Məhkəmə qərarları › İş №2(001)-5162/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5162/2021

12.08.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5162/2021 12.08.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclas katibi Quliyev Mikayıl Əbdüləli oğlunun katibliyi, İddiaçının nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “özgənin qanunsuz sahibliyindən əmlakın geri tələb edilməsinə ” dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Ə.Məmmədov küçəsində yerləşən 321 kv.m torpaq sahəsi və onun üzərində yerləşən 3 yaşayış otağı və 1 qaraj tipli tikili cavabdehin qanunsuz sahibliyinə və istifadəsinə xitam verilməsi və əmlakın boşaldılaraq iddiaçıya qaytarılması, cavabdeh tərəfindən qeyd edilən əmlaka 5 ay qanunsuz sahiblik və istifadə nəticəsində dəymiş ziyanın və məhkəməyə müraciət edilməsi üçün göstərilmiş hüquqi xidmətlərin, həmçinin bu müddətdə əmlakına mülkiyyət hüququnun həyata keçirə bilməməsi nəticəsində iddiaçının keçirtdiyi ağır psixoloji vəziyyətin əvəzi olaraq 10000 manat və iddia ərizəsinin məhkəməyə təqdim edilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Binəqədi rayonu, M.Ə.Rəsulzadə Bələdiyyəsinin 20 sentyabr 2005-ci il tarixli, 224 №-li Qərarı əsasında onun mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Ə.Məmmədov küçəsində yerləşən 321 kv.m torpaq sahəsi və onun üzərində yerləşən 3 yaşayış otağı və 1 qaraj tipli tikili cavabdehlə aralarında olan şifahi razılaşma əsasında 10 il bundan əvvəl ət kəsimi və satışı ilə məşğul olması üçün onun tərəfindən cavabdehin müvəqqəti istifadəsinə verilmişdir. 2021-ci ilin yanvar ayından etibarən o, cavabdehin istifadəsində olan əmlakı boşaltmasını bildirmişdir. Əvvəlcə cavabdeh əmlakı boşaltmaq üçün fevral ayının sonunadək vaxt istəmiş, sonradan bu müddəti mart ayınadək uzatmışdır. Daha sonra isə öz fəaliyyətini həyata keçirmək üçün hazırki əmlak kimi istifadəyə uyğun əmlak tapmadığından qeyri-adekvat davranışlarla əmlakı boşaltmaqdan imtina etmişdir. Qeyd edilən halla bağlı iddiaçı tərəfindən ərizə ilə Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinə müraciət edilmiş, Polis Şöbəsi tərəfindən materialın mülki xarakterli olması ilə əlaqədar mülki qaydada məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Bütün bunlara baxmayaraq artıq 5 aydır ki, cavabdeh faktiki olaraq ona məxsus qeyd edilən əmlak üzərində qanunsuz olaraq sahiblik və istifadəni həyata keçirir. Bunun nəticəsində iddiaçı əmlakına mülkiyyət hüququnu həyata keçirməkdən məhrum olduğu üçün əhəmiyyətli ziyana məruz qalmışdır. Belə ki, yuxarıda qeyd edilən texniki göstəricilərə malik əmlakı iddiaçı hazırkı bazar şərtlərində minimum 1000 manat məbləğində icarəyə verə biləcəyi təqdirdə cavabdehin qanunsuz sahibliyi və istifadəsi nəticəsində bu imkandan məhrum olmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsi-vəkilinin izahatını dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə Bələdiyyəsinin 20.09.2005-ci il tarixli 224 nömrəli qərarından görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Ə.Məmmədov küçəsində yerləşən 321 kv.m torpaq sahəsi heç bir əsaslı inşaat-tikinti işləri aparmamaq şərti ilə alqı-satqı yolu ilə İddiaçı mülkiyyətinə verilmişdir. İş materiallarına əlavə edilmiş məktubdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Aydınbəyov küçəsi, ev 146, mənzil 4-də yaşayan X4 25.03.2021-ci il tarixdə Binəqədi RPİ-in 4-cü PŞ-nə daxil olmuş ərizəsi araşdırılmış və ona müraciətdə göstərdiyi xüsusatlarla bağlı mülki qaydada məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, Cavabdeh İddiaçı məxsus torpaq sahəsindən və üzərində olan tikilidən ət dükanı (qəssabxana) kimi istifadə edir. Konstitusiyanın 13-cü maddəsinin İ-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan itsifadə etmək və ona dair sərancam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. AR Mülki Məcəlləsinin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Yenə həmin Məcəllənin 164.2-ci maddəsinə əsasən sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Mübahisə ilə əlaqədar məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 yanvar 2010-cu il tarixli, V.Q.Teryoxinin şikayəti ilə əlaqədar qərarına istinad etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin həmin qərarda ifadə olunmuş mövqeyinə görə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. Sahiblik və istifadə hüquqlarının həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurəti doğurur. Belə ki, AR Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Digər tərəfdən Mülki Məcəllənin 157.4 və 164.1-ci maddələrinə əsasən iddiaçı əşya üzərində mülkiyyət və sahiblik hüquqlarının digər şəxslər tərəfindən pozulmasının aradan qaldırılmasını tələb edə bilər. Məhkəmə həmçinin hesab edir ki, məsələ ilə bağlı Avropa Məhkəməsinin formalaşmış presedent hüququna da nəzər yetirmək lazımdır. Məhkəmə “Önəryıldız Türkiyəyə qarşı” işi üzrə 30 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, “İnsan hüquqlarının və X3 haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində tutulan ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər. Akimovanın Azərbaycana qarşı işində “İnsan hüquqlarının və X3 haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntusunu müəyyən edən Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolunun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı olmamaqla əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət” kimi qiymətləndirilə bilər. Avropa Məhkəməsi istinad edilən işində bir daha xatırlarmışdır ki, mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolunun 1-ci maddəsi üç müxtəlif qaydanı ehtiva edir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci qayda ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci qayda mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərdən asılı edir; ikinci abzasda bəyan edilən üçüncu qayda təsdiq edir ki, Razılığa gələn Yüksək Tərəflər ümumi maraqlara müvafiq olaraq digər tədbirlərlə yanaşı, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncu qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilə misalları ilə bağlı olduğundan, birinci qaydada bəyan edilən ümumi prinsip baxımından şərh edilməlidir. “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın 1 saylı protokolunun 1-ci bəndinə əsasən “Hər bir fiziki və ya hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Mülkiyyətçinin hüquqlarına müdaxilə ilə əlaqədar “Uolson İsveçrəyə qarşı” məhkəmə işi üzrə Avropa İnsan Hüquqları Məhməkəsinin qərarında müdaxilənin zəruriliyinin meyarları dəqiq müəyyən edilmiş və həmin qərara əsasən zərurilik anlayışı, müdaxilənin kəskin ictimai tələbatı əks etdirməsini və müdaxilənin demokratik cəmiyyətdə zəruriyini müəyyən edərək, onun qanunun məqsədinə uyğun olmasını nəzərdə tutur. Sadalanan qanunvericilik aktı normaları baxımından iddianı araşdıran məhkəmə hesab edir ki, iddiaçının “gözlənilən mülkiyyət hüququ vardır”. Ona görə də o cavabdehdən ona məxsus torpaq sahəsindən və üzərindəki tikililərdən çıxmasını tələb edə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 27.05.2003-cü ildə “Qarrax Çexiyaya qarşı” iş üzrə qəbul etdiyi Qərarında nümayiş etdirdiyi mövqeyə görə “ real mövcud olan əmlakı əldə etməyi gələcəkdə qanuni olaraq gözləmək hüququ” mülkiyyət hüququ kimi qiymətləndirilir. Həmin məhkəmə əmlak gözləntisinin hüquqa əsaslanıbəsaslanmamasının mülkiyyət hüququnun yaranmasına təsirini “Miray Fransaya qarşı” iş üzrə 23.09.2003-cü il tarixdə qəbul etdiyi Qərarda xüsusi ilə dəqiq izah etdi və hesab etdi ki, “maddi rifaha çatmağın sadəcə gözlənilməsi ilə onun Konvensiyanın 1 nömrəli Protokolunun 1-ci maddəsi baxımından hüquqa uyğun gözlənilməsi arasında fərq vardır”. Məhkəmənin xatırlatmasına görə “tələbin hüquqi cəhətdən reallaşması kifayət qədər müəyyən edilirsə, o, Konvensiyanın 1 nömrəli Protokolunun 1-ci maddəsi baxımından “mülkiyyət kimi qəbul edilir” (“Burdov Rusiya Federasiyasına qarşı” və «Yunanıstan neftayırma zavodu “Strən” və X1rşı» işlər). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Önəryıldız Türkiyəyə qarşı iş üzrə 30 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin 1-ci hissəsində «mülkiyyət» anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da «əmlak hüquqları» və beləliklə, «mülkiyyət» kimi qiymətləndirilə bilər. «Mülkiyyət» anlayışı «mövcud mülkiyyətlə» məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və «qanuni gözləntiyə» malik olduğuna dair tələblərini də əhatə edə bilər (§ 124). Göründüyü kimi, Azərbaycan Respublikasının Konstitusiyası, qanunları və digər normativ hüquqi aktları ilə yanaşı Beynəlxalq Konvensiyalar da mülkiyyət hüququna həddindən artıq əhəmiyyət verirlər. Məhkəmədə həmin işə baxıldıqda müəyyən edildi ki, cavabdehlər Cavabdeh İddiaçı məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Ə.Məmmədov küçəsində yerləşən 321 kv.m torpaq sahəsi və onun üzərində yerləşən 3 yaşayış otağı və 1 qaraj tipli tikilini qanunsuz olaraq zəbt etmiş, dəfələrlə müraciət etməsinə baxmayaraq, torpaq sahəsini tərk etməmişdir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı mübahisəli torpaq sahəsi sənədlər əsasında onun istifadə və sahibliyində olduğundan o, öz mülahizəsinə görə mübahisəli torpaq sahəsinə dair hüquqlara malikdir. Lakin cavabdeh mübahisəli torpaq sahəsindən könüllü olaraq çıxmadığından iddiaçı öz mülahizəsinə görə mübahisəli torpaq sahəsindən istifadə edə bilmir. Buna görə də iddiaçı mövcud iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Odur ki, iddia qismən təmin edilərək, cavabdeh mübahisəli torpaq sahəsindən və tikililərdən çıxarılmalı, torpaq sahəsi və tikililər boşaldılaraq, onun faktiki sahibliyinə və istifadəsinə verilməlidir. İddiaçı maddi və mənəvi ziyanla bağlı iddia ərizəsində göstərdiyi dəlillər işin materialları ilə təsdiq olunmur. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı ona maddi və mənəvi zərər dəyməsi barəsində tələbi üzrə hər hansı sübutu məhkəməyə təqdim etmədiyindən və ona zərər vurulmasını məhkəmədə sübut etmədiyindən, habelə onun maddi və mənəvi ziyan dəyməsinə dair tələbi məhkəmədə işin hər hansı halı və sübutu ilə sübuta yetirilmədiyindən, maddi və mənəvi ziyana görə pulun ödənilməsinə dair iddia tələbi əsassızdır. Odur ki, iddianın maddi və mənəvi ziyana görə pulun ödənilməsinə dair hissəsi rədd edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh İddiaçı məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Ə.Məmmədov küçəsində yerləşən 321 kv.m torpaq sahəsi və onun üzərində yerləşən 3 yaşayış otağı və 1 qaraj tipli tikilidən çıxarılmalı və boşaldılaraq iddiaçının faktiki sahibliyinə və istifadəsinə qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Odu ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Ə.Məmmədov küçəsində yerləşən 321 kv.m torpaq sahəsi və onun üzərində yerləşən 3 (üç) yaşayış otağı və 1 (bir) qaraj tipli tikilidən çıxarılsın. Bakı şəhəri Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Ə.Məmmədov küçəsində yerləşən 321 kv.m torpaq sahəsi və onun üzərində yerləşən 3 (üç) yaşayış otağı və 1 (bir) qaraj tipli tikili boşaldılaraq İddiaçı faktiki sahibliyinə və istifadəsinə qaytarılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar