Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5318/2021 17.09.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclas katibi Quliyev Mikayıl Əbdüləli oğlunun katibliyi, İddiaçı (həmçinin digər iddiaçıların nümayəndəsi) İddiaçı1 İddiaçı1 vəkili Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər «ABC-İnşaat” MTK, Cavabdeh2 MTK, Cavabdeh3 MMC və Cavabdeh4 qarşı “pul tələbi və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Tarıyel qızının cavabdehlər «ABC-İnşaat” MTK, Cavabdeh2 MTK, Cavabdeh3 MMC və Cavabdeh4 qarşı “pul və barışıq sazişinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, 17 sentyabr 2016-cı il tarixli barışıq sazişinə əsasən ödənilməmiş qalan 319.000 manat pulun, 30.10.2017-ci il tarixdən hesablanmaqla, həmin pulun bizə tam ödəniləcəyi günə kimi, illik 5 faiz məbləğində pulun, mənəvi zərərə görə isə 15.000 manat pulun cavabdehlərdən müştərək qaydada tutularaq, hər birinə bərabər hissədə ödənilməsi barədə qətnamə, eləcə də 17 sentyabr 2016-cı il tarixli barışıq sazişində təminat kimi göstərilmiş 200 kv.m. qeyri-yaşayış sahəsinin 2010-cu ildən başqa şəxsə verilməsini gizlədərək, onları aldatması faktı üzrə Cavabdeh4 əməlinə hüquqi qiymət verilməsi üçün xüsusi qərardad qəbul edilməsini xahiş etmişdir. İddiaçı1 iddia tələbinin həcminin artırılması barədə məhkəməyə ərizə təqdim edərək, pul və 17 sentyabr 2016-cı il tarixli barışıq sazişinin etibarsız hesab edilməsi barədə qətnamə, həmçinin iş üzrə faktlara əsasən xüsusi qərardad çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlər arasında bağlanmış və 43 saylı notariat kontorunda təsdiq edilmiş 17 sentyabr 2016-cı il tarixli barışıq sazişinin 4-cü bəndinə görə, həmin zaman cavabdehlərin qanuni təmsilçisi olmuş Cavabdeh4 360.000 manat borcu mərhum X2 hüquqi varisləri kimi onlara 30.10.2017-ci il tarixədək ödəməyi öhdəsinə götürmüşdür. Həmin sazişin 11-ci bəndi ilə müəyyən edilmişdir ki, Cavabdeh4 360.000 manat borcu bu sazişlə müəyyən edilmiş müddətdə müştərək qaydada ödəməsinə dair öhdəliyini tam yerinə yetirə bilmədiyi halda, X2 hüquqi varisləri ilə birlikdə bu sazişin yerinə yetirilməsinin təminatı olan Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2337-ci məhəllədə yerləşən binanın birinci mərtəbəsindəki 200 kv.m. qeyri-yaşayış sahəsini dərhal sataraq, sonunculara qalan borcunu bağlayır. Bu günədək onlara hissə-hissə olmaqla cəmi 41.000 manat pul geri qaytarılmışdır. Qalan pulun ödənilməsi cavabdehlər tərəfindən təmin edilməmişdir. Sazişin təminatı olan qeyri-yaşayış sahəsini isə sataraq, borcun qalan hissəsinin ödənilməsinə yönəltmək mümkün deyil. Çünki, həmin sahə başqa şəxsə məxsus olmuşdur, saziş imzalanarkən onlar bu barədə aldadılmışlar. Belə ki, Bakı şəhəri Xətai rayon məhkəməsinin 2(011)-11506/2017 saylı 08 dekabr 2017-ci il tarixli qətnaməsi ilə iddiaçılar X3 və X4 cavabdehlər „Yüksəliş-C" MTK-ya, Cavabdeh4 və Bağışov Xaləddin Vəkil oğluna qarşı iddiaları təmin edilərək, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2337-ci məhəllədə, “Yüksəliş-C“ MTK tərəfindən inşa edilmiş binanın 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsindən (market) sahəsi 20 kv.m. olan qeyri-yaşayış sahəsinin boşaldılaraq, Cavabdeh3 MTK ilə X6 təhvil verilməklə sahiblik və istifadəsinə verilməsi, X4 hüquqlarının həyata keçririlınəsi ilə bağlı maneələrin aradan qaldırılması, “Yüksəliş-C" MTK ilə X8 arasında bağlanmış 17 oktyabr 2014-cü il tarixli müqavilə üzrə öhdəliklərin icra edilməsinin “Yüksəliş-C“ MMC-yə və Cavabdeh4 həvalə edilməsi, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2337-ci məhəllədə “Yüksəliş-C“ MTK tərəfindən inşa edilmiş binanın 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsindən (market) sahəsi 378,7 kv.m. olan qeyri-yaşayış sahəsinin boşaldılaraq, Cavabdeh3 MTK ilə X7 arasında bağlanmış 20.12.2010-cu il tarixli müqavilə üzrə naturada faktiki olaraq X5 təhvil verilməklə, sahiblik və istifadəsinə verilməsi, X3 hüquqlarının həyata keçirilməsi ilə bağlı maneələrin aradan qaldırılması, "xxxx" MTK ilə X7 arasında bağlanmış 20 dekabr 2010-cu il tarixli müqavilə üzrə öhdəliklərin icra edilməsinin “Yüksəliş-C" MMC-yə və Cavabdeh4 həvalə edilməsi qət edilmişdir. Bu qətnamədən sonra X7 və X1 təminatı kimi bizə verilmiş 200 kv.m. sahədən çıxmalarını tələb etmişlər. Bundan sonra, onlar Xətai rayon məhkəməsinin bu qətnaməsindən apellyasiya şikayəti vermişlər. Həmin şikayətləri üzrə qəbul olunmuş Bakı Apellyasiya Məhkəməsinin 08 yanvar 2019cu il tarixli qətnaməsi ilə şikayətləri təmin edilməyərək, Bakı şəhəri Xətai rayon məhkəməsinin 2(011)-11506/2017 saylı 08 dekabr 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Xətai rayon icra və probasiya şöbəsinin icra məmuru Tural Rəhimovun tərtib etdiyi 27.11.2019-cu il tarixli Aktla cavabdehlə aralarında bağlanmış 17 sentyabr 2016-cı il tarixli barışıq sazişinin təminatı kimi onlara verilmiş 200 kv.m. sahə yuxarıda qeyd olunan məhkəmə aktlarına əsasən X7 və X6 təhvil verilmişdir. Beləliklə, hazırda cavabdehlərlə aralarındakı sazişlə ödəməyi öhdəliklərinə götürdükləri borcun qalan 319.000 manat hissəsini ödəmədiklərindən, eləcə də, borcun təminatı kimi verilmiş qeyri-yaşayış sahəsi onlardan alındığından, qalan pulun cavabdehlərdən məhkəmə qaydasında tutulmasını xahiş etmişlər. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5318/2021 saylı 17 sentyabr 2021-ci il tarixli qərardadı ilə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1 MTK, Cavabdeh2 MTK, Cavabdeh3 MMC və Cavabdeh4 qarşı “pul tələbi və barışıq sazişinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə “pul tələbinə” dair hissədə icraata xitam verilmişdir. İddiaçı və eyni zamanda digər iddiaçıların nümayəndəsi İddiaçı1 və İddiaçı1 vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdilər. Cavabdehlər «ABC-İnşaat” MTK, Cavabdeh2 MTK, Cavabdeh3 MMC və Cavabdeh4 məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan baxılmasının mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - “Yüksəliş-C" MMC ilə İddiaçı1, İddiaçı2 və İddiaçı3 arasında bağlanmış 17 sentyabr 2016-cı il tarixli müqavilədən görünür ki, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2337-ci məhəllədə yerləşən binanın birinci mərtəbəsindəki 200 kv.m. qeyri-yaşayış sahəsinin alıcılara verilməsi, alıcılar isə həmin qeyri-yaşayış sahəsini qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş pay haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşdür. - “Yüksəliş-C" MMC tərəfindən verilmiş 17 sentyabr 2016-cı il tarixli maliyyə arayışından görünür ki, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2337-ci məhəllədə yerləşən binanın birinci mərtəbəsindəki 200 kv.m. qeyri-yaşayış sahəsinin pay dəyərindən 360000 manat alıcılar İddiaçı1 120000 manat, İddiaçı2 120000 manat və İddiaçı3 Tarıyel qızının 120000 manat “Yüksəliş-C" MMC-yə ödənilmişdir. - Sadə yazılı (əlyazma) 22.11.2016-cı il tarixli qəbzdən görünür ki, İddiaçı1 barışıq sazişinə əsasən Cavabdeh4 8000 manat, 07.01.2017-ci il tarixli qəbzə əsasən 8000 manat, 21.01.2017-ci il tarixli qəbzə əsasən 10000 pul almışdır. - X2 hüquqi varisləri İddiaçı2, İddiaçı3 və İddiaçı1 Tariyel oğlu ilə "xxxx" Mənzil Tikinti Kooperativi, Cavabdeh2 və Cavabdeh3 Məhdud Məsuliyyətli Cəmiyyət(əvvəlki MTK) arasında olan «yaşayış və qeyri- yaşayış sahələri» ilə bağlı mülki və icra işləri ilə əlaqədar 17 sentyabr 2016-cı il tarixli barışıq sazişi bağlanmışdır. - Doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, İddiaçı3 və İddiaçı1 X2 övladlarıdır. - Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-11506/2017 saylı 08 dekabr 2017-ci il tarixli qətnaməsi ilə iddiaçılar X3 və X4 cavabdehlər “Yüksəliş-C" MTK-ya, Cavabdeh4 və Bağışov Xaləddin Vəkil oğluna qarşı iddiaları təmin edilərək, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2337-ci məhəllədə, “Yüksəliş-C“ MTK tərəfindən inşa edilmiş binanın 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsindən (market) sahəsi 20 kv.m. olan qeyri-yaşayış sahəsinin boşaldılaraq, Cavabdeh3 MTK ilə X6 təhvil verilməklə sahiblik və istifadəsinə verilməsi, X4 hüquqlarının həyata keçririlınəsi ilə bağlı maneələrin aradan qaldırılması, “Yüksəliş-C" MTK ilə X8 arasında bağlanmış 17 oktyabr 2014-cü il tarixli müqavilə üzrə öhdəliklərin icra edilməsinin “Yüksəliş-C“ MMC-yə və Cavabdeh4 həvalə edilməsi, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2337-ci məhəllədə “Yüksəliş-C“ MTK tərəfindən inşa edilmiş binanın 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsindən (market) sahəsi 378,7 kv.m. olan qeyri-yaşayış sahəsinin boşaldılaraq, Cavabdeh3 MTK ilə X7 arasında bağlanmış 20.12.2010-cu il tarixli müqavilə üzrə naturada faktiki olaraq X5 təhvil verilməklə sahiblik və istifadəsinə verilməsi, X3 hüquqlarının həyata keçirilməsi ilə bağlı maneələrin aradan qaldırılması, "xxxx" MTK ilə X7 arasında bağlanmış 20 dekabr 2010-cu il tarixli müqavilə üzrə öhdəliklərin icra edilməsinin “Yüksəliş-C" MMC-yə və Cavabdeh4 həvalə edilməsi qət edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin 08 yanvar 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı3 və İddiaçı2 tərəfindən verilmiş şikayət təmin edilməyərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-11506/2017 saylı 08 dekabr 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - Bakı şəhəri Xətai rayon icra və probasiya şöbəsinin icra məmuru Tural Rəhimovun tərtib etdiyi 27.11.2019-cu il tarixli Aktdan görünür ki, tərəflər arasında bağlanmış 17 sentyabr 2016-cı il tarixli barışıq sazişinin təminatı kimi iddiaçılara verilmiş 200 kv.m. sahə yuxarıda qeyd olunan məhkəmə aktlarına əsasən X7 və X6 təhvil verilmişdir. Məhkəmə qeyd edir ki, əqdlərin etibarlı olması üçün dörd qrup şərtin (tələbin) olması müəyyən edilir. Bu şərtlər qanunda nəzərdə tutulmuşdur: əqdin subyekt tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticəni doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdlərin etibarsızlığına səbəb olur. Əqdin etibarsızlığı dedikdə, tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi başa düşülür. Etibarsız əqdlər, əsasən, iki meyara görə təsnif edilir: əqdin elementinin qüsurlu olması meyarına görə; əqdin etibarsız sayılması üçün mübahisə edilməsi meyarına görə. Əqdin elementin qüsurlu olması meyarının mahiyyəti ondan ibarətdir ki, əqdin hansı elementin qüsurlu olmasından asılı olaraq, etibarsız əqdlərin dörd növü fərqləndirilir: subyekt tərkibi qüsurlu olan etibarsız əqdlər; iradəsi qüsurlu olan etibarsız əqdlər; forması qüsurlu olan əqdlər; məzmunu qüsurlu olan əqdlər. Əqdin etibarlı olması şərtlərindən biri də iradə və iradənin vahidliyi (vəhdəti) hesab edilir. Əgər bu şərt pozularsa, əqd etibarsız sayılır. Buna iradəsi qüsurlu olan əqd deyilir. İradəsi qüsurlu olan əqdlər odur ki, bu əqdlər bağlanarkən daxili iradə lazımi olmayan şəraitdə formalaşır və ya bu iradə xaricən düzgün ifadə olunmur. Məhkəmə hesab edir ki, hazırki mübahisələndirilən Barışıq Sazişi etibarsızdır. Belə ki, forma baxımından bütün tələblərə əməl edilməklə bağlansa da, müqavilə aldatma yolu ilə bağlanmışdır və işin bu halı məhkəməyə təqdim edilmiş sübutlarla təsdiq edilmişdir. Ona görə də müqavilə etibarsız hesab edilməlidir. Həmçinin nəzərə alınmalıdır ki, müqavilə bağlandıqdan sonra cavabdeh tərəf müqavilədən əmələ gələn öhdəliyi icra etməmişlər. Məhkəmə qeyd edir ki, müqavilələrin etibarsız hesab olunması şərtləri və qaydası Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-349-cu maddələri ilə tənzimlənir. Qanunvericlikdə müqavilələrin etibarsız sayılmasının müxtəlif şərtləri, qaydası və nəticəsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.1-ci maddəsinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.1,337.3-337.5-ci maddələrinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir . Mülki Məcəllənin 339-cu maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər (339.1). Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin (339.2). Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Həmçinin Məhkəmə qeyd edir ki, iradəsi qüsurlu olan əqdlərin növünü daxili iradəsi düzgün formalaşmayan əqdlər təşkil edir. Bu qəbildən olan əqdlərin daxili iradəsi qüsurlu deyildir. Amma bu iradə onun əsl mahiyyətini təhrif edən halların təsiri altında formalaşır. Aldatma nəticəsində bağlanmış əqd bu növ əqdlərə daxil edilir. Söhbət o əqdlərdən gedir ki, bu əqdlərin iştirakçılarından biri onun üçün sərfəli olan əqdi bağlamaq məqsədilə digər iştirakçını aldadır. Həmin əqd iştirakçısının mənafeyi üçün aldatmanı üçüncü şəxslər də həyata keçirə bilərlər. Belə halda üçüncü şəxslər onun icazəsi və tapşırığı ilə hərəkət edir. Aldatma əqd iştirakçısının (kontragentin) və ya bunun mənafeyi üçün üçüncü şəxsin qəsdən etdiyi elə hərəkətdir ki, bu hərəkət nəticəsində digər əqd iştirakçısında əqd və onun elementləri, əqdin bağlanması üçün mühüm əhəmiyyəti olan hallar və faktlar barəsində qeyri-düzgün təsəvvür yaranır. Aldatma dedikdə, istənilən hər hansı elə bir davranış başa düşülür ki, bunun nəticəsində qəsdən başqa şəxsdə yanlış təsəvvür yaranır. Həmçinin aldatma başqa şəxsi yanıltmaq üçün edilən elə bir qanunsuz hərəkətdir ki, bunun nəticəsində həmin şəxs iradəsini ifadə edir. Aldatma, bir qayda olaraq, iki formada həyata keçirilir: fəal hərəkət formasında; passiv hərəkət formasında. Fəal hərəkət formasında aldatma əqd iştirakçısına yalan, saxta məlumatlar verilməsi ilə müşayiət olunur. Passiv hərəkət formasında aldatma əqd iştirakçısının hərəkətsizliyində ifadə olunur. Belə ki, o, əqdin bağlanmasına mane ola biləcək hal və faktlar barədə qəsdən susur. Aldatma həmişə subyektiv cəhətdən qəsdlə xarakterizə olunur. Təqsirin ehtiyatsızlıq formasında aldatma hərəkətləri edilmir: ehtiyatsızlıqla əqd iştirakçısını aldatmaq qeyri-mümkündür. Aldatma yolu ilə bağlanmış əqdin etibarsız sayılması üçün əsas və başlıca şərt aldatmanın əqd bağlamaq məqsədilə həyata keçirilməsindən ibarətdir. Şəxs yalnız əqd bağlanması məqsədilə aldadıldıqda, həmin əqd etibarsız sayıla bilər (MM-in 339-cu maddəsinin 2-ci bəndi). Aldadan tərəfin aldatmadan maddi fayda götürmək və ya qarşı tərəfə zərər vurmaq kimi məqsəd güdməsinin əqdin etibarsız sayılması üçün əhəmiyyəti yoxdur (MM-in 339-cu maddəsinin 2-ci bəndi). Aldatma təkcə əqdin əsas elementlərinə yox, həm də onun fakültativ elementinə — əqdin motivinə də aid ola bilər. Şübhə yoxdur ki, mübahisə yarandıqda aldadan tərəf etibarsız əqd üzrə aldığını könüllü surətdə zərərçəkən tərəfə qaytarmayacaqır. Digər tərəfdən tərəflərin əqdin etibarsızlığı barədə öz aralannda razılığa gəlməmələri şəksizdir. Odur ki, məsələ məhkəmə qaydasında həll olunur. Aldatma yolu ilə bağlanan əqdin etibarsız hesab edilməsi barədə iddia zərərçəkən əqd iştirakçısı tərəfindən verilir. Məhkəmə həmin iddiaya mahiyyətcə baxaraq, əqdin etibarsız hesab edilməsi barədə müvafiq qərar çıxarır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Haqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Məhkəmə iş üzrə toplanmış sübutları yuxarıda şərh olunan maddi və prosessual hüquq normaları ilə əlaqəli şəkildə tədqiq edib hesab edir ki, iddia tələbi təmin edilməli, 17 sentyabr 2016cı il tarixli Barışıq Sazişi etibarsız hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 242, 244, 252, 253.3, 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. X2 hüquqi varisləri İddiaçı2, İddiaçı3 və İddiaçı1 ilə "xxxx" Mənzil Tikinti Kooperativi, Cavabdeh2 və Cavabdeh3 Məhdud Məsuliyyətli Cəmiyyət(əvvəlki MTK) arasında bağlanmış 17 sentyabr 2016-cı il tarixli Barışıq Sazişi etibarsız hesab edilsin. Ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova
Məhkəmə qərarları › İş №2(001)-5318/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5318/2021
17.09.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver