Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5274/2021 14.09.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçının etibarnamə əsasında nümayəndəsi (vəkili) X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 600 manat əsas borc, 1.770 manat faiz borcu olmaqla ümumilikdə 2.370 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 18 may 2019-cu il tarixdə ondan 300 manat məbləğində borc almışdır. Həmin vaxtı o kartını girov qoysa da sonradan kartını bağlatdırmışdır. Həmin pula görə hər ay 10% ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh kartı tez bir zamanda bağlatdırmış nə əsas borcu, nə də faizləri ödəməmişdir. Bu illər ərzində cavabdeh ona xeyli ziyan vurmuşdur. Belə ki, o, lombard müdirəsidir. Həmin pulu lombarda faizə versəydi xeyli gəlir əldə edə bilərdi. Artıq cavabdeh xeyli gəlirini onun əlindən çıxarmışdır. Cavabdehdən dəfələrlə pulunu tələb etsə də cavabdeh pulu geri qaytarmamışdır. Bundan başqa, cavabdeh 03 iyul 2019-cu il tarixdə ondan yenidən 300 manat məbləğində pul götürmüş və həmin pulu da ona ödəməmişdir. Ümumilikdə cavabdehin ona 600 manat məbləğində əsas borcu var. Bundan əlavə, cavabdeh hər ay 10% məbləğində faiz ödəməli idi. Həmin faizləri ödəmədiyi üçün hazırda əlavə olaraq ona ümumilikdə 1.770 manat məbləğində həmin əsas borcdan əlavə faiz borcunu ödəməlidir. Ümumilikdə cavabdehdən onun xeyrinə 600 manat əsas borc, 1.770 manat faiz borcu, ümumilikdə 2370 manat məbləğində pul tutulmalıdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) yuxarıda göstərilən məzmunda izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin (vəkilinin) izahatını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Cavabdeh tərəfindən yazılmış və imzalanmış 18 may 2019-cu il tarixli iltizamdan görünür ki, o, İddiaçı özünə məxsus kartı (kod 7064) girov qoyaraq 300 manat 10 faizə pul götürmüşdür. Həmçinin qeyd edilmişdir ki, pulu tam bağlayanda kartı geri götürəcəkdir. 03 iyul 2019-cu il tarixli iltizamdan isə görünür ki, o, əlavə olaraq 300 manat da əlavə pul götürmüşdür. 10 iyun 2021-ci nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin: 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, cavabdeh iddiaçıdan cəmi 600 manat məbləğində borc götürsə də, onun qaytarılmasına dair üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, o, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, 600 manat məbləğində borcunu iddiaçıya ödəməlidir. Məhkəmə iddia tələbinin “1.770 manat məbləğində faiz borcunun tutulması” hissəsi ilə əlaqədar isə qeyd edir ki, iddia tələbi bu hissədə təmin edilə bilməz. Belə ki, işin hallarından göründüyü kimi borc məbləği fiziki şəxs kimi İddiaçı tərəfindən cavabdehə verilmişdir. Qanunvericiliklə vətəndaşların faizə pul vermək və bu barədə müqavilə bağlamaq səlahiyyəti yoxdur. Bu cür fəaliyyət yalnız xüsusi lisenziya əsasında həyata keçirilə bilər. Azərbaycan Respublikası qanunvericiliyi ilə faizə pul vermək xüsusi lisenziya alınmaqla banklar, bank olmayan kredit təşkilatları və lombardlar tərəfindən həyata keçirilə bilən fəaliyyət hesab edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 600 manat məbləğində borc və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 7 manatı İddiaçı xeyrinə tutulmalı, qalan hissədə iddia təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 600 (altı yüz) manat məbləğində borc və 7 (yeddi) manat dövlət rüsumunun əvəzi İddiaçı xeyrinə tutulsun. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-5274/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5274/2021
14.09.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver