Məhkəmə qərarları › İş №2(001)-507/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(001)-507/2022

25.01.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-507/2022 25.01.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi Sadıqov Nurlan Ədalət oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi, Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh oğluna qarşı “vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh oğluna qarşı “vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 55000 manat məbləğində vurulmuş maddi ziyanın, 7000 manat dəyərində cərrahiyyə əməliyyatı və müalicəyə çəkən xərclərin, 5000 manat dəyərində mənəvi zərərin və dövlət rüsumu qaydasında ödədiyi 30 manatın, ümumilikdə 67030 manat pul vəsaitinin tutularaq xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavadeh onun həyat yoldaşının qardaşıdır. Cavabdeh musiqiçidir və eyni zamanda fotosessiya sənəti ilə məşğul olur. Onunla isti münasibətləri uzun müddət davam etmiş və bir-birlərinə inamlı etibarları yaranmışdır. Bu münasibətdən istifadə edən Cavabdeh "xxxx" Lizing Şirkəti QSC-nin mülkiyyətində olan, 2003-cü il buraxılışlı, Yaponiya istehsalı olan, "Fotolaboratoriya-Fuji Frontier-350" modelli, 24000 ABŞ dolları dəyərində avadanlığı daxili lizinq müqaviləsi ilə 36 ay müddətinə özü tərəfindən ödəmək şərti ilə mülkiyyətçidən istifadəsinə götürməyi, bunun müqabilində kifayət qədər qazanc əldə edəcəyi vəd edib, müqavilə üzrə zamin durmuşdur. Bir müddət ödənişlər etdikdən sonra, ödənişdən yayınmış və nəticədə "xxxx" Lizinq Şirkəti QSC tərəfindən məhkəməyə müraciət olunmuşdur. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 18 dekabr 2017-ci il tarixli 2(005)-481/2017 saylı qətnaməsi ilə "Fotolaboratoriya-Fuji Frontier-350" modelli avadanlığın qaytarılması və istifadə edilməsi üçün ödənilməmiş 17666,93 (on yeddi min altı yüz altmış altı ABŞ dolları doxsan üç sent) ABŞ dollarının ödəniş günü manatla məzənnəsi ilə qaydasında məndən tutularaq "xxxx" Lizinq Şirkətinin xeyrinə ödənilməsi qət edilmişdir. Məhkəmə qərarı icraya yönəldilmişdir. Bununla da cavabdeh qohumu Cavabdeh ona məhkəmə qaydasında qət olunmuş məbləğdə zərər vurmuşdur. Bununla yanaşı, vurulmuş zərəri tezliklə qaytaracağını bildirmiş və sonradan tanıdığı X4 ilə birləşərək mülkiyyət hüququ ilə ona məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Günəşli qəsəbəsi, AB y/sahəsi, bina 16-da yerləşən, 3 otaqlı, 169 nömrəli mənzili ipoteka qoyub, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Xəta filialından 70000 (yetmiş min) manat pul vəsaitini götürməyə nail olmuşdur. Həmin pul vəsaiti illik 24% dərəcəsi ilə 24 ay müddətinə verilmişdir. 15 mart 2013-cü il tarixli 112.LN.2105.**********1 saylı Kredit müqaviləsinə uyğun olaraq 112.CL.150313.000 1/c saylı İpoteka müqaviləsi bağlanmış, yenidən ödənişlər edilmədiyi səbəbindən "İpotekasaxlayan" bankdan müvafiq xəbərdarlıqlar gəldikdən sonra, 90000 manat dəyərində olan mənzili, bankın təkidli razılığı ilə danışığa girib, 54950 manata satmağa məcbur olmuşdur. Mənzili cavabdeh və onun əlaqədə olduğu digər şəxslərin dələduzluq hərəkətləri nəticəsində əlindən çıxdığından, aidiyyəti üzrə polis və prokurorluq orqanlarına onların barəsində tədbirlərin görülməsi ilə əlaqədar çoxsaylı şikayətlər etmişdir. Cavabdeh Azərbaycan Respublikası DİN Baş Mütəşək Cinayətkarlıqla Mübarizə İdarəsində toplanmış material üzrə izahatı alınmış, izahatı ilə O, bir daha təsdiq etmişdir ki, İddiaçı 55000(əlli beş min)manat borcu vardır, tezliklə ödəyəcək. Borc adı ilə yaxasını məsuliyyətdən qurtaran cavabdeh sonradan, vurduğu zərəri tez bir zamanda ödəyəcəyini bildirmişdir. Bu əməllərin nəticəsi olaraq, dəfələrlə ailədə münasibətlər pozulmuş, bacı-qardaş mübahisələri daha da kəskinləşmişdir, bu yaşında ailənin dağılması təhlükəsi yaranmışdır. Bu müddət ərzində, cavabdeh tərəfindən vurulan zərərin qaytarılmasını gözləsə də, heç bir nəticə olmamışdır. Əksinə, mənəvi cəhətdən sarsılmağı, stres keçirməyinə səbəb olmuş və 5 il müddətində 2 dəfə ürək əməliyyatına məruz qalmışdır. Bu cərrahi əməliyyatlara, həmçinin tibbi dərmanların alınmasına, müalicəyə 7000 manat pul vəsaiti xərclənmişdir ki, bu vəsait yaxın qohumlar tərəfindən ödənilmişdir. Cavabdeh tərəfindən aldadılmağı nəticəsində ona mənəvi zərər vurulmuşdur ki, bu zərərin 5000 manat məbləğində cavabdeh tərəfindən ödənilməsini də məqsədəuyğun hesab edir. Polis və prokurorluq orqanlarına etdiyi şikayətlərə cavab olaraq mülki qaydada məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Bu baxımdan, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, təmin edilməsi barədə qiyabi qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi, vəkil iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 238.1-ci madəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. İddiaçı nümayəndəsi, vəkil ərizə ilə məhkəməyə müraciət edərək, işə qiyabi icraat qaydasında baxılmasını xahiş etmiş, buna görə də Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-507/2022 saylı, 25 yanvar 2022-ci il tarixli qərardadı ilə işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Daşınmaz Əlakın Dövlət Reyestri Xidməti Hüquqların X5 Daşınmaz Əmlakın Dövlət Reyestrindən olan MH seriyalı, ******* saylı çıxarışdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Günəşli qəsəbəsi, AB yaşayış sahəsində istifadədə olan 0,17873 ha torpaq sahəsində yerləşən 16 nömrəli, 9 mərtəbəli binada 62.7 kv.m ümumi, 38.6 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı, 169 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 362 nömrəli reyestr kitabının 33787 nömrəli vərəqində qeydiyyata alınmışdır. İpoteka saxlayan "xxxx" ASC ilə ipoteka qoyan İddiaçı və borcalan X4 arasında bağlanan 15 mart 2013-cü il tarixli 112.CL.150313.00001/c saylı ipoteka müqaviləsindən görünür ki, ipoteka saxlayan və borcalan X4 arasında bağlanmış 15 mart 2013-cü il tarixli 112.LN.2105.150313.00001 saylı kredit müqaviləsi və ona əlavə edilmiş və ya ediləcək əlavələr üzrə öhdəliklərin yerinə yetirilməsini təmin etmək məqsədilə ipoteka qoyan əmlakı ipoteka qoyur, eləcə də ona ola hüquq və maraqları ipotekasaxlayana verir. İpoteka müqaviləsinə 1 saylı Əlavədən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Günəşli qəsəbəsi, AB Y/S küçəsində istifadədə olan 0.17873 ha torpaq sahəsində 16 nömrəli evdə yerləşən 9 mərtəbəli, 8 bloklu binanın 7-ci blokunda 4-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 62,7 kv.m, o cümlədən yaşayış sahəsi 38,6 kv.m olan 3 otaqlı 169 nömrəli mənzil 57500 manat məbləğində qiymətləndirilməklə ipoteka predmeti olmuşdur. İpoteka müqaviləsinə 2 saylı Əlavədən görünür ki, borcalana X2 70000 manat məbləğində 24 % dərəcəsi ilə 24 ay müddətinə kredit verilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 11 dekabr 2017-ci il tarixli, 2(005)- 481/2017 saylı qətnaməsindən görünür ki, iddiaçı "xxxx" Lizinq Şirkəti QSC cavabdehlər İddiaçı və Cavabdeh qarşı “daxili maliyyə lizinq müqaviləsi üzrə öhdəliyin yerinə yetirilməsi nəticəsində dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qətnamədə göstərilir: - Məhkəmə iclasında cavabdeh İddiaçı izahatında iddia tələbini qəbul etməyərək, Ehtibar tərəfindən aldadıldığını, onun puldan və maldan xəbəri olmadığını bildirib, iddia tələbinin ona münasibətdə rədd edilməsini xahiş etmişdir. - Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək, ona münasibətdə müddətin keçdiyini, eyni zamanda lizinq obyektinin yandığını və bunların nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 11 dekabr 2017-ci il tarixli, 2(005)- 481/2017 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, "xxxx" Lizinq Şirkəti QSC ilə cavabdeh İddiaçı arasında bağlanmış 19 yanvar 2011-ci il tarixli, 1427/1175-01/2011 nömrəli Daxili Lizinq müqaviləsi üzrə "xxxx" Lizinq Şirkəti QSC-yə mülkiyyətində olan cavabdeh İddiaçı istifadəsində olan lizinq obyekti-1 ədəd “Fuji Frontier 350” markalı, seriya nömrəsi 2919604, buraxılış ili 2003-cü il olan fotolaboratoriya avadanlığı cavabdeh İddiaçı alınaraq, mülkiyyətçisi "xxxx" Lizinq Şirkəti QSC-yə qaytarılması, həmin müqaviləyə əsasən əsas boc 15399,5 ABŞ dolları, faiz borcu 2117,43 ABŞ dolları, 150 ABŞ dolları dəbbə pulu, cəmi 17666,93 ABŞ dolları ödəniş günü manata məzənnə ilə manatla və 30 manat dövlət rüsumunun cavabdeh İddiaçı tutularaq "xxxx" Lizinq Şirkəti QSC-yə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Grand Hospital tərəfindən verilən xəstənin xəstəlik tarixindən olan 14.09.2016-cı il tarixinə olan epikrizdən görünür ki, X1 Stabil stenokardiya İİİ f.s, hipertoniya xəstəliyi İİİ mərhələ diaqnozları qoyulmuşdur. Xəstənin əsas şikayətləri isə fiziki gərinlik zamanı döş sümüyünün arxasında olan yandırıcı ağrılar, təngnəfəslik, ürəkdöyünmə, kəskin ümumi zəiflik olmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Vəkil ünvanlanan 27.09.2021-ci il tarixli, 007-12302-1221 saylı cavab məktubunda göstərilir: Araşdırma zamanı məlum olmuşdur ki, İddiaçı qohumu Cavabdeh 2013-cü ilin mart ayında fotostudiya almaq məqsədi ilə onun razılığı əsasında sonuncuya məxsus ünvan 2 ünvanını "xxxx" ASC-də ipoteka ilə yüklü edib kredit yolu ilə 45.000 manat pul götürmüş, pulun bir hissəsini ödəmiş, sonradan iflasa uğraması səbəbindən qalan pulu ödəyə bilməmişdir. Sonrakı müddətdə İddiaçı bankda yüklü edilmiş mənzilini 74.000 manata satıb 20.000 manatını götürərək qalan pulu banka ödədiyindən o, Cavabdeh barəsində şikayət etmişdir. Araşdırma zamanı Cavabdeh İddiaçı qarşı dələduzluq etməsi faktı təsdiqini tapmamış, araşdırmanın nəticəsi barədə ərizəçiyə məlumat verilməsi təmin edilmişdir. İşin faktiki halları ilə müəyyən edilir ki, Cavabdeh Adil oğlu İddiaçı həyat yoldaşının qardaşıdır. Tərəflər arasında yaxın qohumluq münasibətləri olmuşdur. Cavabdeh qohumluq əlaqələrini əsas gətirməklə və gəlir qazanmaq məqsədilə "xxxx" Lizing Şirkəti QSC-nin mülkiyyətində olan, 2003-cü il buraxılışlı, Yaponiya istehsalı olan, "Fotolaboratoriya-Fuji Frontier-350" modelli, 24000 ABŞ dolları dəyərində avadanlığı daxili lizinq müqaviləsi ilə 36 ay müddətinə özü tərəfindən ödəmək şərti ilə mülkiyyətçidən istifadəsinə götürməyi, bunun müqabilində kifayət qədər qazanc əldə edəcəyi vəd edib, İddiaçı ilə QSC arasında lizinq müqaviləsi bağlanmasına nail olmuş və müqavilə üzrə zamin durmuşdur. Sonradan ödəniş icra edilmədiyindən mülkiyyətçi tərəfindən məhkəməyə iddia ərizəsi ilə müraciət edilmiş və cavabdehlərdən dəymiş ziyan tələb edilmişdir. Cavabdeh münasibətdə iddiaçı iddia tələbini geri götürdüyündən Nərimaov Rayon Məhkəməsinin 11 dekabr 2017-ci il tarixli, 2(005)-481/2017 saylı qətnaməsi ilə 19 yanvar 2011-ci il tarixli, 1427/1175-01/2011 nömrəli Daxili Lizinq müqaviləsi üzrə "xxxx" Lizinq Şirkəti QSC-yə mülkiyyətində olan cavabdeh İddiaçı istifadəsində olan lizinq obyekti-1 ədəd “Fuji Frontier 350” markalı, seriya nömrəsi 2919604, buraxılış ili 2003-cü il olan fotolaboratoriya avadanlığı cavabdeh İddiaçı alınaraq, mülkiyyətçisi "xxxx" Lizinq Şirkəti QSC-yə qaytarılması, həmin müqaviləyə əsasən əsas boc 15399,5 ABŞ dolları, faiz borcu 2117,43 ABŞ dolları, 150 ABŞ dolları dəbbə pulu, cəmi 17666,93 ABŞ dolları ödəniş günü manata məzənnə ilə manatla və 30 manat dövlət rüsumunun cavabdeh İddiaçı tutularaq "xxxx" Lizinq Şirkəti QSC-yə ödənilməsi qət edilmişdir. Bundan başqa iddiaçı "xxxx" ilə borcalan X4 arasında bağlanan kredit müqaviləsinin təminatı olaraq bağlanmış ipoteka müqaviləsində ipotekaqoyan qismində çıxış etmiş, nəticədə cavabdehin dostu X7 tərəfindən borc ödənilmədiyindən tutma İddiaçı məxsus mənzilə yönəldilmiş, iddiaçı mənzili satdıqdan sonra banka borclu oluqları 54950 manat məbləğini ödəmişdir. İddiaçı məhkəməyə müraciət etməmişdən öncə cavabdehin hərəkətlərindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə şikayət etmiş və aparılan araşdırma zamanı məlum olmuşdur ki, İddiaçı bankda yüklü edilmiş mənzilini 74.000 manata satıb 20.000 manatını götürərək qalan pulu banka ödədiyindən o, Cavabdeh barəsində şikayət etmişdir. Cavabdeh İddiaçı qarşı dələduzluq etməsi faktı təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; - 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; - 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); - 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; - 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər; Göründüyü kimi mülki qanunvericilik mülki hüquq pozuntusunu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməli (hərərəti və ya hərəkətsizliyi) tanıyır. Başqa sözlə, hüquqazidd hərəkətin edilməsində şəxsin yalnız təqsirli olduqda həmin hərəkəti hüquq pozuntusu sayılır. Bundan əlavə, hüquq pozuntusu hüquqi məsuliyyətə səbəb olmalıdır. Hüquqi məsuliyyətə səbəb olmayan hüquqazidd davranış, hüquqazidd əməl hüquqla qadağan edilmiş hərəkət və hərəkətsizlik formasında ola bilər. Vacib amillərdən biri sayılan hüquq pozuntusunun obyektiv cəhəti hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran, hüquqa zidd əməl (hərəkət və ya hərəkətsizlik), habelə zidd əməllə onun ictimaitəhlükəli nəticəsinin müəyyən edilməsi səbəbli əlaqə təşkil edir. Beləliklə Mülki Məcəllənin qeyd edilən maddələrinin məzmunundan o nəticəyə gəlmək olar ki, zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: “zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması”. Yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, cavabeh Cavabdeh İddiaçı vurmuş olduğu 55000 manat məbləğində zərərin əvəzini ödəməlidir. Bundan başqa məhkəmə iddia tələbinin 7000 manat məbləğində (müalicəyə çəkilən xərclər) və 5000 manat mənəvi zərər hissəsində də əsaslı hesab edir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Məhkəmə iddiaçının cavabdehin hərəkətləri nəticəsində mənəvi sarsıntı keçirməsi nəticəsində səhətində problemlər yaşamasını, əmlakından məhrum olmasını nəzərə alaraq mənəvi zərərin tutulması hissəsində tələbi əsaslı hesab edir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Bundan başqa, Mülki Prosessual Məcəllənin 218.1 və 218.3-cü maddələrinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 218.3-cü maddəsinə əssən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 238.5-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxılması barədə məhkəmə qərardad çıxarır. 241.4-cü maddəsinə əsasən iddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, vurulmuş maddi ziyana görə 55000 manat, müalicə xərclərinə görə 7000 manat, mənəvi zərərə görə 5000 manat, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 67030 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Vurulmuş maddi ziyana görə 55000 (əlli beş min) manat, müalicə xərclərinə görə 7000 (yeddi min) manat, mənəvi zərərə görə 5000 (beş min) manat, 30 (otuz) manat ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 67030 (altmış yeddi min otuz) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qiyabi qətnamədən rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə həmin qətnamənin ləğvi barədə cavabdeh tərəfindən ərizə verilə bilər. Qiyabi qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində - qiyabi qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar