Məhkəmə qərarları › İş №2(001)-5111/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-5111/2025

11.09.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-5111/2025 11.09.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi, İddiaçı, Cavabdeh Namik Abbasovun (Cavabdeh2) iştirakları ilə İddiaçı cavabdeh Namik Abbasova (Cavabdeh2) qarşı “maddi və mənəvi ziyanın ödənilməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən cavabdeh Namik Abbasovun hərəkətsizliyi nəticəsində pozulmuş hüququnu bərpa etmək məqsədilə, ona dəymiş maddi ziyanın 10000 manat, mənəvi ziyanın 5000 manat məbləğində olmasının müəyyən edilməsi və avtomobil üzərində hüququnun tanınması, ona dəymiş 10000 manat maddi ziyanın və 5000 manat mənəvi ziyanın Namik Abbasovdan tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh izahatında xx.xx.2024-cü il tarixindən Cavabdeh2 kimi, Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edildiyini və ünvan 1 ünvanında qeydiyyatda olduğunu bildirmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, cavabdehin Binəqədi rayonu ərazisində qeydiyyatda olduğunu polis orqanlarından dəqiqləşdirmişdir. Sırf aidiyyət məsələsini dəqiqləşdirmək üçün 6 ay vaxtı getmişdir. Hesab edir ki, aidiyyəti üzrə Nəsimi Rayon Məhkəməsinə göndəriləcəyi təqdirdə mübahisənin araşdırılması uzanacaq. Aidiyyətlə bağlı Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında göstərilən hüquqi mövqeyə görə Mülki prosessual qanunvericiliyin ərazi aidiyyətinə dair normalarından görünür ki, qanunvericinin ərazi aidiyyətinin müəyyənləşdirilməsində başlıca məqsədi: şəxslərin məhkəməyə əlçatanlığının; işlərə ağlabatan müddətdə baxılmasının; prosessual qənaət prinsipinin; ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsidir. Mülki Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 35.2-ci maddəsinə görə, hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Qeyd edilən maddələrdə mülki məhkəmə icraatının ərazi aidiyyəti ilə bağlı əsas prinsipləri əks olunmuşdur. Belə ki, iddianın bir qayda olaraq cavabdehin rəsmi qeydə alındığı yerin və ya hüquqi şəxsin ünvanının olduğu yerin məhkəməsinə verilməli olduğu təsbit edilmişdir. Bundan əlavə Konstitusiyanın 62-ci maddəsinə görə, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Bu normada nəzərdə tutulmuş “qanunla müəyyən edilmiş məhkəmə” müddəası işlərin aidiyyət qaydalarını, qanuni məhkəmə tərkibinin mövcudluğunu və s. subyektiv elementləri ehtiva edir. Konstitusiyanın bu maddəsinə uyğun olaraq məhkəmə aidiyyəti qanunvericiliklə dəqiq müəyyən edilməli və bu norma məhkəmə vasitəsindən istifadə edən subyektlər üçün aydın olmalıdır. Məhkəmə aidiyyətinin qanunla dəqiq müəyyən edilməsi hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı hüququnun səmərəli həyata keçirilməsinə zəmanət yaradır. Eyni zamanda məhkəmə sistemi daxilində mülki işlərə mahiyyəti üzrə tez bir zamanda baxılıb həll edilməsinin təmin olunması üçün məhkəmə aidiyyəti qaydalarına riayət edilməsi müstəsna əhəmiyyət kəsb edir. Hazırki işin hallarından göründüyü kimi, cavabdehin Namik Abbasov kimi şəxsi məlumatları sorğulandıqda onun müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi əsasında Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 13-cü sıra, 21 ünvanında qeydiyyatda olduğu müəyyən edilmiş və bu əsasla da, iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. Lakin məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası vətəndaşlığına qəbul edildiyini bildirdiyindən, “Azemis” Elektron Məhkəmə İnformasiya sistemində Cavabdeh2 adı ilə cavabdeh kimi işə daxil edilmiş, şəxsi məlumatları sorğulandıqda isə müəyyən edilmişdir ki, o, həqiqətən xx.xx.2024-cü il tarixindən Azərbaycan Respublikası vətəndaşıdır və Nəsimi rayonu, Mir Cəlal küçəsi, ev 152A, mənzil 3 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 40.1. Ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. 44.1. Aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. 44.2.2. İş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. 45.1. Məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. 45.2. Məhkəmə mübahisənin ərazi aidiyyəti ilə bağlı bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. 45.3. İşin bir məhkəmədən başqa məhkəməyə verilməsi həmin qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra icra edilir. Beləliklə, məhkəmə hesab edir ki, mülki işin aidiyyət qaydalarının pozulması nəticəsində icraata qəbul edildiyi aşkar edildiyindən, baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24, 26, 44, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı cavabdeh Namik Abbasova (Cavabdeh2) qarşı “maddi və mənəvi ziyanın ödənilməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Mülki işin göndərilməsi qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra icra edilsin. Sədrlik edən İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar