Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-5331/2025 29.07.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əliyev İlkin Əli oğlu, İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 İdarəsinə qarşı “protokolun qərarına görə ödənilmiş vəsaitin geri qaytarılması” tələbinə dair iddia ərizəsinin mümkünlüyünü yoxlayaraq, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçılar X2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, EQ 26293325 saylı qərarın Cəbrayıl Rayon Məhkəməsinin müvafiq qərarları ilə ləğv edildiyi üçün həmin qərarlara görə ödənilmiş 128 manat məbləğin ona geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri öyrənərək hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsinin əsaslandırılmasından və ona əlavə edilən sənədlərdən müəyyən edilir ki, iddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 İdarəsinin EQ 26293325 saylı, 25 fevral 2025-ci il tarixli “inzibati xəta haqqında” qərarının Cəbrayıl Rayon Məhkəməsinin qərarı ilə ləğv edildiyinə əsaslanaraq, dövlət büdcəsinə ödədiyi inzibati cərimənin ona geri qaytarılmasını xahiş edir. Halbuki, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsində qeyd edilmişdir ki, Bu Qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsin barəsində ictimai işlər, inzibati həbs və ya cərimə növündə inzibati tənbeh tətbiq edilməsi nəticəsində həmin şəxsə vurulmuş ziyan ödənilməlidir. Həmin Qanunun 4-cü maddəsində qeyd edilmişdir ki, Vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş hallarda, miqdarda və qaydada ödənilməsi hüququ inzibati xəta haqqında işə xitam verildikdə yaranır. 5-ci maddəsində isə qeyd edilmişdir ki, Bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2009-cu il tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”-nin 8-ci bəndində qeyd edilmişdir ki, qanunvericilikdə nəzərdə tutulmuş qaydada dövlət büdcəsinə artıq ödənilmiş vergilərin və qeyri-vergi ödənişlərinin dövlət büdcəsindən qaytarılmasını həyata keçirmək Nazirliyin vəzifələrindən biridir. Göründüyü kimi iddiaçı sonradan ləğv edildiyini iddia etdiyi(lakin xitam verilməmişdir) inzibati xəta haqqında qərara əsasən ödəmiş olduğu inzibati cərimənin geri qaytarılmasını arzulasa da, həmin vəsaitin dövlət büdcəsindən qaytarılmalı olduğunu, ödənişlərin dövlət büdcəsindən qaytarılmasını həyata keçirmək səlahiyyətinin Maliyyə Nazirliyinin məxsus olduğunu nəzərə almadan, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 İdarəsini formal olaraq cavabdeh kimi cəlb etməklə ona qarşı qeyrimüəyyən tələb irəli sürmüşdür. Odur ki, iddia ərizəsi aşağıda qeyd edilən forma və məzmun tələbinə uyğun olmadığından geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsini digər ərizələrdən fərqləndirən cəhətlərdən biri də onun forma və məzmununun qanunla müəyyən edilməsidir. Aşağıda göstərilən prosessual normaların tələblərindən müəyyən olunur ki, iddia ərizəsi MPM-in tələblərinə riayət edilməklə verildiyi halda onun məhkəmə icraatı mümkündür. İddia ərizəsinin forma və məzmununa əməl edilməsi, iddia ərizəsində iddiaçının tələblərinin aydın göstərilməsi, tələb yönəldilən tərəflərin dəqiq müəyyən edilməsi, iddiaçının tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların qeyd edilməsi ilk növbədə mülki işlərə prosessual qanunvericiliklə müəyyən edilmiş müddətlər çərçivəsində baxılmasının təmin edilməsi məqsədi daşıyır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. 151.1-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalı və iddiaçıya izah edilməlidir ki, qərardadda göstərilən nöqsanları aradan qaldırmaqla müvafiq məhkəməyə müraciət etmək hüququ vardır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264-cü, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİM: İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 İdarəsinə qarşı “protokolun qərarına görə ödənilmiş vəsaitin geri qaytarılması” tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçıya izah edilsin ki, qərardadda göstərilən nöqsanları aradan qaldırmaqla müvafiq məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №2(001)-5331/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-5331/2025
29.07.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver