Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5117/2023 03.11.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi X1 katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı (MMC) Cavabdeh qarşı pul tələbinə dair mülki işə 03 noyabr 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı istifadə etdiyi kommunal xidmətlərə görə 1706 manat, quraşdırılmış antenaya görə 315 manat, quraşdırılmış sayğaclar üçün 840 manat olmaqla, ümumilikdə 2861 manat pulun və ödənilmiş 49 manat dövlət rüsumunun tutularaq “İdeal- İnşaat Company “ MMC-yə ödənilməsi barədə iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Mənzil - Tikinti Kooperativi xx.xx.2003-cü ildən Ədliyyə Nazirliyində 0103-P36-39077 nömrəsi ilə qeydiyyata alınmışdır. Bundan sonra 2006-cı ildə isə MTK ünvan 1 ünvanında çoxmərtəbəli (17 mərtəbəli) çoxmənzilli bina inşa etmişdir. Lakin inşa olunmuş binanın payçıları tərəfindən 2021 -ci ilin iyul ayınadək MMMC-nin yaradılmaması ilə əlaqdar olaraq həmin binanın kommunal xidmətləri və binaya xidməti və onun saxlanılmasını, binanın təmirinin, zibillərinin daşınmasını, liftin və binanın saxlanılmasını sakinlərin razılığı əsasında "xxxx" MTK öz üzərinə götürmüşdür. xx.xx.2015-ci il tarixində "xxxx" MTK ləğv olunur və onun hüquqi varisi "xxxx" MMC yaranır və qeydiyyatdan keçir. Lakin "xxxx" MTK-nın varisi olaraq xərclədiyi kommunal pulları bəzi sakinlərdən ala bilmir. İddiaçı İdeal-İnşaat Company MMC ilə Cavabdeh arasında 2010-cu ildə mənzil tikintisi haqqında müqavilə bağlanmış, həmin müqaviləyə əsasən birinci tərəfindən Bakı şəh, M,Cəlal küçəsində inşa edilən 17 mərtəbəli binanın birinci blokunda 1 otaqlı 62 saylı mənzili ikinciyə təqdim edilmişdir, Cavabdeh də payçı olaraq mənzilin pulunu tam olaraq ödəyib və mənzilini təhvil almışdır. Cavabdeh kommunal xidmətlərdən istifadə etdiyinə görə müəyyən dövr ərzində ödəniş etsə də, sonradan ödəniş etməmişdir. Hazırda yaşadığı mənzilə gödə xidmət haqqı borcunu 2009-cu ilin noyabr ayından 2021-ci ilin iyun ayı da daxil olmaqla, müxtəlif vaxt fasilələrlə ödəməmişdir. Cavabdehə ödəniş etməsi ilə bağlı hər il dəfələrlə bildiriş göndərilmiş, binanın komendantı və işçilər tərəfindən xəbərdarlıq olunmuşdur. Hazırda cavabdehin 2010-cu il üzrə 46 manat, 2011-ci il üzrə 228 manat, 2012-ci il üzrə 304 manat, 2013-cü il üzrə 196 manat, 2014-cü il üzrə 162 manat, 2015-ci il üzrə 130 manat, 2016-cı il üzrə 60 manat, 2017-ci il üzrə 120 manat, 2019-cu il üzrə 120 manat, 2020-ci il üzrə 120 manat, 2021-ci il üzrə 40 manat olmaqla cəmi kommunal xidmətlərə görə 1706 manat, sayğaclara görə 500 manat qaz, 100 manat işıq, 80 manat su, 160 manat krosna olmaqla cəmi 840 manat, 315 manat antenaya görə olmaqla, ümumilikdə 2861 manat borcu yaranmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianı müdafiə edərək izahatında bildirmişdir ki, cavabdehə lazım olan kommunal xidmətlər cəmiyyət tərəfindən göstərilsə də, cavabdeh tərəfindən göstərilən xidmətlərin qarşılığında ərizədə göstərilən qaydada ödəniş etməmişdir. Cəmiyyətin ümumi yığıncağı keçirilmiş, nəticədə idarəedici qismində iddiaçı təyin edilmişdir. Odur ki, iddianın əsaslı olması səbəbindən təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdehin yaşadığı ünvana məhkəmə iclaslarının vaxtı və yeri barədə bildiriş poçt vasitəsilə, habelə, mobil telefonuna “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “SMS bildiriş” bölməsi vasitəsilə sms göndərilməsinə baxmayaraq, o, məhkəməyə gəlməmişdir. Aşağıdakılara görə məhkəmə hesab edir ki, iddianın qismən təmin edilməsi üçün əsaslar mövcuddur. Belə ki, iş materiallarında olan: -“Mənzilin tikintisi haqqında” Müqaviləyə əsasən, "xxxx" MMC Bakı şəhəri, M.Cəlal küçəsində inşa edilən 16 mərtəbəli, 1 bloklu 1 nömrəli evin, 1 otaqlı 62 nömrəli mənzili payçı Cavabdeh verməyi, payçı isə pay haqqını ödəməyi öhdəsinə götürmüşdür. - İddiaçı tərəfindən cavabdehə ünvanlandırılmış “borc bildirişi”ndən görünür ki, cavabdehdən 2010-cu il üzrə 46 manat, 2011-ci il üzrə 228 manat, 2012-ci il üzrə 304 manat, 2013-cü il üzrə 196 manat, 2014-cü il üzrə 162 manat, 2015-ci il üzrə 130 manat, 2016-cı il üzrə 60 manat, 2017-ci il üzrə 120 manat, 2019-cu il üzrə 120 manat, 2020-ci il üzrə 120 manat, 2021-ci il üzrə 40 manat olmaqla cəmi kommunal xidmətlərə görə 1706 manat, sayğaclara görə 500 manat qaz, 100 manat işıq, 80 manat su, 160 manat krosna olmaqla cəmi 840 manat, 315 manat antenaya görə olmaqla, ümumilikdə 2861 manat borcun ödənilməsi tələb olunmuşdur. -xx.xx.2008-ci il tarixli müqaviləyə əsasən İddiaçı MMC "xxxx" MMC-dən 176 ədəd Fransanın “Aktaris” firmasının istehsalı olan G4 Gallus 2002” elektron qaz sayğacının hər birinin qiyməti 218 manat olan, ümumi dəyəri 38368 manat məbləğində sayğaclar almışdır. - "xxxx" MMC və "xxxx" MMC arasında bağlanmış AZ-0106/35A saylı müqavilə üzrə işlərin təhvili və qəbulu haqqında aktdan görünür ki, "xxxx" MMC sözügedənn binanın 15000 ABŞ dolları məbləğində müqaviləyə əsasən istifadəçilərinin peyk və yerli televiziya kanalın qəbulunu təmin etmişdir. Məhkəmə qeyd edir ki, iddia tələbi: kommunal xidmətlərə görə 1706 manat, quraşdırılmış antenaya görə 315 manat, qaz sayğacına görə 500 manat, işıq sayğacına görə 100 manat, su sayğacına görə 80 manat, krosnaya görə 160 manat olmaqla, ümumilikdə 2861 manat pulun və ödənilmiş 49 manat dövlət rüsumunun tutulmasından ibarətdir. İlk növbədə iddiada sayğac, krosna və antena quraşdırılmasına görə cavabdehdən pulun tələb olunması ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Göründüyü kimi şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək üçün tərəflər arasında öhdəlik münasibəti yaranmış olmalıdır. Lakin iddiaçı onunla cavabdeh arasında sayğac, krosna və antena quraşdırılması barədə müqavilənin olmasına dair sübut təqdim edə bilmiş, nə də ki tələb etmə hüququnun yaranma əsasını göstərə bilmişdir. Odur ki, antenaya görə 315 manat, krosnaya görə 160 manat və sayğaclar üçün 680 manatın ödənilməsi üçün cavabdehin nə müqavilədən, nə də qanundan irəli gələn öhdəliyinin yaranması işin halları ilə müəyyən edilmir. Digər tərəfdən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinentinin 02 fevral 2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə qaydaları"nın 7.9-cu bəndinə əsasən fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinentinin 17 iyul 2014-cü il tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə qaydaları"nın 6.5-ci bəndinə əsasən istehlakçıların suölçən cihazlarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçılara münasibətdə STKM-in vəsaiti hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə istehlakçının öz vəsaiti hesabına həyata keçirilir. Məhkəmə iddia tələbini cavabdehdən 2010-cu ildən kommunal xidmətlərin göstərilməsinə görə 1706 manatın tutulması ilə bağlı qeyd edir ki, işin məhkəmə araşdırılması ilə kommunal xidmətlərdən istifadəyə görə nəzərdə tutulmuş haqqların cavabdeh tərəfindən lazımınca ödənilməsi təsdiq edilmir. Eyni zamanda kommunal haqqın miqdarı ilə bağlı da tərəflər arasında mübahisənin mövcudluğu sübut olunmur. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh iddiaçı ilə bilavasitə müqavilə bağlamasa da, hətta ona məxsus olan mənzildə yaşayıb-yaşamamasından asılı olmayaraq, mənzilinin sahəsinə uyğun olaraq ödəməli olduğu, lakin ödəmədiyi kommunal haqqı iddiaçıya ödəməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 6-cı maddəsi müəyyən edir ki, çoxmənzilli binaların idarə edilməsi (maddə 6.0.8.); mənzil-tikinti kooperativlərinin, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətlərinin yaradılması və fəaliyyəti, onların üzvlərinin hüquq və vəzifələri (maddə 6.0.9.); kommunal xidmətlərin göstərilməsi (maddə 6.0.10.); yaşayış sahəsinə və kommunal xidmətlərə görə xidmət haqlarının müəyyən edilməsi və ödənilməsi (maddə 6.0.11.) və digər münasibətlər mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərdir. Mənzil Məcəlləsinin 10.0.2-ci maddəsi ilə yaşayış sahələrinə, onların yararlı vəziyyətdə saxlanılmasına, çoxmənzilli binalarda ümumi mülkiyyətin qorunması və yararlı vəziyyətdə saxlanılmasına dair tələblər müəyyən etmək dövlətin vəzifələrinə aid edilmişdir. Mənzil Məcəlləsinin 18-ci maddəsinin tələblərinə görə mülkiyyət formasından asılı olmayaraq mənzil fondunun istifadəsi və saxlanılmasına, habelə yaşayış sahələrinin və kommunal xidmətlərin müəyyən edilmiş tələblərə uyğunluğuna dövlət nəzarəti qanunvericilikdə müəyyən olunmuş qaydada həyata keçirilir. Digər tərəfdən, özəl fonda aid çoxmənzilli binalarda mənzillərin mülkiyyətçiləri kommunal xidmət şərtlərinin keyfiyyətcə yaxşılaşdırılmasında və xidmət xərclərinin müəyyən edilməsində azaddırlar. “Azərbaycan Respublikasında dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən istifadə haqqı (mənzil haqqı) və mənzil-kommunal xidmətlərinə görə tariflərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 mart 2000-ci il tarixli 40 nömrəli Qərarının 3-cü bəndinin “b” yarımbəndinə əsasən, dövlət mənzil-istismar və təmir-tikinti təşkilatları özəlləşdirilmiş mənzillərin (evlərin) mülkiyyətçiləri (mülkiyyətçilərin şirkətləri, digər birlikləri) ilə yalnız müqavilə əsasında bu evlərə (mənzillərə) xidmət göstərə bilərlər. Konstitusiya Məhkəməsinin Plenumu “Bakı şəhər icra hakimiyyəti başçısının “Mənzil xidməti tariflərinin tənzimlənməsi haqqında” 1999-cu il 5 oktyabr tarixli 961 saylı sərəncamı barədə” 2 mart 2000-ci il tarixli Qərarında qeyd etmişdir ki, tam özəlləşdirilmiş mənzillərin (evlərin) mülkiyyətçilərinin evə xidmət və onun təmiri üçün müstəqil surətdə təşkilatlar, o cümlədən dövlət mənzil-istismar və təmir-tikinti təşkilatları, kooperativlər, xüsusi firmalar və başqa təsərrüfatçılıq subyektləri seçməyə ixtiyarı vardır. Beləliklə, özəl mülkiyyətdə olan çoxmənzilli binalarda mənzillərin mülkiyyətçiləri kommunal xidmətin təşkilində sərbəstdirlər və istədikləri təşkilatla müqavilə bağlamaqda azaddırlar. Mənzil Məcəlləsinin 137.9-cu maddəsinə əsasən, çoxmənzilli binanın sahə mülkiyyətçiləri həmin sahələrin saxlanması və təmiri üzrə xidmət və işlərin xərclərini müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq çəkirlər. Bununla yanaşı nəzərə alınmalıdr ki, mülkiyyətçilər, kirayəçilər və ya digər şəxslər tərəfindən sahənin istifadə edilməməsi yaşayış sahəsinə və faktiki istehlak edilmiş kommunal xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas deyildir (Mənzil Məcəlləsinin 137.10-cu maddəsi). Öz növbəsində həmin Məcəllənin 142.1-ci maddəsi imperativ qaydada göstərir ki, çoxmənzilli binanın idarə edilməsi müqaviləsi yazılı formada tərəflərin imzaladığı bir sənədin tərtib edilməsi yolu ilə bağlanmalıdır. Qeyd olunan maddədə bu müqaviləyə dair tələblər də göstərilmişdir. Çoxmənzilli yaşayış sahələrində mənzil mülkiyyətçilərinin binaya aid ümumi yerlərdən və vasitələrdən (binanın fasadı, zirzəmisi, dəhlizi, lifti, damı və s.) birgə istifadə etmək ehtiyacı, həmin yaşayış binasının birgə idarə edilməsi zərurətini yaradır. Mənzil Məcəlləsinin 141.1-ci maddəsinə müvafiq olaraq, çoxmənzilli binanın idarə edilməsi sakinlərin əlverişli və təhlükəsiz yaşamaq şəraitini, çoxmənzilli binanın ümumi əmlakının lazımi saxlanmasını, həmin əmlakın istifadə edilməsi məsələlərinin həll edilməsini, habelə belə bina sakinlərinə kommunal xidmətlərin göstərilməsini təmin etməlidir. Göründüyü kimi çoxmənzilli binanın sahə mülkiyyətçilərinin əlverişli və təhlükəsiz yaşamalarının təmin edilməsi və binanın ümumi əmlakından birgə istifadə edilməsinin tənzimlənməsini təmin etmək məqsədilə, Mənzil Məcəlləsinin 141.2-ci maddəsində mülkiyyətçilərin binanın idarə edilməsi üsulunu seçmək vəzifəsi nəzərdə tutulmuşdur. Beləliklə, binanın idarə edilməsi ilə bağlı tam səlahiyyət sahə mülkiyyətçilərinə məxsusdur və binanın idarə edilməsi üsulu mülkiyyətçilərin ümumi yığıncağının qərarı əsasında dəyişdirilə bilər. (Mənzil Məcəlləsinin 141.3-cü maddəsi). Mənzil Məcəlləsinin yuxarıda qeyd olunan normalarından göründüyü kimi, çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi əmlakın saxlanması və təmiri üzrə xərcləri, habelə kommunal xidmətlərə görə haqqı yazılı müqavilə əsasında ödəməlidirlər. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu xüsusilə vurğulayır ki, belə müqavilələrdə müəyyən olunan xərclər və xidmət haqqları görülən işlərə və xidmətlərə uyğun hesablanmalı, real qiymətləri əks etdirməlidir, eləcə də sahə mülkiyyətçilərinin sosial, iqtisadi və maddi vəziyyəti nəzərə alınmaqla aydın və ağlabatan olmalıdır.(V.Ələsgərovun şikayəti üzrə Konsitutiya Məhkəməsi Plenumunun 29 dekabr 2015-ci il tarixli Qərarı). Həmin qərarda eyni zamanda qeyd edilmişdir ki, çoxmənzilli binanın idarə edilməsi səlahiyyəti binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti vasitəsilə həyata keçirilir. Mənzil Məcəlləsinin 119.1-ci maddəsində qeyd edilir ki, çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hesab edilir. Mənzil qanunvericiliyi sahə mülkiyyətçilərinin mütləq qaydada mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə üzvlüyünü nəzərdə tutmur. Belə ki, Məcəllənin 121.1-ci maddəsində binaların sahə mülkiyyətçilərinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətində iştirakı vəzifə kimi yox, hüquq kimi göstərilmişdir. Çoxmənzilli binaların sahə mülkiyyətçisinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin üzvü olmaması onları ümumi əmlakın saxlanması və təmiri üzrə xərclərin və kommunal xidmətlərin ödənilməsindən azad etmir. Mənzil Məcəlləsinin 137.5-ci maddəsində qeyd edilir ki, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradıldığı çoxmənzilli binanın mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin üzvü olmayan sahə mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti və ya mənzil-tikinti kooperativi və ya digər ixtisaslaşmış istehlak kooperativi ilə bağlanmış müqaviləyə uyğun olaraq ödəyirlər. İcrası məcburi olan qərarlar, yalnız çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən Mənzil Məcəlləsində (126.9 və 44-47-ci maddələr) nəzərdə tutulan qaydada qərar qəbul edilməsi nəticəsində yarana bilər. Bu xüsusilə kommunal xidmət haqqının müəyyən edilməsinə aiddir. İşin hallarından göründüyü iddiaçı kommunal xidmət haqqlarını 2014-cü ildən tutulmasını tələb edir. Bununla əlaqədar məhkəmə qeyd edir ki, Azərbaycan respublikası Mülki Məcəlləsinin 550-ci maddəsinə əsasən tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. Həmin Məcəllənin 551.2-ci və 551.2.1-ci və maddələrinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Belə olan halda məhkəmə hesab edir ki, kommunal haqqı iddiaçı tərəfindən cavabdehə ünvanlandırılmış borc bildirişində göstərilən məbləğlərə uyğun hesablanmalı və cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinin tələbləri nəzərə alınmaqla, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 20 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh kommunal xidmətə görə 1706 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. Dövlət rüsumunun əvəzi kimi 20 manat məbləğində pul vəsaiti də Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia digər hissələrdə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-5117/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5117/2023
03.11.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver