Məhkəmə qərarları › İş №2(001)-5128/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5128/2020

02.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5128/2020 02.11.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Mustafayev Etibar Mustafa oğlu, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin (ASC) Cavabdeh1 və Cavabdeh2 Qapalı Səhmdar Cəmiyyətinə (QSC) qarşı subroqasiya qaydasında pul tələbi barədə işə xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİM: İddiaçı Sığorta Şirkəti ASC Cavabdeh1 və Cavabdeh2 QSC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 230 manat sığorta ödənişinin, habelə dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi kimi 20,4 manatın, cəmi 250,4 manat məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 xx xxxxxxx 2014-cü il tarixdə idarə etdiyi “Howo” markalı, **-LX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Boksol yolunda qarşı hərəkət zolağına çıxmadan sağdan sola yerdəyişmə edən zaman manevretmə qaydasını pozaraq yolun sağ kənarında dayanmış “xxxx” MMC-nin Azərbaycan Respublikası Nümayəndəliyinə məxsus və İddiaçı Sığorta Şirkətində sığortalanmış “Chevrolet Aveo” markalı, H 022 255 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəricədə “xxxx” MMC-nin Azərbaycan Respublikası Nümayəndəliyinə maddi ziyan vurmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsində Cavabdeh1 təqsirli olması DYPİ-nin CYP 756166 nömrəli “inzibati xəta haqqında protokol”unda öz əksini tapmışdır. “Chevrolet Aveo” markalı avtomobilə 786 manat zərər təyin edilmiş, iddiaçı tərəfindən həmin pul məbləği sığortalıya ödənilmiş, cavabdehin icbari sığorta şirkəti “xxxx” ASC tərəfindən subroqasiya qaydasında dəymiş zərər üzrə 556 manat iddiaçıya ödənildiyindən iddiaçı qalan 230 manatın cavabdehlərdən tutulmasına dair hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284.1, 284-5.3-cü maddələrinin tələblərini nəzərə alaraq hesab edirəm ki, təqdim olunmuş sənədlər əsasında işin həllinə dair qətnamə çıxarılması üçün əsaslar vardır. İddia ərizəsinə əlavə olunmuş: - nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Chevrolet Aveo” minik marlalı, H022255 qeydiyyat nişanlı avtomobil “xxxx” MMC-nin mülkiyyətindədir. - nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Howo” yük markalı, **-JX-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh2 MMC-nin mülkiyyətindədir. - Yol vərəqəsini surətindən görünür ki, Cavabdeh2 MMC tərəfindən “Howo” yük markalı, **-JX-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək hüququ Cavabdeh1 tanınmışdır. - CYP 756166 nömrəli “inzibati xəta haqqında protokol”un surətindən görünür ki, Cavabdeh1 xx xxxxxxx 2014-cü il tarixdə yol vərəqəsi əsasında idarə etdiyi “Howo” yük markalı, **-JX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Boksol yolundan qarşı hərəkət zolağına çıxmadan sağdan sola yerdəyişmə edən zaman manevr qaydasını pozmuş, nəticədə yolu sağ kənarında dayanmış “Chevrolet Aveo” markalı, H022255 qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. - xx xxxxxxx 2014-cü il tarixli qüsur aktından görünrü ki, “Chevrolet Aveo” markalı, H 022 255 qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin miqdarı 786 manat müəyyən edilmişdir. - 011250 nömrəli sığorta aktından görünür ki, sığortanın “könüllü” növü ilə sığortalanmış “xxxx” MMC-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə məxsus “Chevrolet Aveo” markalı avtomobilə dəymiş 786 manat zərər İddiaçı Sığorta Şirkəti tərəfindən ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). - 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü tə'sir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Qeyd olunan maddi hüquq normalarının mənasına görə dəymiş zərərin ödənilməsinin təmin edilməsi üçün ilk növbədə aşağıdakı hüquqi əsasların müəyyən edilməsi zəruridir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirli olması. Məhkəmə belə nəticəyə gəlir ki, Cavabdeh1 xx xxxxxxx 2014-cü il tarixdə yol vərəqəsi əsasında idarə etdiyi, Cavabdeh2 MMC-yə məxsus “Howo” yük markalı, **-JX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Boksol yolundan qarşı hərəkət zolağına çıxmadan sağdan sola yerdəyişmə edən zaman manevr qaydasını pozaraq yolu sağ kənarında dayanmış “Chevrolet Aveo” markalı, H022255 qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sonuncu avtomobilin mülkiyyətçisi “xxxx” MMC-yə 786 manat məbləğində maddi ziyan vurulmuşdur. Sığorta müqaviləsinin şərtlərinə müvafiq olaraq vurulmuş zərər iddiaçı tərəfindən “xxxx” MMC-yə ödənilmiş, Cavabdeh2 MMC-nin icbari sığortasını təmin edən “xxxx” ASC tərəfindən subroqasiya qaydasında 556 manat pul İddiaçı Sığorta Şirkətinə ödənilmişdir. Buna görə də, məhkəmə hesab edir ki, 230 manat pul vəsaiti cavabdehlərlən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Buna görə də hesab edirəm ki, iddia təmin olunmalı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəməyə ərizə verilərkən dövlət rüsumu kimi ödənilmiş 20,4 manat məbləğində pul vəsaiti də cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-5.3, 284-6.1, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddiaçı Sığorta Şirkəti ASC-nin iddiası təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 MMC-dən müştərək qaydada 230 manat pul vəsaiti tutularaq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilsin. Dövlət rüsumu kimi ödənilmiş pul vəsaitinin əvəzi qismində 20,4 manat məbləğində pul Cavabdeh1 və Cavabdeh2 MMC-dən müştərək qaydada tutularaq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar