Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5164/2025 28.10.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı mülki iş üzrə (Açar sözlər: qüsurlu mobil telefonun əvəz olunaraq yenisinin verilməsi tələbi) Hakim Məmmədova Lətifə Məhyəddin qızının sədrliyi, Məhkəmə iclas katibi Məşədiyeva Fidan Eynur qızının katibliyi, İddiaçı İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “qüsurlu mobil telefonun əvəz olunaraq yenisinin verilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə. MÜƏYYƏNETDİ: İşin halları:
1. İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “qüsurlu mobil telefonun əvəz olunaraq yenisinin verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" MMC-dən alınmış “İphone 16 Pro Max 256 GB white” markalı mobil telefonda olan qüsurun aradan qaldırılaraq, yəni mobil telefonun yeni vəziyyətdə, tam istifadə üçün yararlı şəkildə əvəz olunaraq ona verilməsi və ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2025-ci il tarixdə "xxxx" MMC-nin Sumqayıt filialından kredit şərtləri ilə “İphone 16 Pro Max 256 GB white” markalı mobil telefon almışdır. Mobil telefon alarkən tərəflər arasında razılaşmaya əsasən mobil telefonun qiyməti 3199.99 manat olsa da qızıl zəmanət və telefonun aktivləşdirilməsi üçün rüsumlarla birlikdə 4216.99 manat məbləğində kredit müqaviləsi bağlanmış, iddiaçı ilkin olaraq 480 manat ödəniş etmiş, qalan borcu isə hər ayın 5-dən 5-nə kimi 6 ay müddətində hər ay 622.83 manat ödəniş etməyi öz öhdəsinə götürmüşdür. Həmçinin telefon alınarkən 14 gün müddətində qüsür olarsa yenisi ilə əvəz olunacağı, həmçinin qızıl zəmanət olaraq isə 2 il ərzində telefon əldən düşərsə, sınarsa, ekranda hər hansısa bir ciddi zədə olarsa, oğurlanarsa belə mağaza tərəfindən yarı qiymətinə dəyərləndiriləcəyi bildirilmişdir. Telefon alındığı gündən 7 gün sonra telefona mobil nömrə və qoruyucu üzlük vurulan zaman ona telefonda əsmələr olduğu bildirilmişdir. Bununla bağlı iddiaçı “Kontak Home” mağazasına yaxınlaşmış və telefonda olan problemi bildirmişdir. Texniki şöbənin əməkdaşı telefona baxış keçirmiş, telefonu formatladıqdan sonra ekran düzəlsə də bir neçə dəqiqə sonra yenidən əsmələr başlamışdır. Telefonda olan əsmələr düzəlmədiyindən iddiaçı “qüsurlu” mobil telefonun yenisi ilə əvəz edilməsini xahiş etmişdir. Onlar isə telefonun diaqnostika mərkəzinə göndərməli olduğunu, əgər oradan zavod qüsuru olduğu bildirilərsə yenisi ilə əvəz oluna biləcəyi bildirilmişdir. Bundan sonra o, telefonu mağazanın əməkdaşına təhviltəslim - faktura əsasında təhvil vermiş və aktın qeyd hissəsində əməkdaş tərəfindən “cihazın sağ üst enerji göstəricisi hissəsində pover düyməsini sıxıb kilitləyib açan zaman əsmələr olur” qeydi aparılmışdır. Problemin 14 gün müddətində həllini tapacağı bildirilsə də iddiaçı 14-cü günün tamamında mağazaya yaxınlaşan zaman ona servisdən cavab gəldiyini və mobil telefonda heç bir “qüsur” olmadığı bildirilmişdir. Bundan sonra iddiaçı mağazaya, müştəri xidmətlərinə dəfələrlə müraciət-şikayət etsə də heç bir nəticəsi olmamışdır. Son olaraq isə iddiaçıya telefon dəyişdiriləciyi halda 75% hesabından pul çıxarılacağı bildirilmiş, iddiaçı isə bununla razılaşmayaraq məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin tam təmin edilməsini məhkəmədən xahiş etdi.
4. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə izahatında bildirdi ki, iddia tələbini qəbul etmirlər. Telefonda qüsur aşkarlanmayıb. Bu barədə rəsmi servisin rəyini də məhkəməyə təqdim edilib. Məhkəmədə telefona baxış keçirilsə də telefonda hər hansı qüsur və ya ekranda əsmə müşahidə olunmadı. Onlar iddiaçı tərəfə telefonu məhkəmə baxışına kimi özündə saxlaması və həmin müddət ərzində qüsur aşkar etsə video-qeydiyyata alıb məhkəməyə təqdim etməsini təklif etmişlər, ancaq tərəf bununla razılaşmır.
Mülki işin materialları:
5. xx.xx.2025-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən İddiaçı “İphone 16 Pro Max 256 GB white” markalı mobil telefon almış və mobil telefonun dəyəri, əlavə xidmətlərin göstərilməsi üçün nəzərdə tutulmuş ödənişlər daxil olmaqla 4216.96 manat müəyyən edilmişdir. Q.Əsədullayev ilkin ödəniş olaraq 480 manat ödəniş etmiş, qalıq borcu isə 3736.96 manat müəyyən edilmişdir.
6. “iSupport” tərəfindən verilmiş xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixli rəylərindən görünür ki, cihaz diaqnostikadan keçirilmiş və xəta aşkar olunmamışdır.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:
Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
7. 11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).
8. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
9. 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
10. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
Azərbaycan Respublikası MPM-nin:
11. 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.
12. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
13. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
14. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
15. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
16. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir
Məhkəmənin mövqeyi:
17. İş materiallarından örünür ki, İddiaçı məhkəmədə cavabdeh "xxxx" MMC-yə qarşı qüsurlu mobil telefonun əvəz olunaraq yenisinin verilməsi tələbinə dair iddia qaldırmışdır. İddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən ona satılmış mobil telefonu qüsurludur - ekranda əsmələr var.
18. Məhkəmə tərəflərin izahatını nəzərə alıb, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir.
19. Belə ki, məhkəmə qeyd edir ki, iddiaçı iddia tələbində qeyd edilən hallara dair hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Həm “iSupport” tərəfindən verilmiş rəydə qüsur olmadığı, həm də məhkəmə iclasında məhkəmə tərəfindən viziual olaraq telefona baxış keçirən zaman qüsur – ekranda əsmələr aşkar edilməmişdir.
20. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələblərindən göründüyü kimi məhkəmədə mülki işlərə hər hansı şəxsin hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün müraciət edildikdə başlanılır.
21. Mülki prosessual qanunvericiliyin sübutlar və sübut etmə qaydaları ilə bağlı normalarına əsasən təqdim olunan sübutlar işə baxan məhkəmə tərəfindən qiymətləndirilməlidir. Bu zaman işdə iştirak edən şəxslər həmin sübutlara etiraz etmək, onların mötəbər olmaması barədə dəlillər və əks-sübutlar təqdim etmək hüququna malikdirlər.
22. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, iddiaçı məhkəməyə öz tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən hər hansı ciddi tutarlı bir sübut təqdim etməmişdir.
23. “Mahmudov Rusiyaya qarşı” 26 iyul 2007-ci il tarixli qərarında X1 Məhkəməsinin də hüquqi mövqeyi belə olmuşdur ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbti probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur və bu zaman sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallardan irəli gələ bilər. (§68)
24. Həmçinin “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında da X1 Məhkəməsi öxşar hüquqi mövqe göstərərək, məhkəmənin sübutları qiymətləndirərkən bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartlarının təbiq edilməsini müəyən etmişdir.
25. Hazırki işdən görünür ki, iddiaçı öz iddiasını əsaslandıra, dəlillərini sübuta yetirə bilməmişdir.
26. Mülki məhkəmə icraatında sübutetmə institutu və sübutetmə yükünə dair qeyd olunmalıdır ki, hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” prinsipinə əsaslanır. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Mülki işlər üzrə icraatda çəkişmə prinsipi isə tərəflərin öz hüquqi mövqeyini müdafiə etməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır.
27. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını MPM-nin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız MPM-nin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. MPMnin 14.1-ci maddəsində nəzərdə tutulmuş vəzifələr çərçivəsində işə baxan məhkəmə hansı halların iş üçün əhəmiyyət kəsb etdiyini, hansı tərəfin onları sübut etməli olduğunu və ya verilən tələbin təmin olunması üçün hansı halların sübut edilməli olduğunu tərəflərin istinad edib-etməməsindən asılı olmayaraq onlarla müzakirə etməlidir. Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. Sübutetmə predmetinin düzgün müəyyən edilməməsi, hüquqi faktların sübut olunmaması, hakimin gəldiyi nəticənin işin halları ilə düz gəlməməsi və qanunvericiliklə müəyyən edilmiş digər hallar apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilməsinə əsasdır.
28. Konstitusiya Məhkəməsinin Plenumu qərarlarında qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərar).
29. Beləliklə, sübutetmə yükü daşıyan iddiaçıl öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də iddia tələbi təmin edilməməlidir.
30. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ:
İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “qüsurlu mobil telefonun əvəz olunaraq yenisinin verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Lətifə Məmmədova