Məhkəmə qərarları › İş №2(001)-506/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-506/2022

06.01.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-506/2022 06.01.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “vurulmuş maddi və mənəvi zərərin əvəzinin tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 33.000 manat məbləğində pulun, 1.000 manat məbləğində maddi və mənəvi zərərin, habelə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı əvvəlki məhkəmə iclaslarında iştirak etmiş və ona iş üzrə əhəmiyyət kəsb edən bir sıra sənədlərin, o cümlədən tərəfindən Bakı şəhəri Binəqədi rayonu Motodrom yeni yaşayış massivində fərdi yaşayış evini inşa etməsini və həmin evin onun istifadə və sahibliyində olmasını, həmin evi cavabdehlərə satmasını təsdiq edən sübutların məhkəməyə təqdim edilməsi, habelə cavabdehlərin hər birinə konkret olaraq hansı məbləğdə pulun verilməsi məsələsinə aydınlıq gətirilməsi təklif edilmişdir. Bununla bağlı iddiaçı 2 dəfə vaxt istəmiş və nəticədə məhkəmə iclası təxirə salınaraq, növbəti məhkəmə iclasının yeri və vaxtı barədə ona və cavabdehlərə lazımi qaydada məlumat verilmişdir. Lakin buna baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən iddiaçı məhkəmə iclasında iştirak etməmiş, cavabdehlər isə ümumiyyətlə hər hansı məhkəmə iclasına gəlməmişdilər. Məhkəmə tərəflərin lazımi qaydada xəbərdar edilməsini nəzərə alıb, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdırıb, habelə məhkəmə tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən nöqsanların iddiaçı tərəfindən aradan qaldırılmadığını nəzərə alıb, hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 149.2.3-cü maddəsinə əsasən iddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir; 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır; 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır; 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Məhkəmə qeyd edir ki, iddiaçı inşa etdiyi fərdi yaşayış evini cavabdehə satdığını və razılaşdırılmış alqı-satqı qiymətinin cavabdehlər tərəfindən tam ödənilmədiyini iddia edərək, cavabdehlərdən 33.000 manat məbləğində pulun tutulmasını tələb etsə də, öz tələblərini əsaslandırdığı hallara dair ümumiyyətlə hər hansı sənəd məhkəməyə təqdim etməmiş, o cümlədən bu məbləğin hansı səbəblərdən hər cavabdehdən tələb etməsi məsələsinə aydınlıq gətirməmişdir. Halbuki, bu barədə sübutların təqdim edilməsi üçün müddət müəyyən edilərək, mülki işə baxılması 2 dəfə təxirə alınmışdır. Bu da öz növbəsində hazırki vəziyyətdə mülki işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədir və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.12-ci maddəsinin tələbləri baxımından mülki işin baxılmamış saxlanılması üçün əsas yaradır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259-260-cı, 263-264cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “vurulmuş maddi və mənəvi zərərin əvəzinin tutulması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququnun olması izah olunsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhər Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar