Məhkəmə qərarları › İş №2(001)-528/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-528/2023

10.01.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-528/2023 10.01.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Abdulova İlahə Telman qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, dələduzluq yolu ilə ələ keçirilmiş 16100 manat dəyərində pul məbləğinin və 3000 manat dəyərində mənəvi zərərin və dövlət rüsumu olaraq 150 manatın Cavabdeh tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, təqsirləndirilən Cavabdeh Ərǝstun oğlu Bakı şəhəri, Nizami rayon Məhkəməsinin iş No 1(007)-320/2022 saylı, xx.xx.2022-ci il tarixli Hökmü ilə Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 4 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Belə ki, hökmlə tam sübuta yetirilmişdir ki, təqsirləndirilən şəxs Cavabdeh özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə real imkanlara və səlahiyyətlərə malik olmadığı halda İddiaçı guya əlaqələrindən istifadə etməklə Azərbaycan Respublikasının CM-nin 234.4.3cü maddəsilə təqsirləndirilən övladı X3 barəsində Bakı Ağır Cinayətlər Məhkəməsində baxılan cinayət işi üzrə cinayət əməlini Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə tövsif etdirib sonuncuya yüngül cəza verilməsinə və həbsdən azad edilməsinə köməklik edəcəyi barədə yalan vəd verib aldadaraq etibarından sui-istifadə etməklə bu adla ilk dəfə 03 may 2021-ci il tarixdə mobil telefonla fotoşəklini göndərdiyi özünə məxsus 410100C**********1115 nomrəli hesaba İddiaçı tərəfindən "xxxx" ASC-nin Şəki rayon Filialından köçürülmüş 10100 manat, 09 iyun 2021-ci il tarixdə eyni ünvandan həmin hesaba göndərilmiş 3000 manat, 09 iyul 2021-ci il tarixdə mobil telfonla fotoşəklini göndərdiyi özünə məxsus "xxxx" ASC-na aid 4169 7413 9666 3963 saylı bank kartına İddiaçı qohumu X1 vasitəsilə ünvan 2 ünvanda yerləşən "xxxx" ASC-nin filialından köçürülmüş 2000 manat ümumilikdə vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirməklə İddiaçı xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bununla da, ona qarşı dəlǝsuzluq cinayəti işlədən şəxs Cavabdeh madi və mənəvi ziyan vurmuşdur. Ona dəymiş ziyanı tələb etsə də, istintaq dövrü 2000 manat pul qaytarmış qalıq məbləği isə qaytaracağına söz versə də, bu günə kimi qaytarmamışdır. Bu səbəbdən 16100 manat məbləğində pulu dələduzluq və aldatma yolu ilə maddi ziyan vurmuş Cavabdeh mülki məhkəmə icraatı qaydasında tələb etmək məcburiyyətindədir. Bundan başqa cavabdeh ona 3000 manat məbləğində mənəvi zərər vurmuşdur. Tərəflərin izahatları:

3. Məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir və təmin edilməsini xahiş edir.

4. Əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçı izahatlarında bildirmişdi ki, cavabdeh onu oğlunu həbsdən çıxaracağı ilə bağlı aldadaraq pul almışdır. Elçinlə onu “Bizim fakt” qəzetinin redaktoru Səadət xanım tanış etmişdir. Özü elçini vəkil kimi tanımışdır. Oğlu narkotik satışı ilə bağlı həbs olunduğundan Elçin ona kömək edə biləcəyini deyərək, 18000 manat pul istəmişdir. Gəlininin qızıllarını, mal-qaranı satıb Elçinə 10100 manat, daha sonra bir dəfə 4000 manat, bir dəfə də 2000 manat pul göndərmişdir. Bütün pullar onun bank kartına göndərilmişdir. Elçinlə oğlunun vəziyyəti ilə bağlı danışdıqda ona 2000 manat çatmadığı üçün oğlunu azad etdirməyin mümkün olmadığını demişdir. Sonuncu dəfə 2021-ci ilin iyul ayında X7 rayonunda yerləşən filialından Elçinin bank kartına 2000 manat göndərmişdir. Beləliklə, ona cəmi 18100 manat pul vermişdir. Bundan sonra məhkəmə zamanı oğlunun 6 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıldı. Elçindən verdikləri pulu geri tələb etdikdə müxtəlif bəhanələr gətirərək bundan yanınmağa çalışmışdır. Onun barəsində şikayət etdikdən sonra istintaq gedişində 2000 manatı ona qaytarmışdır. Lakin 16100 manatı qaytarmadığından onun 4 il müddətinə azadlıqdan məhrum edilməsinə dair hökm çıxarılmışdır. Məhkəmədə mülki iddia qaldırmamışdır, lakin məhkəmə prosesləri zamanı ona dəyən zərəri ödədiyi təqdirdə şikayətini geri götürəcəyini bildirmişdir. Ona pulunun qayıtması lazım idi, onun azadlıqdan məhrum edilməsi ona maraqlı deyildi.

5. Məhkəmə iclasının vaxtı barədə 7 saylı Cəzaçəkmə Müəssisəsinə cavabdehə təqdim edilməsi üçün bildirişlər göndərilmişdir. Lakin bildirişlər cavabdehə çatdırılsa da, cavabdeh məhkəmə iclaslarında nə nümayəndəsinin iştirakını təmin etmiş, nə də iddiaya yazılı qaydada münasibət bildirmişdir.

6. Cavabdeh əvvəlki məhkəmə iclasında (videokonfrans vasitəsilə) iştirak edərək, izahatında bildirmişdir ki, iddia tələbini qəbul edir. Cavabdehdən dələduzluq yolu ilə 18100(100 manatı yol xərclərinə görə istəmişdir) manat məbləğində pul almış, həmin puldan 2000 manatı cavabdehə qaytarmışdır.Pulu Səadət adlı qadınla birlikdə almış, pulları ona xərcləmişdir. Müstəntiq ibtidai istintaqı qeyri-obyektiv aparıb, apellyasiya şikayəti versə də, nəticəsi olmamışdır. Hal-hazırda həbsdə olduğu üçün tələb edilən məbləği ödəmək imkanı yoxdur. Bunun üçün hər hansı bir əmlakı belə yoxdur. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:

7. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-320/2022 saylı, xx.xx.2022ci il tarixli hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 4 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin xx.xx.2022-ci il tarixdən hesablanması və s. hökm edilmişdir.

8. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-320/2022 saylı, xx.xx.2022ci il tarixli hökmündə qeyd edilir ki, Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs Cavabdeh ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Səadət İbrahimova ilə 2020-ci ildə Nəşriyyatda tanış olmuş, sonuncuya hüquqi yardım göstərdiyi üçün aralarında səmimi münasibət yaranmışdır. 2021-ci ilin aprel-may aylarında Səadət İbrahimova ona Şəki rayonundan olan tanışı Mərziyyə Süleymanovanın zəng edərək sonuncunun tanışı Natella adlı qadının oğlunun həbs edildiyini ve sonuncuya köməklik etmək lazım olduğunu demişdir. Natella ona zəng edərək həbs edilmiş oğlu Vasifə köməklik etməsini demişdir. 2-3 gün sonra Natella, sonuncunun qohumu Zümrüd və Səadət İbrahimova ilə Şamaxinka adlanan ərazidə çay evində görüşmüşlər. Natella oğlu Vasif Qarayevin narkotik vasitələrin dövrüyyəsi ilə bağlı qanunsuz tutulduğu üçün köməklik etməsini ondan xahiş etmişdir. Natellanın oğlu Vasifin anket məlumatlarını götürmüş, işlə maraqlanacağını və məhkəmədə kömək edə biləcəyini demişdir. Bir neçə gün sonra Natella zəng edərək onunla görüşmək istədiyini demiş, Səadət, Natella və sonuncunun qohumu Zümrüdlə çay evində görüşmüşlər. Natellaya oğlu Vasifin istintaq müddətində işinin qurtarmasının çətin olduğunu, lakin məhkəmədə köməklik edə biləcəyini demiş, bunun üçün Natelladan 18000 manat pul istəmiş və həmin pulun məhkəmədə 4-5 yerə bölünəcəyini demişdir. 03 may 2021-ci il tarixdə Natella ilə telefonla danışmış və bank hesabını sonuncuya "Whatsapla" göndərərək pulun həmin hesaba köçürülməsini demişdir. Natella həmin tarixdə karta 10000 manat pul köçürmüş, həmin pulu "Kapital Bankın" Binəqədi filialından 08 may 2022-ci il tarixdə çıxarıb götürmüşdür. Natellaya yenidən zəng edərək əvvəlcədən danışdıqları məbləği, yəni 18000 manatın hamısını göndərməli oluğunu demiş, sonuncu 09 iyun 2021-ci il tarixdə onun kart hesabına 3000 manat, 2 gün sonra yenidən kart hesabına 3000 manat pul göndərmişdir. Həmin pulları Kapital bankın Binəqədi filialından 09-13 iyun tarixlərdə çıxarmışdır. Sonradan Natellaya əvvəlcədən danışdıqları 18000 manat puldan qalan 2000 manatı da göndərməyi demişdir. Natella qohumu Zümrüdə onun bank kartının fotoşəkilini göndərərək pulu həmin bank kartına göndərməyi bildirmişdir. 09 iyun 2022-ci il tarixdə onun bank kartına 2000 manat pul göndərilmiş, həmin pulu Biləcəri qəsəbəsində Araz marketin qarşısında olan Bakomatdan 11 iyun 2022-ci il tarixdə çıxararaq şəxsi ehtiyaclarına xərcləmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vasif Qarayevə 6 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və bundan sonra Natella pullarını ondan tələb etmişdir. Sonuncudan aldığı 18000 manat puldan 2000 manatı qaytarmışdır. Törətdiyi cinayət əməlindən səmimi peşmandır.

9. Cavabdeh isə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-320/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmündən də göründüyü kimi törətdiyi cinayəti səmimi olaraq ibtidai istintaq zamanı və cinayət işinin məhkəmə icraatı dövründə etiraf etmişdir.

10. Bundan başqa cavabdehin cəzaçəkmə müəssisəsində olması faktı nəzərə alınaraq, məhkəmə tərəfindən onunla videokonfrans vasitəsi ilə əlaqə saxlanılmış, cavabdeh vermiş olduğu izahatında iddiaçıdan 18100 manat pulu aldığını, həmin puldan 2000 manat ödədiyini təsdiq etmiş və son olaraq iddia tələbini qəbul etmişdir. Məhkəmə tərəfindən müəyyən edilən işin faktiki halları:

11. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-320/2022 saylı, xx.xx.2022ci il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 4 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin xx.xx.2022-ci il tarixdən hesablanması və s. hökm edilmişdir.

12. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-320/2022 saylı, xx.xx.2022ci il tarixli hökmü ilə müəyyən edilmişdir ki, Cavabdeh aldatma yolu ilə İddiaçı 18000 manat məbləğinə pul vəsaitini ələ keçirməklə İddiaçı xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir.

13. Təqsirləndirilən şəxs Cavabdeh məhkəmə istintaqı zamanı ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, İddiaçı müxtəlif vaxtlarda 18100 manat pul aldığını və 2000 manat həmin puldan zərərçəkmişə qaytardığını bildirmişdir.

14. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin AR CM 234.4.3-cü maddəsi ilə təqsirləndirilən övladı X5 barəsində Bakı Ağır Cinayətlər Məhkəməsində baxılan cinayət işi üzrə cinayət əməlini AR CM-nin 234.1-ci maddəsinə tövsif etirib, sonuncuya yüngül cəza verilməsinə və həbsdən azad edilməsinə yalan vəd verib, aldadaraq ona 18100 manat məbləğində maddi zərər vurduğunu, istintaq dövründə 2000 manat pulu qaytardığından, qaytarılmayan 16100 manat məbləğində pulun cavabdehdən tutulmasını xahiş edir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi

15. Məhkəmə hesab edir ki, ilkin iddia ilə bağlı aşağıdakı normalara istinad edilməlidir. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Belə ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən edilmiş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; - 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; - 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); - 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; - 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər;

16. Göründüyü kimi mülki qanunvericilik mülki hüquq pozuntusunu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməli (hərərəti və ya hərəkətsizliyi) tanıyır. Başqa sözlə, hüquqazidd hərəkətin edilməsində şəxsin yalnız təqsirli olduqda həmin hərəkəti hüquq pozuntusu sayılır. Bundan əlavə, hüquq pozuntusu hüquqi məsuliyyətə səbəb olmalıdır. Hüquqi məsuliyyətə səbəb olmayan hüquqazidd davranış, hüquqazidd əməl hüquqla qadağan edilmiş hərəkət və hərəkətsizlik formasında ola bilər. Vacib amillərdən biri sayılan hüquq pozuntusunun obyektiv cəhəti hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran, hüquqa zidd əməl (hərəkət və ya hərəkətsizlik), habelə zidd əməllə onun ictimaitəhlükəli nəticəsinin müəyyən edilməsi səbəbli əlaqə təşkil edir.

17. Beləliklə Mülki Məcəllənin qeyd edilən maddələrinin məzmunundan o nəticəyə gəlmək olar ki, zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: “zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması”.

18. Bundan əlavə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.( Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsi)

19. Məhkəmənin preyudisial əhəmiyyət daşıyan hökmündən müəyyən edilir ki, cavabdehlərin sübuta yetirilən təqsirli hərəkətləri nəticəsində iddiaçıya 18100 manat məbləğində zərər vurulmuşdur. İddiaçı cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişdir və nəticəsində cinayət nəticəsində vurulmuş zərərin əvəzi ona ödənilməmişdir. Bu səbəbdən cinayət nəticəsində vurulmuş zərərin ödənilməsi ilə bağlı zərərçəkmiş şəxsin mülki iddia vermək hüququ istisna edilmir. Vurulmuş zərərin bir hissəsi, yəni 2000 manat məbləğində pul vəsaiti cinayət işinin ibtidai istintaq dövründə cavabdeh (təqsirləndirilən) tərəfindən iddiaçıya (zərərçəkmişə) geri qaytarılmışdır.

20. Nəticədə məhkəmə İddiaçı ona vurulmuş 16100 manat məbləğində maddi zərərin cavabdehdən tutularaq ona ödənilməsini barədə tələbini əsaslı hesab edir.

21. İddia tələbinin mənəvi zərərin tutulması hissəsini isə məhkəmə əsassız hesab edir.

22. Belə ki, iddiaçının baş vermiş hadisə nəticəsindən hansı mənəvi sarsıntı keçirməsi və ya hansı iztirablara məruz qalması barədə sübut təqdim edilməmişdir.

23. Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarında göstərilmişdir ki, Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Tətbiq edilən prosessual normalar:

24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

25. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

26. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

27. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;

28. 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:

24. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 16100 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı X2 ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.

25. İddia qismən təmin edildiyindən, iş üzrə ödənilmiş 150 manat məbləğində dövlət rüsumunun 138 manat məbləğində hissəsi Cavabdeh tutularaq iddiaçı X2 ödənilməli, dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməlidir.

26. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh 16100 (on altı min yüz) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı X2 ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İddia qismən təmin edildiyindən, iş üzrə ödənilmiş 150 manat məbləğində dövlət rüsumunun 138 (yüz otuz səkkiz) manat məbləğində hissəsi Cavabdeh tutularaq iddiaçı X2 ödənilsin, dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar