Məhkəmə qərarları › İş №2(001)-526/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-526/2022

28.04.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-526/2022 28.04.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclas katibi X2, İddiaçının nümayəndəsi X1, Cavabdeh Cavabdeh, Cavabdehin nümayəndəsi-vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçının xeyrinə 7838,86 manat məbləğində pulun, eləcədə cavabdehin adına “Kontakt Home”dan rəsmiləşdirilmiş müqavilələrə əsasən, 1509,95 manat məbləğində Samsung markalı paltaryuyan maşının, 1332,21 manat məbləğində soyuducunun, 1007 manat məbləğində Gree markalı kondisionerin alınması üçün iddiaçı tərəfindən ödənilmiş 3849,16 manat olmaqla, cəmi 11.688,02 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə münasibətləri yaxşı olan zaman Cavabdeh ondan dəfələrlə borc pul istəmiş, “Kontakt Home”dan iddiaçının adına kondisioner, öz adına isə paltaryuyan, soyuducu, mikrodalğalı soba alaraq, MİDA evlərində yerləşən ünvan 1 ünvanındakı tanışına məxsus evdə quraşdırmışdır. Həmin əşyaların pulu isə iddiaçıya məxsus Birkart hesabından və əmək haqqısından ödənilmişdir. Ödənişlərin məbləği təxminən 4308 manat olmuşdur. Bundan əlavə cavabdehə məxsus İphone markalı telefonun 2 aylıq ödənişini də, yəni 461 manatını cavabdehin xahişi ilə iddiaçı ödəmişdir. Bundan sonra Embawood mebel salonundan masa-oturacaq dəsti alınmış, alqı-satqı cavabdehin adına olsa da, həmin əşyaların dəyəri olan 667 manat pul iddiaçının Birkartından tutulmuşdur. Daha sonra cavabdeh “Express Bank”-dan qızıllarını girov qoymaq, 6000 manat məbləğində pul götürülmüş, həmin puldan da 4230 manatı iddiaçıya məxsus Birkart hesabından və maaş kartından tutulmuşdur. Cavabdeh tərəfindən həmçinin özü üçün 799 manata aldığı “Swarovski” markalı qol saatının ödənişi də iddiaçıya məxsus Birkart hesabından ödənilmişdir. Cavabdeh pulu qaytarmağı söz versə də, müxtəlif bahənələr gətirərək borcunu qaytarmaqdan yayınır. Odur ki, iddiaçı borcunu başqa qaydada əldə edə bilmədiyindən, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. 18.03.2022-ci il tarixdə iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşməsinə dair ərizə ünvanlayaraq, "xxxx"a ödənilmiş 7172 manat pul məbləğinin, cavabdehin adına “Kontakt Home”dan rəsmiləşdirilmiş müqavilələrə əsasən, 1509,95 manat məbləğində Samsung markalı paltaryuyan maşının, 1332,21 manat məbləğində soyuducunun, 1007 manat məbləğində Gree markalı kondisionerin, 667 manata Embawood mebel salonundan alınmış masa-oturacaq dəsti, cavabdehin adına alınmış 799 manat dəyərində “Swarovski” markalı qol saatının, İphone markalı telefonun krediti üçün ödənilmiş 461,86 manat pul olmaqla, 12899,82 manat pul məbləğinin və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin eyni tarixdə ərizə ünvanlayaraq, cavabdeh tərəfindən ona ümumilikdə 4000 manat məbləğində pulun verildiyini etiraf edərək, cavabdehdən ümumilikdə 8899,82 manat məbləğində pulun tutulmasını xahiş etmişdir. Məhkəmənin 10.03.2022-ci il tarixli iclasında ərizə təqdim edən Cavabdeh iddiaçıya 1000 (bir min) manat məbləğində borcunun olmasını etiraf etməklə qəbul etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi E.Xasməmmədova iddia tələbini müdafiə edərək bildirdi ki, cavabdeh onun oğlundan (iddiaçıdan) istifadə edərək, ondan müxtəlif vaxtlarda pul almış, yaşadığı mənzil üçün məişət avadanlıqları alaraq pulunu ona ödətdirmiş, özü üçün bahalı hədiyyələr aldırmışdır. Tərəflər arasında heç bir rəsmi münasibət olmadığından iddiaçı həmin pulları və əşyaları borc olaraq cavabdehə vermişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək bildirdi ki, onun iddiaçıya 4000 manat borcu olub, həmin borcdan 3000 manatı qaytarıb, sadəcə olaraq 1000 manat borcu qalıb. Tələb edilən digər əşyaları isə İddiaçı ona faktiki olaraq birgə yaşadıqları zaman hədiyyə almışdır. Swarovski markalı qol saatını isə iddiaçı onunla barışmaq üçün “8 Mart” hədiyyəsi olaraq almışdır. Cavabdeh həmçinin iddia ərizəsində qeyd olunan lombard ödənişləri hissəsində də tələbi qəbul etmədiyini, həmin ödənişlərin özü tərəfindən ödənildiyini bildirdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili Vəkil iddia tələbini qismən qəbul etdiklərini, cavabdehin iddiaçıya 1000 manat borcu olduğunu bildirərək, tələbin qismən təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmənin 23.11.2021-ci il tarixli iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, 3-cü şəxs “Express Bank” məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakılara görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - 17.06.2020-ci il tarixli 20355829 nömrəli müqavilədən görünür ki, İddiaçı adına “Kontakt Home”dan ("xxxx" MMC) 1007 manat məbləğində Gree markalı kondisioner alınmışdır. - "xxxx" MMC tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh adına 26.03.2020ci il tarixində 929,99 manat məbləğində Samsung Paltaryuyan, 27.04.2020-ci il tarixində 215,99 manat dəyərində Philips tozsoran, 1179,99 manat dəyərində Samsung soyuducu alınmışdır. -"xxxx" ASC ilə Cavabdeh arasında LD********** saylı müqavilə bağlanmışdır (**********00006 nömrəli hesab). - Məhkəmə Ekspertiza Mərkəzinin 24.01.2022-ci il tarixli, 9/9162 saylı ekspert rəyindən və hesabdan çıxarışlardan müəyyən edilir ki, İddiaçı məxsus “X8” kartından **********00006 nömrəli hesaba 6672,66 manat məbləğində pul vəsaitlərinin köçürülməsi müəyyən edilmişdir. - Məhkəmənin 10.03.2022-ci il tarixli iclasında şahid qismində iştirak edən X5 ifadə verərək bildirdi ki, Cavabdeh bacısının evində işləyir, iddiaçını isə bir dəfə görüb. Onlar “lotereya” oynadıqları zaman bundan Cavabdeh xəbər tutmuş onlara qoşulmaq istədiyini bildirmişdir. May ayında Cavabdeh pulu götürmək vaxtı çatmış və o, pulu götürmək üçün Ruad adında bir şəxsə tapşırdığını və pulu ona verməyi bildirmişdir. O, Ruadla Bakı şəhəri Nərimanov rayonunda görüşərək 1000 manat pulu ona vermişdir. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Göründüyü kimi tərəflər arasında yaranmış münasibətlər üzrə öhdəliklərin cavabdeh tərəfindən icra edilməməsi işin materialları ilə təsdiq olunur. Odur ki, məhkəmə qeyd edir ki, iddiaçı verdiyi pul vəsaitini tələb etməkdə haqlıdır. Belə ki, Mülki Məcəllənin 1091.1-ci, 1091.2-ci və 1092.1-ci maddələrinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə qeyd edir ki, əsassız varlanmadan əmələ gələn öhdəlik müqavilədənkənar (hüquq qoruyucu)öhdəlik və ya qanundan əmələ gələn öhdəlik qrupuna şamil olunur. Mülki hüquqda əsassız varlanma öhdəliyi kvazimüqavilədən yaranan öhdəlik hesab edilir: kvazimüqavilə dedikdə, müqavilə münasibətində olmayan iki şəxs arasında yaranan elə bir hüquq münasibəti başa düşülür ki, həmin münasibət öz xarakter və məzmununa görə müqavilə münasibətinə oxşayır; kvazimüqavilə elə bir hərəkətdir ki, bu hərəkət müqavilə kimi öhdəlik yaradır; lakin bu zaman hər hansı razılaşma, saziş və müqavilə olmur. Əsassız varlanma hüquqi əsası(titul) olmayan hadisədir. Hüquqi əsas dedikdə isə hüquqa uyğun olan hüquqi faktlar başa düşülür. Hüquqi fakt rolunda isə qanun, müqavilə, əqd, vərəsəlik çıxış edə bilər. Varlanma sadalanan bu hüquqi faktlardan əmələ gəlmirsə, əsassız varlanma hesab edilir. Varlanma hüquqi əsası olmayan zənginləşmədir. Beləliklə, əsassız varlanmanın şərtlərindən biri müəyyən şəxsin (varlanmış şəxsin) başqa şəxsin (məhrum olanın) əmlakına sahib olmasından, onun hesabına əmlak əldə etməsindən ibarətdir. Yəni həmin şəxs əmək və enerji sərfinə yol vermədən öz əmlak kütləsinin həcmini artırır və bunun nəticəsində məhrum olan şəxsin əmlak kütləsinin həcmi azalır. Əsassız varlanmanın ikinci şərti ondan ibarətdir ki, əmlak əldəetmə hüquqi əsas olmadan yaransın və baş versin, yəni şəxs hüquqi əsas olmadan əmlak əldə etsin. Məhkəmə iddia tələbinin pulun tutulması hissəsində araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissədə qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, keçirilmiş ekspertiza rəyinə əsasən müəyyən edilmişdir ki, İddiaçı “X8” kartından **********00006 nömrəli hesaba 7172,66 (6672,66+500(ekspert 14.04.2021-ci il tarixdə ödənilmiş məbləği nəzərə almamışdır)=7172,66) manat ödəniş edilmişdir. Cavabdeh tərəfindən həmin məbləğdən ümumilikdə 4000 manat məbləğində pulun ödənildiyini bildirilmiş və iddiaçı tərəfindən həmin məbləğin alındığı etiraf edilmişdir.Bu səbəbdən də, cavabdehdən 3172,66 manat(7172,66–4000=3172,66) məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: - 191.1-ci maddəsinə əsasən iddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. - 191.3-ci maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə həmçinin iddianın alınmış məişət əşyalarına dair hissədə araşdıraraq hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - Maddə 666.1. və 668.1.3. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Daşınar əşyaların bağışlanması zamanı hədiyyə verən əşyanı hədiyyə alana verdikdə bağışlanma etibarlıdır. Məhkəmə qeyd edir ki, hədiyyə verən tərəf bağışladığı əmlakın müqabilində hədiyyə alandan heç bir əvəz almır. Ona görə də bağışlama müqaviləsi əvəzsiz müqavilədir. Məhkəmə hesab edir ki, tərəflər müəyyən müddət (2 ilə yaxın) ərzində birgə yaşamışlar və bu müddət ərzində iddiaçı tərəfindən alınmış məişət və digər əşyalar cavabdehə əlamətdar günlərdə(bayramlarda) və müxtəlif vaxtlarda (barışmaq məqsədi ilə) hədiyyə olaraq, yəni əvəzsiz verilmişdir (cavabdehin izahatı və Whatsapp yazışmaları da nəzərə alınmışdır),. Beləliklə, iddiaçı həmin əşyaların hədiyyə olaraq deyil, borc olaraq alındığını bildirsə də, iddia tələbini bu hissədə sübuta yetirə bilməmişdir. - 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T ET Dİ : İddia tələbi qismən təmin edilsin. Cavabdeh 3.172,66 (üç min yüz yetmiş iki manat altmış altı qəpik) manat pul məbləği tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (bir yüz) manat ekspertiza xərci Cavabdeh tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, X3, Kod 210005, VÖEN**********, Müxbir hesab AZ 41NABZ********************, SWİFT BİK CTREAZ 22 hesablaşma hesabına köçürülsün. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar