Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5194/2024 14.10.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə (Açar sözlər: beh müqaviləsi, pul tələbi, maddi zərər ) Hakim Vəliyeva Elnarə Fəxrəddin qızının sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Həmid Xudaverdi oğlunun katibliyi, İddiaçı İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: 1.İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1700 manat məbləğində behin, həmçinin 2000 manat məbləğində vurulmuş zərərin, ümumilikdə 3700 manat pul vəsaitinin Cavabdeh tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. 2.İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 2024-cü ilin yanvar ayının 19-a kimi makler Cavabdeh Nəsimi rayonunda yerləşən “Olimpus Nəsimi MTK”-da olan ümumi sahəsi 157,8 kv.m təşkil edən 4 otaqlı mənzili almaq üçün onun Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən ofisində xx.xx.2024-cü il tarixdə 1000 ABŞ dolları beh verərək beh müqaviləsi bağlamışdır. Lakin ev sahibi ailəsində olan qeydiyyat problemi ilə əlaqəli evi satmaqdan imtina etmişdir. Bundan sonra Cavabdeh verdiyi behi geri tələb etsə də, sonuncu müxtəlif bəhanələr gətirərək pulu qaytarmaqdan boyun qaçırmışdır. Bu məsələ ilə əlaqədar xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. İş Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 29- cu polis şöbəsinin polis kapitanı X2 icraatmda baxılaraq xx.xx.2024-cü il tarixli HK-1/1178 saylı cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Cavabdehin hərəkətləri nəticəsində iddiaçıya zərər dəymişdir ki, bu zamana qədər nə behi ala bilmiş, nə də yeni bir ev üçün başqa şəxslərlə behləşə bilməmişdir. Zərərim hal-hazırda 2000 manat kimi qiymətləndirir. Belə ki, cavabdehin iddiaçıya vurduğu zərər nəticəsində onun məhkəməyə də xərcləri çıxmışdır. İİ. Tərəflərin mövqeləri: Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirmişdir ki, beh müqaviləsi üzrə öhdəlik yerinə yetirilmədiyindən aylıq 900 manat olmaqla kirayə mənzildə yaşamağa məcbur olmuşdur. Nəticədə ona 2000 manatdan artıq ziyan dəymişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada-elektron kabinet vasitəsi ilə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İİİ. İşin faktiki halları: İş materiallarına əlavə olunmuş: - xx.xx.2024-cü il tarixli beh müqaviləsinin surətindən görünür ki, Cavabdeh İddiaçı “olympus” Nəsimi layihəsi, 157,8 kv.m olan 4 otaqlı, 273 nömrəli mənzilin alqınması üçün 1700 manat beh ödəmişdir. - xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, İddiaçı DİN 102 Xidməti mərkəzinə etdiyi müraciəti əsasında toplanmış material tərəflər arasında olan mübahisə mülki xarakter daşıdığından toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. - Təqdim edilmiş whatsapp yazışma mətnlərindən görünür ki, Cavabdeh 1000 ABŞ dolları məbləğində beh müqaviləsi üzrə pulu iddiaçıya qaytaracağına vəd vermişdir. - iddiaçı tərəfindən elektron qaydada təqdim edilmiş icarə müqaviləsindən görünür ki, iddiaçı aylıq 900 manat olmaqla kirayə mənzildə yaşamışdır. İV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə tiddiaçının izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi qismən təmin edilməlidir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: "... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. ... hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. ... Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil”. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Müki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Müki Məcəllənin 386.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Mülki Məcəllənin 399.3-cü maddəsinə əsasən, müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Məcəllənin 399.4-cü maddəsində göstərildiyi kimi, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Müki Məcəllənin 442-ci maddəsinə müvafiq olaraq, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Müki Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Mülki Məcəllənin 445.2.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki Məcəllənin 448.1-ci maddəsinə görə, cavabdeh onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 491.1-ci maddəsinə əsasən beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir. Həmin Məcəllənin 491.2-ci maddəsinə əsasən behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 492.2-ci maddəsinə əsasən əgər müqavilənin icra edilməməsi üçün beh vermiş tərəf məsuliyyət daşıyırsa, beh digər tərəfdə qalır. Əgər müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsuliyyət daşıyırsa, o, digər tərəfə behin iki mislini ödəməlidir. Bundan əlavə, müqavilənin icra edilməməsi üçün məsuliyyət daşıyan tərəf, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, beh məbləği hesaba alınmaqla, zərərin əvəzini digər tərəfə ödəməyə borcludur. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər arasında gələcəkdə bağlanacaq daşınmaz əmlakın alqı-satqı müqaviləsinin təminatı olaraq xx.xx.2024-cü il tarixli beh müqaviləsinin bağlanılmasına baxmayaraq, cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, nəticədə iddiaçı tərəfindən verilmiş beh məbləğinin qaytarılmamışdır. Məhkəmə hesab edir ki, mənfi nəticələr (behin iki mislinin ödənilməsi) yalnız təqsir olduqda meydana gəlir. Əgər öhdəliyi icra etməyən tərəfin təqsiri olmazsa, onda beh qaytarılır. İki halda öhdəliyin icra edilməməsi beh münasibəti iştirakçısının təqsiri olmamasına dəlalət edir: öhdəliyin icrasına başlanana kimi öhdəliyə tərəflərin razılaşması ilə xitam verilməsi; icranın mümkün olmaması nəticəsində öhdəliyin ləğv edilməsi(MM-in 492.1-ci maddəsi). Mülki Məcəllənin 445.1-ci maddəsinə müvafiq olaraq, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. İddiaçının dəymiş zərərin cavabdehdən xeyrinə tutulması barədə iddia tələbinin hüquqi əsasını təşkil edən Mülki Məcəlləsinin 445.1-ci maddəsində gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsi hüququ kreditora aid edilmişdir. Bu normada nəzərdə tutulan “kreditor” təkcə kredit təşkilatı və ya bazar iqtisadiyyatı subyekti deyil. Qanunvericilik “kreditor” dedikdə, öhdəliyə əsasən xeyrinə hərəkət edilməli olan şəxsi nəzərdə tutur. Bu nəticə Mülki Məcəllənin 385.1-ci maddəsindən irəli gəlir. Həmin normada deyilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki dövriyyənin sabitliyini təmin edən ən vacib prinsiplərdən biri də “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddi zərərlə bağlı məhkəmə qeyd edir ki, cavabdehin beh müqaviləsinin icrasını təmin etməməsi nəticəsində iddiaçı 2000 manat zərərin tutulmasını tələb etməsinə baxmayaraq ona cavabdehin öhdəliyi icra etməməsi nəticəsində tələb edilən məbləğdə zərər vurulmasını təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iddia tələbinin həmin hissəsi ilə bağlı hesab edir ki, təqdim edilmiş icarə müqaviləsində iddiaçı tərəfindən 3 ayliq icarə haqqının əvvəlcədən ödənilməsi icarə götürənin özünün subyektiv hüququ olmaqla yanaşı yaşayış sahəsinin əvvəlcədən 3 aylıq icarə götürülməsinin hazırki beh müqaviləsinin icra edilməməsindən irəli gəlməsi ilə səbəbli əlaqə olmasını təsdiq etmir. Buna baxmayaraq beh müqaviləsinin qeyd edilən tarixdə cavabdeh tərəfindən icra edilməməsi nəticəsində iddiaçı yeni yaşayış sahəsi almaq məqsədi ilə əvəvlki mənzilini satdığından həmin mənzildən çıxaraq icarəyə götürdüyü mənzildə yaşamağa məcbur olması, nəticədə ona maddi zərərin vurulması iş materialları ilə öz təsdiqini tapır və həmin hissədə 500 manat maddi zərərin tutulması məqsədə müvafiqdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə qanunvericiliyin yuxarıda istinad olunan normalarının müddəalarını əsas götürərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 1700 manat məbləğində ödənilmiş behin əvəzi və əldən çıxmış faydaya görə 500 manat İddiaçı xeyrinə tutulmalı, qalan hissədə iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. V. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 1700 (min yeddi yüz) manat məbləğində pul, əldə çıxmış faydaya görə 500 (beş yüz) manat və ödənilmiş dövlət rüsumunun 40 (qırx) manat hissəsi Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Elnarə Vəliyeva
Məhkəmə qərarları › İş №2(001)-5194/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5194/2024
14.10.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver