Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-534/2023 26.07.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi, İddiaçı1, onun nümayəndəsi və vəkili Nümayəndə2, Cavabdeh İddiaçı2 nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə İddiaçı1 İddiaçı2 qarşı “müqavilənin ləğvi və pul” tələbinə dair, habelə İddiaçı2 İddiaçı1 qarşı “icarə müqaviləsinin bir hissəsinin etibarsız hesab olunması” tələbinə dair iddia ərizələri üzrə mülki işə bir icraatda 26 iyul 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İşin halları: İddiaçı1 ilə İddiaçı2 arasında bağlanmış 03 mart 2022-ci il tarixli “İcarə müqaviləsi”ndən görünür ki, İddiaçı1 ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 41,5 kv.metr qeyri-yaşayış sahəsini İddiaçı2 icarəyə vermiş, icarə müddəti 03 mart 2032-ci il tarixədək, aylıq icarə haqqı ilk bir il üzrə 1000 manat, növbəti illər isə 1200 manat, ödəniş hər ayın 1-i kimi müəyyənləşdirilmişdir. Müqavilənin 6 və 7-ci bəndlərində göstərilmişdir ki, “İcarəşi” icarəyə götürdüyü əmlakı ikinci əldən icarəyə verə bilməz. Müqavilənin ləğv edilməsi tərəflərin altı ay qabaqdan yazılı ərizəsinə müvafiq olaraq həyata keçirilir. Əlavə olaraq qarşılıqlı razılığa gəlinmədiyi təqdirdə etiraz edən tərəf qarşı tərəfə aylıq ödəmənin 40 misli dəyərində təzminat ödəyəcək. 2022-ci ilin sentyabr ayından İddiaçı2 həmin obyektdən əşyaları ilə birlikdə çıxmışdır. Həmçinin, İddiaçı2 İddiaçı1 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlə aralarında bağlanmış 03 mart 2022-ci il tarixli icarə müqaviləsinin 7-ci bəndində qeyd edilən şərtin vacib əhəmiyyətli yanılmanın təsiri altında bağladığı üçün həmin şərtin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin məhkəmənin 03 mart 2023-cü il tarixli, 2(006)-48/2023 saylı qərardadına əsasən, bu iddia ərizəsi üzrə mülki iş Binəqədi Rayon Məhkəməsinin icraatında olan 2(001)-534/2023 saylı mülki işlə bir icraatda birləşdirilmişdir. İddia tələbləri, onların əsaslandırılması: İddiaçı1 İddiaçı2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə 03 mart 2022-ci il tarixdə bağladığı icarə müqaviləsinin ləğv olunması, həmin müqaviləyə əsasən ona aylıq ödəmənin 40 misli olaraq 40000 manat pulun, obyektin işləmədiyi aylar üçün 2000 manat pulun cavabdehən tutularaq ona ödənilməsi, bundan başqa, obyektdən götürülmüş 150 manat dəyərində unitazın, 175 manat dəyərində olan plastik qapının, 200 manat dəyərində aristonun, 30 manat dəyərində kranın, 25 manat dəyərində moydadırın kranının, 55 manat dəyərində moydadırın, hər birinin qiyməti 295 manat olmaqla 2 ədəd qapının, həmin əşyalar özləri yoxdursa onların dəyərinin, qapıların yerləşdirilməsi üçün xidmət haqqı kimi ödənilmiş 25 manatın, eləcə də iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 219 manatın cavabdehdən onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehlə 03 mart 2022-ci il tarixdə icarə müqaviləsi bağlamışdır. Həmin müqaviləyə əsasən, iddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi, bina 14, mənzil 33-də yerləşən, ümumi sahəsi 41,5 kv.metr olan qeyri-yaşayış sahəsini cavabdehə icarəyə vermiş, icarə müddəti 03 mart 2023-cü il tarixədək, aylıq icarə haqqı 1 illik 1000 manat, növbəti illər isə aylıq 1200 manat müəyyənləşdirilmişdir. Müqaviləyə əsasən, cavabdeh hər ayın 1-də icarə haqqını ödəməli idi. İcarəçi icarə götürdüyü əmlakı ikinci əldən icarəyə verə bilməz. Müqaviləni ləğv etmək istədikdə isə tərəflər qabaqcadan, yəni 6 ay öncədən yazılı xəbərdarlıq etməlidirlər. Qarşılıqlı razılıq olmadığı təqdirdə isə etiraz edən tərəf aylıq ödəmənin 40 misli dəyərində təzminat ödəyəcək. Cavabdeh 2022-ci ilin sentyabr ayından icarə haqqını ödəməmiş, iddiaçı pulunu tələb etdikdə cavabdeh obyektdən əşyalarını da götürüb çıxdığını bildirmişdir. İddiaçı həmin obyekdə getdikdə pəncərədən görmüşdür ki, ona aid əşyaları da cavabdeh özü ilə aparmışdır. Obyektin açarları cavabdehdədir və o, açarı məhkəmədə qaytaracağını bildirir. Beləliklə, cavabdeh müqavilənin şərtlərini pozduğu üçün aylıq icarə haqqının 40 mislini, yəni 40000 manat pulu iddiaçıya ödəməlidir. Həmçinin, ona vurduğu ziyana görə isə hər ay obyektin işləmədiyi aylar üçün 2000 manat da pul ödəməlidir. Cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyi üçün o həmin müqaviləni pozmaq məcburiyyətindədir. İddiaçı2 İddiaçı1 qarşı iddia ərizəsi onunla əsaslandırmışdır ki, icarəyə verilmiş əmlak icarə məqsədlərinin istifadəsi üçün uyğun vəziyyətdə olmadığı üçün onun tərəfindən 25-30 min manat xərc çəkilməklə obyekt təmir edilmiş, əlavə avadanlıqlar alınmışdır. Obyekti icarəyə götürdüyü tarixdən ilk 3 aya yaxın müddətdə təmir işləri aparılmışdır. Növbəti 3 ay işlədikləri müddətdə isə icarədar işlərinə və işçilərinə yersiz müdaxiləsi və işlərin ümumiyyətlə getməməsi səbəbindən əmlakı icarədara qaytarmaq qərarına gəlmişdir. İddiaçı1 isə buna etiraz edərək, əmlakın uzun müddətə icarəyə götürüldüyünü, qaytarsa əlavə cərimələr ödəməli olmacağını bildirmişdir. O, 2022-ci ilin sentyabr ayının əvvəlində özünə aid, obyektdə daşına bilən əşyalarını götürməklə obyekti boşaltmış, obyekti sahibinə təhvil vermək istədikdə İddiaçı1 ondan böyük məbləğdə təzminat alacağını, bunun üçün məhkəməyə müraciət edəcəyini bildirmişdir. İcarə müqaviləsinin 7ci bəndini müqavilə bağlandığı zaman o bu cür anlamamışdır. Belə ki, icarə müqaviləsinin həmin şərtinə nəzərə etdikdə, ilk öncə həmin şərtdə 10 illik icarə haqqının cəminin 40 misli cərimə veriləcəyi qeyd edilməmişdir. Lakin, iddiaçı məhkəmədə qaldırmış olduğu iddia tələbində müqavilənin 7-ci bəndində qeyd edilən şərtin 10 illik icarə haqqının cəmindən ibarət olmasını qeyd etmişdir. 3 aylıq fəaliyyət üçün onun tərəfindən obyektə 25000 manata yaxın vəsait qoyulmuşdur. Bundan əlavə, onunla sözügedən müqavilə bağlanan zaman heç kim ona müqaviləni izah etməmiş, özü şəxsən müqaviləni oxuduğu zaman müqavilənin 7-ci bəndini 6 aylıq xəbərdarlıq müddəti üzrə həmin müddətin icarə haqqının 40 misli həddində anlamaqla, bu şərti belə qəbul etmişdir. Müqavilənin 7-ci bəndində nəzərdə tutulmuş cərimə tətbiqi 10 illik icarə haqqının cəmindən deyil, 6 aylıq xəbərdarlıq müddətinin pozulması səbəbindən həmin müddətə aylıq icarə haqqının cəminin 40 misli həddində müəyyən edilmişdir. Bu səbəbdən də iddiaçının cavabdehdən bu bənddə müəyyən edilmiş şərt üzrə 40000 manat təzminat tələb etməsi əsassız və absurddur. Həmçinin İddiaçı2 İddiaçı1 iddia ərizəsinə yazılı etirazını da öz iddia ərizəsində göstərilənlərə uyğun əsaslandırmışdır. İddiaçı1 İddiaçı2 iddiasına yazılı etiraz ünvanlayaraq, göstərmişdir ki, (öz iddiasında qeyd edilənlərdən əlavə) İddiaçı2 obyektdən çıxarkən oradan 1 ədəd plastik qapı, 2 ədəd taxta qapı, su qızdırıcısını özü ilə aparmışdır. Əgər o, İddiaçı2 aldatmışdısa, sonuncu niyə obyekti təmir etdirib 8 ay orada işləmişdir?! İddiaçı2 obyektin təmirinə cəmi 4-5 min manat pul xərcləmişdir. Aralarında bağlanmış müqavilənin 13-cü bəndinə əsasən, təmir işlərinin dəyəri İddiaçı2 tərəfindən ödənilməli olduğu halda, o, ilk 4 ayın icarə haqqını təmir xərclərinə çıxmışdır. İddiaçı2 isə obyektdən çıxdıqdan 2 ay 17 gün sonra obyektin açarlarını vəkili vasitəsilə ona təhvil vermişdir. Məhkəmədə icraat: Məhkəmə iclasında İddiaçı1 iddiasını müdafiə etdiyini, İddiaçı2 iddiasını qəbul etmədiyini bildirərək, izahatında göstərmişdir ki, sözügedən müqavilə bağlanarkən cavabdeh müqavilənin bütün şərtlərindən xəbərdar olmuşdur. Buradan heç bir yanılmadan söhbət gedə bilməz. Müqavilə müddəti bitmədən, habelə onunla qaşırlıqlı razılıq əldə olunmadan cavabdeh obyektdən çıxdığından, müqavilənin 7-ci bəndinin tələbləri tətbiq olunmalıdır. Həmçinin, cavabdehin hərəkətləri onu əlavə maddi ziyana da salmışdır. Belə ki, onun yeganə gəlir yeri həmin obyektdir ki, cavabdeh 2022-ci ilin sentyabr ayındn obyektdən çıxsa da, ona açarları yalnız 2 ay 17 gün sonra təhvil vermiş, bu müddət ərzində o məcbur qalıb bankdan kredit götürməli olmuşdur. Bundan başqa, açarları əldə etdikdən sonra obyekti açanda ona məxsus olan əşyaların bəzilərinin cavabdeh tərəfindən aparıldığını da müəyyən etmişdir. Buna görə də, iddiasının təmin edilməsini, İddiaçı2 isə iddiasının rədd edilməsini xahiş edir. Məhkəmə iclasında İddiaçı1 nümayəndəsi Nümayəndə2 iddia ərizəsində göstərilənləri təsdiq etdiyini bildirərək, əlavə olaraq izahatında göstərmişdir ki, həmin ərazidə oxşar obyektlərin aylıq icarə haqqı 1200-1800 manat aralığında dəyişir. Cavabdeh təkidlə həmin obyekti icarəyə götürmək istədiyi üçün iddiaçı məcburən başqa bir şəxsdən aldığı 200 manat behi geri ödəməli olmuş, hətta həmin pulun yarısını cavabdeh ödəmişdir. İddiaçı obyektin icarəsi ilə bağlı cavabdehə çox güzəştlər etmiş, icarə haqqını ilk 1 il üçün aylıq 1000 manatdan, sonrakı illər üçün isə aylıq 1200 manatdan müəyyənləşdirmiş, bundan əlavə, ilk 4 ay təmir səbəbi ilə cavabdehdən icarə haqqı tələb etməmişdir. Bütün bunları nəzərə alaraq, müqavilə 10 illik müddətə bağlanmış, müqavilənin şərtlərinin birtərəfli pozulması halında aylıq icarə haqqının 40 misli miqdarında təzminat şərti müqaviləyə daxil edilmişdir. Cavabdeh iddiaçını 6 ay öncədən xəbərdar etmədən obyektdən çıxdığından həmin 40 misli miqdarında pulu iddiaçıya ödəməlidir. Bundan əlavə, obyektin açarları 2 ay 17 gün sonra iddiaçıya qaytarılmışdır. Halbuki, bu müddət ərzində iddiaçı obyekti başqa şəxslərə icarə verə, gəlir əldə edilə bilərdi ki, cavabdehin hərəkətləri nəticəsində iddiaçı bu gəlirindən məhrum olunmuşdur. Nümayəndə2 sonda İddiaçı1 iddiasının təmin, İddiaçı2 iddiasının rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında X2 nümayəndəsi Nümayəndə1 İddiaçı1 iddiasına münasibətdə qeyd etdi ki, onlar 6 aylıq icarə haqqının 40 faizini ödəməyə razıdırlar, iddianı qalan hissələrdə qəbul etmirlər. İddiaçı2 iddiası üzrə isə iddianı müdafiə edir, təmin edilməsini xahiş edir. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin 7-ci bəndini İddiaçı2 düzgün başa düşməmiş, həmin müqavilə əhəmiyyətli dərəcədə yanılmaqla bağlanmışdır. Buna görə də, müqavilənin həmin bəndi etibarsız hesab edilməlidir. Tədqiq edilən sübutlar: - İddiaçı1 ilə İddiaçı2 arasında bağlanmış 03 mart 2022-ci il tarixli “İcarə müqaviləsi”ndən görünür ki, İddiaçı1 ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 41,5 kv.metr qeyri-yaşayış sahəsini İddiaçı2 icarəyə vermiş, icarə müddəti 03 mart 2032-ci il tarixədək, aylıq icarə haqqı ilk bir il üzrə 1000 manat, növbəti illər isə 1200 manat, ödəniş hər ayın 1-i kimi müəyyənləşdirilmişdir. Müqavilənin 6 və 7-ci bəndlərində göstərilmişdir ki, “İcarəşi” icarəyə götürdüyü əmlakı ikinci əldən icarəyə verə bilməz. Müqavilənin ləğv edilməsi tərəflərin altı ay qabaqdan yazılı ərizəsinə müvafiq olaraq həyata keçirilir. Əlavə olaraq qarşılıqlı razılığa gəlinmədiyi təqdirdə etiraz edən tərəf qarşı tərəfə aylıq ödəmənin 40 misli dəyərində təzminat ödəyəcək. - İddiaçı1, Nümayəndə2 və Nümayəndə1 iştirakı ilə tərtib edilmiş 17 noyabr 2022-ci il tarixli aktdan görünür ki, sözügedən obyektin 2 ədəd açarı və s. xx.xx.2022-ci il tarixdə İddiaçı1 təhvil verilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 347.1. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər. Maddə 347.2. Vacib əhəmiyyətli yanılma aşağıdakı hallardır: 347.2.1. şəxs razılıq verdiyi əqdi deyil, başqa əqdi bağlamaq istəmişdir; 347.2.2. şəxs bağlamağı arzuladığı əqdin məzmunu barəsində səhv etmişdir; 347.2.3. tərəflərin vicdanlılıq prinsipini rəhbər tutmaqla əqdin əsası kimi nəzərdən keçirdikləri hallar mövcud deyildir. Maddə 347.3. Əqdin motivləri barəsində yanılma, onun razılaşma predmeti olduğu hallar istisna edilməklə, vacib əhəmiyyətə malik deyildir. Maddə 347.4. Kontragentin şəxsiyyəti barəsində yanılma yalnız o zaman vacib sayılır ki, əqdin bağlanması üçün kontragentin şəxsiyyəti və ya şəxsi keyfiyyətlərinin nəzərə alınması başlıca əsas olmuşdur. Maddə 347.5. Predmetin əsas xüsusiyyətləri barəsində yanılma yalnız o zaman vacib sayılır ki, predmetin dəyərinin müəyyənləşdirilməsi üçün əhəmiyyət kəsb edir. Maddə 347.6. Yazılı əqdlər bağlanarkən buraxılmış xırda səhvlər düzəlişə hüquq verir, lakin mübahisə etməyə hüquq vermir. Maddə 347.7. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqdi mübahisələndirmiş tərəf yanılmanın digər tərəfin təqsiri üzündən əmələ gəldiyini sübuta yetirərsə, özünə dəymiş real zərərin əvəzini ödəməyi digər tərəfdən tələb edə bilər. Bu, sübuta yetirilməsə, vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqdi mübahisələndirmiş tərəf digər tərəfin tələbi ilə ona dəymiş real zərərin əvəzini ödəməyə, hətta yanılmanın yanılan tərəfdən asılı olmayan səbəblərdən əmələ gəldiyi hallarda da borcludur. 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər.[348] 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir. Maddə 390.3. Müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Maddə 390.4. Tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. Maddə 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Maddə 390.6. Müqavilə şərti tərəflərin razılaşması ilə ayrı qaydanın müəyyənləşdirilmədiyi halda tətbiq edilən normada (dispozitiv norma) nəzərdə tutulubsa, tərəflər razılaşma əsasında bu normanın tətbiqini istisna edə bilər və ya onun nəzərdə tutduğundan fərqli şərt müəyyənləşdirə bilərlər. Bu cür razılaşma olmadıqda müqavilə şərti dispozitiv norma ilə müəyyənləşdirilir. Maddə 390.7. Əgər müqavilə şərti onun iştirakçıları tərəfindən və ya dispozitiv norma ilə müəyyənləşdirilməyibsə, müvafiq şərtlər tərəflərin münasibətlərinə tətbiq edilə bilən işgüzar adətlərlə müəyyənləşdirilir. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Maddə 421.3. Müqavilənin tamamilə və ya hissəhissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Maddə 422.1. Tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. Maddə 422.2. Əgər tərəflər müqavilənin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlməsələr, eyni zamanda aşağıdakı şərtlər olduqda müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə bilər, 422.4-cü maddədə nəzərdə tutulan əsaslar olduqda isə dəyişdirilə bilər: Maddə 422.2.1. müqavilənin bağlandığı məqamda tərəflər şəraitin bu dərəcədə dəyişməyəcəyini əsas götürmüşlər; Maddə 422.2.2. şəraitin dəyişməsini doğuran elə səbəblərdir ki, əmələ gəldikdən sonra bu səbəbləri maraqlı tərəf müqavilənin xarakterinə və dövriyyənin şərtlərinə görə ondan tələb edilən qayğı və ehtiyatla aradan qaldıra bilməz; Maddə 422.2.3. müqavilənin şərtləri dəyişdirilmədən onun icra edilməsi tərəflərin müqaviləyə uyğun əmlak mənafeləri nisbətini o dərəcədə pozar və maraqlı tərəfə o qədər zərər vurardı ki, o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olardı; Maddə 422.2.4. işgüzar adətlərdən və ya müqavilənin mahiyyətindən şəraitin dəyişməsi riskini maraqlı tərəfin daşıdığı irəli gəlmir. Maddə 422.3. Əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə görə müqavilə ləğv edilərkən tərəflərdən hər hansı birinin tələbi ilə məhkəmə müqavilənin icrası ilə əlaqədar çəkilmiş xərclərin tərəflər arasında ədalətli bölüşdürülməsi zərurətini əsas götürərək, müqavilənin ləğv edilməsi nəticələrini müəyyənləşdirir. Maddə 422.4. Şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar müqavilənin dəyişdirilməsinə müqavilənin ləğvinin ictimai mənafelərə zidd olduğu və ya tərəflərə müqavilənin məhkəmə tərəfindən dəyişdirilmiş şərtlərlə icrası üçün zəruri məsrəflərdən xeyli çox olan zərər vuracağı müstəsna hallarda məhkəmənin qərarı ilə yol verilir. Maddə 423.1. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Maddə 423.2. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Maddə 424.1. Müqavilə dəyişdirilərkən tərəflərin öhdəlikləri dəyişdirilmiş şəkildə saxlanılır. Maddə 424.2. Müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Maddə 424.3. Müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. Maddə 424.4. Əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, tərəflər müqavilənin dəyişdirildiyi və ya ləğv edildiyi anadək öhdəlik üzrə icra etdiklərinin qaytarılmasını tələb edə bilməzlər. Maddə 424.5. Əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Maddə 675. Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Maddə 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Maddə 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Maddə 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Maddə 704.1. Əgər hər hansı torpaq sahəsinin, hüququn və ya müəssisənin icarəsi müqaviləsi bağlanarkən icarə müddəti müəyyənləşdirilməyibsə, müqavilənin ləğvinə yalnız azı altı aylıq xəbərdarlıq müddətini gözləmək şərti ilə ilin sonunda yol verilir. Maddə 704.2. İcarəçinin bu Məcəllənin 691-ci maddəsinə uyğun olaraq müqaviləni ləğv etmək hüququ yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir Məhkəmənin mövqeyi: İlk iddiaya münasibətdə məhkəmə hesab edir ki, iddianın qismən təmin edilməsinə əsaslar mövcuddur. Tələbin “obyektin işləmədiyi aylar üçün 2000 manat pulun cavabdehən tutularaq iddiaçıya ödənilməsi” hissəsinə dair məhkəmənin mövqeyi aşağıdakılardan ibarətdir: İşin faktiki hallarında da müəyyən olunduğu kimi tərəflər arasında Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi, bina 14, mənzil 33-də yerləşən, ümumi sahəsi 41,5 kv.metr olan qeyri-yaşayış sahəsini cavabdehə icarəyə verilməsi haqqında 03 mart 2022-ci il tarixdə icarə müqaviləsi bağlamış, müqavilənin müddəti xx.xx.2032-ci ilədək müəyyən edilmiş, müqavilə üzrə aylıq icarə haqqı ilk bir ili 1000 manat, növbəti illər isə aylıq 1200 manat müəyyənləşdirilmişdir. Lakin cavabdeh İddiaçı2 tərəfindən müqavilə üzrə götürdüyü öhdəlikləri tam icra etməmiş, müqavilə ilə müəyyən edilmiş müddət başa çatmadan və icarəyəverənə heç bir məlumat vermədən 2022-ci ilin sentyabr ayında qeyriyaşayış sahəsindən çıxmış, obyektin açarlarını 17 noyabr 2022-ci il tarixdə iddiaçıya təhvil vermişdir. Bu hal işin mübahisəsiz halıdır. Belə olan halda, tərəflər arasında bağlanmış 03 mart 2022-ci il tarixli icarə müqaviləsi ləğv edilməlidir. Digər tərəfdən, iddiaçı 2022-ci ilin sentyabr ayından həmin ilin noyabr ayının 17-dək obyektindən faktiki olaraq istifadə edə bilməmişdir. İcarə müqaviləsi bağlandığı tarixdən 1 il ötmədiyinə görə, aylıq icarə haqqının 1000 manat müəyyənləşdirilməsi nəzərə alınmaqla, məhkəmə hesab edir ki, tələb bu hissədə əsaslıdır və qeyri-yaşayış sahəsinin işləmədiyi aylar üçün cavabdehdən tutulmalı pul hissəsində 2000 manat olmasını nəzərə alaraq, hesab edir ki, iddia bu hissədə təmin edilməli, 2000 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Tələbin “obyektdən götürülmüş 150 manat dəyərində unitazın, 175 manat dəyərində olan plastik qapının, 200 manat dəyərində aristonun, 30 manat dəyərində kranın, 25 manat dəyərində moydadırın kranının, 55 manat dəyərində moydadırın, hər birinin qiyməti 295 manat olmaqla 2 ədəd qapının, həmin əşyalar özləri yoxdursa onların dəyərinin, qapıların yerləşdirilməsi üçün xidmət haqqı kimi ödənilmiş 25 manatın” cavabdehdən onun xeyrinə tutulması ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir: İstənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir? Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki mühakimə icraatında hakimin işinə yarayan, yəni yekun qərarın çıxarılmasını asanlaşdıran bir qayda var – iddiaçının dediklərinə əsasən iddia təmin olunan deyilsə, qarşı tərəfin etirazları ilə bağlı araşdırma aparmadan mübahisəni bitirmək olar. İddiaçı 03 mart 2022-ci il tarixdə icarə müqaviləsinə əsasən cavabdehdən 150 manat dəyərində unitazın, 175 manat dəyərində olan plastik qapının, 200 manat dəyərində aristonun, 30 manat dəyərində kranın, 25 manat dəyərində moydadırın kranının, 55 manat dəyərində moydadırın, hər birinin qiyməti 295 manat olmaqla 2 ədəd qapının, həmin əşyalar özləri yoxdursa onların dəyərinin, qapıların yerləşdirilməsi üçün xidmət haqqı kimi ödənilmiş 25 manatın ona ödənilməsini tələb edir. Birincisi qeyd olunan müqavilənin predmetini Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi, bina 14, mənzil 33-də yerləşən, ümumi sahəsi 41,5 kv.metr olan qeyri-yaşayış sahəsini cavabdehə icarəyə verilməsi təşkil edir və həmin müqavilədə hər hansı daşınar əşyanın təhvil verilməsi ilə bağlı qeyd mövcud deyil . İkincisi əgər sözügedən əşyaların həmin qeyri-yaşayış sahəsində olması ehtimalı olunsa belə bu zaman onların cavabdehin istifadəsinə verilməsinin sübut etmə yükü iddiaçının üzərinə düşür. Belə ki, nəzərə alınmalıdır ki, mülki prosesdə işin konkret hallarının müəyyən edilməsi üçün təqdim edilmiş sübutlar mümkün və aydın olmaqla yanaşı, həm də mötəbər və yetərli olmalıdır. Sübutların yetərli olması dedikdə, işin sübutetmə predmetinə daxil olan hallarının mövcud olub-olmadığı barədə etibarlı qənaətə gəlməyə imkan verən sübutlar məcmusu başa düşülür. Sübutların iş üçün əhəmiyyətli halların müəyyən edilməsinə yetərli olub olmaması məsələsini isə məhkəmə öz daxili inamına əsasən həll edir. Bu baxımdan İddiaçı1 tərəfindən tələbdə qeyd olunan əşyaların İddiaçı2 istifadfəsinə verilməsi və ya həmin əşyaların sonuncuya qeyri-yaşayış sahəsi icarəyə verildikdə artıq mövcud olmasına dair hər hansı mötəbər sübut iş üzrə mövcud olmadığından iddia tələbi “obyektdən götürülmüş 150 manat dəyərində unitazın, 175 manat dəyərində olan plastik qapının, 200 manat dəyərində aristonun, 30 manat dəyərində kranın, 25 manat dəyərində moydadırın kranının, 55 manat dəyərində moydadırın, hər birinin qiyməti 295 manat olmaqla 2 ədəd qapının, həmin əşyalar özləri yoxdursa onların dəyərinin, qapıların yerləşdirilməsi üçün xidmət haqqı kimi ödənilmiş 25 manatın” cavabdehdən onun xeyrinə tutulması hissəsi əsaslı sayıla bilməz. İddianın 03 mart 2022-ci il tarixli icarə müqaviləsinin ləğv olunması və həmin müqaviləyə əsasən aylıq ödəmənin 40 misli olaraq 40000 manat pulun iddiaçıya ödənilməsi” hissəsi ilə bağlı məhkəmə hesab edir ki, mübahisəli müqavilənin 7-ci bəndinə əsasən “müqavilənin ləğv edilməsi tərəflərin altı ay qabaqcadan yazılı ərizəsinə müvafiq olaraq həyata keçirilir. Əlavə olaraq qarşılıqlı razılığa gəlinmədiyi təqdirdə etiraz edən tərəf qarşı tərəfə aylıq ödəmənin 40 misli dəyərində təzminat ödəyəcək.”. Məhkəmə nəzərə alır ki, iddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 421, 422, 442-ci maddələrin habelə icarə müqviləsinin 7-ci bəndinə istinad etmiş və məhz həmin bəndə əsaslanmaqla hazırkı tələblə çıxış edir. Bununla bağlı olaraq məhkəmə hesab edir ki, icarə müqviləsinin 7-ci Mülki Məcəllənin yuxarıda qeyd olunan maddələrinin dispozisiya şərtləri ilə uzlaşmır. Belə ki, Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Qeyd olunan normada müqavilə azadlığı üç istiqamətdə müəyyən olunmuşdur: 1) fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaması; 2) onların müqavilələrin məzmununu müəyyənləşdirə bilməsi; 3) Mülki Məcəllədə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələrin bağlanması. Məcəllədə nəzərdə tutulmayan müqavilənin bağlanması yalnız Mülki Məcəlləyə zidd olmadıqda yolveriləndir. Bununla yanaşı şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında müqavilənin dəyişdirilməsi və ləğv edilməsi Mülki Məcəllənin 422-ci maddəsində müəyyən edilmişdir. Təsədufi deyil ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Qərarında vurğulanmışdır ki, “...İlk növbədə qeyd edilməlidir ki, Mülki Məcəllənin 422-ci maddəsində şəraitin sonradan dəyişməsinin tərəflər arasındakı müqavilə münasibətlərinə təsirinin şərtləri və əsasları, Məcəllənin 423-cü maddəsində isə şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında müqavilənin dəyişdirilməsi və ləğv edilməsinin qaydası (forma və üsulu) göstərilmişdir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur (Mülki Məcəllənin 422.1-ci maddəsi). Tərəflər müqavilənin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlməsələr, eyni zamanda Məcəllənin 422.2-ci maddəsindəki şərtlər olduqda müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv, Məcəllənin 422.4-cü maddəsində nəzərdə tutulan əsaslar olduqda isə dəyişdirilə bilər. Tərəflərdən birinin tələbi ilə müqavilənin ləğv edilməsi barədə müvafiq məhkəmə qərarının qüvvəyə mindiyi andan müqavilə ləğv edilmiş sayılır. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi vacib bilir ki, müqavilənin birtərəfli qaydada dəyişdirilməsi və ya Mülki Məcəllənin 421.2-ci maddəsində nəzərdə tutulan əsaslar olmadan onun ləğv edilməsi yalnız “şəraitin sonradan əhəmiyyətli dərəcədə dəyişməsi” halında və həmin Məcəllənin 422-ci maddəsində nəzərdə tutulan şərtlər daxilində baş verə bilər. Həmçinin, sadalanan hal və şərtlərin baş verdiyi təqdirdə müqavilənin birtərəfli qaydada və hansı həcmdə dəyişdirilməsi, buna şərait olmadıqda isə onun ləğv edilməsi tərəfin öz subyektiv mülahizəsi ilə deyil, yalnız məhkəmə tərəfindən müəyyən edilməklə baş verə bilər. Belə ki, yalnız bir tərəfin istəyi ilə müqavilədə nəzərdə tutulan hüquq və öhdəliklərin predmetinin, həcminin və ya şərtlərinin dəyişdirilməsi və ya onun ləğvi müqavilə münasibətlərində tərəflərin bərabərliyi və ədalətlilik prinsiplərinə uyğun olmadığı kimi, mahiyyətcə razılaşmanı nəzərdə tutan müqavilə anlayışının təbiətinə də zidd olardı. Beləliklə, Mülki Məcəllənin 421.2-ci maddəsində qeyd olunan əsasların mövcud olduğu hallarda müqavilənin ləğv edilməsinin məhkəmədən kənar qaydası, Məcəllənin 423.2-ci maddəsində isə ləğvetmənin xüsusi qaydası (müstəsna hal - Mülki Məcəllənin 422.1-ci maddəsinə uyğun olaraq şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi mövcud olduğu təqdirdə) nəzərdə tutulmuşdur. Məhkəmədən kənar qayda iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə şərtləndirildiyi halda, xüsusi qayda məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir. Əks yanaşma, yəni Məcəllənin 423.2-ci maddəsinin adi qaydada ümumi bir norma kimi tətbiq edilməsi ləğv etmə institutunun mahiyyətinə və hüquqi funksiyasına, hüquqi müəyyənlik prinsipinə, mülki dövriyyənin təşkilinə və inkişafına şərait yaradılması ilə bağlı mülki qanunvericilik sisteminin məqsədinə və bütövlükdə ölkənin iqtisadi maraqlarına cavab verməz. Mülki Məcəllənin 421.2 və 423.2-ci maddələrinin məntiqi nəticəsi olaraq həmin Məcəllənin 424.3-cü maddəsində müəyyən edilmişdir ki, müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. Burada vurğulanmalıdır ki, normada “ləğv edilmə” ifadəsi birtərəfli qaydada sonlandırmaqla müqavilə münasibətlərinə xitam verilməsi mənasında deyil, tərəflərin qarşılıqlı razılaşması ilə bağlamış olduqları müqaviləyə xitam vermələri mənasında istifadə olunmuşdur. Beləliklə, Mülki Məcəllənin 421.2-ci maddəsində sadalanan iki əsasdan birinin olduğu halda (digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə (və ya müqavilədə) nəzərdə tutulan digər hallarda) müqavilənin ləğv edilməsi məhkəmədənkənar qaydada baş verir. Mülki Məcəllənin 422-ci maddəsinə əsasən şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında isə müqavilə həmin Məcəllənin 423.2-ci maddəsində nəzərdə tutulan xüsusi qaydada - məhkəmə qaydasında dəyişdirilir və ya ləğv edilir.”. Göründüyü kimi Mülki Məcəllədə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsinin prosedur qaydaları dəqiq müəyyən edilmiş və Məcəlləyə zidd olan qydaların tətbiqinə qanunvericilikdə yol verilmir. Bu baxımdan məhkəmə hesab edir ki, 03 mart 2022-ci il tarixli icarə müqaviləsinin 7-ci bəndi Mülki Məcəllənin 390-cı və 423.2-ci maddələrinin tələblərinə ziddir. Belə ki, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi proseduru Mülki Məcəllənin qeyd olunan normaları ilə tənzimləndiyindən ona zidd olan qayda müqavilədə nəzərdə tutulsa da belə tətbiq edilə bilməz. Buna görədə məhkəmə hesab edir edir ki, iddia tələbinin “aylıq ödəmənin 40 misli dəyərində təzminat ödənilməsi” hissəsi əsassızdır və təmin edilə bilməz. Məhkəmə 03 mart 2022-ci il tarixli icarə müqaviləsinin 7-ci bəndində qeyd edilən şərtin vacib əhəmiyyətli yanılmanın təsiri altında bağladığı üçün həmin şərtin etibarsız hesab edilməsinə dair İddiaçı2 İddiaçı1 qarşı qarşılıqlı iddiasına münasibətdə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İddiaçı2 İddiaçı1 qarşı iddia ərizəsinin hüquqi əsası kimi Mülki Məcəllənin 347-ci maddəsinə istinad olunmuşdur. İddiaçı2 icarə müqaviləsinin 7-ci bəndini müqavilə bağlandığı zaman bu cür olduğunu anlamadığını, müqavilə bağlanan zaman heç kim ona müqaviləni izah etmdiyini müqaviləni oxuduğu zaman müqavilənin 7-ci bəndini 6 aylıq xəbərdarlıq müddəti üzrə həmin müddətin icarə haqqının 40 misli həddində anlamaqla, bu şərti belə qəbul etdiyini qeyd etmişdir. Bir sözlə İddiaçı2 03 mart 2022-ci il tarixli icarə müqaviləsini vacib əhəmiyyətli yanılmanın təsiri altında bağladığını iddia edir. Məlum olduğu kimi mülki hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitamı bu münasibətlərin iştirakçılarının iradə ifadəsini əks etdirən əqdlərə əsaslanır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2021-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, “.... Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən isə bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Göründüyü kimi, normada şəxsə qarşı tələb hüququnun deyil, əqdi mübahisələndirmək hüququnun realizəsi ilə bağlı müddət nəzərdə tutulmuşdur. Başqa sözlə, əqdin bağlanması zamanı iradə ifadəsi zədələnmiş şəxsin məhz maddədə göstərilən müddətlər ərzində həmin əqdi mübahisələndirmək hüququ tanınmışdır. İradə ifadəsi zədələnmiş şəxsin əqdi mübahisələndirməsinə qədər həmin əqd etibarlı əqd kimi qəbul edilir və müvafiq hüquqi nəticələrə səbəb olur. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir. Beləliklə, mübahisə edilən əqdlər bir tərəfdən mübahisələndirilənədək etibarlı əqdlər kimi hüquqi nəticələri yaradır, digər tərəfdən isə mübahisələndirildikləri təqdirdə geriyə şamil olunaraq bağlandığı andan əqdin etibarsız sayılmasına səbəb olur. Məhz bu ikili xüsusiyyəti olduğuna görə hüquqi müəyyənlik nöqteyi-nəzərindən mübahisləndirmənin yalnız konkret və kəsici müddətlər daxilində həyata keçirilməsi zərurəti vardır. Bu baxımdan qanunvericilikdə mübahisə edilən əqdlərlə bağlı xüsusi olaraq fərqli müddət nəzərdə tutulmadığı təqdirdə, Mülki Məcəllənin 354.2-ci maddəsində göstərilmiş kəsici müddətlər ərzində mübahisələndirmənin mümkün olduğu müəyyən edilmişdir. Oxşar hüquqi mövqe Konstitusiya Məhkəməsi Plenumunun B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli Qərarında da ifadə edilmişdir. Qərarda göstərilmişdir ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Beləliklə, Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş müddət kəsici müddət olmaqla əqdin mübahisələndirilməsi hüququna aiddir və bu müddətin keçməsi hüququn xitamına səbəb olur.” İşin müəyyən edilən hallarına görə tərəflər arasında 03 mart 2022-ci il tarixdə “İcarə müqaviləsi” bağlanmış, 2022-ci ilin sentyabr ayında İddiaçı2 həmin obyektdən əşyaları ilə birlikdə çıxmış, xx.xx.2022-ci il tarixdə müqavilənin ləğvinə dair İddiaçı2 pretenziya göndərilmişdir. İddiaçı2 isə müqavilənin qismən etibarsız hesab edilməsi ilə bağlı yalnız xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Hal bu ki, İddiaçı2 müqavilə üzrə mübahisənin mövcudluğu barədə ən azından xx.xx.2022-ci il tarixdə məlumatlı olmuşdur. Göründüyü kimi İddiaçı2 tərəfindən Mülki Məcəllənin 354.2-ci maddəsində müəyyən edilmiş kəsici hesab olunan bir aylıq müddəti ötürdüyündən onun hazırkı müqaviləni mübahisələndirmək hüququ aradan qalxmışdır. Buna görədə məhkəmə hesab edir ki, İddiaçı2 İddiaçı1 qarşı 03 mart 2022-ci il tarixli icarə müqaviləsinin 7-ci bəndində qeyd edilən şərtin vacib əhəmiyyətli yanılmanın təsiri altında bağladığı üçün həmin şərtin etibarsız hesab edilməsinə dair iddiası rədd olunmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı1 İddiaçı2 qarşı “müqavilənin ləğvi və pul” tələbinə dair iddiası qismən təmin edilməli, İddiaçı1 ilə İddiaçı2 arasında bağlanmış 03 mart 2022-ci il tarixli “İcarə müqaviləsi” ləğv edilməli, İddiaçı2 2000 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı1 ödənilməlidir. İddia qalan hissələrdə təmin edilməməlidir. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 43 manat məbləğində pul vəsaiti İddiaçı2 tutularaq İddiaçı1 ödənilməlidir. İddiaçı2 İddiaçı1 qarşı “icarə müqaviləsinin bir hissəsinin etibarsız hesab olunması” tələbinə dair iddiası isə rədd edilməli, bu iddia üzrə məhkəmə xərcləri İddiaçı2 aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı1 İddiaçı2 qarşı “03 mart 2022-ci il tarixdə bağladığı icarə müqaviləsinin ləğv olunması, həmin müqaviləyə əsasən ona aylıq ödəmənin 40 misli olaraq 40000 manat pulun, obyektin işləmədiyi aylar üçün 2000 manat pulun cavabdehən tutularaq ona ödənilməsi, bundan başqa, obyektdən götürülmüş 150 manat dəyərində unitazın, 175 manat dəyərində olan plastik qapının, 200 manat dəyərində aristonun, 30 manat dəyərində kranın, 25 manat dəyərində moydadırın kranının, 55 manat dəyərində moydadırın, hər birinin qiyməti 295 manat olmaqla 2 ədəd qapının, həmin əşyalar özləri yoxdursa onların dəyərinin, qapıların yerləşdirilməsi üçün xidmət haqqı kimi ödənilmiş 25 manatın, eləcə də iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 219 manatın cavabdehdən onun xeyrinə tutulması” tələbinə dair iddiası qismən təmin edilsin. İddiaçı1 ilə İddiaçı2 arasında bağlanmış 03 mart 2022-ci il tarixli “İcarə müqaviləsi” ləğv edilsin. İddiaçı2 2000 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı1 ödənilsin. İddia qalan hissələrdə təmin edilməsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 43 manat məbləğində pul vəsaiti İddiaçı2 tutularaq İddiaçı1 ödənilsin. İddiaçı2 İddiaçı1 qarşı “cavabdehlə aralarında bağlanmış 03 mart 2022-ci il tarixli icarə müqaviləsinin 7-ci bəndində qeyd edilən şərtin vacib əhəmiyyətli yanılmanın təsiri altında bağladığı üçün həmin şərtin etibarsız hesab edilməsi” tələbinə dair iddiası isə rədd edilsin, bu iddia üzrə məhkəmə xərcləri İddiaçı2 aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-534/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-534/2023
26.07.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver