Məhkəmə qərarları › İş №2(001)-5018/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5018/2023

06.11.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5018/2023 06.11.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi, İddiaçıların nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh və onun vəkili Vəkil2 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı istifadə hüququna xitam verilməsi tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Z.Qəmbərov küçəsi, ev 22/24-də yerləşən 78 saylı mənzilə olan istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçılar tələblərini onunla əsaslandırmışdırlar ki, İddiaçı1 ilə Cavabdeh rəsmi nikahda olmuş və 1989-cu ildə nikahlarına xitam verilmişdir. Cavabdeh mübahisə predmeti olan və onlara məxsus Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Z.Qəmbərov küçəsi, ev 22/24-də yerləşən orderli 78 saylı mənzildə onlarla birlikdə olmaqla orada qeydiyyatda qalmışdır. Bildirirlər ki, cavabdeh formal olaraq adıçəkilən mənzildə qeydiyyatda qalsa da, əslində 1993-cü ildən birdəfəlik köçərək anası Əliyeva Səkinəyə məxsus Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, H.Ağamalıyev küçəsində yerləşən 10 saylı binanın 13-cü mənzilində yaşamışdır. Həmin müddətdən Hunaya Ağamalıyeva adlı şəxslə ailə həyatı quraraq həmin ünvanda birgə yaşamağa davam etmişdir. Onların birgə nikahlarından Orxan adlı oğlu da olmuşdur. Həmin oğlunun da qeydiyyatı məhz anasına məxsus həmin ev olmuşdur. Cavabdehin Binəqədi Rayon Məhkəməsinin 2-492 saylı 1993-cü il tarixli qətnaməsinə əsasən həmin mənzilə köçürülməsi barədə qətnaməsi mövcud olsa da, lakin heç zaman mənzil zərurəti mövcud olmadığından həmin ünvana köçüb yaşamamışdır. Bu hal bir daha təsdiq edir ki, onun mənzildə yaşamaq zərurəti olmamışdır. Cavabdeh 30 ildən artıqdir ki, mübahisə predmeti olan mənzildə yaşamamış və orada heç bir əşyası qalmamışdır. Həmin müddətdən yeni qurduğu ailəsi ilə birlikdə anasına məxsus evdə yaşamağa başlamışdır və indiyə kimi cavabdehin Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Z.Qəmbərov küçəsi, ev 22/24-də yerləşən orderli 78 saylı mənzillə heç bir əlaqəsi yoxdur və heç bir əsas onu həmin mənzilə bağlamır. Etibarlı ailə əlaqələri mövcud deyildir, ehtiyaclarını həmin mülkiyyətdən istifadə etməklə qarşılamır. Göründüyü kimi, cavabdehin öz ailəsi, öz yaşayış yeri vardır, onun göstərilən mənzildə qeydiyyatda olması və orada istifadə hüququnun qalmasına zərurət aradan qalxmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçıların nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili iddianı qəbul etməyərək bildirdi ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 iddia ərizəsi ilə məhkəmə müraciət edərək, birinci iddiaçının keçmiş həyat yoldaşı, digər iddiaçıların isə valideyini olan, pensiya yaşlı, əmək qabiliyyətinə malik olmayan cavabdehin Cavabdeh mənzildən istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. İddia tələbini tamamilə əsassız və qanunsuz hesab edirlər və onun rədd edilməsinin məhkmədən xahiş edirlər. Eyni tərəflərin iştirakı ilə Binəqədi Rayon Məhkəməsinin 2-492 nömrəli xx.xx.1993cü il tarixli qətnaməsi ilə iddiaçı (hazırkı iş üzrə cavabdeh) Cavabdeh mənzilə köçürülməsi tələbinə dair iddia ərizəsi təmin edilmişdir. Həmin qətnamə hazırda qüvvədədir və tərəflər üçün məcburi qüvvəyə malik olan məhkəmə aktıdır. İşin faktiki hallarından müəyyən olunur ki, cavabdeh mənzilə köçürülməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcüddür, iddiaçılar, qanuni qüvvədə olan məhkəmə qətnaməsini icra etməkdən qərəzli sürətdə böyün qaçırırlar, hazırda məhkəməyə təqdim etdikləri iddia ərizəsi də məhkəmə aktının icrasına mane olmaq məqsədini daşıyır. İşin həqiqi halları ondan ibarətdir ki, iddiaçılar mübahisəli mənzilin mülkiyyətçiləri deyillər. Həmin mənzilin kirayə müqaviləsi müvafiq icra orqanı ilə Cavabdeh Əhəməd oğlu arasında bağlanmışdır, hazırda da kirayə müqaviləsi qüvvədədir. Məhkəmənin nəzərinə çatdırır ki, mübahisəli mənzil hələ SSRİ dövründə uzun müddət ərzində dövlət müəssisəsində ağır işlərdə fəaliyyət göstərdiyinə görə order əsasında Cavabdeh Əhəməd oğluna verilmişdir və onunla kirayə müqaviləsi bağlanıİmışıdır. İddiaçılar həmin mənzilə kirayəçinin ailə üzvləri kimi köçmüşlər. Göründüyü kimi, cavabdeh ağır şəraitli işlərdə fəaliyyət göstərməklə mənzil hüququ əldə etmişdir, indi isə iddiaçılar başqa şəxsin zəhməti hesabına əldə edilmiş mənzilə sahib çıxmaq istəyirlər, kirayəçinin mənzilə buraxmaq istəmirlər, vicdansızlıq edərək onun istifadə hüququna xitam verilməsi barədə məhkəmədə iddia qaldırmışlar. Qeyd edilməlidir ki, necə ki iddiaçılar mənzilin mülkiyyətçiləri deyillər və mənzil kirayə müqaviləsi onların adına deyil - deməli onlar cavabdeh mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair məhkəməyə iddia ərizəsi vermək üçün subyektiv hüquqa malik deyillər, iddiaçıların hər hansı subyektiv hüquqları pozulmamaşdır, onların qanunsuz əməlləri nəticəsində hüquqları pozulan şəxs Cavabdehdir. İddiaçılar iddia ərizəsində istifadə hüququnun yaranması üçün iki şərti qeyd etmişlər. Həmin şərtlərdən biri mülkiyyətçi ilə birgə yaşayan şəxslər arasında etibarlı ailə əlaqələrinin mövcüdlüğü göstərilmişdir. Bunula bağlı qeyd edilməlidir ki, iddiaçılar cavabdehin yaxın qohumlarıdır - cavabdeh onların doğma atasıdır. Ona görə onların aralarında yaradılan münasibətlər həm mülki həm ailə qanunvericiliyi ilə tənzimlənməlidir. İşin hallarından müəyyən olunur ki, iddiaçılar İddiaçı2n və İddiaçı3 əmək qabiliyyətinə malik olmayan cavabdehin doğma övladlarıdırlar və onlar əmək qabiliyyətinə malik olmayan valideynlərini saxlamaq öhdəliyini daşıyarlar. Lakin onlar, doğma atalarına saxlamaq və qayğı göstərməyə dair qanunla üzərinə düşən öhdəliklərini icra etmək əvəzinə, əksinə olaraq atalarına qarşı məhkəməyə iddia ərizəsi verib onun mənzildə olan hüquqlarından məhrum etmək istəyirlər. Müəyyən edilir ki, mübahisəli mənzili cavabdeh Sattar Əliyevə dövlət tərəfindən verilmişdir, kirayə müqaviləsi onun adına olmaqla həmin mənzildə qeydiyyatdadır. Göründüyü kimi həmin mənzil Cavabdeh və onun ailə üzvlərinin mülkiyyətinə verilmişdir, lakin iddiaçıların destruktiv mövqeyinə görə onların mülkiyyətinə verilmiş mübahisəli mənzil bu günə kimi mülkiyyət kimi dövlət qeydiyyatına alınmamışıdır. Göründüyü kimi Cavabdeh mübahisəli mənzilə gözlənilən mülkiyyət hüququna malikdik və mənzilə olan mülkiyyət hüququ üzərində sərəncam vermək hüquqna malikdir: qeyd edilən hüququnu özü həyata keçirə bilər, bu hüququndan digər ailə üzvlərinin xeyrinə imtina edə bilər. Lakin, iddiaçılar ilə razılığa gələ bilmədiyi üçün bu hüququnu hələ də həyata keçirə bilməmişdir. İddiaçılar isə cavabdehi, qanunla ona verilən hüquqdan məhrum etmək cəhd edirlər və bu məqsədlə onun istifadə hüququna xitam verilməsi barədə məhkmədə iddia qaldırmışlar. Bu iddia tələbi təmin edilə bilməz, cünki şəxsin mülkiyyət hüquqlarının pozulmasına səbəb olacaqdır. Odur ki, Cavabdeh mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair birgə iddiaçıların iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: X3, X1, X4 və X5 tərəfindən imzalanmış aktdan görünür ki, onlar Bakı şəhəri, M.Ə.Rəsulzadə qəsəbəsi, Z.Qənbərov küçəsi, ev 22/24 ünvanında yaşayırlar və bildirirlər ki, 1990-cı il tarixdən indiyədək xx.xx.1944-cü il təvəllüdlü Cavabdeh ünvan 1 ünvanında yaşamır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “yaşayış yeri üzrə qeydiyyat haqqında” xx.xx.2022-ci il tarixli arayışından görünür ki, İddiaçı1, İddiaçı2 və İddiaçı3 ünvan 1 ünvanında qeydiyyatdadırlar. Binəqədi Rayon Xalq Məhkəməsinin 2-492 saylı, xx.xx.1993-cü il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh iddiası təmin edilmiş, Cavabdeh ünvan 1 ünavnına köçürülməsi qət edilmişdir. İ-ЖГ seriyalı 440947 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı1 arasında olan nikah xx.xx.1989-cü il tarixdə ləğv edilmişdir. xx.xx.1974-cü il tarixli 121825 saylı orderin surətindən müəyyən olunur ki, Bakı şəhəri, M.Ə.Rəsulzadə qəsəbəsi, Z.Qənbərov küçəsi, 22/24 saylı evin 78 saylı mənzili Cavabdeh ailə üzvləri ilə birlikdə istidəsinə ayrılmışdır. Bakı Şəhəri Mənzil-Kommunal Təsərrüfatı Departamenti 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyi 145 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı1 ünvan 1 ünvanında qeydiyyatdadır, yaşayır və ailə tərkibinə özü, qızları İddiaçı3 və İddiaçı2, nəvəsi X2 daxildir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.1.-ci maddəsinə əsasən mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.1. girov hüququ; 158.1.2. əmlakdan istifadə hüququ; 158.1.3. servitutlar. Həmin Məcəllənin 158.4.-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.2.-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. xx.xx.2009-cu il tarixinədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həmin Məcəllənin 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Həmin Məcəllənin 60-cı maddəsinə əsasən, icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnun itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 87-ci maddəsinə müvafiq olaraq icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsindən digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında xx.xx.1999-cu il tarixli Qərarında göstərmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə uzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Məhkəmə mülki iş üzrə tədqiq olunmuş sübutlar məcmusuna qiymət verib belə nəticəyə gəlir ki, məhkəmə aktına əsasən mübahisəli mənzilə istifadə hüququ tanınmaqla köçürülən cavabdeh 30 (otuz) ilə yaxın müddət ərzində həmin mənzildən istifadə etməməklə həmin yaşayış sahəsinə ehtiyacın olmamasını nümayış etdirmiş, bununla da, dövlət mülkiyyətində olan mənzilə istifadə hüququnu itirmişdir. Məhkəmə cavabdehin iddia tələbinə münasibət bildirib qeyd edir ki, cavabdeh mənzildən istifadə etməsinə iddiaçılar tərəfindən maneələr yaradılmasını göstərsə də, bu halı təsdiq edə biləcək mötəbər sübutlarını, yəni 30 (otuz) il ərzində mübahisəli mənzilə köçürülməsinə, qanuni qüvvəyə minmiş məhkəmə aktların icrasının təmin edilməsinə dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin hesab edir ki, ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi təmin edilsin. Cavabdeh Bakı şəhəri, M.Ə.Rəsulzadə qəsəbəsi, Z.Qənbərov küçəsi, 22/24 saylı evin 78 saylı mənzilinə istifadə hüququ itirilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar