Məhkəmə qərarları › İş №2(001)-5108/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5108/2021

06.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5108/2021 06.09.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın əvəzinin tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında quraşdırdığı mühafizə kameralarının sındırılaraq yarasız hala salınmasına görə Cavabdeh 830 manat məbləğində maddi ziyanın, 1.000 manat məbləğində mənəvi ziyanın, habelə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzinin alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək və iddiaya qarşı yazılı etiraz ərizəsi təqdim edərək, məhkəməyə verdiyi izahatında bildirmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qanuni qüvvəsini almış qətnaməsinə əsasən iddiaçının Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Musabəyov küçəsi, 18 saylı evin, 26 saylı mənzilinə köçürülməsi, onun həmin mənzildə yaşamasına və mənzildən istifadə edilməsinə yaradılmış maneələrə son qoyulması qət edilmişdir. Lakin iddiaçı həmin mənzildə deyil, onun mülkiyyətində olan həyətdə birgə nikahlarından olmuş oğlunun yaşaması üçün tikdirdiyi mübahisəli evdə yaşamaq qərarına gəlmişdir. Həmçinin, iddiaçı hazırki məsələ ilə bağlı Bakı şəhəri Binəqədi RPİ-nin 4-cü Polis bölməsinə şikayət ərizəsi ilə müraciət edərək, onun tərəfindən 4 ədəd müşahidə kamerasının sındırılaraq, yararsız vəziyyətə salınmasını bildirmişdir. Lakin araşdırma zamanı hadisəni qeydə almış videogörüntüyə baxış keçirilmiş və onun tərəfindən kameranın taxta parçası ilə vurularaq sındırılması müəyyən edilməmişdir. Bu səbəbdən idarənin 30.09.2020-ci il tarixli qərarına əsasən cinayət işinin başlanması rədd edilmişdir. Belə ki, onun hər hansı kameranı sındırmaq niyyəti olmamış və o, kamera sındırmamışdır. Sadəcə olaraq kameralar hündürdə yerləşir və o, taxtadan istifadə edərək, bu kameralardan ikisinin müşahidə istiqamətini dəyişmişdir. Qeyd edilən müşahidə sistemi, o cümlədən kameralar iddiaçı tərəfindən deyil, onun oğlunun qaynatası tərəfindən quraşdıırlmamışdır. Digər tərəfdən iddiaçı ona məxsus olan bu əmlakda hər hansı əsas olmadan yaşayır və onun həmçinin, bu səbəbdən də hazırki iddianı qaldırmaq hüququ yoxdur. Göstərilənlərin nəzərə alınmasını və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı X2 ilə Cavabdeh arasında bağlanmış nikah 01.09.1987-ci il tarixdə qeydə alınmış, nikah bağlandıqdan sonra ərə Məmmədov, arvada Məmmədova soyadı verilmişdir. Tərəflər arasında bağlanmış nikah Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20.08.2020-ci il tarixli, 2(001)-3519/2020 saylı qətnaməsi ilə pozulmuşdur. Tərəflər arasında baş vermiş digər məhkəmə mübahisələrinin nəticəsi olaraq, tərəflərin hər birinin Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Musabəyov küçəsi, 18 saylı evin, 26 saylı mənzilinə ½ hissədə payı tanınmış (Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 10.11.2020-ci il tarixli, 2(001)-4938/2020 saylı qətnaməsi), iddiaçı bu mənzilə köçürülmüş, onun mənzildə yaşamasına və mənzildən istifadə edilməsinə yaradılmış maneələrə son qoyulmuş (Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 22.10.2020-ci il tarixli, 2(001)-5467/2020 saylı qətnaməsi), həmçinin, iddiaçının cavabdehə qarşı “Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İlham Hacıyev küçəsi, 21V saylı evdə yaşamasına, həmin evdən istifadə etməsinə cavabdeh tərəfindən yaradılmış maneələrə son qoyulması” tələbinə dair iddiası rədd edilmişdir (Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4348/2021 saylı, 20.05.2021-ci il tarixli qətnaməsi). Tərəflər hazırda ünvan 1 (çıxarışa əsasən ev 21V) ünvanında bir həyətdə (sahədə) yerləşən müxtəlif fərdi yaşaış evlərində yaşayırlar. Cavabdehin hazırda yaşadığı ev onun atasına məxsus olmuş və hazırda onun mülkiyyətindədir. İddiaçı cavabdehin tez-tez spirtli içki qəbul etdiyini və həyətin giriş qapısını açıq şəkildə saxladığını, bu səbəbdən oğlu və onun ailəsi ilə birlikdə yaşadıqları evin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə 14.09.2020-ci il tarixdə 4 ədəd mühafizə kameraları quraşdırdıqlarını, həmin kameraların alınmasına 630 manat, quraşdırılmasına 200 manat məbləğində pul xərclədiyini, cavabdehin 19.09.2020-ci il tarixdə kameraları sındıraraq, yararsız hala saldığını bildirir və nəticədə ona 830 manat məbləğində maddi və 1.000 manat məbləğində mənəvi ziyanın vurulduğunu iddia edərək, bu məbləğin, o cümlədən məhkəmədə iddia qaldırmaq üçün ödədiyi 30 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən tutulmasını tələb edir. Cavabdeh iddianı qəbul etmir, müşahidə kameralarını sındırmadığını, taxta parçası ilə onların ikisinin müşahidə istiqamətini dəyişdiyini, bu kameraların iddiaçı tərəfindən quraşdırılmadığını və həmin həyətdə yaşamaq hüququnun olmadığını bildirərək, iddianın rədd edilməsini xahiş edir. İddiaçı bu məsələ ilə bağlı ilk olaraq, şikayət ərizəsi ilə Bakı şəhəri Binəqədi rayon Polis idarəsinin 4-cü Polis Bölməsinə də müraciət etmiş və aparılmış araşdırmanın nəticələri üzrə qəbul edilmiş 30.09.2020-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarla iddiaçının müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 1096.1-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi də öz qərarlarında bu mövqeydən çıxış etmişdir (“Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli Qərar, “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərar və sair). Bu baxımdan iddiaçı ilk olaraq iddia üzrə dəyərini tələb etdiyi müşahidə kameralarının, ümumiyyətlə video müşahidə sisteminin onun vəsaiti hesabına alındığını, ona məxsus olduğunu, sonradan isə onların cavabdehin qanunsuz hərəkətləri nəticəsində zədələndiyini və hazırda işlək vəziyyətdə olmadığını sübut etməli idi. Lakin iddiaçı video müşahidə sisteminin, o cümlədən onun tərkibinə daxil olan müşahidə kameralarının onun vəsaiti hesabına alınmasına, hazırda onun mülkiyyətində olmasına dair hər hansı bir sübut təqdim etməmişdir. Həmçinin, iddiaçı cavabdeh tərəfindən dörd müşahidə kamerasının sındrılmasını qeyd etsə də, məbləğ etibarı ilə bütün video müşahidə sisteminin dəyərini tələb edir (iddiada ümumilikdə 630 manat məbləğində pul ödədiyini iddia edir). İddiaçı müşahidə kameralarının cavabdeh tərəfindən sındırılmasını və hazırda işlək vəziyyətdə olmamasını da sübuta yetirə bilmir. Onun tərəfindən təqdim edilmiş və hər iki tərəfin baxdığı (məzmunundan məlumatlı olduğu) 1 ədəd CD Diskdə olan görüntülərdən isə cavabdehin əlində olan taxta parçası ilə iki müşahidə kamerasının sındırmağa və ya hər hansı formada zədələməyə cəhd etdiyini deyil, bu avadanlıqların istiqamətini dəyişdiyini izləmək olur. Cavabdeh kameraların müşahidə istiqamətini dəyişdikdən sonra da onlar görüntüləri ötürməkdə, yəni işləməkdə davam edir. Hər bir halda, bu avadanlıq hər hansı formada zədələnsə idi iddiaçı hazırki CD diski məhkəməyə təqdim edə biməzdi. Bununla belə, təqdim edilmiş görüntülərdən cavabdehin müşahidə kamerasını sındırması öz təsdiqini tapmır. Digər tərəfdən məhkəmə qaydasında iddiaçının Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Musabəyov küçəsi, 18 saylı evin, 26 saylı mənzilinin ½ hissəsinə payı tanınmış və onun həmin mənzilə (başqa yaşayış sahəsidir) köçürülməsi təmin edilmişdir. İddiaçının başqa bir mülki iş üzrə hazırda video müşahidə sisteminin olduğu evdə yaşamasına və istifadəsinə cavabdeh tərəfindən yaradılmış maneələrə son qoyulması tələbi isə məhkəmə tərəfindən məhz bu səbəblərdən (onun başqa yaşayış sahəsinə köçürülməsi və bununla da bu yaşayış sahəsinə ehtiyacının aradan qalxması) təmin edilməmişdir. Başqa sözlə, iddiaçının bu evdə yaşamaq və ondan istifadə etmək hüququ tanınmamışdır. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1 və 5.1-ci maddələrinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30.07.2008-ci il tarixli “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin bu Qərarda nümayiş etdirilmiş hüquqi mövqeyi bir daha “S.Ələkbərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 3 iyul 2015-ci il tarixli Prenum Qərarında öz əksini tapmışdır. Qanunvericiliyin istinad edilən tələblərindən göründüyü kimi, hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edən şəxs ilk növbədə hər hansı qanunla qorunan hüquq və azadlıqlarının və yaxud maraqlarının pozulmasını, eləcə də bununla bağlı tələb etmək hüququnun olmasını sübut etməlidir. Məhkəmə göstərilənləri nəzərə alıb, hesab edir ki, mövcud vəziyyətdə iddiaçı sındırıldığını iddia etdiyi avadanlığın onun vəsaiti hesabına əldə edilməsini və bu əmlakın ona məxsus olmasını sübuta yetirə bilmədiyindən cavabdehə qarşı hazırki iddia ilə məhkəməyə müraciət etmək üçün ümumiyyətlə subyektiv hüquqa malik deyil. Bu hal da öz növbəsində onun iddiasının (hətta bu avadanlığın həqiqətdə cavabdeh tərəfindən sındırılıb-sındırılmamasına hüquqi qiymət vermədən) rədd edilməsini şərtləndirir. Məhkəmə, iddia üzrə “maddi zərərin əvəzinin tutulması” tələbinin əsas tələb olduğunu, həmin tələbin təmin edilməməsi qənaətinə gəldiyini, “mənəvi zərərin əvəzinin tutulması” tələbinin törəmə tələb olduğunu və bu tələbin təmin-olunub olunmamasının bilavasitə “maddi zərərin əvəzinin tutulması” hissəsinin təmin olunub-olunmamasından asılı olduğunu nəzərə alaraq belə qənaətə gəlir ki, iddia tələbi “mənəvi zərərin əvəzinin tutulması” hissəsində də təmin edilə bilməz. Məhkəmə qeyd edir ki, bu tələbə müstəqil tələb kimi hüquqi qiymət verildiyi halda da onun təmin edilməsi üçün hər hansı əsas müəyyən edilmir. Belə ki, iddiaçı mənəvi sarsıntı və iztirab keçirməsini təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci məddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın əvəzinin tutulması” tələbinə dair iddiası rədd edilməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın əvəzinin tutulması” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar