Məhkəmə qərarları › İş №2(001)-5109/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5109/2023

29.11.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5109/2023 29.11.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “verilmiş borc pulunun qaytarılması, mənəvi ziyan, vurulmuş zərərin və digər əlavə xərclərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı “verilmiş borc pulunun qaytarılması, mənəvi ziyan, vurulmuş zərərin və digər əlavə xərclərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ona qaytarılmalı olan 45000 manat pulun, ona vurduğu maddi-mənəvi ziyana görə 10000 manatın və “X15” MMC-nin hüquqi xidmət göstərilməsinə dair müqaviləsi üzrə cəmiyyətin hesabına ödədiyi 300 manat pul vəsaitini, ümumilikdə - 55300 manat məbləğində pulun və məhkəməyə ödənilmiş dövlət rüsumunun ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, şikayətçi olduğu cavabdeh tərəf olan Cavabdeh 2022-ci ilin may-iyun ayı daxil olmaqla, hissə-hissə iş qurmaq adı ilə Bakı şəhəri, Binəqədi rayon ərazisində “Leyla” mərasim evinin yaxınlığında, həyat yoldaşı X1 iştirakı və şahidliyi ilə ümumilikdə 45000 manat məbləğində borca pul vəsaiti vermişdir. Cavabdeh ondan borca aldığı 45000 manat pul vəsaitini işini görüb, 1 il müddətinə qaytarmağa söz vermişdir. 06 fevral 2023-cü il tarixdə cavabdehə həyat yoldaşı X1 iştirakı ilə verdiyi ümumilikdə 45000 manat borc pulu, rəsmiləşdirmək üçün, hal-şahidləri həyat yoldaşı X2, X6 və X9 (aktı imzalamaqdan imtina etdi) şahidliyi ilə akt tərtib edilmişdir. Akta əsasən, Cavabdeh, ondan hissə-hissə aldığı ümumilikdə 45000 manat borc pul vəsaitini 2023-cü ilin iyun ayı daxil olmaqla, ona qaytaracaqdır. Həmin müddətin keçməsinə baxmayaraq, o və həyat yoldaşı X2 dəfələrlə cavabdehin mobil (özünün 055 338-63-68, 055 417-44-87, anası Zərəngiz xanım 055 568-28-12) telefonuna zəng edərək və yaşadığı ünvana gedərək,aldığı borc pulun qaytarılmasını tələb etsə də, pulu qaytaracağını, anası Zərəngiz xanım yaşadıqları evi satıb, oğlunun onlara olan borcunu qaytaracağını söz versə də, lakin, borcunu qaytarmır və qaytarmaq da niyyətində deyil. O da məcburiyyət qarşısında qalaraq Binəqədi RPİ-nin 7-ci Polis Bölməsinə ərizə ilə müraciət etməli olmuşdur. Binəqədi RPİ-nin 7-ci Polis Bölməsi yaşayış ünvanına göndərdiyi xx.xx.2023-cü il tarixli, 46-4/1-Ə-6835 nömrəli məktubunda cavabdehə 45000 manat məbləğində verdiyi borc pulun geri ala bilməməyi ilə əlaqədar etdiyi müraciətə baxıldığını, müraciətdə heç bir cinayət və ya inzibati xəta tərkibi olmadığı üçün aidiyyəti üzrə rayon məhkəməsinə müraciət edilməsi tövsiyyə olunmuşdur. Cavabdehdən ona qaytarılmalı olduğu 45000 manat pul vəsaitini, bu müddət ərzində ona vurduğu maddi, mənəvi ziyana görə 10000 manat, “X15” MMC-nin xidmət göstərilməsinə dair müqaviləsi üzrə cəmiyyətin hesabına ödədiyi 300 manat pul vəsaitini, ümumilikdə 55300 manat məbləğində pulu tələb edir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək, təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili iddianı qəbul etməyərək, təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında dindirilmiş şahid X6 ifadəsində bildirdi ki, iddiaçı onun qardaşıdır. O, öz övladlarını işə düzəltmək istəmişdir. Qardaşı Sadıx bir nəfər şəxsin həmin işi həll edəcəyini, əvəzinə ona 12000 manat pul vermək lazım olduğunu bildirmişdir. O, borc xərc edib həmin pulu düzəldib vermişdir qardaşına. Bir müddət sonra, qardaşından işin həll olunub-olunmaması barədə maraqlandıqda, qardaşı Soltanın işi həll etmədiyi barədə ona məlumat vermişdir. Ondan sonra onu akta imza etmək üçün Bakıya dəvət edəndə, o, Xaçmazdan gələrək, Bakıda Şamaxinkada maşından düşüb həmin akta imza etmişdir. Həmin vaxtı oraya Soltanın qardaşı Həmid də gəlmişdir, lakin akta imza etməmiş, əksinə aktı götürüb çırıb getmişdir. Sonradan ona məlum olmuşdur ki, Soltan qardaşı Sadıxa ümumi 45.000 manat pul borcludur. Bildirmək istəyir ki, həmin pul ona hələ də qaytarılmamışdır. Cavabdehin vəsatəti əsasında dindirilmiş şahid X12 ifadəsində bildirdi ki, cavabdeh onun qardaşıdır. Ailədə maddi vəziyyətləri yaxşı olmadığı üçün, qardaşı müxtəlif vaxtlarda üzərinə borc yığmışdır. Heç bir yerdə işləmədiyinə görə borclarını qaytara bilməmişdir. Sonradan onu akta imza etmək üçün dəvət etmişlər, lakin o, həmin akta imza etməkdən imtina etmiş və həmin aktı çırmışdır. Çünki həmin akta əsasən Soltan 45 000 manat iddiaçıya pul qaytarmalı idi. O, da Soltanın borclarından bezdiyi üçün, həmin aktı çırmışdır. Soltandan iddiaçıdan nəyə görə borc götürdüyü soruşduqda, o, ona başqa işində ona kömək edəcəyi üçün, həmin akta imza etmişdir. Soltanın ümumiyyətlə Sadıxa yox, Firəngizə 15.000 manat borclu olduğunu bildirdi. Cavabdehin vəsatəti əsasında dindirilmiş şahid X5 ifadəsində bildirdi ki, cavabdeh onun oğludur. Oğlunun iddiaçının arvadı Firəngiz ilə dost münasibətləri olmuşdur. Bir gün Firəngiz onun evinə gələrək, oğlunun ona 45.000 manat borc götürdüyünü bildirdi. O, oğlundan bu barədə soruşduqda, Soltan Firəngizdən 15 000 manat götürdüyü bildirmişdir. Belə ki, Firəngiz ona dəstək olaraq bu pulları verirdi ki, Soltan öz ehtiyyaclanı ödəsin və onun digər vətəndaşlarına olan borclarını qaytarsın. Hazırda ailədə maddi vəziyyətləri yaxşı olmadığı üçün və Soltanın hazırda işləmədiyini nəzərə alıb, həmin pulu qaytara bilməmişik. Soltan 45 000 manat pulun iddiaçı tərəfdən götürdüyünü etiraf etsəydi, o, öz evini satmağa da hazır idi. Lakin Soltanın dediyinə görə, Firəngiz 15 000 manatı ona hədiyyə olaraq vermişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: İİİ-ЖГ seriyalı 314502 nömrəli “Nikahın bağlanması haqqında şəhadətnamə”nin surətindən görünür ki, İddiaçı ilə X3 arasında olan nikah Quba rayonu Zərqova kənd sovetində xx.xx.1983-cü il tarixdə bağlanmış və 87 nömrə ilə qeyd olunmaqla, sonuncuya “Əkbərova” soyadı verilmişdir. İddiaçı, Cavabdeh, X1, və X4 iştirakları ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Cavabdeh 2022-ci ilin may ayında, eyni ilin uyun ayı daxil olmaqla, hissə-hissə İddiaçı, özünə iş qurmaq adı ilə Bakı şəhəri, Binəqədi rayonu ərazisində “Leyla” mərasim evinin yaxınlığında, ümumilikdə 45000 manat məbləğində pul vəsaiti almışdır. Aldığı 45000 manat pul vəsaitini öz işini görüb, hissə-hissə qaytarmağı söz vermişdir. xx.xx.2023-cü iltarixli akta əsasən Cavabdeh yuxaıda qeyd olunan akta imza atmaqla yanaşı, aktın arxa hissəsində öz dəst-xəttilə aktı təhvil alaraq yenidən imzalamışdır. Binəqədi RPİ-nin 7-ci Polis Bölməsinin xx.xx.2023-cü il tarixli müraciətə cavab məktubundan görünür ki, müraciətdə heç bir cinayət və ya inzibati xəta tərkibi olmadığı üçün aidiyyəti üzrə rayon məhkəməsinə müraciət etməyi tövsiyyə olunmuşdur. xx.xx.2023-cü il tarixli xidmət göstərilməsinə dair müqavilədən və mədaxil qəbzindən görünür ki, İddiaçı “X15” MMC-yə hüquqi yardımın göstərilməsi üçün 300 manat məbləğində pul vəsaiti ödəmişdir. “İnsan Hüquqları və X10 Haqqında Konvensiya”nın 6-cı maddəsinin 1-ci bəndinə görə, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Göründüyü kimi, tərəflər arasında imzalanmış aktdan görünür ki, cavabdeh 45000 manat məbləğində pul vəsaitini 1 il ərzində qaytarmaq şərti ilə iddiaçıdan almasına baxmayaraq, eyni zamanda sözüqedən məbləği hissə-hissə 2022-ci ilin may ayna qədər ödəməsini qeyd etmişdir, lakin göstərildiyi tarixə öhdəliyini tam icra etməmişdir. Belə olan halda, cavabdeh götürdüyü öhdəliyi yerinə yetirməli, iddiaçıya borclu olduğu pul vəsaitini, yəni 45000 manat məbləği iddiaçıya ödəməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarında göstərilir ki, “İnsan Hüquqlarının və X10 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən ) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Yuxarıda qeyd olunan qərarın 4-cü bəndində göstərilir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə ifadə oluna bilər. Həmin qərarın 2-ci bəndində göstərilir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Ali Məhkəmənin Plenumunun həmin Qərarının 8-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə iddia tələbinin mənəvi ziyanın ödənilməsi hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi bu hissədə rədd edilməlidir. Belə ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə ifadə oluna bilər. Həmin qərarın 2-ci bəndində göstərilir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi iddiaçı tərəfindən sübuta yetirilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Şərh edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, Cavabdeh 45000 manat məbləğində pul vəsaiti və hüquqi xidmət göstərilməsi üçün ödənilmiş 300 manat alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106-cı maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia qismən təmin edildiyindən, iş üzrə ödənilmiş dövlət rüsumunun 250 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 45000 (qırx beş min) manat məbləğində borc pul, hüquqi xidmət göstərilməsi üçün ödənilmiş 300 (üç yüz) manat və ödənilmiş dövlət rüsumunun 250 (iki yüz əlli) manatı alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar