Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5259/2024 27.11.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 10.000 (on min) manat məbləğində borcun alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları, sübutların tədqiqi: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, tibb bacısı olduğuna görə, cavabdehin ailəsi ilə tanışdır. Ona torpaq sahəsi lazım olduğu üçün, Cavabdeh ona Abşeron rayonu, Hökməli qəsəbəsində 4 sot torpaq sahəsinin olduğunu və həmin torpaq sahəsinin 14000 manata satıldığını bildirdi. Əvvəlcə Cavabdeh torpaq sahəsi ilə bağlı 2000 manat məbləğində pul vermiş, sonra Elnur ona qalan məbləği hissə-hissə ödəməyi təklif etmiş, o, isə razılaşmışdır. O, ona görə razı olmuşdur ki, torpaq sahəsinin sənədləri düzəlsin. Cavabdeh ümumi olaraq ondan 10000 manat məbləğində pul almışdır. Bir müddət sonra o, cavabdehdən sənədləri tələb etdikdə, müxtəlif bəhanələr gətirərək onu aldatmışdır. Bir müdət sonra o, cavabdeh barəsində polisə müraciət etmiş və məlum olmuşdur ki, Cavabdeh evini satıb, ölkən qaçıb. Məhkəmənin 30 oktyabr 2024-cü il tarixli iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edib, eləcə də "xxxx" KB ASC-nə məxsus Leobanka məxsus çıxarışı məhkəməyə təqdim etdi. O, həmçinin bildirdi ki, onda olan məlumata görə Cavabdeh hazırda Dubay şəhərindədir. Bundan əlavə o, mülki işə qiyabi icraat qaydasında baxılmasına və iddianın tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci madəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə hesab edir ki, cavabdeh məhkəmə iclasına gəlmədiyindən, iddiaçı isə işə qiyabi icraat qaydasında baxılaraq qətnamə qəbul edilməsini xahiş etdiyindən, işə qiyabi icraat qaydasında baxılmalıdır. İşə əlavə edilmiş (12 ədəd) müxtəlif vaxtlarda “VOTSAP” proqramı vasitəsi ilə aparılmış yazışmalardan görünür ki, 5200 manat, 500 manat, 700 manat və 150 manat məbləğlərində pulun cavabdehə ödənilməsi ilə bağlı, eləcə də çıxarışın nə vaxt veriləcəyi ilə bağlı tərəflər arasında müxtəlif vaxtlara təsadüf edən yazışmalar aparılmışdır. İşə əlavə edilmiş "xxxx" KB ASC-nə məxsus çıxarışdan görünür ki, Cavabdeh məxsus 534803*****4915 saylı plastik karta müxtəlif vaxtlarda ümumilikdə 1660 manat məbləğində ödəniş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; Maddə 439.4. Öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2.-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-cı maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmənin mövqeyi: İlk növbədə məhkəmə qeyd edir ki, işin mübahisəli halı ondan ibarətdir ki, iddiaçı Abşeron rayonu, Hökməli qəsəbəsində 4 sot torpaq sahəsini satmaq məqsədi ilə cavabdehə müxtəlif vaxtlarda hissə-hissə 10.000 manat məbləğndə pul ödəmiş, cavabdeh isə həmin pulu əldə etdikdən sonra, iddiaçıya nə torpaq sahəsini satmamış, nə də torpaq sahəsi üçün aldığı 10.000 manat məbləğində pulu geri qaytarmamışdır. Mülki Məcəllənin 14.2-ci maddəsində hüquq və öhdəliklərin yaranma əsaslarından biri kimi əsassız varlanma göstərilmişdir. Əsassız varlanmadan əmələ gələn öhdəliklər müstəqil olmaqla bərabər müqavilədənkənar öhdəlik hesab olunur. Bu tip öhdəliklər qanundan əmələ gələn öhdəlik qrupuna şamil olunduğu üçün müqavilənin deyil də, məhz qanunun birbaşa göstərişləri ilə əmələ gəlir. Əsassız varlanan şəxs (varlanmış şəxs) dedikdə hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə edənlər nəzərdə tutulur. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Yəni nə qanunda, nə də tərəflər arasında bağlanmış müqavilədə əsassız varlanan şəxsə hər hansı əmlakın verilməsi nəzərdə tutulmur. Mülki Məcəlləyə görə hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həyata keçirilməmiş əsas dedikdə bu əsas ya ümumiyyətlə nəzərdə tutulmur, ya da nəzərdə tutulmasına baxmayaraq heç bir hüquqi nəticə doğurmur. Sonralar aradan qalxmış əsas isə müəyyən bir müddət mövcud olmasına baxmayaraq daha sonra aradan qalxır və aradan qalxdıqdan sonrakı dövrdə şəxsin həmin əsasa söykənərək əldə etdiyi əmlak əsassız varlanma hesab olunur. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: Əldə edilənlərdən götürülən faydaya (bu qayda sadəcə əsassız varlanan şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu hallara (vicdansız sahib) aiddir); Əldə edilənləri vermək mümkün olmadıqda, məsələn əsassız varlanma natura şəklində baş verdikdə, onların dəyəri ödənilir. Qeyd olunmalıdır ki, hazırkı halda həm iddiaçının iddiaçının tələbi, həmdə cavabdehin etirazı bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi də öz qərarlarında bu mövqeydən çıxış etmişdir (“Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli Qərar, “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərar və sair). Məhkəmə aparılmış araşdırmanın nəticələrinə əsaslanıb, bu sahəni tənzimləyən qanunvericiliyin tələblərini, o cümlədən yuxarıda qeyd edilən müddəaları rəhbər tutub belə hesab edir ki, tərəflər arasında əsassız varlanmadan irəli gələn münasibətlər yaranmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh iddiaçıya Abşeron rayonu, Hökməli qəsəbəsində 4 sot torpaq sahəsinin olduğunu və həmin torpaq sahəsinin 14000 manata satıldığını bildirmiş, iddiaçı isə razılaşaraq əvvəlcə Cavabdeh torpaq sahəsi ilə bağlı 2000 manat məbləğində pul vermiş, sonra Cavabdeh iddiaçıya qalan məbləği hissə-hissə ödəməyi təklif etmiş, iddiaçı isə bununla razılaşaraq həm nağd şəkildə, həm də Cavabdeh məxsus plastik karta ödəməklə ümumilikdə cavabdehə 10.000 manat məbləğində pul ödəmişdir. Göründüyü kimi hazırki iş üzrə cavabdehə 10.000 manat məbləğində pulun verilməsi iddiaçı tərəfindən təqdim edilmiş “VOTSAP” proqramı vasitəsi ilə aparılmış yazışmalarla, eləcə də "xxxx" KB ASC-nə məxsus çıxarışla tam olaraq sübuta yetirilmişdir. Odur ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 10.000 (on min) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 10.000 (on min) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə ərizə verə bilər. Qətnamədən şikayət verilmədiyi halda, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-5259/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(001)-5259/2024
27.11.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver