Məhkəmə qərarları › İş №2(001)-5008/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5008/2021

02.07.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5008/2021 02.07.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə İddiaçı Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətini müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla Cavabdeh qarşı “əmlak üzərində pay hüququnun tanınması” tələbinə dair mülki işə 02 iyul 2021-ci il tarixdə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətini müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, 8-ci mkr., S.S.Axundov küçəsi, 8 saylı evin 144 saylı mənzili üzərində 2/3 hissədə mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, hazırki iş üzrə cavabdeh onun anasıdır. 1998-ci ildə atası vəfat etdikdən sonra qardaşı Şahin Yusifov onlarla yaşamaq istəməmiş, 2001-ci ildə yaşadığı, 1975-ci ildə tikilmiş və valideynlarinə məxsus oİmuş 3 otaqlı, həyəti olan, ünvan 1 ünvanından onu çıxarmış və o, 1 il ərzində bacısının evində yaşamalı olmuşdur. Bundan sonra qeydiyyatda olduğu Bakı şəhəri, Yeni Yasamaldakı 2 otaqlı mənzildə yaşamağa başlamış və 2-3 aydan sonra qardaşı bu mənzili də satmış, anası Cavabdeh ilə ona 8000 manat vermişdir. Həmçinin, Yeni Yasamalda yerləşən dörd otaqlı ev satılmış və müəyyən qədər xərclənmişdir. Qazax rayonu, Xanlıqlar kəndində atası Yusifov Yasinə məxsus oİmuş 0,2 ha. torpaq sahəsi qardaşının adına rəsmiləşdirilmişdir. Valideynlərinə məxsus olmuş əmlakların satışından əldə edilmiş vəsait əsasında bir otaqdan ibarət, ünvan 2 ünvanında yerləşən mənzil alınmışdır. Həmin mənzil anasının mülkiyyəti kimi qeydiyyata alınmışdır. Həmin mənzil faktiki olaraq onun üçün alınmış, lakin gənc olduğu üçün anasının adına rəsmiləşdirilmişdir. Həmin vaxt anası da mənzilin faktiki olaraq onun olduğunu, gələcəkdə ona veriləcəyini bildirmişdir. Hazırda anası ahıl yaşdadır, sərbəst qərar vermək iqtidarında deyildir. Qardaşı evlənənə qədər anası onunla yaşamış, bu müddət ərzində parkinson xəstəliyinə tutulmuşdur.Sonradan anası onunla yaşamış, vəziyyəti yaxşılaşmışdır. 2 ildən sonra qardaşının ailəsi dağılmış, anası qardaşı ilə yaşamağa başlamışdır. Hazırda anası ağır xəstədir, müalicə, baxıma ehtiyacı vardır. O, anasına qulluq etmək üçün onu öz yanına gətirə bilmir, çünki, yaşadığı mənzil təmirsizdir və yuxarı mərtəbədə yerləşir. O, bir neçə dəfə evi dəyişmək istəsə də, qardaşı müxtəlif bəhanələrlə buna maneçilik törətmiş, getdikcə anası ilə münasibətlərinin kəsilməsinə şərait yaratmışdır. Halbuki, anası iddia tələbində göstərilən mənzili ona verəcəyini dəfələrlə bildirmişdir. Lakin, mənzilin alınmasından uzun müddət keçməsinə baxmayaraq, o, anasının mənzili ona bağışlamaq niyyətinin olmadığını anlamışdır. Halbuki, o, 2003-cü ildən indiyədək mənzilin ona veriləcəyindən əminliklə özünə əlavə ev almaq niyyətində olmamışdır. Hazırki halda isə, mənzilin ona verilməməsi nəticəsində o, gələcəkdə yaşayış yerini itirmək təhlükəsindədir. Buna görə də, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Sonda İddiaçı məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin, eləcə də, üçüncü şəxsin ünvanına məhkəmə iclaslarının vaxtı və yeri barədə müvafiq bildiriş göndərilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmişlər. İş materiallarında olan ÖM seriyalı, 165978 nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mkr., S.S.Axundov küçəsi, 8 saylı evin 144 saylı mənzili 18 sentyabr 2003-cü il tarixdə Cavabdeh mülkiyyəti kimi qeydiyyata alınmışdır. İş materiallarında olan yaşayış yeri üzrə qeydiyyat haqqında 28 aprel 2021-ci il tarixli, ******* nömrəli arayışdan görünür ki, İddiaçı və Cavabdeh ünvan 3 ünvanında qeydiyyatdadırlar. Məhkəmə iddiaçının izahatını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd olunmamalıdır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının - 13-cü maddəsinin birinci bəndinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. - 29-cu maddəsinin birinci və ikinci bəndlərinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 149.2-ci maddəsinə əsasən, əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. İşin halları ilə müəyyən edilir ki, iddia tələbində göstərilən mənzil 2003-cü ildə Cavabdeh mülkiyyəti kimi qeydiyyata alınmışdır. İddia ərizəsində göstərilən hallarla, yəni, həmin evin əslində iddiaçı üçün alınması, gələcəkdə ona veriləcəyi ilə bağlı iddiaçı tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı mənzilə 2/3 hissədə mülkiyyət hüququnun tanınmasına dair iddiası rədd edilməli, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq, Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı mənzilə mülkiyyət hüququnun tanınmasına dair iddiası rədd edilsin, iddia ərizəsi üzrə ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bak ışəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar