Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-5118/2021 14.06.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Hətəmzadə Fərid Eldar oğlu, İddiaçı Cavabdeh (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə) “əmlakların dövlət reyestrində ilkin qeydiyyatının etibarsız hesab edilməsi, istifadə hüququnun tanınması və istifadə hüququna maneənin qeyrilərinə qadağan edilməsi” tələblərinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən torpaq sahəsinə və həmin torpaq sahəsindəki tikililərə dair dövlət reyestrində mülkiyyət hüququnun tanınması barədə aparılmış qeydiyyatın etibarsız hesab edilməsi, həmin qeydiyyat əsasında aparılmış sonrakı əməliyyatların, qeydiyyatların etibarsız hesab edilməsi, onun qeyd olunan ünvanda yerləşən 36 kv.m olan bir yaşayış otağından, ayaqyolundan və alaqapıdan ayaqaltı adlanan sahəyə qədər olan məsafədə ümumi sahəsi 50 kv.m olan həyətyanı sahədən istifadə hüququnun tanınması və bu hüququnu həyata keçirməyinə cavabdehin və qeyrilərinin maneəsinə qadağan qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsinin “dövlət reyestrində mülkiyyət hüququnun tanınması barədə aparılmış qeydiyyatın etibarsız hesab edilməsi” hissəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi və bəzi qərarlarına əlavə və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 fevral 2020-ci il tarixli Qərarı ilə “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 04 nömrəli Qərarına əlavə və dəyişikliklər edilmiş, qeyd olunan qərarın 17-ci bəndi aşağıdakı redaksiyada verilmişdir: “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülkihüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir...Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır”. İddia ərizəsinin məzmunundan göründüyü ki, iddiaçı ünvan 1 ünvanında yerləşən torpaq sahəsinə və həmin torpaq sahəsindəki tikililərə dair dövlət reyestrində olan qeydiyyatın düzgün aparılmadığını mübahisələndirir. Bu qəbildən olan işlərə isə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə deyil, inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmədə baxılmalıdır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 nömrəli qərarının 15.4-cü bəndində göstərilmişdir ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən məhkəmənin ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPMnin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 153.2 və 153.2.1-ci maddələrinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir; 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Həmçinin qeyd etməyi zəruri hesab edirəm ki, “iş məhkəmədə baxılmalı deyildirsə” müddəası özündə, mülki işin məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda baxılmalı olmasını, eləcə də, iş məhkəməyə aid olsa da, mülki mühakimə icraatı qaydasında ümumi məhkəmədə deyil, başqa məhkəmədə, yaxud başqa məhkəmə icraatı qaydasında baxılmalı olmasını ehtiva edir. Təsvir edilənlərə əsasən hesab edirəm ki, iddia ərizəsinin “dövlət reyestrində mülkiyyət hüququnun tanınması barədə aparılmış qeydiyyatın etibarsız hesab edilməsi” hissəsinin icraata qəbul edilməsindən imtina edilməli və iddiaçıya hazırki tələbi ilə bağlı Bakı İnzibati Məhkəməsinə müraciət etmək hüququ izah edilməlidir. Həmçinin, iddia ərizəsinin “mübahisəli tikililərə istifadə hüququnun həyata keçirilməsinə qeyrilərinin maneəsinə qadağan qoyulması” hissəsi ilə əlaqədar isə qeyd edirəm ki, iddia ərizəsi bu hissədə mülki prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən verildiyinə görə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. 149.2.3-cü maddəsinə əsasən iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. Lakin, iddia ərizəsindən isə görünür ki, iddiaçı ərizəsinin “istifadə hüququna qeyrilərinin maneəsinə qadağan qoyulması” hissəsində tələbini cavabdeh kimi işdə iştirak etməyən, dairəsi qeyri-müəyyən olan şəxslərə yönəltmiş, bununla da mülki prosessual qanunvericiliyin yuxarıda qeyd olunan normalarının tələblərini pozmuşdur. Halbuki, MPMin 154.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxs iddiaya qarşı etirazını və mülahizəsini işə baxılana kimi, ona qarşı izahat verilə bilən müddətdə məhkəməyə təqdim etməyə haqlıdır. Xüsusilə nəzərə alınmalıdır ki, həmin Məcəllənin 154.2.3-cü maddəsinə əsasən etiraz və mühahizədə iddiaçının tələbinin tam və ya qismən rədd edilməsinin motivləri öncədən cavabdeh tərəfindən məhkəməyə təqdim edilə də bilər. Bu isə yalnız o halda mümkündür ki, iddiaçı hər bir cavabdehə qarşı öz tələbini konkret şəkildə iddia ərizəsində göstərmiş olsun. Belə olan halda, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır; Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsasən belə nəticəyə gəlirəm ki, iddia ərizəsi “mübahisəli tikililərə istifadə hüququnun həyata keçirilməsinə qeyrilərinin maneəsinə qadağan qoyulması” hissəsində geri qaytarılmalı və iddiaçıya izah edilməlidir ki, o, qərardadda göstərilən nöqsanları aradan qaldırdıqdan sonra ümumi qaydada təkrarən məhkəməyə müraciət edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152,153, 263 və 264-cü maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə) iddia ərizəsinin “dövlət reyestrində mülkiyyət hüququnun tanınması barədə aparılmış qeydiyyatın etibarsız hesab edilməsi” hissəsinin icraata qəbul edilməsindən imtina edilsin və iddiaçıya hazırki tələbi ilə bağlı Bakı İnzibati Məhkəməsinə müraciət etmək hüququ izah edilsin. İddiaçı Cavabdeh qarşı iddia ərizəsinin “mübahisəli tikililərə istifadə hüququnun həyata keçirilməsinə qeyrilərinin maneəsinə qadağan qoyulması” hissəsi geri qaytarılsın və iddiaçıya izah edilsin ki, o, qərardadda göstərilən nöqsanları aradan qaldırdıqdan sonra ümumi qaydada təkrarən məhkəməyə müraciət edə bilər. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya rəsmi qaydada verilsin. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-5118/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-5118/2021
14.06.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver