Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-5099/2022 01.08.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Nəbizadə Nigar Xeyrulla qızı, İddiaçılar İddiaçı3, İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 miras əmlak üzərində payın müəyyən edilməsi və həmin payın verilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdırıb, MÜƏYYƏN ETDİM: İddiaçılar İddiaçı3, İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 miras əmlak üzərində payın müəyyən edilməsi və həmin payın verilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsinin həmin Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdırıb hesab edirəm ki, ərizə tələbin məhkəmədə baxılmalı olmaması əsası ilə yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilməlidir. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 iyul 2021-ci il tarixli qərarında aşağıdakılar qeyd edilmişdir: “ … Miras əmlakın məhkəmənin iştirakı ilə iddia icraatı qaydası əsasında bölünməsindən o halda istifadə olunur ki, miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olsun. Yəni miras əmlakın bölüşdürülməsi barədə vərəsələr arasında razılıq olmadığı hallarda, bölgü məhkəmə qaydasında aparılır. Bu qayda mülki qanunvericilikdə birbaşa nəzərdə tutulmuşdur. … Vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2020-ci il 16 oktyabr tarixli Qərarı). Qüvvədə olan qanunvericilik ilə miras əmlakla əlaqədar vərəsəlik işlərinin həyata keçirilməsi sahəsində müvafiq sənədləşdirmənin aparılması səlahiyyəti notariat orqanlarına həvalə edilmişdir. … Beləliklə, Mülki Məcəllənin 1291, 1321.1 və 1325-ci maddələrinin mənasına görə, vərəsələr arasında vərəsələrin dairəsi, miras kütləsi, payların həcmi, habelə mirasın bölüşdürülməsi ilə bağlı mübahisə olmadığı təqdirdə mirasın qəbul edilməsi ilə bağlı müraciət etmiş vərəsələrə həmin faktların tanınmasının və ya rəsmiləşdirilməsinin təsdiqi olan şəhadətnamənin verilməsi mütləqdir. … Göstərilənlərlə yanaşı Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, vərəsələrin dairəsinin və vərəsəlik paylarının müəyyən edilməsi zamanı notariat orqanları məsələyə formal yanaşmamalı, mübahisələrin yaranmasının qarşısının alınmasına və vərəsələr arasında qarşılıqlı razılığın əldə edilməsinə çalışmalıdır. Notariat orqanlarının bu istiqamətdə fəaliyyəti uzunmüddətli məhkəmə çəkişmələrinin qarşısının alınmasına və məhkəmələrin artıq işlərlə yüklənməməsinə xidmət etmiş olar. O da qeyd olunmalıdır ki, müraciət edən şəxsin vərəsə olması mübahisə predmeti deyilsə, mübahisə sadəcə vərəsəlik paylarının həcmi ilə bağlıdırsa, notariuslar vərəsəlik payının nisbətini göstərmədən vərəsəlik şəhadətnaməsini verməlidirlər”. İş materiallarından göründüyü kimi, hazırkı iddia tələbi miras payının müəyyən edilməsi və s. ilə bağlı olsa da, iddiaçılar tərəfindən miras əmlakla bağlı notariat orqanına müraciət edilməmiş, birbaşa məhkəməyə müraciət edilmişdir. Belə olan halda hazırkı vəziyyətdə iddia ərizəsi mülki məhkəmə icraatında baxış predmeti ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə müvafiq olaraq, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Mülki Prosessual Məcəllənin 153.3-cü maddəsinə əsasən isə, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Beləliklə, şərh olunanlara və yuxarıda göstərilən qanunvericilik aktları normalarına əsasən hesab edirəm ki, iddiaçı tərəfindən irəli sürülmüş tələb üzrə hazırkı işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığı üçün ərizə yolverilməzliyinə görə icraata qəbul edilməsindən imtina edilməlidir. Mülki Prosessual Məcəllənin 114.1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçılar İddiaçı3, İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 miras əmlak üzərində payın müəyyən edilməsi və həmin payın verilməsi tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin. İddia ərizəsi verilərkən ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu İddiaçı3 qaytarılsın. Qərardaddan rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №2(001)-5099/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-5099/2022
01.08.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver