Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5306/2020 24.11.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclas katibi Günəş Yusif qızının katibliyi, İddiaçı İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 390 manat əsas pul məbləğinin, 40 manat faiz borcun, dəymiş mənəvi zərərə görə 80 manat məbləğində pul olmaqla, ümumilikdə 510 manat pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, o, Abşeron rayonu, Digah qəsəbəsində kənd təsərüffatı ilə məşğul olur. 2016-cı ildə “xxxx” ASC-dən yeddi baş iribuynuzlu heyvan götürüb saxlamaqla ailəsini dolandırır. 2019-cu ilin oktyabrında Cavabdeh onlara gələrək südü almaq, ondan qatıq hazırlayıb Balaxanı qəsəbəsində yerləşən “Təmiz şəhər”də satacağını bildirmişdir. Satmaq işinin cavabdeh tərəfindən həyata keçirilməsi iddiaçının işini asanlaşdırdığından, südün bir litrini 0.80 manat satmağa başlamışdır. 2020-ci ilin aprel ayına qədər cavabdeh pulu vaxtında versə də, aprel ayında beş gün ardıcıl olaraq südü götürmüş lakin pulunu gətirməmişdir. Dəfələrlə cavabdehdən pulu qaytarmağı tələb etsə də, o, ümumilikdə 480 litr südün pulunu verməkdən imtina etmişdir. Bu barədə iddiaçı Polis İdarəsinə müraciət etsə də, bölmədən ona məhkəməyə müraciət etmək hüququnun olmasını bildirmişlər. İddiaçı pulu ala bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının keçirilməsinin yeri və vaxtı barədə qabaqcadan qanuna müvafiq qaydada məlumatlandırılmış cavabdeh məhkəmədə iştirak etməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməni əvvəlcədən hər hansı bir formada məlumatlandırmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan AR DİN Abşeron Rayon Polis X1 Bölməsinin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, İddiaçı Rafiq adlı şəxsdən pulun alınması barədə müraciətin mülki xarakterli olduğu müəyyən edilmiş və müraciətdə göstərdikləri ilə əlaqədar iddia ilə məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə qeyd edir ki, tərəflər arasında hər-hansı bir yazılı müqavilə mövcud deyildir, yalnızca südün satışına dair şifahi razılaşma olmuşdur. İş materiallarından və iddiaçının izahatından məlum olur ki, İddiaçı Cavabdeh vaxtaşırı bir litri 0,80 manat olmaqla süd vermiş, o da südü satıb pulunu ona geri qaytarırmış. Lakin 2020-ci ilin aprel ayında 5 gün ərzində cavabdeh iddiaçıdan ümumilikdə 480 litr süd götürmüşdür və bu günə kimi pulunu verməmişdir. Məhkəmə Cavabdeh əsassız varlanmış şəxs hesab etməklə, qeyd edir ki, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir (MM 1091-ci maddə). Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir (MM 1092-cu maddə). Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından Cavabdeh hərəkətləri hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh buna hüquqi əsas olmadan 480 litr südü iddiaçıdan almaqla iddiaçının hesabına əsassız varlanmış, sonradan iddiaçının tələbi əsasında aldığı südün pulunu qaytarmamışdır. Yuxarıda qeyd edilən maddi hüquq normalarına əsasən iddiaçının həmin cavabdehə qarşı irəli sürdüyü pul tələbi qismən, yəni (480 litr süd x 0,80 manat= 384 manat) məbləğində əsaslıdır. Buna görə də, cavabdehdən məhkəmə araşırması zamanı əsassız olaraq əldə etməsi sübuta yetirilən 384 manat məbləğində pul alınaraq iddiaçıya verilməlilidir. Məhkəmə həmçinin iddiaçının mənəvi ziyanın ödənilməsi barəsində iddia tələbini araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi əsassızdır. Buna görə də iddianın həmin hissəsi rədd edilməlidir. Belə ki, şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxx 1999-cu il tarixli 7 saylı qərarının 6-cı bəndinə əsasən, iddiaçı mənəvi ziyanın ödənilməsini tələb etdikdə keçirdiyi fiziki və mənəvi sarsıntıları sübut etməlidir. İddiaçının iztirab və sarsıntı keçirməsi işin materialları ilə təsdiq olunmur. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh ona (iddiaçıya) mənəvi zərər dəyməsi barəsində tələbi üzrə hər hansı sübutu məhkəməyə təqdim etmədiyindən və ona mənəvi zərər vurulmasını və psixi əzaba məruz qaldığını məhkəmədə sübut etmədiyindən, habelə onun (iddiaçının) mənəvi ziyan dəyməsinə dair tələbi məhkəmədə işin hər hansı halı və sübutu ilə sübuta yetirilmədiyindən, mənəvi ziyanın ödənilməsinə dair iddia tələbi əsassızdır. Odur ki, iddianın mənəvi ziyanın ödənilməsinə dair hissəsi rədd edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 384 manat pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Qanunun 9.1.20-ci maddəsinə əsasən şəhid ailələri, müharibə veteranları, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumunu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 384 manat (üç yüz səksən dörd) manat pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 20 (iyirmi) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova
Məhkəmə qərarları › İş №2(001)-5306/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5306/2020
24.11.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver