Məhkəmə qərarları › İş №2(001)-5099/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5099/2024

26.11.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5099/2024 26.11.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Xanalıyev Elsevər Xanalı oğlunun, İlk iddia üzrə Cavabdeh5 Oktay oğlunun iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2, X19, Cavabdeh4 Oktay oğluna, Cavabdeh5 Oktay oğluna və Bakı şəhəri 11 saylı Notariat Kontoruna qarşı “Mirasın qəbul edilməsi, vərəsəlik hüququnun tanınması” tələbinə dair ilk iddiası, iddiaçı Cavabdeh4 və Cavabdeh2 cavabdeh İddiaçı qarşı “vəsiyyətnamənin etibarsız hesab edilməsi, qanun üzrə vərəsəlik hüququnun tanınması” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İlk iddia üzrə İddiaçı ilk iddia üzrə cavabdehlər Cavabdeh2, X19, Cavabdeh4 Oktay oğluna, Cavabdeh5 və Bakı şəhəri 11 saylı Notariat Kontoruna qarşı “mirasın qəbul edilməsi, vərəsəlik hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 06 iyun 2001-ci il tarixdə 27 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş 82 saylı vəsiyyətnamə üzrə vərəsə kimi Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Çingiz İldırım küçəsi ev 40 ( Yeni qaydalarla AZ 1113, ünvan 11 ) fərdi yaşayış evinin tərəfimdən qəbul edilməsinin müəyyən edilməsi, vərəsəlik hüququnun tanınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ailədə 4 övlad olmuşlar. X25, X14, X22 və İddiaçı. Anası 1988-ci ildə vəfat etmiş, atası X15 14 iyun 2007-ci il tarixdə vəfat etmişdir. Atası vəfat etməzdən 7 il əvvəl yəni 06 iyun 2001-ci il tarixdə mülkiyyətindəki əmlakı yəni ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini ona vəsiyyət etmişdir. Doğulduğu gündən bu vaxta qədər istər atasının sağlığında, istərsə də atasının vəfatından sonra həmin evdə ailəsi ilə birlikdə mirası qəbul etməklə yaşayıb, mirası idarə etmişdir. 14 iyun 2007-ci il tarixdə atası vəfat etdikdə onun dəfn xərclərini özü çəkmiş, yas mərasimlərini özü təşkil etmiş, o cümlədən də atasının vəfatı ilə bağlı bütün xərcləri özü qarşılamışdır. Böyük qardaşı X25 1968-1969-cu illərdə ata yurdunu tərk edərək Biləcəri qəsəbəsi, Asəf Zeynallı küçəsi bina 24 mən 54 ünvanına köçüb ailəsi ilə birlikdə orada yaşamışdır. 20-30 il də orada yaşadıqdan sonra həmin evi də sataraq övladlarına başqa yerdən ev almışdır. Arif İslamov 2005-ci ildə vəfat etmişdir. Bacısı Elmira 1962-ci ildə ailə qurub ərinin evinə köçmüş, ailəsi ilə birlikdə orada yaşamışdır. 1970-1971-ci illərdən Biləcəri qəsəbəsi, Tbilisi ev 10, mən 33 ünvanında davamlı olaraq yaşamış, miras əmlakını heç vaxt qəbul etməmiş, 2013-cü ildə vəfat etmişdir. X4 1988-1989-cu illərdə anasının vəfatından sonra Binəqədi rayonu, Gülüstan şəhərciyində ev tikib ailəsi ilə birlikdə vəfat edən günə qədər orada yaşamışdır. Qardaşı atasının nə xəstəliyində atasını ziyarətə gəlmiş nə də ki, atasının vəfatında, yas mərasimlərinə, dəfnində iştirak etmişdir. Qardaşı 2019-cu ildə vəfat etmişdir, onun Cavabdeh2 ilə nikahından Cavabdeh5, Cavabdeh4, X27 doğulmuşdur. Cavabdehlərin həmin evdəki qeydiyyatları formal xarakter daşıyır, onlar ona vəsiyyət edilmiş miras əmlakında bir gün belə olsun yaşamamışlar, mirası qəbul etməmişlər. Atasının vəfat etdiyi 2007-ci ildən bəri yəni, 17 ildir ki, ona vəsiyyət edilmiş miras əmlakı faktiki olaraq qəbul etməklə mülkiyyətçi hüququ əsasında idarə edir. Hazırkı iddia, uzun müddətdir ki, ona vəsiyyət edilmiş, faktiki qəbul etməklə mülkiyyət hüququ əsasında idarə etdiyi miras əmlakını öz adına sənədləşdirməyi üçün zəruridir. Daha sonra iddiaçı MPM-nin 53-cü maddəsinə əsasən məhkəməyə iddia ərizəsinə əlavə təqdim edərək 06 iyun 2001-ci il tarixdə 27 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş 82 saylı vəsiyyətnamə üzrə vərəsə kimi Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Çingiz İldırım küçəsi ev 40 (Yeni qaydalarla AZ 1113, ünvan 11) fərdi yaşayış evinin tərəfindən qəbul edilməsinin müəyyən edilməsi, miras əmlakı üzrə vərəsəlik hüququnun tam tanınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia üzrə Cavabdeh2 və Cavabdeh4 Oktay oğlu ilk iddia üzrə İddiaçı qarşı “ Mirasda məcburi pay hüququnun müəyyən edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X6 miras qalmış ünvan 2 ünvanında yerləşən 140,20 kv metr fərdi yaşayış evinə və həmin ünvanda 0,031370 ha torpaq sahəsinə məcburi pay hüquqlarının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər. Qarşılıqlı iddia üzrə iddiaçılar tələblərini onunla əsaslandırmışlar ki, onlar M.Ə.Rəsulzadə qəsəbəsi Ç.İldırım küçəsi 40 ünvanda yerləşən X9 məxsus mülkün 2 otaqlı fərdi yaşayış evində yaşamış və hal-hazırda da orada qeydiyyatdadırlar. Çünki babaları sağlığında 2 otaqlı yaşayış evini atasına, digər fərdi yaşayış evini isə əmisi İddiaçı vermişdir. Babası 2007-ci ildə vəfat etmiş, Atası Elxan əmisi ilə birlikdə babasının dəfn xərclərini birlikdə qarşılayıb, el adəti üzrə mərasimlər təşkil etmişlər. Atası 2019-cu ildə vəfat etmişdir. Atasının dəfnindən sonra əmisi Elxan ilə münasibətləri pisləşmiş, davadalaş salmağa başlamışdır.Babasının ona vəsiyyətnamə verməsindən də xəbərləri olmamışdır. Nəhayət onlar başqa ünvana köçmüşlər. Başqa ünvanda yaşasalar da daim 2 otaqlı yaşayış evinə baş çəkmişlər. Yaxın günlərdə ora baş çəkməyə gedərkən görmüşlər ki, əmisi evi başqa şəxsə kirayəyə vermişdir. Onunla mübahisəsi düşmüş, əmisi kirayə pulunun onlara veriləcəyini bildirmişdir. Daha sonra əmisi onu notariusa dəvət etmiş, o isə getməmişdir. Qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh4 və X32 MPM-nin 53-cü maddəsinə əsasən tələbin həcminin artırılması barədə məhkəməyə ərizə ilə müraciət edərək qarşılıqlı iddianın artırılmasının təmin edilib, X5 İddiaçı verdiyi xx.xx.2001-ci il tarixli 82 saylı vəsiyyətnamənin etibarsız hesab olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra qarşılıqlı iddia üzrə iddiaçıları MPM-nin 53-cü maddəsinə əsasən tələbin həcminin artırılması barədə ərizə verərək X5 İddiaçı verdiyi xx.xx.2001-ci il tarixli 82 saylı vəsiyyətnamənin etibarsız hesab olunması, qanun üzrə vərəsəlik paylarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə ilk iddianı müdafiə edərək ilk iddianın təmin edilməsini, qarşılıqlı iddianın isə rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə Cavabdeh5 izahatında 1992-ci il tarixdən hazırkı mübahisə predmeti olan evdən ailəsi ilə birlikdə çıxıb getdiklərini və Gülüstan qəsəbəsində yaşadıqlarını və heç bir zaman həmin evə qayıtmadıqlarını bildirmişdir. Cavabdeh həmin ərazidə 2 ev olduğunu və uşaq vaxtları onların əsas evin yanından keçib getməklə arxadakı evdə yaşadıqlarını və yaşadıqları evin hər bir kommunal xəttinin ayrı olduğunu, özlərinin ayrıca su, işıq, qaz sayğacları olduğunu həmin evin onlara məxsus olduğunu, əmisinin yaşadığı evə dair heç bir tələbi olmadığını, sənədləşdirmə işlərinin aparılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmənin 30 sentyabr 2024-cü il tarixli hazırlıq iclasında iştirak edən Cavabdeh4 izahatında bildirdi ki, doğulduğu vaxtdan 2019-cu ildə atası rəhmətə gedənə qədər davamlı olaraq mübahisəli evdə yaşamışlar. Həmin ünvanda 2 ev var idi və hər evin sayğacları ayrı idi, onların yaşadığı evin sayğacları onun atasının adına idi, sayğacların smart sayğac olduğunu və kommunal xərclərin özləri tərəfindən ödənildiyini bildirmişdir. 2019-cu ildə atasının vəfatından sonra əmisi İddiaçı onlarla mübahisə etmiş, onların evdən çıxmağını istəmişdir, hal-hazırda onlar evdən çıxmışlar və anası ilə birlikdə ünvan 3 ünvandan gedib gəlmişdir, daha sonra əmisi evi kirayə verib, kirayə pulunu ona verəcəyini bildirmiş, daha sonra kirayə pulunu da verməmişdir. Sonuncu dəfə 2020-ci ildə mübahisəli evdə olmuşdur. Atası vəfat etdikdən sonra əmisi onları qovduğu üçün 2019-cu ildə Gülüstan qəsəbəsində torpaq almışlar və həmin torpaqda ev tikilənə qədər dayısı gildə yaşamışlar və son illərdə öz evlərinə yəni Gülüstan 5 ev 2 ünvanına köçmüşlər. Gülüstandakı evləri sonradan, boş torpaqda tikildiyi üçün kommunal xətləri də onun sifarişi ilə son iki ildə çəkilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində bildirdi ki, O, Yasamal rayonundan 1988-ci il tarixdə köçərək ünvan 4 ünvanında məskunlaşmış və hazırkı iddiaçı ilə Çingiz İldırım küçəsində divar qonşusudur. X2 ilə münasibətləri yaxşı olmuş, məhlədə quş, heyvan saxlayarlarmış, X7 oğlu X16 bir dəfə 1989-1990-cı illərdə görmüş, ondan sonra nə onu nədə onun ailə üzvlərindən heç kimi küçədə, həyətdə görmüşdür. X7 dəfnini digər oğlu İddiaçı təşkil etmiş, xərclərini o qarşılamışdır. Rəsulzadə qəsəbəsi, Ç.İldırım küçəsi ev 40/58 ünvanında həmin vaxtdan bəri İddiaçı və ailəsi yaşamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X20 ifadəsində bildirmişdir ki, o, Rəsulzadə qəsəbəsi, Çingiz İldırım küçəsi ev 31 ünvanında İddiaçı ilə eyni küçədə qarşı tərəfdə yaşayır. Təxminən 1983-cü ildən həmin ünvanda yaşayır. İddiaçını və onun ailə üzvlərini tanıyır, qonşudurlar, lakin cavabdehlər və mərhum X23 1989-1990-cı illərdən qonşuluqda yaşamırlar. O xatırlayır ki, Oqtayın oğlanları balaca idi və davamlı olaraq onların ağacına çıxırdılar və qızı isə çox balaca idi. Təxminən 1988-ci illərdə Oqtay ailəsini də götürüb köçüb getmişdir. O, heç bir zaman bir daha nə Oqtayı nədəki onun ailə üzvlərini o evdə, küçədə görməmişdir. X2 xəstə olduğundan onun vəsiyyəti ilə bağlı evə notarius gəlmişdi və xəstə olduğu üçün vəsiyyətnaməni imzalaya bilmədiyindən onun yerinə vəsiyyətnaməni özü imzalamış, həmin vaxt digər qonşular da iştirak etmişdir. Həyətdəki evin hər ikisi X2na məxsus olmuşdur. Onun vəfatından sonra dəfn xərclərini, yas mərasimlərini oğlu İddiaçı qarşılamışdır. X16 yas mərasimlərində görməmişdir. Məhkəmə proses iştirakçılarını izahatlarını və şahidlərin ifadəsini dinləyib və mülki işin materiallarını araşdıraraq hesab edir ki, ilk iddia əsaslı olduğundan təmin edilməli, qarşılıqlı iddia isə əsassız olduğundan aşağıda göstərilənlərə əsasən rədd edilməlidir. Belə ki, iş materiallarında olan: Azərbaycan Respublikasının İqtisdiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Çingiz İldırım küçəsiev 40, Yeni qaydalarla : AZ 1113, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi X2nun adına tam pay üzrə xüsusi mülkiyyət olaraq qeydiyyata alınmışdır. Binəqədi rayonu VVADQ şöbəsi tərəfindən verilmiş 20 iyun 2007-ci il tarixli AZ İ № 253808 saylı X13 surətindən görünür ki, X15 14 iyun 2007-ci il tarixdə ürək çatışmamazlığı səbəbindən ölmüşdür. Binəqədi rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ – İİ № 020762 nömrəli X13 surətindən görünür ki, X22 30 oktyabr 2019-cu il tarixdə ölmüşdür. İİ-ЖГ seriyalı 365551 nömrəli “doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, xx.xx.1973-cü il təvəllüdlü Cavabdeh4 Oktay oğlunun atası X22, anası Cavabdeh2dır. “Nikahın bağlanması haqqında şəhadətnamə”nin surətindən görünür ki, X23 ilə X28 arasında olan nikah Bakı şəhəri, Kirov rayon qeydiyyat şöbəsində xx.xx.1971-cu il tarixdə bağlanmış və sonuncuya “İslamova” soyadı verilmişdir. Bakı şəhəri 11 saylı Notariat Ofisinin notariusu tərəfindən İddiaçı verilmiş 06 iyul 2024-cü il tarixli məktubdan görünür ki, 14 iyul 2007-ci il tarixdə vəfat etmiş X6 qalmış miras əmlakda, yəni ünvan 15, yeni qaydalarla : ünvan 6 ünvanında qeydiyyatda olan Cavabdeh5, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 həmin ünvanda yaşamadıqlarından, mirası faktiki qəbul etmədiklərindən həmin ünvana dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina olunmuş, vərəsəlik hüququ haqqında şəhadətnamənin tam payda verilməsi ilə bağlı məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. 06 iyun 2001-ci il tarixli vəsiyyətnamənin surətindən görünür ki, X17 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq ölən günədək ona məxsus olan bütün əmlakını, o cümlədən də ünvan 7 ünvanında yerləşən evi İddiaçı vəsiyyət etmiş, həmin vəsiyyətnamə Bakı şəhəri 27 saylı dövlət notariat kontorunun dövlət notariusu A.K.Məmmədov tərəfindən təsdiq edilmiş, reyestr üzrə qeydiyyata alınmışdır. İşdə olan, “Azəriqaz” İB tərəfindən verilmiş abonent saldosundan görünür ki, ünvan 8 ünvanında quraşdırılmış qaz sayğacı İddiaçı adına qeydiyyata alınmışdır. İşdə olan "xxxx" ASC tərəfindən təqdim edilmiş siyahıdan görünür ki, ünvan 8 ünvanında quraşdırılmış su sayğacı abonent İddiaçı adına qeydiyyata alınmışdır. “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X43 tərəfindən verilmiş sorğuya cavab məktubunda ünvan 9 ünvanında yerləşən fərdi yaşayış evinin su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə hesabatının aparılması üçün xx.xx.2011-ci il tarixində X22 ilə müqavilə bağlanmışdır. Həmin tarixdən ünvan üzrə hesabat ailə tərkibinə görə deyil sayğac göstəricisinə əsasən aparılmışdır. Qeyd edilən **********020 saylı abonent kodu xx.xx.2022-ci il tarixində təqdim edilmiş sənədlərə əsasən Cavabdeh2 adına keçirilmiş, təqdim edilmiş razılıq ərizəsinə əsasən həmin gün Cavabdeh4 adına keçirilmişdir. Hal-hazırda həmin ünvanın hesabatı CSS-20 markalı, 19087166 nömrəli mexaniki tipli sayğacın göstəricisinə əsasən aparılmaqdadır. Azəriqaz İB tərəfindən verilmiş məlumatın araşdırılmasının nəticəsi haqqında məktubdan görünür ki, abonent kodu : **********00360, sayğac nömrəsi : **********9 olan mənzildə quraşdırılan məişət qaz sayğacı X3 Sistemində istehlakçi kimi ilk dəfə xx.xx.2010-cu il tarixdə X11 adına qeydiyyata alınmış və daha sonra xx.xx.2022-ci il tarixdən etibarən Cavabdeh4 adına keçirilmişdir. X8 09 oktyabr 2024-cü il tarixli məktubundan görünür ki, X1 qəsəbə bələdiyyəsinin hesabına 2017-ci ilə qədər əmlak və torpaq vergisi ödəmişdir. Azəriqaz İB-in müraciətə baxılması barədə məktubundan görünür ki, ünvan 10 ünvanında **********235 saylı sayğacdan əlavə qaz sayğacı mövcud deyildir. xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, hazırki iddianın qaldırılması üçün iddiaçı tərəfindən məhkəməyə 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, X15 14 iyun 2007-ci il tarixdə ürək çatışmamazlığı səbəbindən ölmüşdür. Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Çingiz İldırım küçəsi ev 40, yeni qaydalarla : ünvan 11 ünvanında yerləşən ev onun mülkiyyətində olmuşdur. Miras qoyanın X25, X14, X22 və İddiaçı adlı 4 övladı olmuşdur. X21 2005-ci il tarixdə vəfat etmiş, qızı X14 2013-cü il tarixdə vəfat etmiş, oğlu Oqtay İslamov 30 oktyabr 2019-cu il tarixdə vəfat etmiş, hazırkı cavabdehlər onun ailə üzvləridirlər. Miras qoyan Rufulla İslamov 06 iyun 2001-ci il tarixli vəsiyyətnamə ilə ona məxsus olan bütün əmlakını, o cümlədən də ünvan 7 ünvanında yerləşən evi İddiaçı vəsiyyət etmişdir. İddiaçı atasının vəfatından da sonra miras əmlakı istifadəsində və sahibliyində olmuş, həmin sahə ilə bağlı təsərrüfatı idarə etmişdir. Cavabdehlərin atası, iddiaçının X4 ata anası ilə münasibətləri soyuq olmuş, daim aralarında söz-söhbət, davadalaş olmuş, bu minvalla Oqtay İslamov atasının vəfatından əvvəl 1989-1990-cı illərdən ailəsini də götürüb evi tərk edib, Binəqədidə Gülüstan adlanan yerdə ev tikməklə orada yaşamış, atasının yas mərasimində iştirak etməmiş, yaşadığı dövrdə də mübahisəli mənzilə geri qayıtmamış, mirasın qəbulu üçün qanunvericliklə müəyyən edilmiş müddətlərdə hər hansı bir tədbir görməmiş, nə də ki, mirası faktiki qəbul etməmişdir. Cavabdehlərin mübahisəli mənzildə qeydiyyatları formal xarakter daşımış, heç bir zaman orada yaşamamışlar. İş üzrə şahidlər Tahir Məmmədov, Əfilə Bəşirova ifadələrində hal hazırda cavabdehləri tanımadıqlarını, miras qoyan X7 vəfatından illər əvvəl təxminən 1988-1989-cu illərdə öz ailəsi ilə birlikdə başqa yerə köçdüyünü, bir daha onların məhləsinə geri qayıtmadığını. Oqtay İslamovu atası X7 vəfatında, yas mərasimlərində görmədiklərini, Atalarının vəfatından sonra o evdə daim İddiaçı ailəsi ilə birlikdə yaşadığını, məhlələrində, küçədə daim qonum qonşuların xeyir,şər məclisləri olduğunu, nə cavabdehlər nə də ki, onların ataları Oqtay İslamov 1989-1990-cı illərdən bəri bir gün belə olsun, onların küçələrinə gəlmədiklərini, nə də ki həmin məclislərdə iştirak etmədiklərini bildirmişlər. Məhkəmə, Cavabdeh4 hazırlıq iclasında verdiyi ilkin izahatında qeyd etdiklərini digər sübutlarla tədqiq edərək belə qənaətə gəlmişdir ki, izahatda qeyd edilən fikirlər həqiqətə uyğun deyildir, formal mülahizələrə əsaslanır. Cavabdeh4 izahatında qeyd etdiyi halları təsdiq edəcək heç bir sübut təqdim etməmiş, bunun əksinə ilk iddia üzrə iddiaçı tərəfin təqdim etdiyi sübutlarla ilk iddia üzrə Cavabdeh4 izahatında qeyd etdiyi nüanslar təkzib edilmişdir. Belə ki, Cavabdeh4 izahatında 2019-cu ilə qədər atası ilə davamlı olaraq ünvan 12 ünvanında yaşadığını, atasının da ölənə qədər həmin ünvanda yaşadığını və bununla bağlı sübutlarını, şahidlərini gətirə biləcəyini bildirsə də bununla bağlı tərəflərindən nə şahid dəvət edilmiş, nədəki hər hansı bir dəlil təqdim edilmişdir. Bundan əlavə Cavabdeh4 izahatında hər iki evin ayrı ayrılıqda sayğaclarının olduğunu, onların yaşadığı evin də atası Oqtay İslamovun adına ayrıca smart sayğacları olduğunu və kommunal xərclərini özlərinin ödədiyini bildirsə də qarşı tərəfin təqdim etdiyi “Azəriqaz” İB, "xxxx" ASC tərəfindən verilmiş sorğuya cavab məktublarında həmin ünvan üzrə bir sayğacın olması (İddiaçı adına) qeyd edilmiş, bununla Cavabdeh4 qeyd etdiyi hal rəsmi sənədlərlə təkzib edilmişdir. Bundan əlavə İlk iddia üzrə Cavabdeh4 izahatında atasının vəfatından sonra əmisi tərəfindən evdən qovulduqdan sonra 2019-cu ildə Gülüstan qəsəbəsində torpaq alaraq ev tikməyə başladıqlarını, 2020-ci ildən həmin evdə yaşadıqlarını, 2022-ci ildən evin bütün kommunal xətlərinin çəkildiyini və sayğacların quraşdırıldığını bildirmişdir. Cavabdehin bu ifadələri də iddiaçı tərəfin təqdim etdiyi sübutlarla təkzib edilmişdir. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş X8 09 oktyabr 2024cü il tarixli məktubundan görünür ki, X23 tərəfindən X8 hesabına 2017-ci ilə qədər əmlak və torpaq vergisi ödəmişdir. Bundan əlavə iddiaçı tərəfindən təqdim edilmiş “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X43 tərəfindən verilmiş sorğuya cavab məktubunda ünvan 9 ünvanında yerləşən fərdi yaşayış evinin su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə hesabatının aparılması üçün xx.xx.2011-ci il tarixində X22 ilə müqavilə bağlanmış, “Azəriqaz” İB tərəfindən verilmiş məlumatın araşdırılmasının nəticəsi haqqında məktubdan görünür ki, abonent kodu : **********00360, sayğac nömrəsi : **********9 olan mənzildə quraşdırılan məişət qaz sayğacı X3 Sistemində istehlakçi kimi ilk dəfə xx.xx.2010-cu il tarixdə X11 adına qeydiyyata alınmışdır.. Cavabdeh4 2022-ci ildə çəkdirdiyini iddia etdiyi kommunal xətləri ilə bağlı sənədlərdən görünür ki, 2010-cu ildən hazırda yaşadığı ünvan üzrə atasının adına kommunal xidmət göstərilmişdir. X8 verdiyi məlumatlarla, kommunal xidmətin göstərilməsi ilə bağlı müqavilələr onu sübut edir ki, əslində X23 ailəsi ilə birlikdə iddiaçının və şahidlərin bildirdiyi kimi, uzun illər əvvəl hətda miras qoyanın sağlığında yaşadığı yeri tərk edərək ailəsi ilə birlikdə Gülüstan qəsəbəsində özünə ev tikərək orada yaşamağa başlamışdır. Həmçinin, Cavabdeh5 məhkəmə iclasında verdiyi izahatda qardaşı Cavabdeh4 qeyd etdiklərini təkzib edərək 1992-ci ildən ataları X12 ailəsini də götürərək Gülüstan qəsəbəsinə yerləşdiyini və bir daha ünvan 14 ünvanına geri qayıtmadıqlarını bildirmişdir. MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə hesab edir ki, hazırkı mübahisəyə Mülki Məcəllənin qüvvədən düşmüş 1246 və 1273-1-ci maddələri tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə edilir. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. 29.5-ci maddəsinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin : 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.2-ci maddəsinə əsasən vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olubolmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. 1145-ci maddəsinə əsaasən Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1179.1-ci maddəsinə əsasən vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir. 1179.2-ci maddəsinə əsasən Notariat forması tələb edir ki, vəsiyyətnaməni vəsiyyət edən tərtib etsin və imzalasın, notarius, notariusun olmadığı yerlərdə isə müvafiq icra hakimiyyəti orqanları təsdiqləsin. 1180-ci maddəsinə əsasən vəsiyyətnaməni vəsiyyət edənin sözlərindən notariusun iki şahidin yanında yazmasına yol verilir. Vəsiyyətnamənin yazılması zamanı hamılıqla qəbul olunmuş texniki vasitələr tətbiq edilə bilər. 1182-ci maddəsinə əsasən Əgər vəsiyyət edən hər hansı səbəbdən vəsiyyətnaməni özü imzalaya bilmirsə, onun xahişi ilə başqa fiziki şəxs imzalaya bilər. Bu zaman vəsiyyət edənin hansı səbəbdən vəsiyyətnaməni imzalaya bilmədiyi göstərilməlidir. 1243.1-ci maddəsinə əsasən Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır 1246-cı maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır 1255-ci maddəyə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1262-ci maddəsinə əsaasən əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın. 1273-1-ci (qüvvədən düşmüş ) maddəsinə əsasən vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir. Göründüyü kimi miras fiziki şəxsin ölümü ilə açılır, Mirasın qəbulu dedikdə elə bir hərəkət başa düşülür ki, bu hərəkətin vasitəsi ilə vərəsəçiliyə çağırılan şəxs (mümkün vərəsə) subyektiv vərəsəlik hüquqlarını həyata keçirir və miras əmlakı əldə etmək hüququ qazanır. Miras qoyan bütün əmlakını o cümlədən də ünvan 15 ünvanında yerləşən fərdi yaşayış evini oğlu İddiaçı vəsiyyət etmiş, X7 ölümündən sonra birinci dərəcə üzrə digər vərəsələr məcburi payın qəbulu ilə bağlı notariat kontoruna rəsmi müraciət etməmiş, nədəki məcburi payın faktiki qəbulu ilə bağlı hər hansı bir hərəkət etməmişlər. Mülki Məcəllənin 1243-cü maddəsinə uyğun olaraq, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə, əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Miras əmlakın faktiki qəbulu isə vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il 18 iyul tarixli Qərarı). Hüquqi nəticə etibari ilə cavabdehlərə münasibətdə miras qoyanın digər oğlu X23 istər rəsmi olaraq notariat kontoruna ərizə ilə müraciət formasında, istərsə də faktiki qəbul formasında miras əmlakında məcburi payını qəbul etmədiyindən onun ölümündən sonra onun vərəsələrinin də babalarından miras qalmış əmlakdan pay tələb etmək hüququ əsassızdır. Çünki məcburi pay almaq hüququ olan vərəsə onu qəbul etməkdən imtina edirsə qanunvericiliyə əsasən onun payı vəsiyyət üzrə vərəsəyə keçir. Belə ki, Mülki Məcəllənin 1202.1-ci maddəsinə əsasən məcburi pay almaq hüququ olan vərəsə onu qəbul etməkdən imtina edə bilər, lakin bu imtina digər vərəsələrin məcburi payının artmasına səbəb olmur. Onun payı vəsiyyət üzrə vərəsələrə keçir. 1202.2-ci maddəsinə əsasən məcburi payın qəbul edilməsi və ya ondan imtina olunması mirasın qəbul edilməsi və ya ondan imtina olunması üçün müəyyənləşdirilmiş vaxt ərzində həyata keçirilməlidir. Məhkəmə qarşılıqlı iddianın vəsiyyətnamənin etibarsızlığı ilə bağlı hissəsinə münasibətdə bildirir ki, vəsiyyətnamənin etibarsızlığı üçün əsas yoxdur. Vəsiyyətnamə qanunvericiliyin tələblərinə uyğun tərtib edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş eyni zamanda vəsiyyətnaməni vəsiyyət edənin yerinə imza atan X20 ifadəsində X7 xəstə olması səbəbi ilə notariusun evə çağrıldığını və mərhumun xəstə olması səbəbindən onun istəyi ilə imzanı özü çəkdiyini bildirmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İlk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh4, Cavabdeh2 iddia ərizəsində qeyd etdikləri halları, o cümlədən də məhkəmə iclasında izahat zamanı babasının dəfn xərclərini əmisi İddiaçı ilə birlikdə atasının qarşıladığını, mərasimlər təşkil etdiklərini, atası X11 vəfatına qədər birlikdə mübahisəli evdə yaşadıqlarını, atasının vəfatından sonra əmisi İddiaçı təzyiqləri nəticəsində evdən çıxdıqlarını, 2019-2020-ci il aralığında torpaq alaraq ev tikib orada yaşadıqlarını, buna baxmayaraq daim mübahisəli evə baş çəkdiklərini bildirsədə qeyd etdiklərini sübut edəcək heç bir dəlil, şahid, yazılı sübut, maddi sübut məhkəməyə təqdim etməmişdir, Belə ki, cavabdehlər 2019-cu ilə kimi mübahisəli evdə yaşadıqlarını iddia etsə də İddiaçı tərəfindən həmin küçədən kifayət qədər qonşular məhkəmə araşdırmasına cəlb edilməsinə baxmayaraq ilk iddia üzrə cavabdehlər tərəfindən ilk iddianın təkzib edilməsi, qarşılıqlı iddiada qeyd edilənləri isə təsdiq edəcək heç bir şahid cəlb edilməmiş. Məhkəmə iclasında dindirilmiş şahidlərin hamısı birmənalı olaraq uzun müddətdir ki, qonşuluqda yaşadıqlarını və ailədə miras qoyan İslamov Rufulla ilə oğlu Oktay İslamovun münasibətlərinin normal olmadığını, Oqtay İslamovun atasının vəfatından illər əvvəl evi tərk edib getdiyini, bu səbəblə də X7 evi digər oğlu İddiaçı vəsiyyət etdiyini, həmçinin də Oktayın anasının vəfatından sonra ailəsi ilə birlikdə evi tərk edərək birdəfəlik getdiklərini və bir daha geri qayıtmadıqlarını, nəinki 2019-cu ilə kimi orada yaşadıqlarını hətta atalarının vəfatında belə geri qayıtmadıqlarını bildirmiş, bütün qonşuların bir-birinin xeyir-şərinə gedib gəldiyini, hər kəsin bir-birini tanıdığını, lakin onları 30 ildən çoxdur ki, görmədiklərini, görsələr belə tanımayacaqlarını qeyd etmişlər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlk iddia təmin edilsin, xx.xx.2001-ci il tarixdə 27 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş 82 saylı vəsiyyətnamə üzrə vərəsə kimi Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Çingiz İldırım küçəsi ev 40, (Yeni qaydalarla : AZ 1113, ünvan 11 ) fərdi yaşayış evinin İddiaçı tərəfindən qəbul edilməsi müəyyən edilsin. İddiaçı 14 iyun 2007-ci il tarixdə ölmüş X6 miras qalmış Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Çingiz İldırım küçəsi ev 40, (Yeni qaydalarla : AZ 1113, ünvan 11) fərdi yaşayış evinə tam pay üzrə vərəsəlik hüququ tanınsın. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh4 və Cavabdeh2 “xx.xx.2001-ci il tarixli 82 saylı vəsiyyətnamənin etibarsız hesab edilməsi, qanun üzrə vərəsəlik payının müəyyən edilməsi” tələbinə dair qarşılıqlı iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu tərəflərə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar