Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4986/2022 06.10.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Xasayzadə Qəmərcan Eyvaz qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdehin nümayəndəsi Nümayəndə1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı kommunal xidmətlərə görə pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı kommunal xidmətlərə görə pul tələbinə dair iddia ərizəsi və iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək cavabdehdən 2021-ci ilin iyun ayınadək istifadə etdiyi kommunal xidmətlərə görə 2.491 manat və ödənilmiş dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Mənzil-Tikinti Kooperativi 30 dekabr 2003-cü il tarixdən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 0103-P36-39077 nömrəsi ilə qeydiyyata alınmışdır. Bundan sonra 2006-cı ildə MTK ünvan 1 ünvanında çoxmərtəbəli çoxmənzilli bina inşa etmişdir. Lakin inşa olunmuş binanın payçıların tərəfindən 2021-ci ilin iyul ayınadək MMMC-nin yaradılması ilə əlaqədar olaraq həmin binanın kommunal xidmətləri, binaya xidmət və onun saxlanılmasını, binanın təmirini, zibillərin daşınmasını, liftin və binanın saxlanılmasını sakinlərin razılığı əsasında MTK öz üzərinə götürmüşdür. 27 avqust 2015-ci il tarixində MTK ləğv olunmuş və onun qanuni varisi İddiaçı MMC yaranmış və qeydiyyatdan keçmişdir. Lakin, MMC MTK-nın varisi olaraq xərclədiyi kommunal pulları bəzi sakinlərdən ala bilmir. İddiaçı ilə cavabdeh arasında bağlanmış 12 noyabr 2005-ci il tarixli “Mənzil tikintisi haqqında” müqaviləyə əsasən iddiaçı tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsində inşa edilən binanın 53 saylı mənzili cavabdehə təqdim edilmiş, cavabdeh payçı olaraq mənzilin pulunu tam olaraq ödəmiş və mənzili təhvil almışdır. Cavabdeh ilə həmçinin “Kommunal xidmətlərin göstərilməsi və ödənişi haqqında” müqavilə də imzalanmışdır. Həmin müqaviləyə əsasən 1 otaqlı mənzillər üçün aylıq kommunal xidmətlərə görə qış mövsümü üçün xərc 50 manat, yay mövsümü üçün isə 25 manat olaraq müəyyən edilmişdir. Cavabdeh mənzilə görə xidmət haqqı borcunu 2010-cu ilin noyabr-aprel ayından 2021-ci ilin iyun ayı da daxil olmaqla müxtəlif vaxt fasilələri ilə ödəməmişdir. Cavabdehə kommunal xidmətinə görə borclarının ödənilməsi barəsində dəfələrlə bildiriş göndərilib və binanın komendantları və işçiləri tərəfindən dəfələrlə xəbərdar olunub. Hazırda cavabdehin iddiaçıya 2.016 manat kommunal xərclərə görə, 160 manat quraşdırılmış sayğaca görə, 315 manat antenaya görə borcu yaranmışdır. “Kommunal xidmətlərin göstərilməsi barədə” müqavilənin 1-ci maddəsinə əsasən iddiaçı öz üzərinə aşağıda qeyd edilən xidmətlərin göstərilməsi öhdəliyini götürmüşdür: yük və sərnişin liftlərinin fasiləsiz işləməsini təmin etmək, binanın həyətində abadlıq-yaşıllaşdırma və həyətin işıqlandırılmasını təmin etmək, həyətdən zibilin vaxtında daşınmasını təmin etmək, blokların və həyətin təmiz saxlanılmasını təmin etmək, bütün sutka ərzində həyət qapılarında gözətçilər qoyulmasını təmin etmək, mənzilləri mərkəzləşdirilmiş televiziya antenası ilə təmin etmək (əlavə haqq ödənilməsi şərti ilə). Müqavilənin 2-ci bəndinə əsasən mənzil mülkiyyətçisi kommunal xidmətlərə görə MMC rəhbərliyindən hər ay aldığı ödəniş cədvəli üzrə müəyyən edilmiş məbləği nağd və tam həcmdə növbəti ayın 5-dən gec olmayaraq cəmiyyətə ödəməlidir. İddiaçı yaşayış binasının bütün kommunal xidmətləri və binaya xidməti və onun saxlanılmasını, binanın təmirini, zibillərin daşınmasını, liftin və binanın saxlanılmasını sakinlərin razılığı əsasında öz üzərinə götürmüşdür. Bütün sadalananların təmin edilməsi üçün bir çox şirkətlərlə müqavilələr bağlanmışdır. Həmin müqavilələrə əsaslanaraq göstərilən xidmətlərin ödənilməsi üçün mənzildə yaşayan şəxslərdən müəyyən ödənişlər tələb olunmuşdur. Cavabdehin borcunu ödəməməsi binada yaşayan digər sakinlər tərəfindən də bu ödənişlərin ödənilməməsinə səbəb ola bilər, bu isə binada müəyyən qarışıqların və mübahisələrin yaranmasına zəmin yarada bilər. Cavabdehin nümayəndəsi iddiaya yazılı etiraz göndərərək göstərmişdir ki, ona və həyat yoldaşına borc haqqında məlumat verilməmişdir. İddiaçının birbaşa məhkəməyə müraciət etməsi təəccüb yaradır. Yaxşı olardı ki, məhkəməyə hansısa qaydada sübutlar təqdim olunsun. 11 il ərzində borc haqqında məlumat almamışdır. Borcun aylıq məbləği haqqında da məlumat düzgün göstərilməyib. Yay ayları üçün 25 manat, qış ayları üçün isə 50 manat hesablanıb. Qış aylarında məbləğin 50 manat olması mərkəzi istilik sisteminin işləməsi ilə əlaqədar olub. Həmin sistemin işləməsi 2009-cu ildən 2012-ci ilədək olmuşdir. Sonradan isə qaz təchizatı iddiaçının borcu olduğu üçün kəsilmiş və bərpa edilməmişdir. Nəticədə sakinlərin böyük qismi təzə təmir olunmuş mənzillərə xətər yetirlməklə yenidən öz mənzillərində fərdi istilik sistemlərini quraşdırmağa məcbur olmuşlar. Bu səbəbdən 2012-ci ildən 2021-ci ilə kimi qış aylarında kommunal ödənişlərin 50 manat olması tam əsassızdır. Ümumiyyətlə, hər zaman ödənişləri edərkən komendantdan pulun rəsmi hesaba köçürməsini tələb edirdi. Lakin ödənilən məbləğ heç bir rəsmi qaydalara uyğun olmadan adi dəftərxana kitabına yazılırdı və əksər hallarda sakinlərə komendant tərəfindən adi kağız üzərinə (qaiməsiz) yazılmış “sənəd” verilirdi. Yaxşı olardı ki, həmin “anbara” kitabları məhkəməyə sübut kimi təqdim edilsin. Pandemiya zamanı məlum səbəblərə görə onun ailəsi bağda yaşayırdı. Bu müddətdə gediş-gəlişin məhdud səbəbi ilə, həmçinin COVİD xəstəliyinə yoluxan zaman müəyyən aylarda borc yarana bilərdi. Ancaq pandemiya müddəti bitəndən sonra (2021-ci ildən bu günə kimi) kommunal xidmətlərdən cavabdeh olan icraçı dəyişdirilib və yaranan hər hansı bir borc barəsində ona məlumat verilməmişdir. Bina sakinlərindən fərqli olaraq ilk gündən “BBTV” firması ilə müqaviləsi olmuş və heç bir əlavə antenadan istifadə etməmişdir. Əksinə, iddiaçı tərəfindən yuxarı mərtəbələrdə qanunsuz tikinti işləri apararkən dəfələrlə onun antena kabeli zədələnmiş və hər dəfə onun bərpası üçün əlavə pul ödəməli olmuşdur. Qaz sayğacı isə hökümət tərəfindən quraşdırılıb və qaz sayğacına görə bu məbləğdə pul ödədiyini xatırlamır. 31 oktyabr 2012-ci il tarixdə iddiaçının ofisində mənzilə aid Dövlət reyestrindən çıxarışın verilməsinə görə ondan, ödənişi təsdiq edən heç bir sənəd təqdim edilmədən 500 manat məbləğində pul alınmışdır. Məhkəmə qərarı ilə onun iddiaçıya hər hansı məbləğdə borcunun olduğu təsdiqlənərsə, həmin məbləğin borcdan çıxılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Həmçinin ona verilmiş suallara cavab olaraq bildirdi ki, cavabdehin kommunal xidmətlərə görə borcu ilə bağlı cədvəl iddia ərizəsinə əlavə edilmişdir. Cavabdehə dəfələrlə borcun ödənilməsi ilə bağlı rəsmi qaydada xəbərdarlıq təqdim edilmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş qəbzdə qeyd olunmuş 30 manat məbləğində borc həmin ay üçün olan borcu əks etdirir. Bütün sayğaclara görə xərclər iddiaçı tərəfindən ödənilmişdir. İddiaçıya kommunal xidmətlər 2010-cu ilin yanvar ayından başlayaraq 2021-ci ilin iyun ayına qədər göstərilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianı qismən qəbul edərək bildirdi ki, o, cavabdehin həyat yoldaşıdır və yalnız 330 manat məbləğində kommunal xidmətlərə görə borcun olduğunu qəbul edir. Belə ki, pandemiya ilə bağlı 2020ci ilin iyul ayından 2021-ci ilin iyun ayınadək ödənişləri etməmişdir. Digər tələbləri qəbul etmir və bunu iddiaya etirazında əsaslandırmışdır. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 12 noyabr 2005-ci il tarixli “Mənzil tikintisi haqqında” müqavilədən görünür ki, "xxxx" MMC Bakı şəhəri, Mir Cəlal küçəsində inşa edilən 16 mərtəbəli, 1 bloklu, 1 nömrəli evin 53 nömrəli mənzilini payçıya təhvil verməyi öz üzərinə götürür. Payçı mənzilin pay haqqını müəyyənləşdirilən mərhələlər üzrə ödəməyi və son nəticə mənzili qəbul etməyi öz üzərinə götürür. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 01 iyun 2015, 01 yanvar 2017 və 01 yanvar 2018-ci il tarixli kommunal xidmətlərin göstərilməsi ilə bağlı müqavilələrdən görünür ki, həmin müqavilələr 1 il müddətinə bağlanmış, tərəflərdən biri müqavilənin pozulması barədə yazılı etiraz etməzsə, müqavilənin vaxtı eyni müddətə uzadılmış sayılır. İddiaçı MMC-nin 01 yanvar 2017-ci il tarixli, 07 nömrəli qərarından görünür ki, 1 otaqlı mənzilin kommunal ödəmə haqqı 2017-ci il üçün 30 manat məbləğində müəyyən edilmişdir. İddiaçı MMC (sifarişçi) ilə "xxxx" MMC (icraçı) arasında bağlanmış 20 may 2019-cu il tarixli müqavilədən görünür ki, müqavilənin məqsədi icraçı tərəfindən sifarişçiyə yeni tikilən yaşayış kompleksində yaşayan sakinlər üçün TV və İnternet xidmətlərinin göstərmək məqsədilə optik kabelin çəkilişinə görə tərəflər arasında yaranan iqtisadi və texniki əməkdaşlıqla bağlı münasibətlərin hüquqi müstəvidə tənzimlənməsindən ibarətdir. 07 iyul 2008-ci il tarixli, 17/B saylı “sayğacların qəbulu” aktından görünür ki, İddiaçı MMC tərəfindən quraşdırılmış su sayğacları abonentin iştirakı ilə komissiya tərəfindən texniki şərtlərə uyğun olaraq qəbul edilib istismara buraxılmışdır. "xxxx" MMC (satici) ilə İddiaçı MMC (alıcı) arasında bağlanmış 05 may 2008-ci il tarixli müqavilədən görünür ki, satıcı “smart kart” sistemi ilə işləyən yeni elektron qaz sayğaclarının alıcıya satışını təşkil edir. 26 fevral 2009-cu il tarixli “qaz sayğacının quraşdırılması, işə buraxılması və istismara qəbulu” aktından görünür ki, İddiaçı MMC tərəfindən quraşdırılmış qaz sayğacları istismara buraxılmışdır. Borc bildirişindən görünür ki, 53 nömrəli mənzilə kommunal xidmətlərə görə haqq 2017-ci ildən etibarən hər ay üçün 30 manat təşkil edir. Sonuncu ödənilməyən ay olaraq həmin cədvəldə 2021-ci ilin may ayı göstərilmişdir. İddiaçı MMC-nin 28 iyul 2020-ci il tarixli bildirişindən görünür ki, 53 nömrəli mənzilin sakininə 28 iyul 2020-ci il tarixə 30 manat məbləğində kommunal borcunun olduğu barədə məlumat verilərək 5 gün müddətində borcun ödənilməsi xahiş edilmişdir. İddiaçı MMC-nin müxtəlif tarixli bildirişlərindən görünür ki, 53 nömrəli mənzilin sakininə kommunal borcunun məbləği göstərilməklə borcun ödənilməsi xahiş edilmişdir. Binəqədi rayonu 26 nömrəli MMMC-nin 17 sentyabr 2022-ci il tarixli arayışından görünür ki, ünvan 2nzilinə aid olan kommunal ödənişlər 01 avqust 2021-ci il tarixindən 01 oktyabr 2022-ci il tarixinə qədər tam və vaxtında ödənilmişdir. İddiaçı MMC tərəfindən ünvan 2nzilə ünvanlamış 2013, 2017, 2021-ci il tarixli “müqavilə üzrə ödənişin tələb edilməsinə dair” xəbərdarlıqlardan görünür ki, mənzil sakininə kommunal xidmətlərə, sayğaca və antenaya görə borc barədə məlumat verilmişdir. "xxxx" MMC (icraçı) ilə Nümayəndə1 (abunəçi) arasında bağlanmış 13 iyun 2011-ci il tarixli, 17777 nömrəli müqavilədən görünür ki, icraçı teleradio proqramları paketlərinin abunəçiyə satılmasını həyata keçirir, abunəçi isə müqavilədə nəzərdə tutulmuş şərt və qaydalarla əldə etdiyi paketin dəyərini ödəyir. 13 iyul 2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 50 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, tərəflər arasında kommunal xidmətlərin göstərilməsi ilə bağlı 1 il müddətinə müqavilə bağlanmış, həmin müqavilənin müddəti tərəflər etiraz etmədiyinə görə uzadılmışdır. İddiaçı xidmətləri 2010-cu ilin yanvar ayından başlayaraq 2021-ci ilin iyun ayına qədər göstərmiş, hazırda da həmin xidmətlərə görə 2.016 manat, habelə sayğacların (160 manat) və antenanın quraşdırılmasına (315 manat) görə cavabdehdən ümumilikdə 2.491 manat tələb edir, cavabdeh isə iddianı qismən qəbul edərək kommunal xidmətlərə görə yalnız 330 manat məbləğində borcunun olduğunu, antenadan istifadə etmədiyini və sayğacların da dövlət hesabına quraşdırıldığını bildirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 529.5-ci maddəsinə əsasən borc vaxtaşırı, hissə-hissə ödənilərkən onun sonuncu hissəsinin ödənilməsi barədə sənəd, nə qədər ki ayrı hal müəyyənləşdirilməyib, ondan əvvəlki hissənin də ödənildiyini ehtimal etməyə əsas verir. Məhkəmə cavabdehdən tələb olunan kommunal xidmətlərə görə 2.016 manat məbləğində borcla bağlı qeyd edir ki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş 28 iyul 2020-ci il tarixli bildirişdən görünür ki, ona iddiaçı tərəfindən 28 iyul 2020-ci il tarixə 30 manat məbləğində kommunal borcunun olduğu barədə məlumat verilmişdir. Bundan başqa, həmin tarixdən əvvəl verilmiş digər bildirişlərdən görünür ki, həmin bildirişlərdə də cavabdehin kommunal xidmətlərə görə borcu dəqiq olaraq göstərilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi tərəfindən borclarla bağlı xəbərdarlıqların cavabdehə verildiyi bildirilsə də, bununla bağlı məhkəməyə sübut təqdim edilməmiş, cavabdehin nümayəndəsi də bunu inkar etmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə kommunal xidmətlərə görə 2020-ci ilin iyul ayından 2021-ci ilin iyun ayına qədər aylıq 30 manat olmaqla, cəmi 330 manat (11 ay x 30 manat) məbləğində vəsait tutularaq iddiaıçıya ödənilməlidir. Məhkəmə cavabdehdən tələb olunan quraşdırılmış sayğaclara görə 160 manat məbləğində borcla bağlı hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinentinin 02 fevral 2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə qaydaları"nın 7.9-cu bəndinə əsasən fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinentinin 17 iyul 2014-cü il tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə qaydaları"nın 6.5-ci bəndinə əsasən istehlakçıların suölçən cihazlarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçılara münasibətdə STKM-in vəsaiti hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə istehlakçının öz vəsaiti hesabına həyata keçirilir. Qanunvericiliyin tələblərindən göründüyü kimi, fiziki şəxslərə münasibətdə qaz, elektrik və su sayğaclarının quraşdırılması üçün hər hansı vəsaitin ödənilməsi tələb edilmir. Bundan əlavə, iddiaçı tərəfindən cavabdehin mənzilində sayğacların quraşdırılmasına görə hər hansı məbləğdə ödənişin edilməsi barədə məhkəməyə sübut da təqdim edilməmişdir. Məhkəmə cavabdehdən tələb olunan antenanın quraşdırılmasına görə 315 manat məbləğində borcla bağlı qeyd edir ki, cavabdeh tərəfindən həmin antenadan istifadə edilməsi ilə bağlı iddiaçı məhkəməyə sübut təqdim edə bilməmişdir. Əksinə, cavabdeh tərəfindən təqdim edilmiş 13 iyun 2011-ci il tarixli müqavilədən görünür ki, o, "xxxx" MMC tərəfindən təqdim edilən teleradio proqramları paketindən istifadə edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə də təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən kommunal xidmətlərə görə 330 manat məbləğində vəsait və ödənişmiş dövlət rüsumunun 7 manatı tutularaq iddiaçıya ödənilməli, iddia digər hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh kommunal xidmətlərə görə 330 (üç yüz otuz) manat məbləğində vəsait tutularaq İddiaçınə ödənilsin. Cavabdeh ödənilmiş dövlət rüsumunun 7 (yeddi) manatı İddiaçı xeyrinə tutulsun. İddia digər hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli
Məhkəmə qərarları › İş №2(001)-4986/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4986/2022
06.10.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver