Məhkəmə qərarları › İş №2(001)-5079/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5079/2025

09.01.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5079/2025 09.01.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəsirov Murad Seyran oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, o, yəni İddiaçı 15 avqust 2024-cü il tarixdə Cavabdeh qapıların alınması üçün 3690 manat məbləğində pul vəsaiti vermişdir. Həmin məbləğ Cavabdeh “Dream Doors” mağazasında müdir olan müddətdə 1 ədəd çöl qapısı və 12 ədəd otaq qapılarının satışı üçün ödənilmişdir. 2024-cü il noyabr ayında Cavabdeh mənzil üçün 1 ədəd çöl qapısının çatdırılmasını və quraşdırılmasını təmin etmişdir. Lakin 12 ədəd otaq qapılarının çatdırılmasını tələb etdikdə, müxtəlif bəhanələrlə verdiyi vədə əməl etməmişdir. Cavabdeh deyilən müddətin keçməsinə baxmayaraq, cavabdeh pul vəsaitini hazırki günədək geri qaytarmamışdır. O, Cavabdeh qapıların ödənişini Füzuli Ağayevin şahidliyi ilə ödəmişdir. Dəfələrlə cavabdehlə əlaqə saxlayaraq pulun geri qaytarılmasını tələb etsə də, bu tələblər cavabsız qalmışdır. Bundan sonra, mənzilinə lazım olan 6 ədəd qapıları Füzuli Ağayevin adına “Woodstore” mağazasından 2400 manat kreditlə almış və ona maddi olaraq ziyan dəymişdir. O, hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq maddələrinə əsasən, cavabdeh öz öhdəliyini yerinə yetirməli və ona borclu olduğu pul vəsaitini geri qaytarmalıdır. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, cavabdehdən onun xeyrinə 2740 manat məbləğində pul vəsaitinin və 1000 manat məbləğində dəymiş ziyanın tutulması və məhkəmə xərclərinın və digər mümkün xərclərin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən İddiaçı iddia tələbini müdafiə etməklə yanaşı, iddia ərizəsində göstərdiyi xüsusatları təsdiq edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bundan əlavə, İddiaçı 1000 manat məbləğində dəymiş ziyanın cavabdehdən tutulması tələbinə münasibətdə bildirmişdir ki, həmin məbləğ mənəvi ziyan qismində deyil, mebellərin alınması üçün əlavə faizlərin ödənilməsi və yol xərcləri üçün hesablanmış və tələb olunan məbləğlərdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və ya nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Lakin məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş Cavabdeh ona qarşı irəli sürülmüş iddia tələbini qismən qəbul etməklə yanaşı, 2740 manat borcundan iddiaçıya müxtəlif tarixlərdə 500 manat, 450 manat və 250 manat olmaqla, ümumilikdə 1200 manat məbləğində pul vəsaitini geri qaytardığını bildirmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğu üçün qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Binəqədi RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru X2 tərəfindən 2025-ci ilin aprel ayında qəbul edilmiş cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarın surətindən görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi üzrə toplanmış materiallarda cinayət tərkibi olmadığından xitam verilməsi qərara alınmışdir. Həmin qərardan görünür ki, izahatı alınmış Cavabdeh bildirmişdir ki, 2024 avqust-sentyabr ayında İddiaçı bir nəfər dostu ilə birlikdə onun işlədiyi “Dream Doors” mağazasına gəlmişdir. İddiaçı 1 (bir) ədəd bayır üçün və 12 (on iki) ədəd isə mənzilin daxili qapılarını sifariş vermişdir. Sifariş verdiyi qapılara görə əvvəlcədən ona cəmi 2990 manat pul vermişdir. O, bundan sonra İddiaçı 950 manat müqabilində 1 (bir) ədəd bayır qapısını göndərib quraşdırmışdır. İddiaçı ona bildirmişdir ki, qalan qapıları dediyi vaxt gətirib quraşdırar . Həmin ərəfələrdə İddiaçı ona əlavə qapılara görə qalan borcunu, yəni 700 manat pul ödəmişdir. O, da həmin pulun ödənilməsi ilə bağlı qəbz yazıb İddiaçı vermişdir. 2024-cü ilin noyabr-dekabr aylarında onun işlədiyi mağazanın icarə pulunu və “Yelo Bank”dan kreditə götürdüyü 5000 manat pulu ödəyə bilməmiş, mağazasında işlər getməmiş və o, buna görə bankrota uğramışdır. İddiaçı ona verdiyi pulu öz işlərini bərpa etmək üçün xərcləmişdir. 2024-cü ilin dekabr ayında icarəyə götürüb işlətdiyi “Dream Doors” mağazasını təhvil vermiş, buna görə də İddiaçı borclu qaldığı 2740 manat pulu qaytara bilməmişdir. İş materiallarında olan BOKT "xxxx" QSC ilə X1 arasında bağlanmış xx.xx.2025-ci il tarixli kredit müqaviləsi üzrə hər ay 200 manat olmaqla, 1600 manat məbləğində kredit ödənilmiş, ondan 1260.04 manat əsas borc, 339.96 manat isə faiz borcu təşkil etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsi müəyyən edir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi müəyyən edir ki, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.( 389.1-ci maddəsi) Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. (390.1.-ci maddə) Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. (390.2-ci maddə). Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. (390.5-ci maddə). Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır.(405-ci maddə) Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfı mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. (Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 404.1-ci maddəsi) Məhkəmə tərəflər arasında bağlanmış müqavilənin şərtlərini təfsir edərək belə qənaətə gəlir ki, tərəflər arasında bağlanmış müqavilə hüquqi təbiətinə görə podrat müqaviləsinin əlamətlərini ehtiva edən müqavilə olduğu üçün hazırki iddianın həlli üçün mülki qanunvericiliyin podratla bağlı normaları tətbiq edilməlidir. Podrat müqavləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. (752.1-ci maddə) Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. (752.2-ci maddə) Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun (762.1-ci maddə) Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. (762.2-ci maddə) Podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur (762.3-cü maddə) Əgər üçüncü şəxslər sifarişçiyə qarşı heç bir hüquq irəli sürə bilmirlərsə, podratın nəticəsi üçüncü şəxslərin hüquqlarından və iddialarından azad sayılır. (762.4-cü maddə) Əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. (769-cu maddə) Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 575.1-ci maddəsinə əsasən əgər satıcı satılmış əşyanı alıcıya verməkdən imtina edirsə, alıcı alğı-satqı müqaviləsinin icrasından imtina edə bilər. Həmin Məcəllənin 575.2-ci maddəsinə əsasən satıcı fərdi-müəyyən əşyanı verməkdən imtina etdikdə alıcı satıcıya qarşı bu Məcəllənin 452-ci maddəsində nəzərdə tutulan tələbləri irəli sürə bilər. Həmin Məcəllənin 452.1-ci maddəsinə əsasən fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Həmin Məcəllənin 452.2-ci maddəsinə əsasən kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. (442-ci maddə). Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. (448-ci maddə) Bununla yanaşı, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 220.4cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Beləliklə, mülki işin materialları, tərəflərin məhkəmə iclasında verdikləri izahatları və Bakı şəhəri Binəqədi RPİ-nin İstintaq Şöbəsinin cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarında cavabdeh tərəfindən verilmiş izahatla təsdiq edilir ki, İddiaçı tərəfindən Cavabdeh qapıların alınması üçün ümumilikdə 3690 manat məbləğində pul vəsaiti verilmiş, Cavabdeh tərəfindən 950 manat məbləğində olan 1 ədəd çöl qapısı iddiaçıya təhvil verilmiş, digər qapılara görə iddiaçı tərəfindən ödənilmiş pul vəsaitindən müxtəlif tarixlərdə 450 manat və 250 manat olmaqla, cəmi 700 manat məbləğində pul vəsaiti geri qaytarılmış, lakin 2040 manat məbləğində pul vəsaiti hazırki günədək iddiaçıya cavabdeh tərəfindən geri qaytarılmamışdır. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya 2040 manat məbləğində maddi zərərin vurulması mülki işdə olan sübutlarla təsdiq edildiyi üçün, iddia tələbi həmin hissədə qismən təmin edilməli, Cavabdeh 2040 manat məbləğində pul vəsaiti tutularaq, iddiaçının xeyrinə ödənilməlidir. Bununla yanaşı, məhkəmə belə qənaətə gəlir ki, iddiaçının cavabdehdən “əlavə 1000 manat məbləğində dəymiş zərər tələbi” mötəbər sübutlarla təsdiq edilmədiyindən təmin edilməməlidir. Hazırki iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə görə isə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 2040 (iki min qırx) manat məbləğində pul vəsaiti və ödənilmiş 57.80 manat dövlət rüsumu tutularaq, İddiaçı ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərviz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar