Məhkəmə qərarları › İş №2(001)-5036/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5036/2025

06.10.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5036/2025 06.10.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin və azyaşlı uşaqları X5 və X2 ünvan 1 ünvanında yerləşən 59 saylı mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarış əsasında ünvan 1 mülkiyyətindədir. Mənzil mərhum atası tərəfindən ona bağışlanmış və həmin vaxtı ailə üzvü kimi xx.xx.1977-ci il təvəllüdlü cavabdeh bacısı buna etiraz etməmişdir. Onuda bildirir ki, cavabdeh ailə qurmamışdan əvvəl qeydiyyatda olduğu mənzildə yaşasa da, 2009-cu ildə ailə qurduqdan sonra ərinə məxsus fərdi yaşayış evinə gəlin köçərək, orada yaşamış və bu günə kimi yaşayış yeri kimi mənzilə ehtiyacı olmamışdır. Cavabdeh onun mənzilində uşaqları ilə birlikdə qeydiyyatda qalmaqla, onun mülkiyyətçi kimi hüquqlarını məhdudlaşdırır. Tərəflərin izahatları və iddiaya münasibəti:

3. Məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, ev atası tərəfindən ona bağışlananda, həmin evi satmaq niyyəti olmayıb. Bağışlanma vaxtı bacısı da, buna etiraz etməyib. Əmlak ona bağışlanıbsa, artıq mülkiyyətçi özüdür. Hazırda isə maddi durumu, uşağın təhsili, xəstəlikləri bütün bunlar evin satılmasını tələb edir. Lakin bacısının sözügedən ünvanda qeydiyyatda qalması mülkiyyətçi kimi onun hüquqlarını məhdudlaşdırır. Mülkiyyətçi olsa da, əmlakı ilə istədiyi kimi rəftar edə bilmir. Bacısı isə 2009-cu ildən evdən çıxıb və yoldaşı ilə tikdikləri fərdi yaşayış evində yaşayır.

4. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, atası 5 ildir ki, ölmüşdür. Bacısı isə 15 ildir ki, həmin mənzildən köçmüşdür. Mənzildə isə hər zaman özü yaşamışdır.

5. Məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir. Qardaşının əmlakı satmaq niyyəti varsa ata mülkündən ona çatacaq payı verməlidir. O vaxt evin bağışlanmasına qeydiyyatda qalmasına şərait yaradılacağı üçün razılıq verib və həmin vaxt ümumiyyətlə evin satılması nəzərdə tutulmamışdır. Hazırda da, evin satılmasının əleyhinədir. Həmin evdən 2009-cu ildə ailə qurandan sonra çıxmışdır. Əri ilə birlikdə ev tiksələr də, həmin ünvanda qeydiyyatsız olmaqla yaşayır. Atası ölən kimi qardaşı evi kirayə verdi, anası öləndən sonra isə satmağı düşünür. Əgər satılacaqsa, ona çatan pay ödənilməlidir.

6. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirrmişdir ki, qeydiyyatdan çıxarılmaq istəmir. Belə ki, qeydiyyatdan çıxsa qızının təhsilində, oğlunun isə əsgərlik məsələsində çətinlik yaşayacaq. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:

7. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən olan RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 1 xüsusi mülkiyyət hüququ ilə xx.xx.2012-ci il tarixindən İddiaçı məxsusdur.

8. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışdan görünür ki, ünvan 1 ünvanında həmçinin xx.xx.1977-ci il təvəllüdlü Cavabdeh, xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2011-ci il təvəllüdlü X4 qeydiyyatdadır.

9. xx.xx.2012-ci il tarixli bağışlama müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, ünvan 1-da qeydiyyatda olan X3 ünvan 1-da qeydiyyatda olan İddiaçı Bakı şəhəri Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqları Qeydiyyatı İdarəsi tərəfindən verlmiş qeydəalma № 30/151752, ola xx.xx.1999-cu il tarixli qeydiyyat vəsiqəsinə və Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli, 11/22520 saylı arayışına əsasən ünvan 1-də yerləşən yaşayış sahəsi 46,05 kv.m olan 3 otaqlı 59 saylı mənzilini oğlu İddiaçı bağışlamışdır.

10. Bakı şəhəri Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqları Qeydiyyatı İdarəsi tərəfindən verilən MH seriyalı, 164054 saylı qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 1 xüsusi mülkiyyət hüququ ilə X1 adına 1010 №-li reyestr kitabının 151752 səhifəsində xx.xx.1999-cu il tarixində qeydiyyata alınmışdır.

11. 20.06.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində iddia qaldırmaq üçün 100 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:

12. ünvan 1 əvvəlcə tərəflərin atası X1 xüsusi mülkiyyətində olsa da, bağışlama müqaviləsinə əsasən xx.xx.2012-ci il tarixindən iddiaçının mülkiyyətinə keçmişdir. İddiaçının bacısı olan cavabdeh nikaha daxil olana qədər atasının 1999-cu il tarixdən xüsusi mülkiyyətində olan mənzildə yaşasa da, nikaha daxil olduğu 2009-cu ildən həmin mənzildən çıxmış və daimi olaraq ərinin sənədsiz fərdi yaşayış evində qeydiyyatsız yaşamışdır. Cavabdehin yetkinlik yaşına çatmayan uşaqları isə ümumiyyətlə həmin mənzildə heç vaxt yaşamamışlar. Cavabdeh və yetkinlik yaşına çatmayan uşaqları daimi olaraq başqa evdə yaşasalar da, hal-hazıradək həmin mənzildə qeydiyyatdadırlar. Cavabdeh mənzilin qardaşına bağışlanmasına vaxtilə razılıq verdiyini, lakin bu razılığı qeydiyyatda qalacağı şərti ilə verdiyini bildirir. Bundan başqa mənzilin satılacağı təqdirdə ata mülkündan ona pay verilməsinə təkid edir. İddiaçı isə atasının sağlığından mənzilin özünə bağışlanıldığını, həmin vaxt bacısının etiraz etmədiyini, cavabdehin 2009-cu ildən etibarən (evlənib, öz evinə köçdükdən sonra) həmin yaşayış sahəsindən istifadəsinə ehtiyacının aradan qalxdığını bildirir və iddianın təminini xahiş edir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi

13. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli qərarında qeyd edilmişdir ki, 2000ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.

14. İşin müəyyən edilmiş hallarından görünür ki, mübahisəli mənzil 1999-cu ildə tərəflərin atasının xüsusi mülkiyyətində olmuşdur(mənzilin özəlləşdirilmə və ya əqd əsasında əldə edilməsi məlum olmasa da, mübahisənin həlli baxımından əhəmiyyət kəsb etmir) və həmin vaxtdan 2009-cu ilədək cavabdeh mənzildə yaşamış, 2009-cu ildən sonra isə nikaha daxil olmaqla daimi olaraq mənzildən çıxmışdır. İddiaçının mənzilə xüsusi mülkiyyət hüququ isə 2012-ci il tarixdə yaranmışdır. Odur ki, cavabdehin mənzilə istifadə hüququ 2009-cu ilədək qüvvədə olan Mənzil Məcəlləsinin 123-cü maddəsinin tələbi baxımından yaransa da, daimi olaraq köçüb getdiyi 2009-ci ildən itirilmişdir. Bununla bağlı aşağıda qeyd edilən normalara nəzər yetirək.

15. 01.10.2009-cu ilədək qüvvədə olan Mənzil Məcəlləsinin:

16. 53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar.

17. 60.İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir.

18. 87. yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və ya onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.

19. 123. Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ;ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddibüluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış sahəsindən istifadə qaydası haqqında və xərclərdə iştirakın məbləği haqqında mülkiyyətçi ilə onun ailə üzvləri arasında mübahisələr məhkəmə qaydasında həll edilir.

20. Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi ilə əlaqədar məhkəmələrdə mübahisələrə baxılarkən nəzərə alınmalıdır ki, həmin Məcəllənin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında nəzərdə tutulan əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum edə bilməz.

21. Göründüyü kimi istifadə hüququ olan şəxsin daimi olaraq başqa yaşayış yerinə köçməsi onun hüququnun itirilməsi ilə nəticələnir. Hazırki mübahisədə olduğu kimi cavabdeh 2009-cu ildən nikaha girərək daimi olaraq atasının mülkiyyətində olan mənzildən köçməklə istifadə hüququnu itirmişdir.

22. Cavabdehin etirazının dəlillərinə münasibətdə isə məhkəmə qeyd edir ki, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

23. Cavabdehin yetkinlik yaşına çatmayan uşaqlarının istifadə hüquqlarının itirilməsi tələbinə münasibətdə isə məhkəmə qeyd edir ki, onların ümumiyyətlə mübahisəli mənzilə istifadə hüquqları yaranmamışdır, belə ki, onlar həmin mənzildə heç vaxt yaşamamış və formal olaraq mülkiyyətçinin razılığı ilə qeydiyyata alınmışdır. Odur ki, olmayan hüququn itirilmiş hesab edilməsindən də söhbət gedə bilməz. Tətbiq edilən prosessual normalar:

24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:

25. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

26. 77.1-ci məddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

27. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə itirak edən şəxslərə aid edilir;

28. 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:

29. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh ünvan 1 ünvanında yerləşən 59 saylı mənzildən istifadə hüququ itirilmiş hesab edilməli, iddia qalan hissədə təmin edilməməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

30. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin119-cu, 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin Cavabdeh ünvan 1 ünvanında yerləşən 59 saylı mənzildən istifadə hüququ itirilmiş hesab edilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.

Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar