Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-5103/2022 29.07.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Rüstəmli Məhəmməd Əli oğlu, İddiaçı X1 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Bakı Şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı “fərdi yaşayış evinə sahiblik, istifadə və üzərində sərəncam vermək hüququnun tanınması və cavabdehləri yaşayış sahəsinə istifadə hüquqlarına xitam verilməsi” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq müəyyənetdim: İddiaçı X2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci mədən, korpus 28 ünvanında yerləşən 17 saylı ev üzərində onun sahiblik, istifadə və sərəncam vermək faktının təsdiq olunması və cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qeyd olunan evdən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə geri qaytarılmalıdır. Belə ki, iddiaçının birinci tələbi sahiblik, istifadə və sərəncam vermək faktının təsdiq olunması, ikinci tələbi isə evdən istifadə hüquqlarına xitam verilməsi ilə bağlıdır. Göründüyü kimi, birinci tələbə xüsusi icraat qaydasında, ikinci tələbə isə iddia icraatı qaydasında baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 306.2-ci maddəsinə əsasən xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır; 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2 və 307.2.6-cı maddələrinə əsasən məhkəmə mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsi barədə işlərə baxır; 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Göründüyü kimi, mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsi barədə işlərə xüsusi icraat qaydasında ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. Hazırda isə iddiaçı qeyd olunan tələblə iddia icraatı qaydasında məhkəməyə müraciət edərək, mülki prosessual qanunvericiliyin yuxarıda qeyd olunan tələblərini pozmuşdur. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. Həmçinin iddia ərizəsindən görünür ki, ərizədə iddiaçı tərəfindən cavabdehlər qismində Cavabdeh1 və Bakı Şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti göstərilsələr də, lakin onlara qarşı hər hansı tələb yönəldilməmişdir. Qeyd edilməlidir ki, işdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir (MPM maddə 154.1). Bu isə o halda mümkün ola bilər ki, iddiaçı hər bir cavabdehə qarşı öz tələbini konkret şəkildə iddia ərizəsində göstərmiş olsun. Mülki Prosessual Məcəllənin: 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür; 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır; 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, iddia ərizəsinin icraata qəbul olunmasının mümkünlüyü məsələsini yoxlayaraq belə nəticəyə gəlirəm ki, iddia ərizəsi geri qaytarılmalı və iddiaçıya izah edilməlidir ki, o, daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsi barədə xüsusi icraat qaydasında (ərizəçi və maraqlı şəxslərin iştirakı ilə baxılmalı olan), evdən istifadə hüquqlarına xitam verilməsi ilə bağlı cavabdehlərin hər birinə qarşı yönələn tələbi iddia ərizəsində göstərməklə iddia icraatı qaydasında (iddiaçı və cavabdehlərin iştirakı ilə baxılmalı olan) ikinci dəfə məhkəməyə məhkəməyə müraciət edə bilər. Yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 152, 263-264-cü maddələrini rəhbər tutaraq qəraraaldım: İddiaçı X1 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Bakı Şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı “fərdi yaşayış evinə sahiblik, istifadə və üzərində sərəncam vermək hüququnun tanınması və cavabdehləri yaşayış sahəsinə istifadə hüquqlarına xitam verilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilir ki, o, daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsi barədə xüsusi icraat qaydasında, evdən istifadə hüquqlarına xitam verilməsi ilə bağlı cavabdehlərin hər birinə qarşı yönələn tələbi iddia ərizəsində göstərməklə iddia icraatı qaydasında ikinci dəfə məhkəməyə müraciət edə bilər. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Məhəmməd Rüstəmli
Məhkəmə qərarları › İş №2(001)-5103/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-5103/2022
29.07.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver