Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5126/2020 10.11.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rəhimov Elçin Əhəd oğlunun katibliyi ilə İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı maddi ziyana görə 1867 manat, dövlət rüsumuna görə 30,40 manat olmaqla cəmi 1897,40 manatın tutulmasına dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Sığorta Şirkəti ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı maddi ziyana görə 1867 manat, dövlət rüsumuna görə 30,40 manat olmaqla cəmi 1897,40 manatın tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı Sığorta Şirkəti ASC-nin nümayəndəsi Sultanlı Mələk Rövşən qızı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, Cavabdeh1 xx.xx.2016-cı il tarixdə idarə etdiyi Cavabdeh2 MMC-yə məxsus Daewoo BS 090 markalı ** TG *** dövlət qeydiyyat nişanlı avtobusla Bakı şəhəri M.Hüseyn küçəsində manevrin təhlükəsizliyini təmin etməyərək X2 məxsus və İddiaçı Sığorta Şirkətində sığortalanmış Hyundai İ 30 markalı ** HO *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sonuncuya maddi ziyan vurmuşdur. Hadisədən sonra məlum olmuşdur ki, Daewoo BS 090 markalı ** TG *** dövlət qeydiyyat nişanlı avtomobilin hadisə tarixində Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta şəhadətnaməsi mövcud olmamışdır. İcbari sığortalar haqqında qanunun 25-ci maddəsinə əsasən Cavabdeh2 MMC-nin mülkiyyətində olan Daewoo BS 090 markalı ** TG *** dövlət qeydiyyat nişanlı avtomobilin icbari sığorta şəhadətnaməsi olmadığı üçün ödənilmiş sığorta məbləği cavabdehlərdən tutulmalıdır. Belə ki, həmin Qanunun 53.2-ci maddəsinə əsasən, avtonəqliyyat vasitəsinin sahibi mülkiyyətində olan, avtonəqliyyat vasitəsi lizinq predmeti olduqda, lizinq müqaviləsi əsasında istifadə etdiyi avtonəqliyyat vasitəsinin istifadəsi nəticəsində üçüncü şəxslərə dəyə biləcək zərərlə bağlı həmin avtonəqliyyat vasitəsinin sahiblərinin mülki məsuliyyətini, bu Qanunun 8.3-cü maddəsini nəzərə almaqla, icbari qaydada sığorta etdirməlidir. Baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh1 təqsirli olması DYPİ-nin YPXA-nın KYP 640607 nömrəli inzibati xəta haqqında protokolunda öz əksini tapmışdır. Hyundai Badamdar MMC-nin təqdim etdiyi xx.xx.2016-cı il tarixli akta uyğun olaraq, Hyundai İ 30 markalı ** HO *** dövlət qeydiyyat nişanlı avtomobilə 3067 manat zərər təyin edilmişdir. RK-PAT********** saylı sığorta müqaviləsinin 033586 saylı sığorta aktına əsasən İddiaçı Sığorta Şirkəti sığortalıya 3067 manat sığorta ödənişi həyata keçirmişdir. Cavabdehlər tərəfindən subroqasiya qaydasında 1200 manat İddiaçı Sığorta Şirkətinə ödənilmişdir. Ona görə də X2 məxsus və İddiaçı Sığorta Şirkətində sığortalanmış Hyundai İ 30 markalı ** HO *** dövlət qeydiyyat nişanlı avtomobilə vurulan ziyanın əvəzində 1867 manat sığorta ödənişi və dövlət rüsumuna görə 30,40 manat olmaqla cəmi 1897,40 manatın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-dən müştərək qaydada tutularaq İddiaçı Sığorta Şirkətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh1 iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, o, xx.xx.2016-cı il tarixdə saat 10-30-da M.Hüseyn küçəsində yol vərəqəsi ilə idarə etdiyi Cavabdeh2 MMC-nin mülkiyyətində olan Daewoo BS 090 markalı ** TG *** dövlət qeydiyyat nişanlı avtobusla M.Hüseyn küçəsi ilə Şəhidlər Xiyabanı istiqamətindən hərəkət edərkən T.Elçin küçəsi ilə kəsişmədən sonrakı dayanacağa daxil olmuş, avtobusu saxlayarkən nəqliyyat vasitəsi ani dayanaraq sürüşməsi nəticəsində dayanacaqdan 4-5 metr məsafədə hərəkət edib dayanaraq Hyundai İ30 markalı ** HO *** dövlət qeydiyyat nişanlı avtomaşının arxasına dəymiş və həmin avtomaşın da zərbənin təsirindən özündən qabaqdakı BMW X6 markalı ** HL *** dövlət qeydiyyat nişanlı avtomaşına dəymişdir. Bundan sonra avtobusun sahibləri ziyandan 1200 manatı ödəmişlər. Hesab edir ki, vurulmuş ziyan Cavabdeh2 MMC tərəfindən ödənilməli olduğundan iddia ərizəsi ona münasibətdə təmin edilməməlidir. Cavabdeh2 MMC-yə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də Cavabdeh2 MMC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə Cavabdeh2 MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə qeyd edir ki, subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. (MM-nin 936.1., 936.2., 936.5.-ci mad.) AB № 359199 saylı xx.xx.2010-cu il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi surətindən müəyyən olunur ki, 2009-cu il buraxılışlı Hyundai İ30 minik markalı ** HO *** qeydiyyat nişanlı avtomobil X1 mülkiyyətindədir. AC № 335637 saylı xx.xx.2014-cü il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi surətindən müəyyən olunur ki, 2009-cu il buraxılışlı Daewoo BS 090 markalı ** TG *** qeydiyyat nişanlı avtobus Cavabdeh2 MMC-nin mülkiyyətindədir. xx.xx.2016-cı il tarixli RK-PAT********** saylı fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin sığortası şəhadətnaməsindən müəyyən olunur ki, X2 məxsus avtonəqliyyat vasitəsi sığorta məbləği 5000 manat, sığorta haqqı 50 manat olmaqla İddiaçı Sığorta Şirkəti ASC-də sığortalanmışdır. İcbari sığorta bürosunun məlumatına əsasən xx.xx.2016-cı il tarixinə Daewoo BS 090 markalı ** TG *** qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin icbari sığorta müqaviləsi mövcud olmamışdır. Xaliq Faiq oğlu MMC-nin şəhərdaxili və şəhərətrafı şərnişin avtonəqliyyatı üçün № 089469 saylı yol vərəqəsindən müəyyən olunur ki, Cavabdeh1 xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək Daewoo markalı ** TG *** dövlət qeydiyyat nişanlı avtomobil idarə edilməsi üçün verilmişdir. Azərbaycan Respublikası DİN Baş Dövlət X6 xx.xx.2016-cı il tarixli KYP 640607 saylı inzibati xəta haqqında protokolun surətindan müəyyən olunur ki, Cavabdeh1 Yol Hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 42 maddəsinin İ bəndinin tələbini pozaraq yol vərəqəsi ilə idarə etdiyi Daewoo BS 090 avtobus markalı ** TG *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ilə xx.xx.2016-cı il tarixdə saat 10:30-da M.Hüseyn küçəsində hərəkət edərkən sol cərgədən sağa yerdəyişmə edib dayanacağa daxil olarkən manevrin təhlükəsizliyini təmin etməmiş, yolun kənarında dayanmış Hyundai İ30 markalı ** HO *** dövlət qeydiyyat nişanlı avtomaşını arxa hissəsindən vurmuş, zərbənin təsirindən Hyundai İ30 markalı avtomobil qarşısında dayanmış BMW X6 markalı ** HL *** dövlət qeydiyyat nişanlı avtomaşına və divara dəymiş, yol nəqliyyat hadisəsi barədə inzibati xəta törətmişdir. Cavabdeh1 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinə əsasən təqsirli bilinərək 40 manat cərimə edilmişdir. Bakı şəhəri DYPİ tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışından müəyyən olunur ki, Cavabdeh1 idarə etdiyi Cavabdeh2 MMC-yə məxsus Daewoo BS090 avtobus markalı ** TG *** qeydiyyat nişanlı avtomobillə X2 məxsus Hyundai İ30 markalı ** HO *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2016-cı il tarixdə saat 10:30-da M.Hüseyn küçəsində toqquşmuş, Hyundai İ30 markalı ** HO *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa, qabaq və sağ yan hissələrinə zərər dəymişdir. Hyundai Badamdar MMC-nin xx.xx.2016-cı il tarixli aktından müəyyən olunur ki, Hyundai İ30 markalı ** HO *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ehtiyyat hissəsinin cəmi 2107, servis xidməti 960 manat, ümumilikdə təmir xərcləri 3067 manat təşkil edir. xx.xx.2016-cı il tarixli 033586 saylı sığorta aktından müəyyən olunur ki, İddiaçı Sığorta Şirkəti ASC-də avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növündə xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixə qədər sığortalanmış ** HO *** dövlət qeydiyyat nişanlı Hyundai İ30 markalı avtomobilin xx.xx.2016-cı il tarixdə Bakı şəhəri M.Hüseyn küçəsində Daewoo markalı ** TG *** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşması nəticəsində dəyən ziyanın məbləği 3067 manat, sığorta ödənişi 3067 manat müəyyən edilmiş, sığorta ödənişinin X1 hesabına köçürülməsi qərara alınmışdır. xx.xx.2016-cı il tarixli 6630 saylı ödəniş tapşırığına əlavədən müəyyən olunur ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən RK-PAT********** saylı sığorta müqaviləsinin 056496 saylı sığorta aktına əsasən X2 3067 manat sığorta ödənişi ödənilmişdir. İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh2 MMC-yə ünvanladığı xx.xx.2019-cu il tarixli pretenziyadan müəyyən olunur ki, Cavabdeh2 MMC-yə 3067 manat məbləğində sığorta ödənişinin İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilmədiyi təqdirdə məhkəmə orqanlarına müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh1 ünvanladığı xx.xx.2019-cu il tarixli pretenziyadan müəyyən olunur ki, Cavabdeh1 3067 manat məbləğində sığorta ödənişinin İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilmədiyi təqdirdə məhkəmə orqanlarına müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İcbari Sığortalar Haqqında Azərbaycan Respublikası Qanunun 50.1.-ci maddəsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası mexaniki avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində fiziki şəxslərin sağlamlığına, həmçinin fiziki və hüquqi şəxslərin əmlakına vurduğu zərərlərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. Həmin Qanunun 53.1.-ci maddəsinə əsasən mülkiyyətində avtonəqliyyat vasitəsi olan, yaxud avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, yəni onu icarəyə götürmüş və ya еtibarnamə əsasında idarə еdən, yaxud digər qanuni əsaslarla istismar еdən şəxslər bu Fəslin məqsədləri üçün avtonəqliyyat vasitəsinin sahibi hеsab olunurlar. Həmin Qanunun 53.4.-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, istifadəsi ilə bağlı sahibinin mülki məsuliyyəti bu Fəslə uyğun olaraq sığortalanmış avtonəqliyyat vasitəsini qanuni əsaslarla istifadə edən istənilən şəxs üçüncü şəxslər qarşısında mülki məsuliyyətinə görə əmlak mənafeyi sığortalanmış sığorta olunan hesab edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, Cavabdeh2 MMC mülkiyyətində olan Daewoo BS 090 markalı ** TG *** qeydiyyat nişanlı avtonəqliyyat vasitəsini icbari sığorta müqaviləsi bağlamadan, yol vərəqəsi əsasında idarə etmək üçün Cavabdeh1 vermiş, sonuncunun törətdiyi yol nəqliyyat hadisəsi nəticəsində vurulmuş ziyanı iddiaçı ödəməklə subroqasiya hüququnu əldə etmiş, bundan sonra Cavabdeh2 MMC həmin məbləğdən 1200 manatı iddiaçıya ödəsə də, 1867 manat ödənilməmiş qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1.-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, iddiaçı sığorta ödənişini həyata keçirməklə subroqasiya hüququnu əldə etdiyindən, sığorta hadisənin baş verməsində Cavabdeh1 təqsiri sübuta yetdiyindən, sonuncu yol vərəqəsi əsasında ona təhkim olunan nəqliyyat vasitəsi ilə inzibati xəta törətdiyindən iddia tələbi nəqliyyat vasitəsi mülkiyyətində olan Cavabdeh2 MMC-yə aid olan hissədə əsaslıdır, ona görə də iddia ərizəsi qismən təmin edilməklə Cavabdeh2 MMC-dən sığorta ödənişinə görə subroqasiya qaydasında 1867 manat iddiaçının xeyrinə tutulmalı, iddia ərizəsi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iş üzrə iddiaçının ödədiyi dövlət rüsumu Cavabdeh2 MMC-yə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh2 MMC-dən maddi ziyana görə 1867 manat, dövlət rüsumuna görə 30,40 manat olmaqla cəmi 1897,40 manat İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №2(001)-5126/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5126/2020
10.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver