Məhkəmə qərarları › İş №2(001)-5320/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5320/2023

15.11.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5320/2023 15.11.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi, İddiaçı, onun vəkili Vəkil2, Cavabdehin nümayəndəsi (vəkil) Vəkil1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “fərdi yaşayış sahəsindən istifadə hüququnun itirilməsi” tələbi barədə iddia ərizəsinə dair mülki işə 15 noyabr 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları, sübutların tədqiqi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ona məxsus Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Ramazanov küçəsi, döngə 4 ünvanındakı 1 saylı fərdi yaşayış sahəsindən istifadə hüququnun itirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, sözügedən fərdi yaşayış evi iddiaçının xüsusi mülkiyyətindədir. Həmin evdə iddiaçı ilə birlikdə qızı, yəni cavabdeh də qeydiyyatdadır. Buna baxmayaraq, cavabdeh 1 gün də olsun həmin evdə yaşamamışdır. Belə ki, iddiaçı 2000-ci ildə öz vəsaiti hesabına bacısı Gülmirə Quliyevaya ev almış, qızı da həmin vaxtdan bacısının evində yaşamışdır. Cavabdehin iddia ərizəsində göstərilən evdə yaşamaması Binəqədi qəsəbə İnzibati Ərazi dairəsi üzrə nümayəndəlikdən verilmiş arayışla da öz təsdiqini tapır. Hətta, cavabdeh bir müddət sonra Türkiyə Respublikasına getmiş, orada yaşamışdır. Hazırda cavabdehin iddiaçıya məxsus evdən istifadə hüququnun saxlanması mülkiyyətçi kimi iddiaçının hüquqlarını pozmaqdadır. Cavabdehin nümayəndəsi iddia ərizəsinə yazılı etiraz ünvanlayaraq, göstərmişdir ki, iddiaçı iddia ərizəsində Cavabdeh həmin mənzildə bir gün belə yaşamadığını və halhazırda Türkiyə Respublikasında yaşadığını qeyd etmişdir. Lakin, cavabdeh hal-hazırda Azərbaycan Respublikasında yaşayır. Azərbaycan Respublikası vətəndaşının qısa bir müddət ölkə xaricində yaşaması onun yaşayış sahəsində qeydiyyatdan çıxarılması və istifadə hüququna xitam verilməsi üçün əsas hesab edilə bilməz. Cavabdehin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması insan hüquq və azadlıqlarının həyata keçirilməsinə maneə törədir. Cavabdehin əsas insan və vətəndaş hüquq və azadlıqlarını həyata keçirməsi üçün yaşayış sahəsi üzrə qeydiyyatının olması vacibdir. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin qərarına əsasən, Mənzil Məcəlləsinin 30.2-ci maddəsində yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvünün “yaşayış sahəsindən istifadə etmək hüququ” ifadəsi ilə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətləri əsasında yaranmış, yəni ailə hüququ sahəsinə aid olan hüququn (haqqın) həyata keçirilməsi şəkli (forması) nəzərdə tutulmuşdur. Bu hüquq, ailə qanunvericiliyinin ailənin möhkəmləndirilməsi və etibarlı ailə münasibətlərinin təmin edilməsi ilə bağlı ümumi məqsədindən irəli gələn hüquq olmaqla, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinin hüquqlarının sosial təminatı kimi çıxış edir. Bu hüququn yaranması ailə münasibətlərinin mövcudluğu ilə şərtləndiyindən, xüsusi hüquq sahəsinə aid edildiyinə baxmayaraq, onun cəmiyyətin normal mövcudluğu üçün vacib olan ailə, valideyn və uşaq institutlarını qoruyan publik hüquq komponentləri də mövcuddur. İddiaçı özü ərizədə bir-birilə ziddiyyət təşkil edən əsassız faktlar göstərmişdir. İddiaçı ilk olaraq cavabdehin xalası Gülmirə Quliyeva ilə birlikdə yaşadığını irəli sürmüş, daha sonra isə bunun əksinə cavabdehin son bir ildir Türkiyə Respublikası ərazisində yaşadığını və işlədiyini qeyd etmişdir. Cavabdehin xalası Gülmirə Quliyevanın evinə ziyarət məqsədilə gedib-gəlməyi və bəzən yalnız qonaq qismində onun evində qalması təbii haldır. Daimi qalmağa yeri olmayan cavabdeh rəfiqələri ilə birlikdə Bakı şəhərində, iş yerinə yaxın ərazidə kirayə ev götürməyə məcbur olmuşdur. Cavabdehin Türkiyə Respublikası ərazisində yaşaması və işləməsinə gəldikdə isə, cavabdeh həqiqətən maddi sıxıntılar səbəbi ilə bir müddət Türkiyə Respublikasında əmək fəailiyyəti ilə məşğul olmuş, lakin bu müvəqqəti və qısamüddətli xarakter daşımış və onun daimi olaraq yaşadığı ünvana təsir göstərməmişdir. Cavabdeh 2024-cü ildə şəxsiyyət vəsiqəsini dəyişməlidir. Hal-hazırda polis orqanlarında qeydiyyata düşmək çətindir, hətta demək olar ki, mümkün deyildir. Cavabdeh qeydiyyatdan çıxarıldıqdan sonra şəxsiyyət vəsiqəsi almaq üçün müəyyən çətinliklərlə üzləşəcək. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Bu maddədən də göründüyü kimi yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi ilə bağlı tərəflər arasında razılaşma olmadıqda bu hüquqa bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilə bilər. Hazırkı mübahisə üzrə iddiaçının yaşayış sahəsi üzrə istifadə hüquqlarına xitam verilməsini istədiyi şəxs onun öz qızıdır. İddiaçı qızı doğulduqdan sonra onu bacısı Gülmirə Quliyevanın himayəsinə verdiyindən iddiaçını xalası böyütmüşdür. Lakin hər bir uşağın valideyn qayğısına ehtiyacı var. Cavabdeh həm ata, həm ana qayğısından məhrum olmuşdur. Anası ona maddi kömək göstərsə də, ana qayğısı, ana nəvazişi göstərməmişdir. İndi isə qızını yaşayış sahəsində qeydiyyatdan çıxarmaq istəyir. Qanunun bu müddəası yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda həmin hüquqa mülkiyyətçinin könüllü iradəsi əsasında məhkəmə qaydasında tələbinə əsasən kompensasiya verilməklə xitam verilməsinin mümkünlüyünü birmənalı təsbit edir. Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 29 mart 2016-cı il tarixli qərarına görə, məhkəmələr Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verərkən hər bir halda müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığını gözləyərək, konstitusiya hüquqlarının əsassız və həddindən artıq məhdudlaşdırılmasının qarşısını almalıdırlar. Buna görə də məhkəmələr tərəfindən bu mübahisələrə baxılarkən işin faktiki halları dəqiq müəyyənləşdirilməli və araşdırılmalı, o cümlədən yaşayış binasının tərkib hissəsindən istifadə hüququ həyata keçirilmədikdə, onun səbəbləri aydınlaşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Sonda iddianın əsassız olduğundan rədd edilməsinə dair qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsində göstərilənləri təsdiq edərək, iddianı müdafiə etdiyini bildirib, təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə etdiyini bildirərək, izahatında göstərdi ki, qızı doğulduqdan sonra onun səhhətində problemlər yaranmış, buna görə də o, uşağını saxlamaq üçün bacısı Gülmirəyə vermiş, uşağın bütün xərclərini özü ödəmişdir. Sağaldıqdan sonra qızı xalası ilə qalmaq istəmişdir. Ərizədə göstərilən ev istifadəyə yararsız, daxmadır. O, qızının şəraiti yaxşı olsun deyə, öz vəsaiti hesabına bacısına ev almış, qızı da həmin evdə yaşamışdır. Mübahisələndirilən evdə qızı nəinki yaşamamış, ümumiyyətlə oranı tanımır. Sonda İddiaçı məhkəmədən göstərilənləri nəzərə alıb, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddiaya etirazda göstərilənləri müdafiə etdiyini, iddianı qəbul etmədiklərini bildirərək, izahatında göstərdi ki, iddiaçı cavabdehə müvafiq məbləğdə kompensasiya verərsə və ya onu başqa ünvana qeydiyyata alınmasına kömək göstərərsə, cavabdeh iddianın təmin edilməsinə etiraz etməz. Lakin, hazırki halda iddiaçı tərəfindən belə təklif olmadığına görə, iddianın rədd edilməsini xahiş edirlər. Mülki işin materiallarında olan: - FM seriyalı, 009342 nömrəli “qeydiyyat vəsiqəsi”ndən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Ramazanov küçəsi, döngə 4 ünvanında yerləşən 1 saylı fərdi yaşayış evi 27 dekabr 2001-ci il tarixdə iddiaçının mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi BPQMİ-nin MAPS şöbəsindən verilmiş 11 iyul 2023-cü il tarixli arayışından görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. - Binəqədi rayon İcra Hakimiyyəti Başçısının Binəqədi qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 11 iyul 2023-cü il tarixli, 3332 saylı arayışdan görünür ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır, qızı Cavabdeh həmin ünvanda qeydiyyatda olsa da, orada yaşamır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüquq subyektin mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərənsam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur; - 152.2-ci maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır; - 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. - 228.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın; - 228.2-ci maddəsinə görə, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirir; - 228.5.-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin şərh edilməsinə dair” 08 oktyabr 2013-cü il tarixli qərarında Konstitusiya Məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Məhkəmənin mövqeyi: Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. İlk növbədə qeyd olunmalıdır ki, cavabdehin mübahisəli evdən istifadə hüquqlarının itirilməsinin mümkünlüyü məsələsinə qiymət verilməzdən əvvəl, onun həmin evə münasibətdə istifadə hüquqlarının mövcud olub-olmaması məsələsi araşdırılmalıdır. Belə ki, hüquq mövcud olmadığı halda onun itirilməsindən söhbət gedə bilməz. Məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Ramazanov küçəsi, döngə 4 ünvanında yerləşən 1 saylı fərdi yaşayış evi 27 dekabr 2001-ci il tarixdən İddiaçı mülkiyyətindədir. Cavabdeh iddiaçının övladı olmaqla, onunla birlikdə həmin ünvanda qeydiyyatdadır. Lakin, iddiaçı qızının heç vaxt həmin evdə yaşamadığını qeyd edir, cavabdeh tərəf isə bunun əksini iddia etməsə də, cavabdehin hazırda faktiki olaraq daimi yaşayış yerinin olmadığını bildirərək, iddiaçının əsl məqsədinin onu yaşayış sahəsi üzrə qeydiyyatdan çıxarmaqdan ibarət olduğunu qeyd edir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, “....Qeyd olunan xüsusiyyətlər onu göstərir ki, Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan "istifadə hüququ" Mülki Məcəllənin 255.8-ci maddəsində nəzərdə tutulan şəxsi servitutla eyni hüquqi mahiyyətə malikdir. Bu nəticəni Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli Qərarına əsasən faktiki qüvvədən düşmüş Mülki Məcəllənin 228.5-ci maddəsinə də aid etmək olar. Həmin maddədə nəzərdə tutulan "istifadə hüququ"nun qüvvədə olan mülki qanunvericilikdə nizamlanan şəxsi servitutdan tək fərqi mahiyyət baxımından deyil, sırf əmələ gəlmə forması baxımındandır. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsində nəzərdə tutulan "istifadə hüququ" notariat qaydasında müqavilə bağlanılmadan, başqa sözlə, yaşayış sahəsi mülkiyyətçisinin iradəsi xaricində və reyestrdə qeydiyyat aparılmadan yaranırdı. Bu maddənin məzmununa görə ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün iki təməl şərt tələb olunur: - yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ilə birgə yaşayan şəxslərlə onun arasında etibarlı ailə əlaqələrinin mövcudluğu. Bununla bağlı Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 27 oktyabr 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, onunla etibarlı ailə əlaqələri əsasında yaranır; - yaşayış sahəsinə olan ehtiyacını bu mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyətində olması. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsinin məzmununa müvafiq olaraq, yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Bu əsaslar aradan qalxdığı andan mülkiyyətçinin iradəsinə zidd olaraq yaşayış sahəsindən keçmiş ailə üzvünün istifadə etməsi hüquqi cəhətdən əsassız olar. Belə ki, hər hansı bir hüququ əmələ gətirən əsasın aradan qalxması həmin hüququn xitamı ilə nəticələnir.”. Məsələyə Plenumun qeyd olunan mövqeyindən yanaşdıqda məlum olur ki, iddiaçı ilə cavabdeh ana və qız olsa da onlar birgə yaşamamışlar, onların arasında etibarlı ailə əlaqələrinin mövcudluğu da yoxdur. Bu işin mübahisəsiz halıdır. Ona görə də məhkəmə hesab edir ki, cavabdehin Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Ramazanov küçəsi, döngə 4 ünvanındakı 1 saylı fərdi yaşayış sahəsindən istifadə hüququ yaranmamışdır. Təsadüfi deyil ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 may 2008-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, “........MM-in 228.5-ci maddəsində təsbit olunmuşdur ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Həmin müddəanın mənasına görə mülkiyyətçi ilə birgə yaşayan əri, arvadı, valideynləri və uşaqlarının onunla bərabər yaşayış sahəsindən istifadə hüququ onların mülkiyyətçinin icazəsi ilə yaşayış binasının tərkib hissəsinə köçərək orada daimi yaşamaqdan asılıdır. Bu mənada, nəzərə alınmalıdır ki, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri ilə bağlı MM-in 228.5-ci maddəsinə nisbətdə həmin Məcəllənin 228.1-ci maddəsi daha geniş xarakter daşıyır. Belə ki, MM-in 228.1-ci maddəsində mülkiyyətçinin ailə üzvlərindən bəhs edildiyi təqdirdə, həmin Məcəllənin 228.5-ci maddəsi yalnız mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinə aiddir. Göründüyü kimi mülkiyyətçi ilə birgə yaşamayan onun ailə üzvləri MM-in 228.5-ci maddəsinin dairəsinə düşmür.” Yenə həmin Qərarda “....Beləliklə, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, yalnız onunla etibarlı ailə əlaqələri əsasında yaranır.”. Bununla yanaşı cavabdehin mübahisəli evdə yaşayış yeri üzrə qeydiyytda olması ilə bağlı dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, cavabdehin mübahisəli mənzilə qeydiyyata alınması “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 1-ci maddəsinin tələbləri baxımından onun vətəndaş hüquqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratsa da, bunun nəticəsində yaranmış həmin hüquqlar Mülki Məcəllənin 152.1-ci maddəsində nəzərdə tutulan elementlərindən biri olan istifadə hüququnu təşkil etmir və onun qeydiyyata alınması həmin mənzildən istifadə hüquqlarının yaranması kimi qiymətləndirilə bilməz. Məhkəmə onu da qeyd edir ki “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 5-ci bəndinə əsasən yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Bununla belə, məhkəmə belə qənaətə gəlir ki, cavabdehin mübahisəli mənzilə qeydiyyata alınması faktına cavabdehlə mülkiyyətçi arasında Azərbaycan Respublikası MM-nin 228.2-ci maddəsində müəyyən edilmiş yazılı razılaşmanın bağlanması kimi hüquqi qiymət verilə bilməz. İddiaçı tələbində istinad etdiyi halı, yəni cavabdehin onun mülkiyyətində olan mənzilə istifadə hüquqlarının yaranmasını sübuta yetirə bilmədiyindən, habelə cavabdehin iddiaçının mülkiyyətində olan mənzilə qeydiyyata alınması onun həmin mənzilə istifadə hüquqlarının yaranması üçün əsas olmadığından cavabdehin həmin mənzildən istifadə hüququ ümumiyyətlə yaranmamışdır. Mövcud olmayan hüququn itirilməsi də hüquqi baxımdan mümkünsüz olduğundan iddia tələbi əsassız hesab edilməli və rədd edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, İddiaçı Cavabdeh qarşı istifadə hüququnun itirilməsi tələbinə dair iddiası cavabdehin Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Ramazanov küçəsi, döngə 4 ünvanındakı 1 saylı fərdi yaşayış sahəsindən istifadə hüquqlarının olmaması səbəbindən rədd edilməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh qarşı “fərdi yaşayış sahəsindən istifadə hüququnun itirilməsi” tələbi barədə iddiası rədd edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev Cavabdehlər: X4 X3 Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, ev 4A, mənzil 416 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04 fevral 2020-ci il tarixli, 2(001)- 1080/2020 saylı qətnaməsi Sizə göndərilir. Qoşma: qətnamə- 02 vərəqə, 01 nüsxədə. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar