Məhkəmə qərarları › İş №2(001)-515/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-515/2021

20.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-515/2021 20.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1 iştirakı ilə, İddiaçı “xxxx” ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pulun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “KİA Rio” markalı, **-TF-*** dövlət qeydiyyat nişanlı avtobusa vurulmuş ziyana görə ödənilmiş 230 manat sığorta ödənişinin, habelə ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun əvəzinin Cavabdeh tutularaq iddiaçı “xxxx” ASC-yə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 28.08.2020-ci il tarixli, 2(001)-4684/2020 saylı qərardadına əsasən iddiaçı “xxxx” ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pulun tutulması” tələbinə dair iddia ərizəsi, əlavə olunan sənədlərlə birlikdə geri qaytarılmışdır. Həmin qərardaddan iddiaçı “xxxx” ASC tərəfindən verilmiş şikayət Bakı Apellyasiya Məhkəməsinin 03.11.2020-ci il tarixli, 2(103)-7999/2020 saylı qərardadına əsasən təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 28.08.2020-ci il tarixli, 2(001)- 4684/2020 saylı qərardadı ləğv edilmiş, iddiaçı “xxxx” ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pulun tutulması” tələbinə dair iddia ərizəsinin icraata qəbul edilərək, mahiyyəti üzrə baxılması üçün mülki iş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. İdiaçı “xxxx” ASC məhkəməyə ərizə ilə müraciət edərək, mülki işə nümayəndələrinin iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə hazırlıq iclasında işitirak etmiş, lakin bundan sonra məhkəmə iclaslarının yeri və vaxtı barədə ona lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclaslarına gəlməmişdir. Məhkəmə, cavabdehin lazımi qaydada xəbərdar edilməsini, habelə iddiaçının ərizəsini nəzərə alıb, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, X3 mülkiyyətində olan “Chevrolet Triax” markalı, **-ZG-*** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçı “xxxx” ASC tərəfindən 1 il müddətinə (17.05.2015-ci il tarixdən 16.05.2016-cı il tarixədək) sığortalanmışdır. Cavabdeh həmin nəqliyyat vasitəsini etibarnaməsiz idarə edərkən 06.02.2016-cı il tarixdə Bakı şəhəri, A.Bakıxanov küçəsindən C.Hacıbəyli küçəsinə dönərkən sağında hərəkət edən “KİA Rio” markalı, **-TF-*** dövlət qeydiyyat nişanlı avtomobillə ara məsafəsi sağlamamış və nəticədə onunla toqquşaraq yol-nəqliyyat hadisəsini törətmişdir. Bundan sonra hadisə yerindən yayınmışdır. Bununla əlaqədar cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 151.3 maddəsinə əsasən təqsirli bilinərək, 80 manat məbləğində cərimə edilmişdir. Yol nəqliyyat hadisəsi nəticəsində “KİA Rio” markalı, **-TF-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurulmuşdur. Bununla bağlı aparılmış qiymətləndirmə və onun əsasında tərtib edilmiş qiymətləndirmə aktına əsasən qeyd edilən avtomobilin əvəz olunmalı ehtiyat hissələrinin (sol ön salaska, sol ön qanadın vinili) və görüləcək təmir işlərinin (dəmirçi işi, rəngsaz işi, armatur işi, plasmas işi) ümumi dəyəri 230 manat məbləğində müəyyən edilmiş və bu məbləğ sığorta ödənişi qismində iddiaçı tərəfindən həmin avtomobilin sahibi (zərərçəkən şəxs) X4 ödənilmişdir. Hazırda da iddiaçı cavabdehə qarşı iddia qaldıraraq, bu məbləğin və ödənilmiş 20 manat dövlət rüsumunun əvəzinin cavabdehdən tutulmasını tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan 3-cü şəxsə qarşı malik olduğu hüquqlarından və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur; 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığortaçı ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir; 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər; 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur; 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər; 1114.1-ci maddəsinin tələblərinə görə başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. "İcbari sığortalar haqqında" Azərbaycan Respublikası Qanununun: 6.1-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan - fərdi qəza sığortası müqaviləsində xeyrinə icbari sığorta müqaviləsi bağlanan (sığorta olunanlar kateqoriyasına daxil olan), əmlak sığortası üzrə mülkiyyətində və ya faktiki sahibliyində əmlakı olan və ya mülki məsuliyyət sığortası üzrə bu Qanunun 6.2-ci maddəsində nəzərdə tutulmuş əsasla müəyyən edilən şəxs sığorta olunan hesab edilir; 6.2-ci maddəsinə əsasən mülki məsuliyyətin icbari sığortası müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla istismar edən istənilən şəxs, həmçinin sığortalı özü həmin əmlakı istismar etdiyi anda, sığorta olunan hesab edilir; 52.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur; 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Məhkəmə qeyd edir ki, cavabdehin idarə etdiyi “Chevrolet Triax” markalı, **-ZG-*** dövlət qeydiyyat nişanlı avtomobillə “KİA Rio” markalı, **-TF-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması nəticəsində sonuncu avtomobilə maddi zərər vurulması tamamilə sübuta yetirilmişdir. Belə ki, iş üzrə tədqiq olunan sübutlarla yanaşı qeyd olunan yol nəqliyyat hadisəsinin törədilməsində cavabdehin təqsirli olması və hadisə yerindən yayınması Bakı şəhəri Nəsimi Rayon Dövlət X8 əməkdaşı tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokol və həmin protokol əsasında qəbul olunmuş qərarla da təsdiq olunur. Buna görə də, “Chevrolet Triax” markalı, **-ZG-*** dövlət qeydiyyat nişanlı avtomobil sığortalı olmasına baxmayaraq, hadisə zamanı onu idarə edən cavabdeh hadisə yerindən yayındığından, sığorta ödənişi vermiş iddiaçının hadisəni törətmiş cavabdehə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranmışdır. Bununla belə məhkəmə hesab edir ki, “Chevrolet Triax” markalı, **-ZG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi cavabdeh tərəfindən idarə edilərkən yol-nəqliyyat hadisəsinin baş verməsi və bununla da mülki hüquq pozuntusunun (delikt) onun tərəfindən törədilməsi, cavabdehin hadisə yerindən yayınması, habelə iddiaçı tərəfindən zərərçəkənə sığorta ödənişi ödənilməklə subroqasiya hüququnu (yəni sığorta ödənişi alan şəxsə dəymiş zərərə görə mülki məsuliyyət daşımalı olan şəxsə qarşı tələb irəli sürmək hüququnu) əldə etməsi öz təsdiqini tapdığından iddiaçının cavabdehə qarşı tələbi əsaslıdır və zərər məbləği cavabdehdən tutulmalıdır. Məhkəmə, vurulmuş maddi ziyanın məbləği ilə bağlı iddiaçı tərəfindən təqdim edilmiş qüsur aktını mötəbər sübut kimi qiymətləndirərək, hesab edir ki, cavabdeh X2 iddiaçı “xxxx” ASC-nin xeyrinə məhz 230 manat məbləğində pul tutulmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 500 manatadək olduqda 20 manat miqdarında dövlət rüsumu ödənilir; Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddia təmin edilməli, Cavabdeh 230 manat sığorta ödənişi məbləği, habelə ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 230 (iki yüz otuz) manat sığorta ödənişi məbləği, habelə ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar