Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5093/2021 22.07.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, İddiaçı, Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Daşınmaz Əmlakın Dövlər Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh Baxtieviçə qarşı yaşayış evinə dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Baxtieviçə qarşı yaşayış evinə dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 1990-cı ildə Bakı şəhərinin keçmiş Vorovski qəsəbəsi, L.Şmidt küçəsi, 36/4 (indiki M.Ə.Rəsulzadə qəsəbəsi, Faiq Rüstəmov küçəsi 4) ünvanındakı 509,3 kv.m torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evini Cavabdeh 24.500 rubla satın almışdır. Bunun təsdiq olaraq notarial qaydada iddiaçıya 08 avqust 1990-cı il tarixdə 3 illik müddətinə etibarnamə və evin sənədi kimi 1972-ci il tarixli SSRİ Kommunal Təsərrüfatı Nazirliyinin X1 Bürosu tərəfindən verilmiş “şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport" verilmişdir. Elə həmin vaxtdan indiyədək iddiaçı ailə üzvləri ilə həmin evdə faktiki olaraq yaşamağa başlamışdır. Övladları doğulandan bu ünvanda daimi pasport qeydiyyatındadırlar. 30 ildir evin kommunal xərcləri iddiaçının adına quraşdırılmış sayğaclar vasitəsilə ödənilir. Həmçinin, evə və yerləşdiyi həyətyanı torpaq sahəsinə dair digər ödənişlər də həyata keçirilir. Bu qədər müddət yaşamağına baxmayaraq evin və torpağın reyestrdən çıxarışı yoxdur. Cavabdehlə aralarında 1990-cı ildə əldə edilmiş ilkin razılaşmaya əsasən Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Faiq Rüstəmov küçəsində (keçmiş Vorovski qəsəbəsi, L.Şmidt küçəsi 36/4) yerləşən 4 saylı fərdi yaşayış evi notariusda iddiaçının adına sənədləşdirilməli idi. Bu barədə onun tərəfindən iddiaçının adına notarial qaydada etibarnamə verilmişdir. Lakin həmin dövrdə baş verən məlum hadisələr səbəbindən Cavabdeh xəbərsiz şəkildə ölkəni tərk etmiş və bu səbəbdən də sözügedən yaşayış evinin alqı-satqı yolu ilə iddiaçının adına mülkiyyət hüququ üzrə dövlət reyestrində qeydiyyata alınması yarımçıq qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Daşınmaz Əmlakın Dövlər Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X3 izahatında məhkəməyə bildirdi ki, hazırkı iddia təmin edilə bilməz. Belə ki, tərəflər arasında hər hansı müqavilə möcud deyil və evin ümumiyyətlə cavabdehə belə məxsus olması öz təsdiqini tapmır. İddiaçının özünün də dediyinə görə, həmin ev dövlət reyestrindən qeydiyyatdan keçməmiş və hal-hazırda ona dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi qanuni və əsaslı olmaz. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, “Ə.Ə.Nəsibovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 15 aprel 2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 may 2012-ci il tarixli qərarında aşağıdakılar qeyd olunmuşdur: “ ... Hazırki iş üzrə tərəflər arasında münasibətlər 1997-ci ildə yarandığından mübahisənin həlli də əvvəlki MM-in normaları ilə tənzimlənməlidir. Əvvəlki MM-in 230-cu maddəsinə görə tərəflərdən heç olmasa biri vətəndaş olduqda yaşayış evinin alqı-satqı müqaviləsi notariatda təsdiq edilməli və yerli xalq deputatları Sovetinin icraiyyə komitəsində qeydə alınmalıdır. Yaşayış evinin alqı-satqı müqaviləsi qeydə alındığı vaxtdan bağlanmış sayılır. Eyni zamanda, “Azərbaycan Respublikasında Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə görə mənzilləri (evləri) öz mülkiyyətinə almış vətəndaşlar yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə bu mənzillərə (evlərə) öz mülahizələrinə görə sahiblik edir, onlardan istifadə edir və onlar barəsində sərəncam verirlər. ... Əqdin notariatdan kənar bağlanmış hesab olunması qaydasını müəyyən edən əvvəlki MM-in 43-cü maddəsinin İİ hissəsinə əsasən tərəflərdən biri notariatda təsdiq edilməli olan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdi notariatda təsdiq etdirməkdən boyun qaçırırsa, əqddə qanuna zidd əməl olmadıqda, məhkəmə əqdi icra etmiş tərəfin tələbi üzrə, onu bağlanmış hesab etməyə haqlıdır. Əvvəlki mülki qanunvericilik eyni zamanda əqdin yazılı formasına riayət edilmədiyi halda tərəfləri səhv məhkəmə aktlarından qorumaq məqsədi ilə bir sıra digər təminatlarıda nəzərdə tutmuşdur. Belə təminatlardan biri əvvəlki MM-in 42-ci maddəsində öz əksini tapmışdır. Bu normaya görə əqdin qanunla tələb edilən sadə yazılı formasına riayət edilməməsi, mübahisə zamanı tərəfləri, əqdi təsdiq etmək üçün şahid ifadələrinə istinad etmək hüququndan məhrum edir. Konstitusiya Məhkəməsinin Plenumu İ.K.Rəcəbovun şikayəti üzrə 22 mart 2006-cı il tarixli Qərarında “əqdin notarial formasına riayət edilməməsi”nin nəticələri ilə bağlı formalaşdırdığı hüquqi mövqeyini qeyd etməklə bir daha vurğulayır ki, göstərilən müddəanın mahiyyətinə görə əqdi tamamilə və ya qismən icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün bir neçə şərtə, o cümlədən onun yazılı formada tərtib edilməsinə riayət edilmiş olmalıdır. Yaşayış evinin alqı-satqısı haqqında müqavilə də yazılı formada tərtib edilməli olan əqdlərdən biridir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd olunan hüquqi mövqeyini bir sıra Qərarlarında (S.Əliyevanın şikayəti üzrə 31 may 2006-cı il tarixli Qərar, C.Abdullayevanın şikayəti üzrə 13 aprel 2007-ci il tarixli Qərar və s.) təsdiq etməklə göstərmişdir ki, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab etməsi üçün mütləq aşağıdakı hallar mövcud olmalıdır: - əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; - məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; - əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Sonuncu şərt qanunvericilikdə etibarlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. Göründüyü kimi, qanunverici daşınmaz əmlakın alqı-satqısı haqqında müqavilənin etibarlılığını hər bir halda onun yazılı formada bağlanması və notariat qaydasında təsdiqlənməsi ilə şərtləndirir. Həmin şərtlərə əməl edilməməsi daşınmaz əşyaların alqısatqısı müqaviləsinin etibarlılığını şübhə altına alır. ... Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mülkiyyət hüququ yalnız qanunla müəyyən edilmiş qaydaların həyata keçirilməsi nəticəsində yaranır. Əmlakın qanunun tələblərinə əməl olunmadan əldə edilməsi xüsusi hüquqa əsaslanmayan faktiki sahibliyi yaradır. Əmlakın əldə edilməsi ilə bağlı qanunvericiliyin tələblərinə lazımi qaydada riayət edilməməsi şəxsin gələcəkdə həmin əmlaka faktiki sahiblikdən məhrum olunmasına səbəb ola bilər. Bununla yanaşı, işə baxan məhkəmələr iddia müddəti institutunun mülki işin qanuni həlli baxımından mühüm əhəmiyyət kəsb etdiyini nəzərə almamış və nəticədə qanunun tələbinə uyğun olmayan qərar qəbul etmişlər. Əvvəlki MM-in 78-ci maddəsinə əsasən iddia müddətinin axımı iddia hüququ əmələ gələn gündən başlanır; iddia hüququ, şəxsin öz hüququnun pozulmasını bildiyi və ya bilməli olduğu gündən əmələ gəlir. Həmin norma yalnız şəxsin onun güman edilən hüququnun pozulmasına dair faktları bilib-bilməməsi ilə bağlıdır və şəxsin öz hüquqlarını və bu hüquqların qorunmasına dair qanunları bilməməsi ilə əlaqələndirilə bilməz. Əvvəlki mülki qanunvericilik iddia müddətləriilə bağlı birmənalı qaydalar müəyyənləşdirmişdi. Tərəflərdən birinin həmin qaydalara riayət etməməsi digər tərəfin hüquqlarının qorunması üçün məhkəməyə müraciət etmək hüququnu istisna etmirdi. İddia müddəti qanunda nəzərdə tutulmuş hallardan başqa bütün tələblərə şamil edilirdi. İşə təkrar baxan apellyasiya instansiyası məhkəməsi əvvəlki MM-in 73-cü maddəsinin hüququ pozulmuş şəxsin iddiası üzrə onun hüquqlarının müdafiəsi üçün ümumi müddətin (iddia müddətinin) üç il müəyyən etməsini nəzərə almamışdır. Həmin Məcəllənin “iddia müddətinin tətbiq edilməsinin məcburiliyi” adlanan 77-ci maddəsinə görə iddia müddəti tərəflərin bildirməsindən asılı olmayaraq, məhkəmə tərəfindən tətbiq olunur. Bu Məcəllənin 82-ci maddəsinə müvafiq olaraq isə iddia qaldırılana qədər iddia müddətinin keçməsi iddianı rədd etmək üçün əsasdır”. Beləliklə, iş materiallarından göründüyü kimi, tərəflər arasında mübahisəli hüquq münasibətləri 1990-ci ildə - əvvəlki Mülki Məcəllənin qüvvədə olduğu dövrdə yaranmış, mübahisəli mənzilə dair cavabdehin mülkiyyət hüququnu təsdiq edən hər hansı sənəd mövcud deyil (bu Evlər idarəsi üzrə texniki inventarizasiyanın ev sahibliyinin kartoçkasında qeyd edilmişdir), mənzilin alqı-satqısına dair tərəflər arasında yazılı müqavilə bağlanmamış və iddiaçı hüquqlarının pozulmasından 30 ildən artıq müddətdə xəbərdar idi. Belə olan halda məhkəmə hesab edir ki, mübahisəli hüquq münasibətinə əvvəlki Mülki Məcəllənin müddəaları tətbiq edilməli və İddiaçı Cavabdeh Baxtieviçə qarşı yaşayış evinə dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair iddia ərizəsi rədd edilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddiaçı Cavabdeh Baxtieviçə qarşı yaşayış evinə dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair iddia ərizəsi rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mulki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №2(001)-5093/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5093/2021
22.07.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver