Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-521/2024 10.01.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi Məhkəmə iclas katibi Quliyev Mikayıl Əbdüləli oğlunun katibliyi, İddiaçı İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 195 000 manat məbləğində pulun və iddia ərizəsi üçün ödənilmiş 486 manat dövlət rüsumu alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, tərəflər qonşu olmuşlar, cavabdeh qonşuluq əlaqələrindən istifadə edərək dəfələrlə ondan pul almış və qaytarmamışdır. Belə ki, cavabdeh ona “Xəzər TV” televiziyasında Xoşqədəm Hidayət qızının yanında mühavizəçi vəzifəsində çalışdığını, 2019-cu ilin mart ayında o, Xoşqədəmlə birlikdə Türkiyə Respublikasına getməli olduğunu və bunun üçün sonuncuya 10000 ABŞ dolları məbləğində pul vəsaiti lazım olduğunu, pulu geri qaytardıqda əlavə olaraq 1000 ABŞ dolları məbləğində qazanc verəcəyini bildirmişdir. İddiaçı cavabdehin sözlərinə inanaraq cavabdehə 17 000 manat məbləğində pul vermiş, sonuncu həmin pulu 1 (bir) həftə sonra geri qaytarmış, 3 (üç) gündən sonra isə geri almışdır. 2019-cu ilin mart ayında cavabdeh Türkiyədə olarkən iddiaçıdan 5000 manat pul istəmiş, iddiaçı isə həmin pulu hissə-hissə cavabdehin anası və qardaşı vasitəsi göndərmişdir. 2019-cu il tarixdə iddiaçı cavabdehdən pulun geri qaytarılmasını tələb etmiş, sonuncu Binəqədi ərazisində yerləşən, 340000 manat dəyərində olan “Yanardağ” restoranın olduğunu, hazırda həmin qeyri-yaşayış sahəsinin məhkəmədə mübahisələndirildiyini və borcunu həmin qeyri-yaşayış sahəsini sataraq qaytaracağını bildirmişdir. Daha sonra cavabdeh həmin qeyri-yaşayış sahəsinin sənədləşmə işlərinin aparılması üçün 6000 manat məbləğində pul istəmiş, iddiaçı isə "xxxx" QSC-dən həmin məbləğdə kredit görürərək cavabdehə vermişdir. Beləliklə, cavabdeh iddiaçıdan dəfələrlə pul istəmiş, sonuncu 2019-cu ilin avqust ayı ərzində 1500-2000 manat olmaqla, cəmi 21500 manat kart hesabına pul göndərmişdir. 2019-cu il avqust-sentyabr aylarında iddiaçı cavabdehdən borcun geri qaytarılmasını tələb etsə də, o məhkəmədə işin yekunlaşmadığını, bu səbəbdən də qeyri-yaşayış sahəsini sata bilmədiyini bildirmiş və iddiaçının ona maddi dəstək göstərməyə davam etməyi xahiş etmişdir. 2021-ci il tarixdə iddiaçı cavabdehin həbs olunduğunu bilmiş, aldadıldığını başa düşərək Binəqədi Rayon Polis İdarəsinə dələduzluqla bağlı müraciət etmişdir. Cavabdeh barəsində CM-nin 178.3.2-ci maddəsi ilə dələduzluq işi açılmış, iddiaçı isə həmin işdə zərərçəkmiş kimi tanınmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsində, həmçinin Bakı Apellyasiya Məhkəməsində cavabdeh iddiaçıya 195000 manat məbləğində pul aldığını etiraf etmişdir. Göstərilənlərə əsasən, iddiaçı mövcud iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(101)-638/2022 saylı hökmündən görünür ki, Cavabdeh özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə İddiaçı özünü “Xəzər TV” televiziya kanalında “Səni axtarıram” televiziya verilişinin aparıcısı Xoşqədəm Hidayətqızı ilə işgüzar işbirliyində olması, şou-biznes aləmi ilə televiziya və başqa sahələrdə ortaq çalışaraq gəlir əldə etdiklərini, hamı tərəfindən tanınmaqla kifayət qədər nüfuza malik olduğunu, özünün 340000 manat dəyərində restoran, torpaq və ticarət obyektinin olduğu və həmin obyektin sənədləşdirilib satılması, yaxud banka girov qoyularaq dəyəri müqabilində pulların götürülməsinə lazım olan maddi dəstək göstərməsi, əldə olunan gəlirin bölüşdürüləcəyi, borc adı ilə almış olduğu pulların qaytarılacağına yalandan vədlər verib aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə ünvan 1 ünvanda 2019-cu ilin mart ayında 17000 manat, 2019-cu ilin mart ayında “Kapital Bank”a aid **********734579 nömrəli kart hesabına köçürülməklə göndərilən 5000 manat, 2019-cu ilin iyul ayında 6000 manat, həmin ilin avqust ayınadək hissələrlə 21500 manat, 2019-cu ilin oktyabr ayınadək milli pul vahidi manata olan nisbətdə 5100 manat təşkil edən 3000 ABŞ dolları, 2000 manat, 3000 manat, 1300 manat, 2500 manatlıq hissələrlə 15900 manat olmaqla, cəmi 65400 manat, 2020-ci ilin yanvar ayından 2021-ci ilin yanvar ayınadək hissələrlə 63135 manat, 2021-ci ilin yanvar-fevral ayları ərzində 25.000 manat olmaqla kart hesabına köçürülməklə, eləcədə özünün ünvana göndərmiş olduğu taksi avtomobili ilə ona göndərilmiş, ümumilikdə 153 535 manat məbləğində pulları Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, Cəfər Xəndan küçəsi, “Zirvə” şadlıq evinin qarşısında, həmçinin, S.Sani Axundov küçəsi, "Azadlıq” metrostansiyası yaxınlığında ələ keçirərək zərərçəkmiş şəxsə külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Həmçinin, hökmün nəticə hissəsinin 7-ci bəndinə əsasən, zərərçəkmiş şəxs İddiaçı mülki məhkəmə icraatı qaydasında iddia vermək hüququnun olması izah edilmişdir. - xx.xx.2022-ci il tarixli ərizədən və xx.xx.2022-ci il tarixli aktdan görünür ki, zərərçəkmiş şəxslr İddiaçı, X4, X5, X6, X7, X1 və X9 1(101)-638/2022 saylı cinayət işi üzrə ərizələrini geri götürmüş, Cavabdeh 195000 manat məbləğində pulu hər ay 2000 manat olmaqla hissə-hissə ödəməyi üzərinə öhdəlik kimi götürmüş, ziyan vurmuş şəxsə atası X2 və anası X3 zamin durmuşlar. - yazılı formada tərtib olunmuş borc müqaviləsindən görünür ki, Cavabdeh qonşusu İddiaçı 23500 ABŞ dolları, 96850 manat məbləğində pul götürmüşdür. - qəbzlərdən görünür ki, müxtəlif vaxtlarda Cavabdeh adına 12204 manat məbləğində pul köçürülmüşdür. Məhkəmə qeyd edir ki, “Məhkəmə qətnaməsi haqqında AR Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli, 4 saylı Qərarının(xx.xx.2020-ci il tarixli düzəlişlərlə)” 4-cü bəndinə əsasən AR MPM-nin 82.4 maddəsinə əsasən Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Buna görə də cinayət işindən meydana gələn ziyanın ödənilməsi barədə mülki işə baxan məhkəmə öz qətnaməsində cavabdehin təqsirlilik məsələsinə qiymət verə bilməz. İddianın təmin olunması barədə qətnamədə hökmlə bərabər, qət edilmiş məbləğ haqqında işdə olan və ya təqdim olunan digər sübutlara da istinad edilməlidir. Beləliklə, MPM-nin 82.4-cü maddəsinə görə, cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmündə əks olunan faktların iki növü mülki iş üzrə sübut olunmaqdan azaddır: 1)hərəkətin olub-olmaması faktı(yəni cinayətin törədilib-törədilməməsi faktı); 2)bu hərəkətin konkret şəxs tərəfindən edilməsi faktı(yəni cinayətin subyekti barədə məsələ); Bu zaman göstərilən faktlar mülki iş üzrə iştirakçıların dairəsindən asılı olmayaraq hamı üçün preyudisialdır və bu faktları heç kim mübahisələndirə bilməz. Məhkəmənin hökmü ilə müəyyən edilən digər hallar mülki iş üçün preyudisial əhəmiyyətə malik deyildir və mülki iş üzrə icraat qaydasında mübahisələndirilərək araşdırılmalıdır. Beləliklə, qanuni qüvvəyə minmiş hökmlə Cavabdeh İddiaçı qarşı AR Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törətməsi sübuta yetirilmişdir. Lakin Məhkəmə qeyd edir ki, qanuni qüvvəyə minmiş hökmlə maddi ziyanın məbləği və həcmi müəyyən edilməmişdir. Belə ki, hökmün “müəyyən etdi” hissəsində və zərərçəkmiş şəxs qismində dindirilmiş İddiaçı izahatında İddiaçı ümumi olaraq 153 535 manat məbləğində maddi ziyanın vurulması qeyd olunmuşdur (mülki iş səh.31). Həmçinin qeyd olunmalıdır ki, iddiaçı nə mülki məhkəmə icraatında aparılan məhkəmə iclasında bununla bağlı sübut təqdim etmişdir, nə də hökmdə hər hansı sübut qeyd olunmamışdır. Yalnızca Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(101)- 638/2022-ci il tarixli hökmündə xx.xx.2021-ci il tarixli “üzləşdirmə”protokoluna istinad olunmaqla, iş üzrə keçirilmiş üzləşmə zamanı İddiaçı istintaqa verdiyi ifadəsinin Cavabdeh üzünə qarşı demiş və sonuncu zərərçəkmiş şəxsin göstərmiş olduğu xüsusatları etiraf etməsi qeyd olunmuşdur (mülki iş səh. 38). Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 1096.1-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). - 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. -1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. - 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər,əmlakından məhrum olması və ya əmlakının zədələnməsi(real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər(əldən çıxmış fayda) başa düşülür. Məhkəmə qeyd edir ki, delikt öhdəliyi elə bir mülki hüquq münasibətidir ki, bu münasibətə görə ziyan(zərər) vuran şəxs mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işguzar nüfuzuna vurulmuş ziyanın əvəzini tam həcmdə ödəməyə borclu olur, zərərçəkən şəxs isə ona vurulmuş zərərin ödənilməsini tələb etmək ixtiyarına malikdir. Delikt məsuliyyətinin əsası kimi zərər dedikdə mülki hüquq subyektinin malik olduğu şəxsi qeyri-əmlak və ya əmlak hüquqlarının pozulması ilə bağlı əmələ gələn mənfi nəticə başa düşülür. Mənfi nəticə həm əmlak, həm də qeyri-əmlak xarakterli ola bilər. Bu nəticə subyektə məxsus olan əmlakın məhv olması və ya zədələnməsində, habelə fiziki şəxsin şikəst olmasında və ya ölməsində ifadə edilə bilər. Zərərin vurulduğu obyektlərin dairəsi müxtəlifdir. Belə ki, cinayət nəticəsində dəymiş ziyanın (zərərin) 3 növü müəyyən edilir: - fiziki - əmlak - mənəvi Göründüyü kimi, hazırki mülki iş üzrə tələb cinayət nəticəsində dəymiş əmlak zərəri ilə bağlıdır. Beləliklə, Məhkəmə cavabdehin məhkəmə etiraf ərizəsini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: - 191.1-ci maddəsinə əsasən iddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. - 191.3-ci maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Beləliklə, Məhkəmə qeyd edir ki, İddiaçı cavabdehə 195000 manat pul məbləğində borcun verilməsini qeyd etsə də, bununla bağlı məhkəməyə heç bir yazılı sübut təqdim etməmişdir. Lakin sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi hallar cavabdeh tərəfindən qismən etiraf edilərək, qismən qəbul edildiyindən (153 535 manat), iddiaçı həmin faktları (153 535 manat borcun verilməsi hissəsində) sübut etmək vəzifəsindən azaddır. Odur ki, göstərilən hallar işin sübut olunmuş xüsusatları kimi qəbul edilərək, göstərilən qaydada qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin: - 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. -119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 153 535 (bir yüz əlli üç min beş yüz otuz beş) manat məbləğində pul vəsaiti və 443,54 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova
Məhkəmə qərarları › İş №2(001)-521/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-521/2024
10.01.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver