Məhkəmə qərarları › İş №2(001)-5190/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5190/2021

23.08.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5190/2021 23.08.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X7 oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili X2, cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı “manələrin aradan qaldırılması” tələbinə dair mülki işə 23 avqust 2021-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətini müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb etməklə Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağ massivində yerləşən 1669 saylı bağ sahəsinə, həmin ərazidən çəkilmiş magistral su borusu xəttinin yanı ilə istifadə edilən gediş-gəliş yolunun üzərində cavabdeh tərəfindən quraşdırılmış maneələrin, o cümlədən darvazanın sökülməsi, gediş-gəliş yolunun həmin hissəsindən istifadəyə cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X4 iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağ massivində yerləşən 1669 saylı bağ sahəsi mülkiyyət hüququ üzrə iddiaçıya məxsusdur. Cavabdeh istifadəsində olan 60 saylı bağ sahəsi iddiaçının bağ sahəsi ilə həmsərhəd olmaqla qonşuluqdadır. İndiyə kimi tərəflər arasında digər predmetlər üzrə məhkəmə mübahisələri olmuşdur. Belə ki, Cavabdeh tərəfindən iddiaçıya məxsus olan bağ sahəsinin bir hissəsi zəbt edilərək zəbt olunan torpaq sahəsinin bir hissəsində fərdi yaşayış evi tikilmişdir. Bununla əlaqədar olaraq iddiaçı Binəqədi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, onun qanuni istifadəsinə verilmiş torpaq sahəsinin boşaldılmasını tələb etmiş, məhkəmənin 01 mart 2017-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, zəbt olunmuş torpaq sahəsinin boşaldılması və fərdi yaşayış evinin həmin əraziyə düşən hissəsinin sökülməsi, İlkin cizgi üzrə hasarın bərpa edilməsi Cavabdeh həvalə edilmişdir. Cavabdeh tərəfindən həmin qətnamədən apellyasiya şikayəti verilmiş, şikayət təmin edilməmişdir. Bundan sonra qətnamə qanuni qüvvəyə minərək icraya yönəlsə də, iddiaçı tərəfindən cavabdehə güzəşt edilmiş və tikilmiş evin sökülməməsi üçün evin faktiki ölçülərini nəzərə almaqla bölgü sxemi tərtib edilərək notarial qaydada imzalanmışdır. Həmin bölgü sxeminə əsasən, cavabdehə məxsus fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin onun istiladəsində qalması şərtilə sərhədlər müəyyən edilmiş və hasar iddiaçı tərəfindən inşa edilmişdir. Bundan sonra üç ildən artıq müddətdə aralarında hər-hansı bir mübahisə olmamışdır. Bu müddət ərzində iddiaçı özünə məxsus olan bağ sahəsini daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə qeydiyyata aldırmışdır. Bəhs edilən torpaq sahəsi iddiaçının mərhum anası X1 ayrılmışdır. Vərəsəliyin rəsmiləşməsi qaydasında iddiaçının adına keçirilməsi ilə bağlı bacısı İradə ilə aralarında olan anlaşmaya əsasən, bağ sahəsinin bir hissəsi yekunda iddiaçının bacısının mülkiyyətinə keçməli idi. Ayrılmış bağ sahəsinin ortasından "xxxx" ASC-yə məxsus olan su borusu çəkilmiş olması səbəbindən bağ sahəsi digər qonşu sahələrdə olduğu kimi iki hissəyə bölünmüşdür. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat zamanı bu fakt nəzərə alınmış və mərhum anasının adına bağ sahəsi biri 1669, biri isə 1669K ünvanı ilə qeydiyyata alınmış iki hissə olmaqla qeydiyyat aparılaraq müvafiq çıxarışlar verilmişdir. 1250 kv.metr hissə olan 1669 saylı bağ sahəsi iddiaçının mülkiyyətində qalmış, 250 kv.metr hissə olan 1669K saylı bağ sahəsini isə iddiaçı əvvəldən olan razılaşmamıza əsasən, bacısı İradəyə bağışlamışdır. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan əvvəl də, "xxxx" ASC-yə məxsus olan magistral su borusu çəkildiyi dövrdən, su borusunun mühafizə zolağı yol olaraq istifadə edilməkdədir. Bütün bu müddət ərzində, hətta, torpaq zəbti ilə bağlı məhkəmə mübahisəsi davam etdiyi müddətdə də iddiaçı bu yoldan istifadə etmişdir. Məsələ burasındadır ki, bağların sxematik xəritəsinə əsasən, bağ sahəsinə gedən yol, hal-hazırda iddiaçının bacısına bağışladığı sahənin aşağı tərəfinə nəzərdə tutulmuşdur. Lakin, sxematik xəritə tərtib edilən zaman magistral su xətti olmamışdır. Su xəttinin çəkilməsi sıra ilə bütün bağ sahələrinə öz təsirini göstərmişdir. Hal-hazırda iddiaçının bağ sahəsinə gəlmək üçün nəzəri cəhətdən iki yolu var. Biri bacısı İradəyə bağışlanmış 250 kv.m. lik hissədən keçir. 250 kv.m. bağ sahəsinin yol üçün ən azı 70 kv.m. hissəsi yol üçün bağlanmalıdır ki, bunu da ədalətli hesab etmək olmaz. Onsuz da iddiaçı bacısına daha artıq sahə vermək istəyirdi, lakin, texniki cəhətdən bunu etmək mümkünsüz oldu, çünki, 250 kv.m-lik hissəni qalan 1250 kv.m.lik hissədən borunun mühafizə zolağı ayırır. Digər variant isə, yolun magistral boru xəttinin perimetri boyunca nəzərdə tutulan, bu səbəbdən özəlləşdirilməsinə yol verilməyən, bu müddət ərzində yol kimi istifadə edilən yerdən keçməsidir ki, bu variant həm qanunvericilik, həm üçüncü şəxslərin maraqlarının qorunması, həm də optimallıq baxımından daha məqbuldur. İddiaçının mərhum anasına məxsus bağ sahəsində olduğu kimi, cavabdehin istifadəsində olan bağ sahəsi də magistral su borusu xətti ilə iki hissəyə bölünmüşdür. Boru xəttinin paylayıcı olan hissəsi də məhz iddiaçının bağını iki hissəyə bölən əraziyə düşdüyü üçün həmin hissənin maneəsiz keçidi təmin edilməlidir. Çünki, hər-hansı təmir, profilaktik yoxlama, hansısa xətlə bağlı işlərin "xxxx" ASC tərəfindən görülməsi üçün ilk növbədə məhz həmin paylayıcıya baxış keçirilir. Bu müddət ərzində dəfələrlə "xxxx" ASC əməkdaşları tərəfindən həmin hissəyə baxış keçirilməsinin, hansısa cari təmir işlərinin görülməsinin şahidi olunmuşdur. Ancaq hal-hazırda bu da mümkün deyil, çünki artıq 1 ilə yaxındır ki, su borusunun mühafizə zolağına aid olduğuna baxmayaraq, həmin hissə cavabdeh tərəfindən bağlanmışdır. İddiaçı faktiki olaraq bağ sahəsinə gedib-gələ bilmir. Yaxın zamanlarda su borusunun paylayıcısında işlərin görülməsi ilə bağlı əməkdaşların yerinə gedib çıxa bilməmələrinin, sonda kifayət qədər yaşlı əməkdaşların həmin maneələri aşmaq və alətləri oradan çətinkilə keçirmək məcburiyyətində qaldıqlarının şahidi olunmuşdur. Magistral su borusu xəttinin keçdiyi zolaq boyunca cavabdehin metal hasarı mövcud olmuş və su borusu xətti çəkildiyi vaxtdan həmin hissəyə hansısa maneələr quraşdırmamışdır. Tərəflər arasında bağlanmış barışıq sazişinin 2-ci bəndində qeyd edilmiş ki, tərəflər təsdiq edir ki, Ağaşirinovun magistral su xəttinə paralel olaraq mövcud hasarı və digər qonşu — 61/1671 saylı bağ sahəsi ilə sərhəd xətti metal hasardır. Göründüyü kimi, magistral su xəttinə paralel olaraq mövcud hasar olmuşdur. İddiaçı gedişgəliş yolunun müəyyən olunması üçün öz hesabına ekspertiza keçirilməsi üçün sifariş vermiş və müvafiq rəy alınmışdır. Ekspert rəyinin məzmunundan müəyyən edilir ki, bağların sxematik xəritəsinə əsasən, ilkin olaraq bağlara gəlməli olan yol daha aşağıdan müəyyən edilmiş olsa da, sonradan magistral su boru xəttinin çəkilməsi ilə əlaqədar müəyyən qaçılmaz dəyişikliklər baş vermişdir. Belə ki, magistral su borusu xətti bəhs edilən bağların sırasından keçirilmiş olduğu üçün sırada olan bütün bağlar faktiki olaraq iki təcrid olunmuş hissəyə parçalanmışlar. Bundan əlavə, magistral su borusu xəttinin mühafizə zolağı müəyyən edilmişdir ki, həmin hissənin mülkiyyət hüququ üzrə qeydiyyata alınmasına, eləcə də həmin hissədə hansısa əsaslı tikinti işlərinin aparılmasına qanunvericiliklə qadağa var. Magstral su borusu xəttinə paralel olaraq isə, ərazinin avtomaşın yolu kimi istifadə edilməsi mümkündür. Belə olduqda, iddiaçıya məxsus bağ sahəsinə gəlmək üçün yeganə variant hal-hazırda mübahisələndirilən sahədir. Çünki, ilkin olaraq 1669 saylı bağ sahəsi olaraq ayrılmış, sonradan magistral su borusu xəttinin mövcudluğu ilə əlaqədar 1669k ünvanı ilə qeydiyyata alınmış bağ sahəsi artıq digər şəxsin mülkiyyətindədir və ekspert rəyindən də məlum olduğu kimi, onsuz da kiçik sahəsi olan 1669k saylı bağ sahəsinin bir hissəsinin də iddiaçıya gələn yol üçün alınması həm ədalətsizlikdir, həm də bu variant digər alternativin olmadığı halda nəzərdən keçirilə bilərdi. İddia tələbi üzrə cavabdeh tərəfindən gediş-gəliş yolunun bağlanılması ilə iddiaçının mülkiyyətində olan bağ sahəsindən sahiblik və istifadəyə maneələr yaradılmışdır. Bu maneələrin aradan qaldırılmasını iddiaçı dəfələrlə tələb etsə də nəticəsi olmamışdır. Hal-hazırda da cavabdeh tərəfindən bu cür hərəkətlər davam etdirilir. Sonda B.Z.Rəhimov məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil iddianı qəbul etmədiklərini bildirərək izahatında göstərdi ki, "xxxx" ASC-yə məxsus olan magistral su borusu çəkildiyi dövrdən su borusunun mühafizə zolağı heç də qeyd olunan kimi yol olaraq istifadə edilməmişdir. Çünki, iddia ərizəsində də qeyd edildiyi kimi, "xxxx" ASC-yə məxsus olan magistral su borusu ayrı-ayrı şəxslərə məxsus olan torpaq sahələrinin demək olar ki ortasından keçməklə, həmin torpaq sahələrini şərti olaraq 2 hissəyə ayırmışdır. Mühafizə zolağı hesab edilən hissədən də yalnız həmin torpaq sahələrinin sahiblərinin sahibləri və zərurət olduqda "xxxx" ASC-nin əməkdaşları istifadə edirlər. Yəni, nə magistral su borusunun çəkildiyi vaxtdan əvvəl, nə də sonra qeyd olunan yerdə hər-hansı yol olmamış, hazırda da yoxdur. Sözügedən 60 saylı bağ sahəsi 16 noyabr 2001-ci il tarixli Bağın icarəyə verilməsi haqqında 15436 saylı müqaviləyə əsasən cavabdehə icarəyə verilmiş, həmin vaxtdan da sözügedən bağ sahəsi cavabdehin sahiblik, istifadə və mülkiyyətindədir. Hazırki iddia tələbi açıq-aşkar şəkildə əsassız olmaqla hüquqdan suiistifadədir. İddia ərizəsində göstərildiyi kimi, 1669 saylı bağ sahəsi iddiaçının mülkiyyətində olmuş, sonradan bağın bir hissəsini bacısına bağışlamışdır. Həmçinin, ərizədə qeyd olunur ki, güya ki, bağışlanmış torpaq sahəsinin ölçüsü cəmi 250 kv.metrdir. halbuki, reallıqda həmin ərazi göstəriləndən təxminən 3 dəfə böyükdür. Həmin torpaq sahəsinin kənarı ilə iddiaçıya yol verilməsi ən optimal variantdır. Hazırki iddia tələbi həm də ona görə absurddur ki, hazırki iddia təmin edilsə belə, gərək iddiaçı ən azı daha 20 nəfər qonşuya qarşı eyni tələblə məhkəməyə müraciət etsin. Sonra Vəkil məhkəmədən göstərilənləri nəzərə alıb əsassız olduğundan iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş materiallarında olan: - RX seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Goradil kəndi, 1669 saylı, 0,1248 ha. ölçülü bağ sahəsi 21 iyun 2018-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. - Qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında əvvəllər torpaq sahəsi ilə bağlı məhkəmə mübahisəsi olmuş, mübahisənin həlli kimi tərəflər arasında notarial qaydada barışıq sazişi bağlanmış, həmçinin 04 iyun 2021-ci il tarixdə 1669 və 60 saylı bağ sahələrinin bölgü sxemi hazırlanaraq tərəflər arasında razılaşdırılmış qaydada notarial təsdiqlənmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndələrini izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, işin obyektiv həlli baxımından məhkəmənin təşəbbüsü ilə mübahisəli ərazinin yerinə müayinəsi təyin edilmiş, müayinə zamanı müəyyən edilmişdir ki, bir-biri ilə yanaşı yerləşən 60 və 1669 nömrəli bağ sahələrinin təxminən ortalarından "xxxx" ASC-yə məxsus magistral su kəməri keçir. Cavabdehə məxsus 60 nömrəli bağ sahəsinin nəzəri şimal, yəni fərdi yaşayış evi tikilmiş hissəsindən cənuba doğru bağ sahəsinin sonunadək, həmçinin su kəmərinin keçdiyi sahə də daxil olmaqla heç bir arakəsmə müəyyən edilməmiş, bağ sahəsinin qurtaracağı mişar daşları ilə hörülmüş, dəmir darvaza qoyulmuşdur. Həmçinin, həmin bağ sahəsinin su kəməri keçən sahəsinin üzü nəzəri şimal istiqamətində sol tərəf sərhəddi taxta materialdan, sağ tərəfi, yəni 1669 saylı bağ sahəsi ilə həmin sahədən keçən sərhəddi isə kiçik ölçülü dəmir darvazadan ibarət arakəsmədir. 1669 saylı bağ sahəsinin isə 0,125 ha. sahəli hissəsi su kəmərinin ayırdığı sahədən mişar daşları ilə hörülmüş, kəmərin mühafizə zonasından sonrakı 0,025 sahəli hissə də həm kəmərin keçdiyi şimal, həm də cənub tərəfdən mişar daşları ilə hörülmüşdür. 1669 saylı bağ sahəsinin 0,125 ha. ölçülü hissəsindən, eləcə də 0,025 ha. ölçülü hissəsindən su kəməri istiqamətində qapı mövcuddur. 60 saylı bağ sahəsinin gediş-gəliş yoluna birbaşa çıxışı mövcuddur, 1669 saylı bağ sahəsinin isə yalnız 0,025 ha. ölçülü hissəsinin yola çıxışı mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 175.1-ci maddəsinə əsasən əgər torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətlərinə keçidi yoxdursa, o tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Tələb ilk növbədə o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir; daha sonra tələb keçidin daha az zərər vurduğu qonşulara yönəldilir. Zəruri keçid müəyyənləşdirilərkən qarşılıqlı mənafelər nəzərə alınmalıdır. Həmin Məcəllənin 175.2-ci maddəsinə əsasən sahələrindən zəruri yol və ya birləşdirici xətt keçəcək qonşulara müvafiq kompensasiya ödənilməlidir. Tərəflər arasında razılaşmaya əsasən kompensasiya birdəfəlik ödəniş şəklində verilə bilər. Həmin Məcəllənin 175.3-cü maddəsinə əsasən əgər torpaq sahəsi ilə artıq mövcud olmuş əlaqə xətləri mülkiyyətçinin özbaşına hərəkətləri nəticəsində ləğv edilərsə, zəruri yola və ya birləşdirici xəttə dözmək vəzifəsi əmələ gəlmir. Həm iddia ərizəsinin məzmunundan, həm iddiaçının nümayəndəsinin məhkəmə iclasındaki izahatından, eləcə də iddiaçı ilə cavabdeh arasında notarial qaydada təsdiqlənmiş bölgü sxemindən müəyyən olunur ki, 1669 saylı, cavabdehə məxsus torpaq sahəsinin nəzəri cənub sərhəddi təxminən 60 saylı bağ sahəsinin cənub sərhəddi ilə eyni məsafədə yerləşmiş, sonradan magistral su kəmərinin çəkilməsi ilə iddiaçı su kəmərinin ona məxsus torpaq sahəsindən keçdiyi hissədən aşağı sahəni bacısının adına rəsmiləşdirməklə onun mülkiyyətinə vermiş, həmin torpaq sahəsi də dörd tərəfdən mişar daşları ilə hörülmüş, beləliklə iddiaçının gediş-gəliş yoluna çıxışı bağlanmışdır. Hazırkı halda iddiaçıya məxsus 1669 saylı bağ sahəsinə aid olan yolun iddiaçı tərəfindən özgəninkiləşdirdiyi sahədə qalmış, cavabdehə məxsus 60 saylı bağ sahəsindən isə əvvələr iddiaçının istifadə etdiyi yolun mövcud olması məhkəmə araşdırılması müəyyən edilmir. Belə olan halda məhkəmə hesab edir ki iddia əsassız olduğundan təmin edilməməli, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “manələrin aradan qaldırılması” tələbinə dair iddiası rədd edilsin, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar