Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-501/2022 24.01.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Sadıqov Nurlan Ədalət oğlunun katibliyi, İddiaçının nümayəndəsi, Vəkil1, Cavabeh Cavabdeh3 iştirakı ilə İddiaçı cavabdehlər Bakı şəhəri 32 saylı Notariat Kontoruna, Cavabdeh3 və Cavabdeh2 qarşı “ödənilmiş pulun qaytarılması və vurulmuş ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Pirəkeşkül kənd ərazisində yerləşən 5 ha. torpaq sahəsi üçün ödədiyi 110.000 ABŞ dollar və maklerlərə ödədiyi 1.000 ABŞ dollar (ödənildiyi gün valyuta məzənnəsinə uyğun manatla) cavabdehlərdən Cavabdeh2 və Cavabdeh3 müştərək, həmin torpaq sahəsində aparılan tikintiyə çəkdiyi xərclərlə bağlı dəymiş ziyan qismində 80.000 manat cavabdehlərdən Cavabdeh2 və Cavabdeh3 hərəsindən 40.000 manat olmaqla bərabər şəkildə, notariat rəsmiləşdirməsi, hüquqi xidmət və rüsum üçün ödədiyi xərclərə görə 380 manat isə cavabdehlər Cavabdeh2, Cavabdeh3 və 32 saylı notariat kontorundan müştərək qaydada onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Abşeron rayon, Pirəkeşkül kənd ərazisində yerləşən 5,0 ha. torpaq sahəsini, onun əvvəlki sahibi olan Cavabdeh2 2011-ci ildə ona satmış və razılaşdıqlarının dəyərini tam şəkildə, arvadı digər Cavabdeh3 ilə bir yerdə ondan almışlar. Pulu tam şəkildə aldıqları gün Cavabdeh3 razılıq ərizəsini şəxsən özü notariat qaydada təsdiq etməklə ona vermişdir. Daha sonra da satdıqları torpaq sahəsinin rəsmiləşdirməsini notariat qaydada təsdiqlənməsindən imtina etmişlər. Lakin pulunu da qaytarmaq istəmirlər. Belə ki, 2011-ci ilin mart-aprel ayları olardı ki, kərpic zavodu tikintisi üçün yuxarıda qeyd edilən Pirəkeşkül dəki yerə baxmış və bəyənmişdir. Torpağın adına qeydiyyata alınmış Cavabdeh2 mərhum Ramin Əliyevin yaxın qohumu olduğundan, bir yerdə görüşmüşlər. Uzun uzadı söhbətdən sonra torpaq sahəsinin 110.000 ABŞ dollara satacağına razılaşmışlar. Bundan sonra Cavabdeh2 ilkin olaraq 10.000 ABŞ dollar beh vermiş. İbadət də bir ay müddətinə sənədləri hazırlayıb, alqısatqını rəsmiləşdirəcəyini bildirmişdir. Qısa müddətdən sonra İbadət sənədlərin hazır olduğunu bildirmiş və razılşadıqları kimi, onun dediyi cavabdeh 32 saylı notariat kontorunda görüşmüşlər. İbadət, sonradan tanıdığı arvadı, əvəllər İbadətin yanında gördüyü qardaşı gəlmişdir. Həmin gün haqqını almaq üçün torpağı satılmasına vasitəçilik edən iki makler də gəlmişdir. Alqı-satqının rəsmiləşdirildiyi zaman İbadətin şəxsiyyət vəsiqəsi ilə bağlı problemi çıxdı və bu səbəbdən də həmin gün alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsi mümkün olmadı. Notariat kontorunda uzun-uzadı danışıqdan sonra, ən əsası da iş ortağı olan və düzgün biri olduğundan, çox etibar etdiyi X9 Abasovun onun yaxın qohumu olduğunu və gələckdə heç bir problemi olmayacağına onu inandırmasından, haqq-hesablaşıb, alqı-satqını sonra rəsmiləşdirməsinə razılaşmışdır. Yerdə qalan 100.000 ABŞ dollar pulu notariat konturunda onlara vermişdir. Pulu İbadət saymış və yoldaşı Lamiyə götürüb çantasına qoymuşdur. Həmin gün Lamiyə qeyd olunan torpaq sahəsinin satılmasına imzaladığı razılıq ərizəsini notariat qaydasında təsdiqləyib, ona vermişdir. Maklerə çatası məbləğin 2%-ni İbadətlə yarı-yarı olmaqla hərəsinə 1000 dollar vermişdir. Həmin gün torpağa dair bütün qeydiyyat sənədlərin əsilləri onlara verilmiş və hazırda da ondadır. Ramin Əliyev alqı-satqını rəsmiləşdirəcəyini tamamlayacağını özərinə götürdüyündən bütün sənədlər onda qalmışdır. Torpaq sahəsini yerində təhvil götürmüşlər və bir-neçə gündən sonra Raminin təşkilatçılığı ilə orada tikinti işlərinə başlanmışdır və qisa müddətə kərpic zavodunun tikintisi başa çatdırılmışdır. Zavodun qurulmasına başqa ortaqlar da cəlb edilmişdir. Tikintiyə və avadanlıqlara 500.000 manat civarında xərc çəkilmişdir. Bu xərclərin 120.000 manat hissəsi onun tərəfindən ödənilmişdir. Hal-hazırda da adı çəkilən sahə sahibliyindədir. Cavabdehlər Cavabdeh2la arvadı Cavabdeh3 əlbir olub razılıq ərizəsini ləğv edib, torpaq sahəsini mübahisələndirdiklərinə kimi də bununla bağlı heç bir problem olmamışdır. Belə ki, Cavabdeh2 həyat yoldaşı Cavabdeh3 əri ilə ayrıldığından başqa əmlaklarla yanaşı, həmin torpaq sahəsinin özünün iştirakı ilə satılıb, pulunu tam aldığını bilə-bilə bölgüsünü tələb etmişdir. İlk əvvəl elə hesab etmişdir ki, Cavabdeh2la Ramin Əliyev yaxın qohum olduğundan, əlbir olub ona qarşı bu işi qorublar. Çünki sonuncu ilə bizneslərinə son verməklə, həmin torpaq sahəsini satmaq qərarını, Ramin Əliyev o qədər də isti qəbul etməmişdir. Daha sonra isə məlum oldu ki, onun bu işlərdə əli olmamış, bu məsələni digər cavabdehlər Cavabdeh2 arvadı Cavabdeh3 ilə məqsədli şəkildə hərəkət etməklə və məqsədlərinə nail olmaq üçün sonuncu pulu alıb satılmasına notariat qaydasında verdiyi razılıq ərizəsinin ləğvinə ərizə vermişdir. Cavabdeh notariat kontoru da razılıq ərizəsini ləğv etmişdir. Halbuki, notariat kontorun müddət və fakta görə həmin ərizənin ləğv etməyə səlahiyyətli deyildi. Bu baxımdan da 32 saylı notariat kontoru da bunun üçün cavabdehlik daşıyır. Göründüyü kimi qeyd olunan Abşeron rayon, Pirəkeşkül kənd ərazisində yerləşən 5,0 ha. torpaq sahəsini qanuni əsaslarla, əvəzi tam ödənilməklə əldə etmişdir. Satan tərəf alqı-satqının həyata keçirilməsi üçün lazım olan ilkin hərəkətləri etmiş, lakin alqı-satqı müqaviləsinin tamamlanmaq üçnün sonradan notariat kontoruna gəlməkdən imtina etmişlər. Ona görə də hüququnun müdafiəsi üçün adı çəkilən torpaq sahəsinin ona satılması ilə bağlı Cavabdeh2 arasında alqı-satqı müqaviləsinin 05.05.2011-ci il tarixdən bağlanmış hesab edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Yuxarıda qeyd etdiyi faktlar tam şəkildə təsdiqini tapmış, lakin iddia tələbi ilə bağlı məhkəmələrin mövqeyi müxtəlif olmuş və son olaraq, "Alqı satqı müqaviləsinin bağlanmış hesab edilməsi" təsbit olunmuş maddənin MM dən çıxarıldığı baxımından, tələbi təmin edilməmişdir. Bununla da yəni adı çəkilən torpaq sahəsi ilə bağlı alqı-satqı müqaviləsinin notariat rəsmiləşdirilməsini təmin etmədiklərindən, satın-alması üçün ondan alınmış 110.000 ABŞ dollar, həmçinin alıq-satqıya hazırlıq üçün və torpaqda tikililərin inşasına çəkdiyim xərclər, eləcədə iddia ilə bağlı hüquqi xidmət və dövlət rüsumu üçün ödədiklərinin ona vurulmuş ziyan hesab edilərək, cavabdehlərdən müştərək qaydada tam şəkildə xeyrinə tələb olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmçinin zərərin əvəzinin ödənilməsi və mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları müəyyən olunmuş həmin Məcəllənin 21 və 1097.1ci maddələrinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Adı çəkilən torpaq sahəsində inşa edilən kərpic zavodunun tikintisinə xərclədiyi 120.000 manat məbləğində xərclə bağlı ona dəymiş ziyan üçün İbadət və Lamiyə Abasovlarla yanaşı Ramin Əliyev də onlarla bərabər mülki bölünməklə hər birindən 40.000 manat tələb olunmalıdır. X1 2020-ci ilin noyabr ayının 15-də vəfat etdiyindən, yerdə qalan cavabdehlərdən cəmi 80.000 manat bərəbər şəkildə xeyrinə tələb olunmalıdır. İddia ərizəsinə etirazlar və tərəflərin izahatları:
3. Cavabdeh2 iddia ərizəsinə etiraz və mülahizəsini yazılı şəkildə məhkəməyə ünvanlayaraq qətnamə qəbul ediləcəyi təqdirdə göstərdiklərinin nəzərə alınmasını xahiş etmişdir.
4. Etirazını onunla əsaslandırmışdır ki, iddiaçı iddia ərizəsində adı çəkilən torpaq sahəsinin ona satılması, ondan göstərdiyi məbləğin alınması, həmin sahədə sonradan kərpic zavodun tikilməsi ilə bağlı qeyd etdikləri tam həqiqət olduğundan, bununla bağlı göstərdiklərini danmaq fikrtində deyil. Amma onun iddiaçıya torpaq sahəsini satmış və sonradan ona pulun qaytarılması kimi razılaşmam olmamışdır. Pulu alan gün arvadının noratiatda təsdiqlənmiş razılıq ərizəsini, əmlakın yüklülüyü barədə forma 1, torpaq sahəsinin qeydiyyat vəsiqəsini və texniki pasportunu təqdim etmişdir. Daha sonra da bununla bağlı onun şəriki mərhum Ramin Alməmməd oğluna etibarnamə göndərmişdir. Vaxtında alqı-satqısını rəsmiləşdirərdi. İndi isə ona qaytarılası pulu yoxdur. Dollar da son illərdə qalxdığından məbləği qaytarması ümumiyyətlə heç mümkün deyildir. İşin də bu şəkil almasına çox peşmandır, amma geriyə də yol olmadığını anlayır. Bütün bunlara rəğmən mübahisə ilə bağlı iddiaçı ilə tərəf olaraq aramızda mövcud olan aşağıdakı halları məhkəmənin nəzərinə çatdırmağı özünə borc bilir. Belə ki, iddia ərizəsində adı keçən, lakin cavabdehlər sırasına əlavə edilməmiş X5 xalası oğlu, (yaş fərqləri olduğundan ona dayı deyərdi və dayı kimi də bilərdi) Cavabdeh3 isə həyat yoldaşıdır. Həmdə doğma dayısı qızı olmaqla yaxın qohumdur. 2011-ci ildə Rusiyada iş qurmaq niyəti ilə nələri var idisə satıb, ailəlikcən köçüb oraya getmişlər. Gedəndə normal bir işə başlamaq və ailəsinin yaşaması üçün yetərincə vəsaitə malik idilər. Lakin bir müddətdən sonra üzləşdikləri çətinliklər üzündən, Bakıdan gedəndə satdıqları əmlaklardan əldə etdiləri və topladıqları pulları itirdiyindən, maliyyə sıxıntısına girmişlər. Qohum və yaxınları hərəsi bir bəhanə ilə borc vermədiyindən, vəziyyətdən çıxmaq üçün yollar axtarmışdır. Ramin Əliyevlə danışanda öyrənmişdir ki, onun şərikinə satdığı Pirəkeşkül 5 ha. torpaq sahəsi hələ də adında qalmışdır. Bina tikintisi üçün Kəlam MTK-ya X8 tərəfindən pay kimi qoyulmuş, lakin adına alqı-satqı olunmuş, üzərində bina tikilmiş ünvan 1 ünvanında yerləşən 4323,6 kv,m torpaq sahəsinin isə adında qaldığını bilirdi. Son olaraq yoldaşı Lamiyə ilə belə qərara gəlmişlər ki, satdıqları lakin hələ də adında olan əmlakları tələb etməklə, əvəzində qohumlardan bir az pul, mal-mülk alıb vəziyyətlərini düzəltsinlər. Düşündükləri plana görə yola getmədikləri və boşanmaq görüntüsü yaratmaqla onu Bakıya yola salmışdır. İlkin olaraq tələbləri rədd edildiyindən, bu işdə onlara dəstək üçün tanışları vasitəsi ilə Qarabağ əlillərindən kömək istəmişlər. Onlar da buna qarşılıq vəd edilən vasaitə razılaşıb, məhkəmələrdə işin həll ediləcəyinə söz vermişlər. Doğrusu onlara adı çəkilən torpaqlar lazım deyildi. Çünki birində bina, digərində də zavod tikilmişdir. Bəri başdan məqsədləri sadəcə qohumlarını məhkəmə yolu ilə sıxıntıya salıb, əvəzində pul və ya mənzil vermələrinə məcbur etmək idi. Sorğu zamanı adına bu əmlaklardan başqa çoxdan satdığı Mersedes markalı avtomobil də çıxmışdır. Lamiyə də onu cavabdeh qoyaraq, həmin əmlaklardan yarısını əldə etmək üçün iddia qaldırmış və məsələni məhkəmədən kənar yoluna qoymaq üçün qohumlarına getmişdir. Doğrusu o, belə düşünmüşdür ki, bu işlərlə əlaqəli olan qohumları, onlara bir az pul-para verib, işi məhkəməyə qədər çıxarmağa imkan verməzlər. Lakin düşündükləri kimi olmadı. Sonradan işdən çəkinmək istəsə də gec oldu. Çünki bu işdə yardım edənlərə vəd ediləni ödəmək məcburiyyətində idilər. Ramin Əliyev intihar edəndən sonra, adı çəkilən 5 ha. torpaqla bağlı onu düşürdüyü pis vəziyyətə görə vicdan əzabı çəkir və çox peşiman olmuşdur. Çünki dayısı kimi olaraq özünə etibar edib, şərikindən pulu alıb ona vermiş, alqı-satqını sonradan rəsmiləşdirəcəyinə alanı əmin etmişdi. O, da şəriki olaraq ona inanıb, pulu ona vermişdir. Belə ki, Rusiyaya köçməmişdən əvvəl bir necə əmlakla yanaşı, hazırkı iddia ərizəsində adı çəkilən Pirəkeşküldə olan 5 ha. torpaq sahəsini də satmaq istədiyini Ramin Əliyevə bildirmişdir. O, birgə iş gördüyü Fətullanı həmin torpaq sahəsini 110000 dollara almağına razılaşmış və ondan əvvəlcə 10.000 dollar beh almış, 100.000 dollar isə alqı-satqının rəsmiləşdirilməsi üçün gəldikləri notariat konturunda almışdır. Pulu alanda yoldaşı Lamiyə yanında olmuş və pulu götürəndən sonra Lamiyə məhz satdıqları torpaq sahəsinin satılmasına razılıq ərizəsini imzaladı və notarusda təsdiqləyib, vermişdir. Lakin şəxsiyyət vəsiqəsi ilə bağlı problem çıxdığından həmin gün alqı-satqı müqaviləsinin rəsmiləşdirə bilməmişlər. Qısa bir müddətdən sonra da Rusiyaya getdiyindən məsələ açıq qaldı. Torpağın bütün sənədlərinin əsillərini və yoldaşının Lamiyənin razılıq ərizəsini Ramində saxlamış və alqısatqını rəsmiləşdirmək üçün sonradan Rusiyadan ona etibarnamə göndərmişdir. İşlərin gedişatından görür ki, o, da yaxın qohum olaraq ona olan etibardan, alqı-satqı məsələsinin üstünə vaxtında düşməmişdir. İndi o, haqq dünyasında, bu torpağa görə də özləri vicdan əzabında. İstəsələr də itirdiklərini geri gətirə bilmirlər. Həyat yoldaşı Lamiyəni də geriyə dönüşə imkan verilməyən bir yola girməsinə səbəb olduğunun da fərqindədir. Çünki bu işlərə görə dəstək olan bir çox insana vəd etdiyini ödəmək məcburiyyətindədir. Ona görə də bu işlərə görə çox peşmandır və bütün hallarda məhkəmənin ədalətliyinə söykənməkdən başqa çarəsi qalmamışdır.
5. Cavabdeh3 iddiaya dair öz yazılı etirazın məhkəməyə ünvanlayaraq, özünə aid hissədə iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
6. Etirazını onunla əsaslandırmışdır ki, iddiaçı öz iddiasını onunla əsaslandırmışdir ki, guya 2011-ci il tarixdə keçmiş həyat yoldaşı Cavabdeh2 ilə aralarında razılıq əldə edərək Abşeron rayonu, Pirəkeşkül kəndi ərasizində yerləşən 5,0 ha torpaq sahəsini alqı-satqı etmək qərarına gəlmişlər. Hatta iddiaçı bu qeyd edilənlərə həqiqət donu geyindirmək üçün Bakı şəhəri 32 saylı Notariat kontorunu da cavabdeh kimi qeyd etmiş va bildirmişdir ki, 2011-ci ilin mart-aprel aylarında alqı-satqı müqaviləsi bağlamaq üçün həmin notariusda görüşmüşlər. Hətta iddiaçı həmin notariat kontorunda guya 100000 ABŞ dolları vəsait verdiyini bildirməklə məhkəməni yanıltmağa cəhd etmişdir. Amma düşünür ki, bu qeyd edilənlərin uydurma və yalan olduğu məhkəməyə gün kimi aydındır. Belə ki, əgər həqiqətən də iddiaçı ilə aralarında alqı-satqı müqaviləsi ilə bağlı razılıq əldə edilmiş olsaydı, ən azından iddiaçı da notarial müqavilə hazırlanandan və imzalanandan sonra pulun notariusun hesabı vasitəsi ilə ödəməli idi. Lakin, iş materiallarına nəzər salındıqda, ortada belə bir müqavilənin mövcudluğundan söhbətin getmədiyi müəyyən edilər. Mülki qanunvericiliyin tələblərinə əsasən iddiaçı torpaq sahəsini qanunla müəyyənləşdirilmiş qaydada əldə etməli idi. Əgər həqiqətən də iddiaçı torpaq sahəsini alğı-satqı müqaviləsi bağlamadan əldə etmişdirsə, onda ən azından özü barədə müvafiq reyestrə məlumat verməli və hüquqlarını qeydiyyata almalı idi. Nə üçün iddiaçı heçbir əsas olmadan 100000 ABŞ dollarını notariusda İbadət Abbasova vermişdir və pulu İbadət Abbasova verməsini öz ifadəsindən və cavabdeh İbadət Abbasovun etiraz adlı etirafından başqa hansı sənəd təsdiq edir? Təbii ki, bu qeyd edilənlərlə bağlı heç bir sübut yoxdur, çünki, elə bir hal baş verməmişdir. Hətta qeyd edilənlərin yalan olduğunu hazırki etirazına əlavə edilən bir neçə məkəmə qətnaməsi də sübuta yetirir ki, hazırki iş üzrə iddiaçı ilə Cavabdeh2 əlbir olaraq hissəsi ona məxsus olan torpaq sahəsini ələ keçirmək planları aydın olsun. Belə ki, surəti hazırki iddiaya etiraz ərizəsinə əlavə edilən Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 11.11.2015-ci il tarixli qərardadından da göründüyü kimi hazırki iddiaçı artıq 2015-ci il tarixdə artıq onun həmin əmlakla bağlı məhkəmə mübahisəsinin olduğunu bilmişdir. Əgər həqiqətən də iddiaçı 2011-ci il tarixdə 110.000 ABŞ dolları vermiş olsaydı, qərardadı aldığı tarixdən dərhal iddia ərizəsi ilə məhkəməyə müraciət edər və haqqını tələb edərdi. Bu halın özü də iddianın ona aid hissədə əsassızlığını göstərən sübutdur. Bundan əlavə, iddia ərizəsinin qurma olduğunu və ona qarşı yönəldiyini, eyni zamanda ona münasibətdə əsassızlığını göstərən növbəti hal digər Cavabdeh2 məhkəməyə təqdim etdiyi iddiaya "etiraz"dır. Belə ki, Cavabdeh2 öz təxəyyülünü işə salaraq, etirazında iddianı etiraf etməklə o təəssüratı yaratmağa çalışır ki, guya pul həqiqətən də onun tərəfindən alınmış və özünnüdə də həmin pulun alınmasında iştirakı olmuşdur. Əgər həqiqətən də elə bir hal olmuş olsaydı ən azından 2015-ci il tarixdən hazırki vaxtadək davam edən məhkəmə çəkişmələrində iddiaçı bu barədə bildirər və tələb irəli sürərdi. Lakin, bunun əvəzində İddiaçı Cavabdeh2la əlbir olaraq 2017-ci il tarixdə Abşeron rayon Məhkəməsinə olmayan alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsinə dair iddia ərizəsi ilə müraciət edərək torpaq sahəsini ələ keçirməyə çalışmışlar. Həmin iddia ərizəsi isə yekunda qüvvəsində qalmış və iddiaçı ilə cavabdehin bu planı baş tutmamışdır.
7. Bundan başqa cavabdeh L.Abbasova həm də iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək, iddia müddətinin tətbiq edilməsi ilə iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir
8. Ərizəsinin onla əsaslandırmışdır ki, iddiaçı öz iddiasını guya 2011-ci il tarixdə keçmiş həyat yoldaşı Cavabdeh2 ilə aralarında razılıq əldə edərək Abşeron rayonu, Pirəkeşkül kəndi ərasizində yerləşən 5.0 ha torpaq sahəsini alqı-satqı etmək qərarına gəlmələri bunun üçün Bakı şəhəri 32 saylı Notariat kontorunda 2011-ci ilin mart-aprel aylarında alqı-satqı müqaviləsi bağlamaq üçün görüşmələri ilə əsaslandırmışdır. Maraqlıdır ki, iddiaçı həmin tarixdə 100.000 ABŞ dolları ödədiyini qeyd etsə də alqı-satqı müqaviləsinin bağlanmadığını bildirmişdir. Hatta iddia müddətinin ötürüldüyünü iddiaya etirazına əlavə edilən bir neçə məhkəmə qətnaməsi də sübuta yetirir ki, hazırki iş üzrə iddiaçı ilə Cavabdeh2 əlbir olaraq ½ hissəsi mənə məxsus olan torpaq sahəsini ələ keçirmək planları aydın olsun. Belə ki, surəti hazırki iddiaya etiraz ərizəsinə əlavə edilən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11.11.2015-ci il tarixli qərardadından da göründüyü kimi hazırki iddiaçı artıq 2015-ci il tarixdə artıq onun həmin amlakla bağlı məhkəmə mübahisəsinin olduğunu bilmişdir. Əgər həqiqətən də iddiaçı 2011-ci il tarixdə 110.000 ABŞ dolları vermiş olsaydı, qərardadı aldığı tarixdən dərhal iddia ərizəsi ilə məhkəməyə müraciət edər və haqqını tələb edərdi.
9. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi, vəkil izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir və təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Əlavə olaraq bildirmişdir ki, iddiaçı qeyd edir ki, torpaqda zavod tikilmişdir. Hazırda həmin torpaq Fətullanın mülkiyyətində deyildir. Əgər iddiaçıya 110000 ABŞ dolları qaytarılarsa iddiaçı həmin torpaq sahəsinin özünün faktiki sahibliyində qalmasına maraqlı deyildir.
10. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 izahatında bildirmişdir ki, həmin torpaq sahəsi boşdur. Onun özünə torpaq sahəsinə görə 25000 manat təklif etsələr də, o, həmin məbləğlə razılaşmamışdır. Həmin torpaq məhkəmə qətnaməsi ilə naturada bölünüb. Ona həmin torpaq sahəsi lazımdır. Qətnamədən isə şikayət verilməyib. Həmin torpaq sahəsinin ½ hissəsi ona məxsusdur. Digər cavabdeh məhkəməyə ünvanladığı etirafında pulu aldığını qeyd etmişdir. Odur ki, pul digər cavabdehdən tutulmalıdır.
11. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, Torpaq sahəsi iddiaçıya satılmayıb və 110000 ABŞ dolları da ödənilməyib. İddiaçı əgər 110000 ABŞ dolları pul vermişdirsə nəyə görə müqavilə bağlanmasını tələb etməmişdir? Hazırki iş üzrə iddiaçı və Cavabdeh2 əlbir olaraq ½ hissəsi mənə məxsus olan torpaq sahəsini ələ keçirmək niyyətindədirlər. Cavabdeh2 məhkəməyə ünvanladığı etiraf xarakterli ərizə də bunu təsdiq edir. O, elə təəssürat yaratmaq istəyir ki, guya pul həqiqətən də onun tərəfindən alınmış və özünün də iştirakı olmuşdur. Lakin o, heç bir pul məbləği almamışdır. İbadətin başqa mülkləri də var idi və o, həmin əmlakları da satmaq istəyirdi. O, ümumi olaraq əmlakların satılması üçün notarial qaydada razılıq ərizəsi vermişdir. Daha sonra onlar Rusiyaya getmişlər. Bir müddət sonra İbadət onu orada qoyaraq Bakıya qayıtmışdır və ona qarşı nikahın pozulması ilə bağlı məhkəməyə müraciət etmişdir.Özü 2013-cü ildə Rusiyada yaşayan azərbaycanlıların köməyi ilə Bakıya qayıtmış və evinə gedəndə orada başqa adamın yaşadığını görmüşdür. Həmin adam ona evi İbadətdən aldığını demişdir. Bundan sonra o, 1 ay anasının evində yaşadıqdan sonra kirayə qalmağa başlamışdır ki, hələ də kirayədə yaşayır.O, 2016-cı ildə notariusa gedərək razılıq ərizəsini geri götürmüşdür. 2017-ci ildə Fətulla və İbadət ona qarşı əlbir olaraq torpağa dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsinə dair iddia qaldırmışlar. İddiaları qismən təmin olunsa da, apellyasiya məhkəməsi qətnaməni ləğv etmişdir. İddiaçının niyyəti İbadətlə əlbir olub ½ hissəsi ona məxsus olan torpaq sahəsini ələ keçirməkdir.
12. Digər cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmişlər. Cavabdeh Bakı şəhəri 32 saylı Notariat Ofisinin notariusu Elgün İmanlı məhkəməyə müraciət edərək mülki işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:
13. Cavabdeh3 tərəfindən 32 saylı notariat kontoruna yazılan 05.05.2011-ci il tarixli ərizənin surətindən görünür ki, o, Cavabdeh2 məxsus olan Abşeron rayonu, Pirəkeşkül kəndində yerləşən sahəsi 5.0 ha torpaq sahəsinin satılmasına (bağışlamasına) etiraz etmir.
14. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 15 fevral 2017-ci il tarixli, 2(001)- 851/2017 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh3 ilə Cavabdeh2 arasında Abşeron Rayon Pirəkeşkül kənd ərazisində 5,0 ha torpaq sahəsi, Mercedes 270Dİ markalı, **-XE-*** dövlət nömrə nişanlı avtomobil və ünvan 2 ünvanda 4323,6 kv.m torpaq sahəsi bərabər payda bölünərək həmin əmlakların ½ hissəsinə Cavabdeh3 mülkiyyət hüququnun tanınması qət edilmişdir.
15. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 08 yanvar 2019-cu il tarixli, 2(103)-767/2019 saylı qətnaməsindən görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-851/2016 saylı mülki iş üzrə qəbul etdiyi 15 fevral 2017-ci il tarixli qətnaməsindən Cavabdeh2, üçüncü şəxs X5 və İİİ şəxs "xxxx" MTK tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən məhkəmə Cavabdeh2, üçüncü şəxs X5 və İİİ şəxs "xxxx" MTK tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinin təmin ediləməməsini, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-851/2016 saylı mülki iş üzə qəbul etdiyi 15 fevral 2017-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını qət etmişdir.
16. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 03.06.2019-cu il tarixli, 2(102)-3777/2019 saylı qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının bu iş üzrə 08 yanvar 2019-cu il tarixli qətnaməsinin dəyişiklik edilmədən qüvvədə saxlanılması qərara alınmışdır.
17. Qərarda qeyd edilir ki, Abşeron rayonu, Pirəkeşkül kəndi ərazisində 5,0 ha torpaq sahəsinin faktiki olaraq X3 istifadəsində olması mübahisənin həllinə heç bir təsiri yoxdur. Həmin torpaq sahəsinin başqa şəxsin vəsaiti hesabına əldə olunması isə heç bir sübutla təsdiq olunmur. Həmçinin həmin əmlakın satılmasına (bağışlanılmasına) etiraz etməməsi barədə X7 tərəfindən Abşeron rayonu dövlət Notariat Kontoruna ünvanlanmış 05.05.2011-ci il tarixli ərizənin də heç bir hüquqi qüvvəsi yoxdur. Çünki həmin əmlakın satılması ilə bağlı Cavabdeh2 ilə X5 arasında müqavilə bağlanmamışdır.
18. Abşeron Rayon Məhkəməsinin 28 aprel 2017-ci il tarixli, 2(012)-1415/2017 saylı qətnaməsi ilə Abşeron rayonu, Pirəkeşkül kəndi ərazisində 5 ha torpaq sahəsinin satılmasına dair Cavabdeh2 ilə X2 arasında alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi qət edilmişdir.
19. Sumqayıt Apellyasiya Məhkəməsinin 16 aprel 2018-ci il tarixli qətnaməsindən görünür ki, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə baxılmış və Abşeron Rayon Məhkəməsinin 2(012)-1415/2017 saylı, 28 aprel 2017-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
20. Qətnamədə sadalanan iş materiallarına olan istinadlara əsasən 05.05.2011ci il tarixli qəbzdən görünür ki, Cavabdeh2 Abşeron rayonu, Pirəkəşkül kəndi ərazisində yerləşən 5 ha torpaq sahəsini 10.000 ABŞ dolları beh və 100000 ABŞ dolları almaqla torpaq sahəsini Ramin Əliyev ilə İddiaçı satmasını həyat yoldaşının razılıq ərizəsi verdiyini, sənədləri qaydasında saldıqdan sonra alğı-satqı müqaviləsini notariat kontorunda təsdiqləyəcəyini vəd etdiyini Cavabdeh2, Ramin Əliyev, İddiaçı, Elxan Məmmədov öz imzaları ilə təsdiq etmişlər.
21. Azərbaycan Respublikası Ali Məhkəməsini mülki kollegiyasının 30.03.2021ci il tarixli, 2(102)-1268/2021 saylı qərarından görünür ki, kassasiya instansiyası məhkəməsində birinci icraat zamanı Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 16 mart 2020-ci il tarixli qərarı ilə Ali Məhkəməsinin Sədrinin təqdimatı təmin edilərək, iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 aprel 2018-ci il tarixli qətnaməsi ləğv edilib, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Abşeron Rayon Məhkəməsinin 28 aprel 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsini mülki kollegiyasının 30.03.2021-ci il tarixli, 2(102)-1268/2021 saylı qərarı ilə isə məhkəmə iclaslarında işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı maraqlarına toxunan Cavabdeh3 kassasiya şikayətinin qismən təmin edilməsi, iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 sentyabr 2020-ci il tarixli, 2(105)-1975/2020 saylı qətnaməsinin ləğv edilməsi, mülki işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır.
22. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27.08.2021-ci il tarixli, 2(105)-1871/2021 saylı qətnaməsindən görünür ki, Abşeron Rayon Məhkəməsinin 28 aprel 2017-ci il tarixli, 2(012)-1415/2015 saylı qətnaməsinin iddianın təmin edilmiş hissəsində ləğv edilməsi, həmin hissədə yeni qətnamə qəbul edilməsi və iddianın təmin olunmaması qət edilmişdir.
23. Qətnamədə istinad edilən iş materiallarından görünür ki, AR ƏN Qeydiyyat və Notariat Baş İdarəsinin 19 avqust 2016-cı il tarixli məktubuna əsasən Cavabdeh3 05.05.2011-ci il tarixli 7E-4501 və 7E-4502 reyestrlə qeydə alınmış imza təsdiqləri həmin tarixdə onun ərizəsinə əsasən ləğv olunmuşdur.
24. Qətnamədə qeyd edilir ki, maddi hüquq normalarının tələblərinə görə mübahisəli daşınmaz əmlak notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən iddiaçıya satılmalı idi. Lakin işin hallarından da göründüyü kimi, mübahisəli torpaq sahəsinə dair tərəflər arasında har-hansı yazılı müqavilə bağlanılmamışdır. Qüvvədə olan qanunvericilik daşınmaz amlakın alqı-satqısı haqqında müqavilənin etibarlılığını hər bir halda onun yazılı formada bağlanması və notariat qaydasında təsdiqlənməsi ilə şərtləndirir. Həmin şərtlərə əməl edilməməsi daşınmaz əşyaların alqı-satqısı müqaviləsinin etibarlılığını şübhə altına alır. İşin faktiki hallarından göründüyü kimi, hazırkı daşınmaz əmlaka alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair ərizə formal xarakter daşıyır, iş üzrə tərəflərin izahatlarından da məlum olur ki, tərəflər arasında hər-hansı mübahisə yoxdur və məhkəmənin belə bir qətnamə qəbul etməsi qanunsuz əqdin rəsmiləşdirilməsinə şərait yaradılması kimi qiymətləndirilməlidir.
25. Qətnamədə o cümlədən müəyyən edilmişdir ki, Cavabdeh2 iddianı mübahisəli torpaq sahəsinə dair əqdin bağlanmış hesab edilməsi hissəsində etiraf etmişdir. Bu hal onun Cavabdeh3 kassasiya şikayətinə dair verdiyi etiraz ərizəsi ilə də təsdiq olunur və o, mübahisəli torpaq sahəsinin alqı-satqısı üçün İddiaçı cəmi 110000 ABŞ dolları pul almasını inkar etmir. Başqa sözlə, alqı-satqı tərəfləri arasında, yəni torpağın mülkiyyətçisi ilə torpağı alan şəxs arasında əslində mübahisə olmadığı halda və bu halın şübhə doğurmamasına baxmayaraq məhkəmə hazırda mübahisələndirilən nəticəyə gəlmişdir. Məhkəmə tərəfindən müəyyən edilən işin faktiki halları:
26. Tərəflər arasında yaranan mübahisə Abşeron rayonu, Pirəkeşkül kəndi ərazisində yerləşən 5 ha torpaq sahəsinə dair baş tutmamış alqı-satqıdan yaranmışdır.
27. İşin mübahisəsiz halı ondan ibarətdir ki, Abşeron rayonu, Pirəkeşkül kənd ərazisində yerləşən 5 ha. torpaq sahəsi cavabdehlər Cavabdeh2 və Cavabdeh3 ümumi paylı mülkiyyətindədir və həmin torpaq sahəsi mülkiyyətçilərin payına uyğun olaraq naturada bölünmüşdür.
28. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 əvvəllər nikahda olmuşlar, sonradan onların nikahları məhkəmə qaydasında pozulmuşdur.
29. Tərəflər arasında müqavilənin bağlanmış hesab edilməsi tələbi ilə bağlı məhkəmə mübahisələri olmuş, nəticədə iddia tələbi təmin edilməmişdir. Lakin həmin məhkəmə aktlarında müəyyən edilmişdir ki, iddiaçı tərəfindən 110000 abş dolları Cavabdeh2 verilmiş və onlar arasında şifahi alqı-satqı münasibətləri yaranmışdır. Buna baxmayaraq müqavilə tərəfləri alqı-satqını qanunda nəzərdə tutulmuş qaydada rəsmiləşdirmədiyindən iddia tələbi rədd edilmişdir.
30. Hal-hazırda iddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh3 alqı-satqı ilə bağlı ödənilmiş 110000 abş dollarının və 80000 manat dəyərində vurulmuş ziyanın müştərək qaydada tutulmasını tələb edir.
31. Cavabdeh2 iddianı 110000 abş dollarının alınması hissəsində qəbul edir, lakin onların pulun qaytarılması ilə bağlı razılaşmalarının olmamasını, eyni zamanda pulu qaytarmağa imkanı olmamasını bildirir. Bundan başqa müqavilənin bağlanılmamasının səbəbini vəfat edən qohumu X3 məsuliyyətsizliyi ilə əsaslandırır.
32. Cavabdeh2 iddiaçıdan 110000 abş dollarını alması preyudisial əhəmiyyət daşıyan qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə də öz təsdiqini tapır.
33. Lakin iddiaçı həmin məbləğin həm Cavabdeh2, həm də Cavabdeh3 tutulmasını tələb edir.
34. Öz növbəsində L.Abasov iddianı qəbul etmir və onun tərəfindən hər hansı məbləğdə pulun alınmadığını bildirir. Eyni zamanda iddia müddətinin tətbiq olunmasını və iddianın ona münasibətdə rədd olunmasını xahiş edir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:
35. Məhkəmə əvvəla qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir.
36. İddiaçının iddia tələbi 2 hissədən ibarətdir: 1) torpaq sahəsinin alınması üçün ödədiyi 110000 ABŞ dollarının cavabdehlər Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutulması 2) Həmin torpaq sahəsində aparılan tikintiyə çəkdiyi xərclərlə bağlı dəymiş ziyan qismində 80000 manat olmaqla, 40000 manat Cavabdeh2, 40000 manat isə Cavabdeh3 tutulması
37. İşin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçı ilə Cavabdeh2 arasında şifahi qaydada alqı-satqı müqaviləsi bağlanarkən, alıcı torpağın dəyəri olan pul məbləğini satıcıya verməyi, satıcı isə pul məbləğini aldıqdan sonra müqaviləni lazimi qaydada rəsmiləşdirməyi və torpaq sahəsini alıcının mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür.
38. Lakin yuxarıda qeyd edilən səbəblərdən satıcı torpağın dəyəri olan pul məbləğini aldıqdan sonra torpaq sahəsini iddiaçının sahibliyinə və istifadəsinə verməsinə baxmayaraq, müqavilənin rəsmiləşdirilməsini həyata keçirə bilməmişdir.
39. Odur ki, iddiaçı həm torpağa görə ödədiyi 110000 abş dollarının, həm də ona dəyən 80000 manat dəyərində zərərin cavabdehlər Cavabdeh2 və Cavabdeh3 tutulmasını tələb edir.
40. Bununla bağlı Azərbaycan Respublikası Mülki Məcəlləsinin aşağıdakı normalarına nəzər yetirək.
41. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
42. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
43. Həmin Məcəllənin 386.2-ci maddəsinə əsasən Bu Məcəllənin 385-ci maddəsində nəzərdə tutulmuş öhdəliklər müqavilənin hazırlanması əsasında da əmələ gələ bilər.
44. Həmin Məcəllənin 386.3-cü maddəsinə əsasən danışıqların iştirakçısı digər iştirakçının təqsirli hərəkəti nəticəsində bağlanmayan müqavilənin bağlanması üçün çəkdiyi xərclərin əvəzini ödəməyi digər iştirakçıdan tələb edə bilər.
45. Həmin Məcəllənin 394-cü maddəsinə əsasən bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir.
46. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla).
47. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
48. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
49. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
50. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
51. Sadalanan maddi hüquq normalarının məzmunundan və işin hallarından da müəyyən edildiyi kimi iddiaçı ilə Cavabdeh2 arasında daşınmaz əmlakın alqı-satqısına dair şifahi qaydada müqavilə bağlanmışdır. Lakin həmin müqavilə notarial qaydada təsdiq olunmamışdır. Bu səbəbdən onlar arasında bağlanmış şifahi müqavilə əhəmiyyətsiz olmaqla etibarsız hesab edilməlidir.
52. Bu baxımdan Cavabdeh2 torpaq sahəsinə mülkiyyət hüququnu saxlamaqla yanaşı, 110000 abş dollarına da yiyələnməklə əsassız olaraq varlanmışdır.
53. Belə ki, Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
54. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
55. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki, əhəmiyyətsiz əqd üzrə yalnız əvəzedilən əşyalar üzərində əldə edənin hüququ yarana və nəticədə əsassız varlanma baş verə bilər.
56. Odur ki, müqavilənin etibarsızlığı nəticələri tətbiq olunmaqla tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa borcludur.
57. Preyudisial əhəmiyyət daşıyan məhkəmə qətnamələri və özünün birbaşa etirafı ilə müəyyən olunur ki, Cavabdeh2 110000 abş dolları məbləğində pulu iddiaçıdan almışdır. Lakin həmin məbləğdə pulun və ya hər hansı hissəsinin digər Cavabdeh3 tərəfindən qəbul edilməsi nə qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə, nə də ki işin halları ilə sübut olunur.
58. Odur ki, iddia tələbi 110000 abş dolları məbləğində pulun cavabdehlər Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutulması hissəsində qismən təmin edilməli, həmin məbləğ tam həcmdə Cavabdeh2 tutularaq iddiaçıya ödənilməlidir.
59. Məhkəmə eyni zamanda qeyd edir ki, torpaq sahəsinin iddiaçının faktiki sahibliyində və istifadəsində qalması davam edərsə, iddiaçının müvafiq tələblə məhkəməyə müraciət etmək hüququ istisna edilmir.
60. Məhkəmə iddianın cavabdehlər Cavabdeh2 və Cavabdeh3 hər birindən 40000 manat tutulması hissəsini əsassız hesab edir.
61. Belə ki, sübutetmə yükünün bölgüsü baxımından iddiaçı iddia tələbini əsası kimi istinad etdiyi halı sübut etməlidir.
62. Halbuki məhkəmə araşdırması zamanı iş materiallarında həmin torpaq sahəsində iddiaçı tərəfindən aparılan hər hansı tikintinin mövcudluğunu təsdiq edəcək sübutlar mövcud deyil və davam edən məhkəmə araşdırması dövründə məhkəməyə təqdim edilməmişdir. (foto şəkil, tikinti aparılmasına dair icazə, tikiliyə dair sənədlər, tikinti üçün çəkilən xərcin dəyəri).
63. Üstəlik Cavabdeh3 həmin torpaq sahəsində hər hansı zavodun mövcud olmadığını bildirsə də, iddiaçı bununla bağlı heç bir dəlil irəli sürməmiş və hər hansı sübut təqdim etməmişdir.
64. Cavabdeh3 iddia müddətinin tətbiqi barədə ərizəsinə münasibətdə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
65. Konstitusiya Məhkəməsinin Plenum Qərarında (L.İ.Binnətovanın şikayəti üzrə 8 may 2008-ci il tarixli) göstərilmişdir ki, iddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulubpozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir.
66. Bu səbəbdən məhkəmə o qənaətə gəlir ki, iddiaçının Cavabdeh3 yönəlmiş pul tələbi subyektiv hüququn olmaması(subyektiv hüququn pozulubpozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi) əsası ilə rədd edildiyindən iddia müddətinin tətbiqi barədə ərizəyə qiymət verilə bilməz.
67. Bundan başqa məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 439.1-ci maddəsinə əsasən pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər. - 439.2-ci maddəsinə əsasən əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır.
68. Bununla bağlı məhkəmə o qənaətə gəlir ki, ABŞ dolları ilə ödənilməli məbləğ ödəniş günü Azərbaycan Respublikasının manatına uyğun məzənnə ilə hesablanaraq manatla ödənilməlidir. Tətbiq edilən prosessual normalar: Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. (Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsi)
69. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
70. Həmin Məcəllənin 106.2-ci maddəsinə əsasən digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər.
71. Həmin Məcəllənin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir.
72. Həmin məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır.
73. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
74. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Nəticə:
75. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Bakı şəhəri 32 saylı Notariat Kontoruna, X4 və Cavabdeh2 qarşı “ödənilmiş pulun qaytarılması və vurulmuş ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilməli, 110000 ABŞ dolları məbləğində pul vəsaiti ödəniş anında Azərbaycan Respublikası manatının məzənnəsinə uyğun hesablanmaqla manatla Cavabdeh2 tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.
76. Bundan başqa iddiaçı məhkəmə xərci kimi 380 manat pulun cavabdehlərdən müştərək qaydada tutulmasını tələb etsə də, bununla bağlı iddia ərizəsinə 30 manat məbləğində dövlət rüsumunun ödənilməsinə dair qəbzdən başqa sənəd əlavə edilməmiş və həmin hal iş materialları ilə də müəyyən edilmir.
77. Odur ki, iddia tələbi yalnız Cavabdeh2 münasibətdə qismən əsaslı hesab edildiyindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdeh2 tutularaq İddiaçı ödənilməlidir.
78. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia qismən təmin edilsin. 110000 (yüz on min) ABŞ dolları məbləğində pul vəsaiti ödəniş anında Azərbaycan Respublikası manatının məzənnəsinə uyğun hesablanmaqla manatla Cavabdeh2 tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh2 tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim İlkin Əliyev