Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-5001/2024 26.07.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Hətəmzadə Fərid Eldar oğlu, İddiaçı iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq m ü ə y y ə n e t d i m: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmlakının sökülüb yerinə qoyulmuş darvazasının ləğv edilməsi, əmlakından istifadə hüququnun təmin edilməsi, xx.xx.1998-ci il tarixli hiyləgərcəsinə yazılmış əl yazmasının etibarsız sayılması və 074181 saylı müqavilənin etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsinin mümkünlüyü məsələsinə baxaraq hesab edirəm ki, iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli və iddia ərizəsi əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı dolayı yolla Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, 2(001)- 32/2022 saylı qətnaməsində müəyyən edilmiş hallara, habelə məhkəmə zamanı tədqiq edilmiş ekspert rəyinə etirazını ifadə edir və onları mübahisələndirir. Təsadüfi deyildir ki, iddiaçı hazırki iddia ərizəsində cavabdeh kimi də məhz qətnaməni qəbul etmiş hakim Günel Abbasovanı və rəyi tərtib etmiş eksperti cəlb etmişdir. Bu isə yolverilməzdir. Çünki, iddiaçı narazı qaldığı məhkəmə aktını yalnız yuxarı instansiya məhkəmələrində mübahisələndirmək hüququna malikdir ki, o da bu hüququndan istifadə etmiş, lakin arzu etdiyi nəticəni əldə etmədiyindən hazırki iddianı qaldırmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Təsvir olunanları nəzərə alaraq hesab edirəm ki, iddia ərizəsinin qəbul edilməsindən imtina edilməli və iddiaçıya izah edilməlidir ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Bundan əlavə iddiaçıya izah edilir ki, o, yenidən iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi təqdirdə, cavabdeh kimi cəlb etdiyi hər bir şəxsə qarşı yönəltdiyi tələbi konkret olaraq iddia ərizəsində göstərməli və iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu ödəməlidir. Yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 153, 263-264-cü maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı m: İddiaçı iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-5001/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-5001/2024
26.07.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver