir ki, 4000 manat pul məbləği barəsində qeyd edilənlər həqiqəti əks etdirmir, ona görə də bu hissədə tələb əsassız olduğundan təmin edilə bilməz. Göstərilənləri nəzərə alaraq məhkəmədən, iddia ərizəsinin qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Daha sonra cavabdehin nümayəndəsi xx.xx.2024-cü il tarixdə iddia tələbinə dair etiraz təqdim edərək bildirmişdir ki, iddia tələbinin qanuni əsası deliktdir. Belə ki, işin faktiki hallarına əsasən tərəflər arasında mülki hüquqlar və vəzifələr başqa şəxsə zərər vurulması əsasında əmələ gəlmişdir. Tərəflər arasında formalaşmış mülki hüquq münasibətlərinin əsasını “mülki hüquq pozuntusu” təşkil edir. Vurğulanmalıdır ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyə əsasən qanunun normasının tərəflərdən birinə (kreditor) digər tərəfdən (borclu) hər hansı bir icranın həyata keçirilməsini və ya həyata keçirilməsini tələb etməyə imkan/əsas verməsi iddia tələbinin qanuni əsası hesab edilir. Həm iddia tələbinin, həm də məhkəmə qərarının qanuni əsası olmalıdır. Yəni borclu barəsində müəyyən məcburetmə tədbirlərinin həyata keçirilməsi tələbinin və məhkəmənin həmin məcburetmə tədbirlərinin həyata keçirilməsinə dair qərarının əsası qanundan irəli gəlməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarıdır. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə əsasən “mülki hüquq pozuntusuna (delikt)" görə qanunla müəyyən edilmiş qaydada təqsirli hesab edilən şəxslər fiziki və hüquqi şəxslərin əmlak və ya qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gələn zərərə görə mülki məsuliyyəti daşıyır. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə əsasən “zərər” dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Delikt öhdəliyi qanundan əmələ gəlməsi, həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi, zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və s. xüsusiyyətlər ilə səciyyələnir. Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: 1. törədilmiş əməlin hüquqa zidd olması-ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; 2. əməlin təqsirli olaraq törədilməsi-təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; 3. törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması-qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; 4. zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 18 aprel 2022-ci il tarixli Qərarına qeyd edilmişdir ki, delikt öhdəliyi qanundan əmələ gəlməsi, həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi, zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və s. xüsusiyyətlər ilə səciyyələnir. Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: - törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; - əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; - törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; - zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zǝrǝrǝ görə mülki hüquq məsuliyyəti daşıyır. Göstərilənləri nəzərə alaraq məhkəmədən iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları:

5. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirmiş və iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qismən qəbul edərək bildirdi ki, İddiaçı ona cəmi 29900 manat pul vermişdir. Həmin puldan da 5 ay ərzində hər ay 1700 manat olmaqla 8500 manat qaytarmışdır. Rüfət ona 4000 manat pul verməmişdir, iddia həmin hissədə əsassızdır. İddianı maşınla bağlı hissədə də qəbul etmir. Həqiqətən də Rüfətlə Emini o tanış etmiş, demişdir ki, maşını 1000 manat baha almaq istəyən var. Lakin maşını Şahid Rüfət özü verib, özləri notariusa gediblər. Maşının pulunun Eminin ödəyib-ödəməməsindən xəbəri yoxdur. Rüfətin maşınına görə Emin tərəfindən ona heç bir məbləğ ödənilməyib. Məhkəmədən xahiş edir ki, onun da Şahid tərəfindən aldadıldığı, zərərçəkdiyi nəzərə alınaraq qərar qəbul edilsin.

7. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili Vəkil izahat verərək onun tərəfindən məhkəməyə elektron qaydada yazılı etiraz təqdim edildiyini, həmin etirazda da iddianı qismən qəbul etdiyini bildirmişdir. Bundan əlavə iddiaçı tərəfindən cavabdehə 29.900 manat borc pul verildiyini, həmin puldan da ayda 1700 manat olmaqla, 5 ay müddətində 8500 manat ödəniş edildiyini, ümumilikdə 21.400 manat borc qaldığını, 4000 manat borcun verilməsinin isə tamamilə əsassız olduğunu, «Toyota Prius» markalı avtomobilin cavabdehə satılması hissəsinin əsassız olduğunu, həmin avtomobil başqa bir şəxsə satıldığına görə iddianın həmin şəxsə qarşı qaldırılmalı olduğunu bildirmişdir. Qeyd edilənlərə əsasən iddianın qismən təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Sonuncu məhkəmə iclasında etiraz təqdim edərək iddianın maddi hüquqi əsası baxımından tələbin rədd edilməsini xahiş etmişdir.

8. Məhkəmə iclasında “onlayn” qaydada dindirilmiş Şahid Eynilla oğlu bildirdi ki, iddiaçıya məxsus “Toyota Prius” markalı avtomobili notariusda Baş etibarnamə əsasında İddiaçı almışdır. Həmin vaxt Cavabdeh da orada olmuşdur. Lakin o, həmin avtimobilə görə nə iddiaçıya, nə də ki, cavabdehə hər hansı bir məbləğdə pul verməmişdir. a) Mülki işin materialları:

9. Bakı şəhəri Binəqədi rayon polis idarəsinin İŞ-nin 28 sentyabr 2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarında qeyd edilmişdir ki, İddiaçı müraciəti əsasında toplanmış materialda cinayət tərkibi olmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işi başlanılması rədd olunmuşdur. Bundan əlavə aparılmış araşdırma zamanı izahatı alınmış Cavabdeh göstərmişdir ki, Şahid yaxın dostu Rəşadın ögey xalası oğlu olmuş və onlar Rəşadın vasitəsi ilə tanış olmuşlar. Onda bir ədəd «Toyota Prius» markalı avtomobil olmuş və kreditə almışdır. Onunla normal ünsiyyəti yaranmış və bir müddət maşının aylıq kreditlərini ödədikdən sonra etibarı yaranmışdır. Bir müddət sonra sonuncu demişdir ki, “Meyvəli” deyilən yerdə avtomobil almaq olur, kimin avtomobilə pulu çatmır, onlar avtomobilin pulunu ödəyir, sonra avtomobili satıb, qazanc əldə edirlər. 2020-2021-ci il ərzində Şahid ondan 265.000 manat tanışlarının pulunu, 60.000 manat da öz pulunu almışdır. Rüfətlə birgə «Məşhəd» ziyarətində tanış olmuşdur. Rüfətlə münasibətləri çox sıx olmuş və dostluq etmişlər. Rüfətin torpağını satıb ipotekaya ev almaq istədiyini eşitmişdir. Rüfətə təklif etmişdir ki, bir tanışı var, onunla bizneslə məşğuldur, ona da qoşulmağı təklif etmişdir. Rüfətə demişdir ki, “Meyvəli” deyilən yerdə adamlar var, pulu onların dövriyyəsinə buraxıb pul qazanacaqlar. Həmçinin Rüfətə stabil pul olmayacağını, ayda müxtəlif məbləğlər olacağını bildirmişdir. İki hissədə dəqiq xatırlamadığı vaxtda Rüfət ona 30.000 (otuz min) manat pulu yaşadığı məhəllədə Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində ev 4A saylı binanın həyətində öz maşınında vermişdir. O da pulu aparıb Eminə vermişdir. Bundan sonra Rüfətin maşın satmaq istəyini bilmişdir. O da baha satmağı təklif etmişdir. Rüfətin maşınını alıb Eminin adamının adına keçirmişdir.

b) Tətbiq edilən hüquq:

Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

10. Maddə 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır.

11. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

12. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

13. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

14. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

15. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

16. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin:

16. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

17. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

18. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

19. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

ç) Məhkəmənin mövqeyi:

20. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia tələbi qismən təmin edilməlidir.

21. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, İddiaçı 2021-ci ildə Cavabdeh 29900 manat məbləğində pul vermişdir.

22. Belə ki, iddia ərizəsinə etirazda, eləcə də xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli məhkəmə iclaslarında cavabdehin nümayəndə-vəkili Vəkil iddianı qismən, 29900 manat hissəsində qəbul edərək göstərmişdir ki, həmin məbləğ cavabdeh tərəfindən iddiaçıdan alınıb, 5 ay ərzində hər ay 1700 manat olmaqla 8500 manat iddiaçıya qaytarılıb, qalan məbləğin ödənilməsinə etiraz etmirlər. Lakin iddia ərizəsində qeyd edilən 4000 manat cavabdehə verilməyib, maşın isə iddiaçı tərəfindən Şahid verilib, həmin maşının dəyəri olan 13.500 manat cavabdehə ödənilməyib. Ona görə də iddianın cavabdehdən 4000 manat və 13500 manat pulun tutulmasına dair hissəsini qəbul etmirlər.

23. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək bildirdi ki, iddiaçıdan 2021-ci ildə 29900 manat almış, həmin puldan 5 ay ərzində hər ay 1700 manat olmaqla 8500 manatını qaytarmışdır. Lakin iddiaçıdan 4000 manat almamışdır. Eləcədə iddiaçının avtomobilinin dəyəri olan 13500 manat Şahid tərəfindən ona verilməmişdir.

24. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən cavabdehə 29900 manat pulun verilməsi iddaçının və cavabdehin izahatı ilə təsdiq olunur. Məhkəmə eləcə də qeyd edir ki, cavabdeh 29900 manat puldan 8500 manat pulun iddiaçıya qaytarıldığını qeyd etsə də bunu təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir, iddiaçı isə ona 4 ay hər ay 1700 manat olmaqla cəmi 6800 manat ödənildiyini bildirmişdir.

25. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, 29900 manat pulun 6800 manatı iddiaçıya qaytarıldığından qalan 23.100 manat pul cavabdehdən tutularaq iddiaçıya qaytarılmalıdır.

26. Bundan başqa məhkəmə qeyd edir ki, iddia tələbi 4000 manat pulun cavabdehdən tutulmasına dair hissədə əsassız olduğu üçün təmin edilməməlidir.

27. Belə ki, iddiaçı sonradan 4000 manat pulu cavabdehə verdiyini bildirsə də həmin faktı sübut edən hər hansı dəlili məhkəməyə təqdim etməmişdir. Cavabdeh isə məhkəmə iclasında həmin məbləği almadığını bildirmişdir.

28. İddiaçı 13500 manat dəyərində «Toyota Prius» markalı avtomobilin cavabdehə verilməsi və dəyərinin ondan tutulması ilə bağlı həm iddia ərizəsində, həm də məhkəmə iclası zamanı şifahi olaraq tələb etsə də məhkəmə araşdırması zamanı onun bu dəlili öz təsdiqini tapmadı.

29. Belə ki, məhkəmədə dindirilən Şahid bildirdi ki, İddiaçı özü şəxsən notarial qaydada həmin avtomobilə dair onun adına Baş etibarnamə vermişdir. Lakin həmin avtomobilin dəyəri onun tərəfindən nə İddiaçı, nə də ki, Cavabdeh ödənilməmişdir.

30. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi 13500 manat pulun tutulmasına dair hissədə sübuta yetmədiyindən təmin edilməməlidir.

31. Məhkəmə izah edir ki, iddiaçı gələcəkdə həmin Şahid tələb etmək hüququna malikdir.

32. Bundan başqa məhkəmə cavabdehin vəkilinin son məhkəmə iclasında iddianın təmin edilməməsi, pulun cavabdehdən deyil, Şahid tutulmasına dair dəlilinə münasibət bildirərək qeyd edir ki, cavabdeh iddiaçıdan 29900 manat pul aldığını etiraf etmişdir. Lakin onun həmin pulu digər şəxsə verməsi artıq onun öz riskidir.

33. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehə 29900 manat məbləğində pulun verilməsi öz təsdiqini tapdığından və cavabdeh tərəfindən etiraf edildiyindən, həmin pul cavabdehdən alınaraq geri qaytarılmalı, bu zaman iddiaçının özünün də bildirdiyi kimi ona ödənilmiş 6800 manat məbləğində pul həmin məbləğdən çıxılmalı, 23100 manat ona qaytarılmalıdır. İddia tələbi 4000 manat və 13500 manat məbləğində pulun qaytarılması hissəsində sübut olunmadığından həmin hissələrdə təmin edilməməlidir.

34. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

35. Məhkəmə hesab edir ki, iddiaçının ödədiyi 211,80 manat dövlət rüsumunun iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq 120,50 manatı cavabdehdən tutulub iddiaçıya ödənilməli, 91,30 manat hissəsi isə iddiaçının özünə aid edilməlidir.

36. “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Haqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir.

37. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur.

38. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri).

39. Azərbaycan Respublikası MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır.

40. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu iddianın təmin edilən hissəsinə müvafiq olaraq cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan hissədə iddiaçıya aid edilməlidir.

41. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 23100 manat məbləğində pul və 159,30 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh 23100 (iyirmi üç min bir yüz) manat məbləğində pul və 159,30 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Lətifə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar