Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5184/2021 12.08.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı fəaliyyətinin qadağan edilməsi və əmlakdan istifadəyə maneənin aradan qaldırılması tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı fəaliyyətinin qadağan edilməsi və əmlakdan istifadəyə maneənin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının ailəsi ilə birlikdə yaşadığı ünvan 1 ünvanda qonşu olan Cavabdeh öz həyətində təsərüffat yaradıb və həyətində toyuq cücə saxlayır. Həmçinin öz həyətində müxtəlif işlər görür və ətrafa toz tüstü yayılır. Yaşadıqları ərazi yaşayış massivi ərazisidir və bu ərazidə hər hansı təsərrüfat və heyvandarlıqla məşğul olunması arzu edilən deyildir. Ətrafa yayılan pis qoxu, tüstü düman iddiaçının və ailə üzvlərinin şəxsi evlərində təhlükəsiz yaşamaqlarəma maneə olur və cox ciddi narahatçılıq yaradır. Yaşadıqları evin həyətinə düşə bilmirlər, təmiz hava almırlar, həyətdan gələn pis qoxunun qarşısının alınması üçün pəncərələrini belə açmırlar. Qeyd olunanlara əsasən iddiaçı Cavabdeh aid ünvanda yerləşən fərdi yaşayış evində fəaliyyət göstərən ferma və təsərrüfatın fəaliyyətinin dayandırılması və cavabdeh tərəfindən faktiki olaraq ona aid fərdi yaşayış evindən istifadəyə maneənin aradan qaldırılmasına və mənəvi zərərə görə 2000 manat, iddianın verilməsi ilə bağlı ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında məhkəməyə bildirdi ki, iddia ərizəsində cavabdehin həyətində fermanın olması qeyd olunsa da, bu belə deyil. Həyətdə ferma yoxdur. Lakin cavabdeh onun pəncərələrinə yaxın yerdə toyuq hini tikib və orada toyuq saxlayır. Hal-hazırda həyətdə cücələr də var. Həmin hindən gələn qoxu onu və ailə üzvlərini narahat edir. Eyni zamanda, cavabdeh səhər tezdən durub həyətində iş görür, bəzən odun doğrayır və qonşuları yatmağa qoymur. Bütün bunlar onun öz yaşayış sahəsindən istifadəsinə maneələr yaradır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. 15.07.2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında məhkəməyə bildirmişdir ki, həyətində 10-15 toyuq saxlayır, lakin bütün bunlar birgə yaşayış qaydalarını pozacaq səviyyədə deyil. Xoruzu ümumiyyətlə yoxdur və həyətdə hər hansı kəskin səslər mövcud deyil. Toyuq hini iddiaçının pəncərəsinə yaxındır və iddiaçı etirazını bildirdikdən sonra evin arxasında yeni hin təşkil edib. Toyuqları gündüz ora buraxır, axşamlar isə köhnə hində bağlayır. Belə ki, bunun üçün şərait həmin hində mövcuddur. Həyətdə səs salmasına gəldikdə, o, nə müsiqi səsləndirir, nə də ki, bilərəkdən səs-küy salır, səhər 7-də durub həyətdə gündəlik işlərini görür. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə, sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Mülki Prosessual Məcəllə məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: "... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. ... hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. ... Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil”. İddiaçı iddia ərizəsində məhkəmədən “Cavabdeh aid ünvanda yerləşən fərdi yaşayış evində fəaliyyət göstərən ferma və təsərrüfatın fəaliyyətinin dayandırılması və cavabdeh tərəfindən faktiki olaraq ona aid fərdi yaşayış evindən istifadəyə maneənin aradan qaldırılmasına və mənəvi zərərə görə 2000 manat, iddianın verilməsi ilə bağlı ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutulması”nı xahiş etsə də, özü məhkəmə iclasında məhkəməyə bildirmişdir ki, cavabdehə məxsus ünvanda hər hansı ferma fəaliyyət göstərmir. Eyni zamanda cavabdeh tərəfindən iddiaçının fərdi yaşayış evindən istifadəsinə törədilən maneələrin mövcudluğunun və ona mənəvi zərərin vurulmasının sübutetmə vəzifəsi iddiaçının üzərinə düşsə də, iddiaçı həmin vəzifəni icra etməmişdir. İddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş Bakı şəhəri Binəqədi rayonu Gigiyena və Epidemiologiya Mərkəzi və Biləcəri Bələdiyyəsinin cavab məktubları ilə isə yalnız işin mübahisə edilməyən halı - cavabdehin həyətində toyuq saxlaması müəyyən edilir, bu isə birbaşa iddiaçının cavabdeh tərəfindən hüquqlarının pozulmasına dəlalət etmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun N.Məmmədovanın şikayəti üzrə 31 yanvar 2006-cı il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddiaçı üzərinə düşən sübutetmə vəzifəsini icra etmədiyi və onun hüquqlarının cavabdeh tərəfindən pozulması və ya hər hansı şəkildə məhdudlaşdırılması iş materialları ilə öz təsdiqini tapmadığına görə, iddia tələbi rədd edilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı fəaliyyətinin qadağan edilməsi və əmlakdan istifadəyə maneənin aradan qaldırılması tələbinə dair iddia ərizəsi rədd edilsin. İddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mulki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №2(001)-5184/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5184/2021
12.08.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver