Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-50/2025 02.06.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2 və nümayəndəsi (vəkili) Vəkil1, Cavabdehin vəkili Vəkil2, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Elm Və Təhsil Nazirliyinin nümayəndəsi Nümayəndə1 iştirakları ilə, İddiaçı Bakı Slavyan Universitetinin Cavabdehnə qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində Azərbaycan Respublikası Elm Və Təhsil Nazirliyi, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Bakı Şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti cəlb edilməklə) “torpaq sahəsindən çıxarılması və torpaq sahəsində aparılmış tikilinin cavabdehin vəsaiti hesabına sökülələr torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Bakı Slavyan Universiteti Cavabdehnə qarşı “torpaq sahəsindən çıxarılması və torpaq sahəsində aparılmış tikilinin cavabdehin vəsaiti hesabına sökülələr torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, balansında olan ünvan 1 ünvanında, 2302 kv.m torpaq sahəsində yerləşən 3 saylı yataqxananın binasının ərazisindən cavabdehin çıxarılması, torpaq sahəsində aparılmış tikilinin cavabdehin vəsaiti hesabına sökülərək torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında, 2302 kv.m torpaq sahəsində yerləşən, 3223.3 kv.m tikinti sahəsindən ibarət 3 saylı yataqxana binası Bakı Slavyan Universitetinin balansındadır. Yataqxana binasının yaxınlığında cavabdeh tərəfindən çoxmənzilli yaşayış binası inşa edilib. Cavabdeh Bakı Slavyan Universitetinin balansında olan torpaq sahəsinin bir hissəsini qanunsuz olaraq özbaşına zəbt edərək orada dayanacaqlar inşa etməyə cəhd edir. Dəfələrlə etdikləri xəbərdarlıqlara baxmayaraq cavabdeh öz qanunsuz hərəkətlərinə son vermir. Cavabdeh tərəfindən pozulmuş hüquqlarının başqa cür bərpa olunmayacağını görüb məhkəmə müdafiəsindən istifadə etmək məcburiyyətində qalmışlar. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə2 və nümayəndəsi (vəkili) Vəkil1 iddianı müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili iddianı qəbul etməyərək, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Həmçinin o, bildirdi ki, həmin yaşayış binalarında 300 yaxın sakin yaşayır. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Elm Və Təhsil Nazirliyinin nümayəndəsi Nümayəndə1 iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barəsində məlumatlandırılmasına baxmayaraq, digər müstəqil tələb irəli sürməyən üçüncü şəxslər (nümayəndələri) məhkəmə iclasında iştirak etmirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin tələblərini nəzərə alaraq, məhkəmə iclasının onların iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçılarını dinləyib və mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıdakılara əsasən rədd edilməlidir. Belə ki, iş materiallarında olan: Texniki pasportun surətindən görünür ki, 3 saylı yataqxanaya məxsus ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin ümumi sahəsi 2302, tikintialtı sahəsi 890,5 kv.m-dir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məslələri Dövlət Xidmətinin Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Bakı Slavyan Universitetinin balansında olan daşınmaz dövlət əmlakı haqqında registrdən çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 2302 kv. m olan torpaq sahəsi Bakı Slavyan Universitetinin balansındadır. Azərbaycan Respublikası Bakı Şəhər Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2017-ci il tatixli Sərəncamının surətindən görünür ki, ünvan 3 ünvanında yeni çoxmənzilli yaşayış binalarının tikintisinin aparılması məqsədi ilə ünvan 3 ünvanında mövcud yataqxananın ətrafında yerləşən 2314,66 m² torpaq sahəsi Cavabdeh MTK-nın daimi itsifadəsinə verilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məslələri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, ünvan 452, 18-ci Dağlıq küçəsi 1 ünvana baxış keçirilən zaman məlum oldu ki, iddiaçı Bakı Slavyan Universitetinin təqdim etdiyi texniki pasportda qeyd olunan “A” literli tikilidən 9.20 metr məsafədə qonşu ərazisi başlayır. Lakin faktiki ölçü 6.85 metr təşkil edir. Belə ki, Cavabdeh MTK-nın təqdim etdiyi sənədlərdə ərazi iddiaçının tikilisindən 6.85 metr məsafədə yerləşdiyindən texniki pasportuna əsasən (iddiaçının) 2.35 metr azalma mövcuddur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, ünvan 452, 18-ci Dağlıq küçəsi 1 ünvanına baxış keçirilən zaman məlum oldu ki, iddiaçı Bakı Slavyan Universitetinin təqdim etdiyi texniki pasportda qeyd olunan “A” literli tikilidən 9.20 metr məsafədə qonşu ərazisi başlayır. Lakin faktiki ölçü 6.85 metr təşkil edir. Belə ki, Cavabdeh MTK-nın təqdim etdiyi sənədlərdə ərazi iddiaçının tikilisindən 6.85 metr məsafədə yerləşdiyindən texniki pasportuna əsasən (iddiaçının) 2.35 metr azalma mövcuddur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məslələri Dövlət Kadastrı və Reyestri PHŞ 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssis rəyinə və baxış zamanı əldə olunan məlumatlara əsasən, Bakı Slavyan Universitetinə məxsus yataqxana binasının texniki pasportunda (iş materiallarında olan və baxış zamanı təqdim olunan texniki pasport) göstərilən 2302 kv.m torpaq sahəsinin 2,35 metr enində, 62,7 metr uzunluğunda olan 147,35 kv.m hissəsində Cavabdeh MTK-nın istifadəsində olmaqla bir hissəsində iki mərtəbəli yeraltı qaraj, qarajın giriş pandusu və metal konstruksiyalı dam örtüyü inşa edilmiş, bir hissəsində 17+ mansard mərtəbəli yaşayış binası və bir mərtəbəli qazanxana binası inşa edilmişdir. Eyni zamanda aparılmış müqayisəli tədqiqat nəticəsində müəyyən edilmişdir ki, sözügedən tikililərin yerləşdiyi mübahisəli torpaq sahəsi Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 20 iyul 2017-ci il tarixli 174 saylı sərəncamı ilə ünvan 3 ünvanında Cavabdeh MTK-ya hündürmərtəbəli yaşayış binasının tikintisi üçün ayrılmış 2314,66 m² torpaq sahəsinin 2017-ci il tarixli AYRİC AKTİnda göstərilən koordinatların hüdudları daxilində yerləşir. xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, hazırki iddianın qaldırılması üçün iddiaçı tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt olunması) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və onların hesabına həyata keçirilir. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaqlar qanunvericiliklə müəyyən edilmiş qaydada geri qaytarılmadıqda, həmin torpaq sahəsinin kadastr dəyəri torpağı zəbt etmiş şəxs tərəfindən onun qanuni mülkiyyətçisinə ödənilməklə geri alınır. Azərbaycan Respublikası Mülki Məcəllənin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. AR Mülki Məcəlləsinin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Həmin Məcəllənin 164.2-ci maddəsinə əsasən sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Mübahisə ilə əlaqədar məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 yanvar 2010-cu il tarixli, V.Q.Teryoxinin şikayəti ilə əlaqədar qərarına istinad etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin həmin qərarda ifadə olunmuş mövqeyinə görə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. Sahiblik və istifadə hüquqlarının həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurəti doğurur. Belə ki, AR Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Digər tərəfdən Mülki Məcəllənin 157.4 və 164.1-ci maddələrinə əsasən iddiaçı əşya üzərində mülkiyyət və sahiblik hüquqlarının digər şəxslər tərəfindən pozulmasının aradan qaldırılmasını tələb edə bilər. Məhkəmə həmçinin hesab edir ki, məsələ ilə bağlı Avropa Məhkəməsinin formalaşmış presedent hüququna da nəzər yetirmək lazımdır. Məhkəmə “Önəryıldız Türkiyəyə qarşı” işi üzrə 30 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, “İnsan hüquqlarının və X1 haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində tutulan ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər. Akimovanın Azərbaycana qarşı işində “İnsan hüquqlarının və X1 haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntusunu müəyyən edən Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolunun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı olmamaqla əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət” kimi qiymətləndirilə bilər. Avropa Məhkəməsi istinad edilən işində bir daha xatırlarmışdır ki, mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolunun 1-ci maddəsi üç müxtəlif qaydanı ehtiva edir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci qayda ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci qayda mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərdən asılı edir; ikinci abzasda bəyan edilən üçüncü qayda təsdiq edir ki, Razılığa gələn Yüksək Tərəflər ümumi maraqlara müvafiq olaraq digər tədbirlərlə yanaşı, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilə misalları ilə bağlı olduğundan, birinci qaydada bəyan edilən ümumi prinsip baxımından şərh edilməlidir. “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın 1 saylı protokolunun 1-ci bəndinə əsasən “Hər bir fiziki və ya hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Mülkiyyətçinin hüquqlarına müdaxilə ilə əlaqədar “Uolson İsveçrəyə qarşı” məhkəmə işi üzrə Avropa İnsan Hüquqları Məhməkəsinin qərarında müdaxilənin zəruriliyinin meyarları dəqiq müəyyən edilmiş və həmin qərara əsasən zərurilik anlayışı, müdaxilənin kəskin ictimai tələbatı əks etdirməsini və müdaxilənin demokratik cəmiyyətdə zəruriyini müəyyən edərək, onun qanunun məqsədinə uyğun olmasını nəzərdə tutur. Beləliklə, müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 2302 kv. m olan torpaq sahəsi Bakı Slavyan Universitetinin balansındadır. Həmçinin, Azərbaycan Respublikası Bakı Şəhər Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2017-ci il tatixli Sərəncamı ilə ünvan 3 ünvanında yeni çoxmənzilli yaşayış binalarının tikintisinin aparılması məqsədi ilə ünvan 3 ünvanında mövcud yataqxananın ətrafında yerləşən 2314,66 m² torpaq sahəsi Cavabdeh MTK-nın daimi itsifadəsinə verilmişdir. Hazırda iddiaçı qeyd edir ki, cavabdeh onun balansında olan torpaq sahəsinin bir hissəsini qanunsuz olaraq özbaşına zəbt etmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, iddiaçı cavabdeh tərəfindən onun balansında olan torpaq sahəsinin bir hissəsini qanunsuz olaraq zəbt etməsini iddia etsə də, bu hal məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Cavabdehə çoxmənzilli yaşayış binasının tikintisi üçün Bakı Şəhər Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2017-ci il tatixli Sərəncamı ilə torpaq sahəsi daimi istifadəyə verilmiş və o, öz növbəsində həmin torpaq sahəsində yaşayış binaları, dayanacaqlar, su anbarı və sair tikiliər inşa etmişdir. Həmin sərəncam iddiaçı tərəfindən mübahisələndirilməmiş və hazırda qüvvədədir. Həmin tikililərin lahiyəsi də Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən razılaşdırılmışdır. Bu səbəbdən də, həmin tikililərin sökülməsinə heç bir əsas yoxdur. Hazırda həmin tikililərin sökülməsi bina sakinlərinin hüquqlarını əhəmiyyətli dərəcədə pozacaq, həmiçinin onların həyat şərayitini pisləşməsinə gətirib çıxaracaqdır. Beləlilə, göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbi əsassız olduğundan təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan islifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarınının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Bakı Slavyan Universitetinin Cavabdehnə qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində Azərbaycan Respublikası Elm Və Təhsil Nazirliyi, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Bakı Şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti cəlb edilməklə) “torpaq sahəsindən çıxarılması və torpaq sahəsində aparılmış tikilinin cavabdehin vəsaiti hesabına sökülələr torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılması” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 150 (yüz əlli) manat məbləğində vəsait iddiaçı Bakı Slavyan Universitetindən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin (Dövlət xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************). Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №2(001)-50/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-50/2025
02.06.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver