Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-498/2022 24.01.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı1, onun nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı1 cavabdehlər Cavabdeh1, Bakı şəhəri 27 saylı xüsusi notariat kontoruna və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mirasın rəsmiləşdirilməsi ilə bağlı hərəkətlərin qanunsuz hesab edilməsi, ərizənin etibarsız hesab edilməsi, miras əmlaka vərəsəlik hüququnun tanınması, çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2011-ci il tarixli, 7E09/3072 nömrəli ərizənin etibarsız hesab edilməsi, onların Bakı şəhəri, Binəqədi şossesi, 28 nömrəli evin, 40 nömrəli mənzilinə olan qanun üzrə vərəsəlik pay hüququnun tanınması və Cavabdeh1 adına verilmiş çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra İddiaçı1 iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərin hərəkətlərinin qanunsuz hesab edilməsi, notariat kontorunun xx.xx.2021-ci il tarixli, 7E09/3072 saylı ərizənin qəbul edilməsinin qanunsuz hesab edilməsi, xx.xx.2011-ci il tarixli, 7E09/3072 saylı ərizənin etibarsız hesab edilməsi, Bakı şəhəri, Binəqədi şossesi, 28 nömrəli evin, 40 nömrəli mənzilinə olan qanun üzrə vərəsəlik payının tanınması və Cavabdeh1 adına verilmiş çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir (ərizəni verən Vəkil2 iddiaçıların hər ikisinin vəkili olsa da, yalnız İddiaçı1 nümayəndəsi olduğundan həmin ərizə yalnız İddiaçı1 tərəfindən verilmiş ərizə kimi qəbul edilmişdir). Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-498/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə mülki iş üzrə icraata “İddiaçı2 cavabdehlər Cavabdeh1, Bakı şəhəri 27 saylı xüsusi notariat kontoruna və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “ərizənin etibarsız hesab edilməsi, miras əmlaka vərəsəlik hüququnun tanınması və çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair hissədə xitam verilmişdir. Məhkəmə iclasında İddiaçı1 iddianı müdafiə etmiş və əlavə olaraq bildirmişdir ki, iddia ərizəsinin 2-ci səhifəsində texniki səhv nəticəsində onun miras açılan zaman mübahisəli mənzildə yaşaması qeyd edilmişdir. Belə ki, o, 2013-cü ildə Rusiya Federasiyasından qayıtdıqdan sonra anası X13 və bacısı İddiaçı2 ilə birlikdə atasından miras qalmış mübahisəli mənzildə yaşamış və hazırda da həmin mənzildə yaşayır. Onun qardaşı olan Cavabdeh1 həmin mənzildə pasport qeydiyyatındadır və ondan əvvəl bir müddət mənzildə yaşamış, lakin sonradan ailəsi ilə birlikdə Abşeron rayonunda yerləşən özünə məxsus evə köçmüş və hazırda da həmin evdə yaşayır. 2014-cü ildə Cavabdeh1 mübahisəli mənzilin mülkiyyətçisi olduğunu bildirmiş və mənzilin satılması ilə bağlı məsələ qaldırmışdır. Məhz həmin vaxt mənzilin Cavabdeh1 mülkiyyətində olduğunu bilmişdir. Bununla bağlı notariat kontoruna müraciət edərək, onun da X6 vərəsəsi olduğunu bildirmiş, lakin onun atasının adı Tağı kimi qeyd edildiyindən müraciətinin nəticəsi olmamışdır. Bu müraciətin dəqiq tarixini xatırlamır. X6 onun atası olması məsələsini yalnız 2021-ci ildə onun övladı olması faktının müəyyən edilməsi yolu ilə həll etdiyini və bu səbəbdən vərəsəlik və onunla bağlı məsələlərin yalnız hazırda mübahisələndirmək imkanı əldə etdiyini bildirmişdir. Göstərilənlərin nəzərə alınmasını və tərəfindən təqdim edilmiş sübutlara əsaslanaraq, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı1 nümayəndəsi və vəkili Vəkil2 iddianı və İddiaçı1 mövqeyini müdafiə etmiş və əlavə olaraq bildirmişdir ki, X6 ölümündən sonra notarius tərəfindən vərəsələrin dairəsi düzgün müəyyən edilməmişdir. Belə ki, İddiaçı1 X6 oğludur və bu baxımdan onun vərəsəsi olmuşdur. Lakin onun ata adı ilə bağlı qeydiyyat düzgün aparılmadığından o, vərəsələr sırasına daxil edilməmiş, cavabdeh isə onun mövcudluğu barədə notariat kontoruna hər hansı məlumat verməmişdir. Halbuki, qanunvericiliyin tələbləri baxımından o da vərəsələr sırasına daxil edilməli idi və onun payı açıq saxlanılmalı idi. Belə ki, iddiaçı heç vaxt miras paydan imtina etməmiş və 2013-cü ildən bugünədək mübahisəli mənzildə yaşayır. Göstərilənlərin və təqdim edilmiş sübutların nəzərə alınmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 iddianı qəbul etməyərək və məhkəməyə təqdim edilmiş iddia müddətinin tətbiq edilməsi barədə ərizəni müdafiə edərək, bildirmişdir ki, Cavabdeh1 bacıları İddiaçı2, X10, X11 və anası X13 hazırki tələblərlə artıq bir dəfə ona qarşı iddia qaldırmışlar və onların iddiası Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5281/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə təmin edilməmişdir. Həmin qətnamədən verilmiş apellyasiya və kassasiya şikayəti təmin edilməmiş və nəticədə qətnamə qanuni qüvvəsini almışdır. Buna baxmayaraq, İddiaçı2 iddiaçıya qarşı yenidən eyni tələbləri irəli sürmüşdür. Bu səbəbdən mülki işə İddiaçı2 aid hissədə xitam verilməlidir. Həmçinin, həmin iddiaya məhkəmədə baxılan zaman İddiaçı2 və X7 nümayəndəsi məhz İddiaçı1 olmuşdur. Hazırda da eyni tələbləri iddiaçı qismində Cavabdeh1 qarşı özü irəli sürür. Halbuki, ötən dövr ərzində iddiaçı miras əmlakı nə faktiki olaraq qəbul etməmiş, nədə ki, bu məsələ ilə bağlı notariat orqanına müraciət etməmişdir. Yalnız hazırda, yəni 11 ildən sonra hazırki iddianı qaldırmışdır. Bununla da iddia müddətini ötürmüşdür. Göstərilənlərin nəzərə alınmasını və həm iddianın əsassız olması səbəbindən, həm də iddia müddəti tətbiq edilməklə iddianı rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirakı İddiaçı1 tərəfindən təmin edilmiş X11 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, o, İddiaçı1 və Cavabdeh1 bacısıdır. Qardaşı İddiaçı1 2013-cü ildə Rusiya Federasiyasından qayıtmışdır və bundan sonra 2014-cü ildə onlar bilmişdilər ki, onun atası X2 miraq qalmış və hazırda mübahisələndirilən mənzili digər qardaşı Cavabdeh1 mülkiyyətinə keçirmişdir. Bununla bağlı anasını və bacısı İddiaçı2 aldatmışdır. Lakin onlar qanunvericiliyi bilmədiklərindən vaxtında iddia qaldırmamışlar. Anası və bacısı İddiaçı2 hazırda da həmin mənzildə yaşayır. Hər ikisi təqaüd alır və onlara qardaşı İddiaçı1 baxır. Cavabdeh Bakı şəhəri 27 saylı xüsusi notariat kontoru ərizə ilə məhkəməyə müraciət edərək, işə nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, bu cavabdeh hər hansı üzürlü səbəb göstərmədən nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə cavabdeh Bakı şəhəri 27 saylı xüsusi notariat kontorunun bu barədə ərizəsini, habelə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsini məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsini nəzərə alıb, işə bu cavabdehlərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfləri və şahidin ifadəsini dinləyib, məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı1 və Cavabdeh1 qardaşdır. Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, 28 nömrəli evin, 40 nömrəli mənzili onların atası X8 mülkiyyətində olmuşdur. X14 xx.xx.2010cu il tarixdə öldükdən sonra ondan miras qalmış bu əmlakın vərəsəlik qaydasında qəbul edilməsi üçün Cavabdeh1 ərizə ilə Bakı şəhəri 27 saylı xüsusi notariat kontoruna müraciət etmişdir. Həmin vaxt mənzildə qeydiyyatda olan və yaşayan X8 digər vərəsələri X13 (arvadı) və İddiaçı2 (qızı) da qeyd edilən notariat kontoruna ərizə ilə müraciət edərək, miras əmlakı (mənzili) qabul etmədiklərini və gələcəkdə bu əmlakın qəbulu ilə əlaqədar heç vaxt iddia qaldırmayacaqlarını bildirmişdilər. Bundan sonra cavabdehə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilərək, onun bu əmlakdan tam pay almaq hüququ tanınmışdır. Həmin şəhadətnaməyə əsasən cavabdehin bu mənzilə dair mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Mənzil hazırda da onun mülkiyyətindədir. Hazırda iddiaçı atasından miraz qalmış həmin əmlaka dair vərəsəliyin düzgün rəsmiləşdirilməməsini, atasının ölümündən sonra ondan miraz qalmış həmin mənzilin qəbul edilməsi üçün qanun üzrə 6 vərəsənin olmasına baxmayaraq, yalnız cavabdehin, onun anası X7 və bacısı İddiaçı2 vərəsə kimi tanındığını, sonradan cavabdehin onları aldadaraq, mirasda olan paydan imtina edilməsi barədə ərizə yazdırdığını və bununla da yeganə vərəsə olaraq, əmlaka dair mülkiyyət hüququnu dövlət qeydiyyatına aldırdığını, onun ata adı ilə bağlı qeydiyyatın vaxtı ilə düzgün aparılmaması səbəbindən vərəsələr sırasına daxil edilmədiyini, lakin qanunvericiliyin tələblərinə zidd olaraq notarius tərəfindən onun payının açıq saxlanılmadığını, bu məsələni yalnız 2021-ci ildə atasının övladı olması faktının müəyyən edilməsi yolu ilə həll etdiyini və bu səbəbdən vərəsəlik və onunla bağlı məsələlərin yalnız hazırda mübahisələndirmək imkanı əldə etdiyini, həmçinin 2013-cü ildən bugünədək mübahisəli mənzildə yaşadığını bildirir və notariat kontorunun hərəkətlərinin qanunsuz hesab edilməsini, notariat kontorunun xx.xx.2021-ci il tarixli, 7E09/3072 saylı ərizəsinin qəbul edilməsinin qanunsuz hesab edilməsini, həmin ərizənin etibarsız hesab edilməsini, miras qalmış mənzilə olan qanun üzrə vərəsəlik payının tanınmasını və Cavabdeh1 adına verilmiş çıxarışın etibarsız hesab edilməsini tələb edir. Cavabdeh tərəf iddianı əsassız hesab edir və qəbul etmir. Cavabdehin bacıları İddiaçı2, X10, X11 və anası X13 tərəfindən artıq bir dəfə bu tələblərin cavabdehə qarşı irəli sürüldüyünü, onların iddiasının Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 5281/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə təmin edilmədiyini, həmin qətnamədən verilmiş apellyasiya və kassasiya şikayətlərinin təmin edilmədiyini, həmin iddiaya məhkəmədə baxılan zaman İddiaçı2 və X7 nümayəndəsi qismində məhz iddiaçının çıxış etdiyini, hazırda da iddiaçının eyni tələbləri yenidən cavabdehə qarşı irəli sürdüyünü, lakin mübahisəli mənzili miras əmlak olaraq vaxtında nə faktiki olaraq qəbul etmədiyini, nədə ki, bu məsələ ilə bağlı notariat orqanına müraciət etmədiyini, müddət etibarı ilə hazırki iddianı miras əmlakın rəsmiləşdirilməsindən 11 il sonra qaldırdığını və bu baxımdan iddia müddətini ötürdüyünü bildirir və həm iddianın əsassız olması səbəbindən, həm də iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsini xahiş edir. Tərəflərin anası X13 və bacıları X11, İddiaçı2, X10 Cavabdeh1 qarşı 2019-cu ildə “həmin mənzil üzrə mülkiyyətə dair çıxarışın etibarsız hesab edilməsi, dövlət reyestrində aparılmış qeydin ləğv edilməsi, qeydə əsas olmuş hüquqmüəyyənedici sənədlərin etibarsız hesab edilməsi, daşınmaz əmlak üzərində pozulmuş miras və mülkiyyət hüquqlarının tanınaraq ona dair çıxarışın verilməsi, pozulmuş istifadə hüququnun bərpa edilməsi və cavabdehin ləyaqətsiz vərəsə sayılaraq mülkiyyət hüququnun tanınması” tələbinə dair iddia qaldırmışdılar. Lakin onların iddiası Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(001)- 5281/2019 saylı qətnaməsi ilə təmin edilməmişdir. Həmin qətnamədən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(103)-13160/2019 saylı qətnaməsi ilə, kassasiya şikayətləri isə Ali Məhkəmənin xx.xx.2020-ci il tarixli, 2(102)- 2549/2020 saylı qərarı ilə təmin edilməmişdir. Nəticədə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qətnaməsi qanuni qüvvəsini almışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin qanuni qüvvəsini almış xx.xx.2021-ci il tarixli, 2(008)-3358/2021 saylı qətnaməsinə əsasən İddiaçı1 və İddiaçı2 ərizəsi təmin edilmiş, onların Cavabdeh1 ilə doğma bacı və qardaş olmaqla eyni atanın, yəni Əliyev Tahir (Tağı) Qəmbər oğlunun övladları olması faktı müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29.5-ci maddəsinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır; 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər; 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır; 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır; 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) vərəsələr sayılırlar; 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır; 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir; 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər; 1262-ci maddəsinə əsasən əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın; 1263-cü maddəsinə əsasən əgər mirasdan imtina etmiş vərəsə həmin növbənin vərəsələri arasında yeganə vərəsədirsə, miras sonrakı növbənin vərəsələrinə keçir; 1273-1-ci maddəsinə əsasən vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir. Məhkəmə qeyd edir ki, X8 vəfatından sonra onun arvadı X7, oğulları Cavabdeh1 və İddiaçı1, qızları İddiaçı2, X3 və X4 şəxsində 6 vərəsəsi olmuşdur. Lakin bu vərəsələrdən yalnız Cavabdeh1 xx.xx.2011-ci il tarixli ərizəsi əsasında Bakı şəhəri 27 saylı notariat kontorunda vərəsəlik işi açılmış, həmin vaxt mübahisəli mənzildə qeydiyyatda olan və yaşayan (hazırda da yaşayırlar) digər vərəsələr X13 (arvadı) və İddiaçı2 (qızı) həmin kontora ərizələr təqdim edərək, X5 miras qalmış əmlakı (mübahisəli mənzili) qəbul etməkdən imtina etmişdilər. Digər iki vərəsə, yəni X10 və X12 isə miras əmlakı nə rəsmi, nədə ki faktiki qəbul etməmişlər. Onların miras əmlakda yaşadıqları, mirası qəbul etmək məqsədi ilə 2019-cu ilin ortalarına qədər hər hansı hərəkət göstərdikləri, yaxud ona sahiblənmək və ya ondan imtina etmək arzusu barədə iradə ifadələrini bəyan etdikləri ümumiyyətlə müəyyən olunmamışdır. Bu hallar cavabdehin anası və bacılarının ona qarşı 2019-cu ildə qaldırılmış, məzmun və mahiyyət etibarı ilə hazırki iddia ilə demək olar ki, eynilik təşkil edən iddiaları ilə bağlı mülki iş üzrə qəbul edilmiş və artıq qanuni qüvvəsini almış yuxarıda göstərilən məhkəmə qətnamələri ilə müəyyən edilmişdir. Həmin icraat çərçivəsində onlar susan vərəsə kimi qiymətləndirilmişlər və bu baxımdan belə qənaətə gəlinmişdir ki, bu şəxslər X8 mirasını qəbul edən vərəsələr kimi qiymətləndirilə bilməz, onların payı həmin mirası rəsmi qəbul etdiyi təsbit edilən digər qanun üzrə vərəsənin, yəni Cavabdeh1 (həmin vaxt və hazırda cavabdeh) payına əlavə olunmaqla əmlak vərəsəlik qaydasında tam şəkildə sonuncuya məxsus olmuşdur. Bunun nəticəsi olaraq iddiaçıların miras əmlakı mübahisələndirmək üçün subyektiv hüquq sahibi olmadıqları qeyd edilmişdir. X8 daha bir vərəsəsi də hazırki İddiaçı1dur və artıq müəyyən edildiyi kimi, digər vərəsələr kimi o da vərəsəliyin rəsmiləşdirilməsi ilə bağlı notariusun hərəkətlərinin qanunsuzluğunu, bu hərəkətlərə səbəb olan, habelə həmin hərəkətlər nəticəsində əmələ gələn sənədlərin etibarsızlığını mübahisələndirir. İddiaçı anası X13 və bacısı İddiaçı2 kimi mirası qəbul etməkdən imtina etməmişdir. iddiaçı isə mirasın açıldığı vaxt Azərbaycan Respublikasında olmamış və ölkəyə yalnız 2013-cü ildə qayıtmışdır. Başqa sözlə, miras açılan zaman ölkədə olmamışdır. Lakin iddiaçı mübahisəli əmlakın atasının mülkiyyətində olması və atasının vəfat etməsi barədə məlumatlı olmuşdur. 2013-cü ildə Azərbaycana qayıtdıqdan sonra da mirasın rəsmiləşdirilməsi ilə bağlı notariusun hərəkətlərinin qanunsuzluğunu və mirasda olan payını mübahisələndirməmişdir. Halbuki, digər icraat çərçivəsində çıxarışın alındığı gündən cavabdehin anası və bacısı İddiaçı2 olduğu müəyyən edilmişdir. Bu da iddiaçının əmlakın 2013-cü ildən cavabdehin mülkiyyətində olması barədə məlumatlı olmasını istisna etmir. Hər bir halda, iddiaçının mövqeyi əsas götürüldüyü təqdirdə belə o, 2014-cü ildən mübahisəli əmlakın cavabdehin mülkiyyətində olması barədə məlumatlı olmuş, hətta digər mülki işə məhkəmədə baxılan zaman bacılarının nümayəndəsi olmuşdur. Lakin ötən dövr ərzində miras əmlakla bağlı hər hansı tədbir görməmiş, həmçinin mirasın qəbul edilməsi müddətinin gecikirilməsinin üzürlü sayılmasını və uzadılmasını məhkəmə qaydasında mübahisələndirməmişdir. Məsələ ilə bağlı notariat kontoruna yalnız xx.xx.2021-ci il tarixdə müraciət etmişdir (əvvəlki vaxtlara aid hər hansı müraciətin olduğu müəyyən edilmir). İddiaçı əsas problemin onun ata adının düzgün qeyd edilməməsi ilə bağlı olduğunu bildirir. Halbuki, iddiaçının bacısı İddiaçı2 da iddiaçı kimi “Tağı qızı” kimi qeydə alınmışdır. Lakin bu hal ona cavabdehə qarşı iddia qaldırmağa mane olmamışdır. İddiaçı da bu məsələni, yəni X8 oğlu və cavabdehin qardaşı olması məsələsini məhkəmə qaydasında yalnız 2021-ci ildə həll etmişdir. Bununla belə, hüquqi nəticə etibarı ilə iddiaçı da özünü susmuş vərəsə kimi aparmışdır. Bu səbəbdən iddiaçı atası X8 mirasını qəbul edən vərəsə kimi qiymətləndirilə bilməz və onun payı həmin mirası rəsmi qəbul etdiyi təsbit edilən digər qanun üzrə vərəsə, yəni cavabdehin payına əlavə olunmaqla əmlak vərəsəlik qaydasında tam şəkildə cavabdehə məxsus olmuşdur. Bu baxımdan iddiaçı mübahisə etdiyi əmlakla bağlı subyektiv hüquq sahibi deyil. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008ci il tarixli “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə, iddia müddətinin tətbiqi ilə bağlı vurğulayır ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi bir çox qərarlarında bu institutun əhəmiyyərinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyət malikdir. Nəzərə alınmalıdır ki, iddia müddətləri institutunun tətbiq edilməsi zərurəti həmçinin belə bir mühüm halla əsaslandırılır ki, mülki mübahisələrə məhkəmə tərəfindən baxılması hər zaman iş üzrə obyektiv həqiqətin müəyyən edilməsi ilə əlaqədardır. Qeyri-müəyyən uzun müddətin keçməsi həqiqətə nail olmağı çətinləşdirir, bəzən isə hətta bu imkanı istisna edir. Belə ki, sübutlar itirilə bilər və ya onların mötəbərliyi kifayət qədər şübhəli hala gələ bilər, bunlar da öz növbəsində məhkəmə orqanlarının işin bütün faktiki hallarının aydınlaşdırılmasına və düzgün qərar çıxarılmasına yönəlmiş fəaliyyətini ciddi surətdə çətinləşdirə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) “Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı” iş üzrə 28 oktyabr 1998-ci il tarixli qərarında qeyd edilmişdir ki, “atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Lakin sözügedən qaydalar və ya onların tətbiqi tərəflərin əlçatan vasitədən istifadə etməsinin qarşısını almamalıdır” (§ 45 ). Bununla belə, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia müddəti də ötürülmüşdür. Bu səbəbdən iddiaçının iddia müddətinin tətbiq edilməsi barədə ərizəsi də əsaslıdır və iddia müddətinin tətbiq edilməsi hazırki iddianın rədd edilməsi üçün daha bir hüquqi əsas yaradır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, İddiaçı1 cavabdehlər Cavabdeh1, Bakı şəhəri 27 saylı xüsusi notariat kontoruna və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mirasın rəsmiləşdirilməsi ilə bağlı hərəkətlərin qanunsuz hesab edilməsi, ərizənin etibarsız hesab edilməsi, miras əmlaka vərəsəlik hüququnun tanınması, çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilsinı. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı1 cavabdehlər Cavabdeh1, Bakı şəhəri 27 saylı xüsusi notariat kontoruna və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mirasın rəsmiləşdirilməsi ilə bağlı hərəkətlərin qanunsuz hesab edilməsi, ərizənin etibarsız hesab edilməsi, miras əmlaka vərəsəlik hüququnun tanınması, çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu İddiaçı1 aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fuad Abdıyev
Məhkəmə qərarları › İş №2(001)-498/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-498/2022
24.01.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver