Məhkəmə qərarları › İş №2(001)-5348/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5348/2022

03.11.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5348/2022 03.11.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Sadıqov Nurlan Ədalət oğlunun katibliyi, İddiaçının nümayəndəsi, Vəkil Hüseyn qızının, Cavabdehin nümayəndəsi X6 iştirakı ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İşin halları:

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC tərəfindən İddiaçı ailə üzvləri ilə birlikdə yaşadığı ünvan 1 №-li fərdi yaşayış evində elektrik enerjisindən istifadəyə görə 2008-2011-ci illər üzrə hesablanmış 3316,76 manat məbləğində borcun əsassız olduğuna görə silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ailə üzvləri- həyat yoldaşı X2, oğlu X15 və qızı X13 ilə birlikdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində 2011-ci ilin payız aylarından yaşayır. Həmçinin qeyd edir ki, bacısı X3 da vəfat edəngünədək, xx.xx.2014-cü il tarixinədək, yuxarıda göstərilən ünvanda onlarla birlikdə yaşamışdır. Yaşadıqları fərdi yaşayış evi təbii su, qaz və elektrik enerisi ilə təchiz edilmışdır. İstehlak etdikləri elektrik enerjisinə görə hesablanmış sərfiyyata uyğun vəsaiti mütəmadi olaraq cavabdeh təşkilatın hesabına ödəmişdir. Bununla bağlı "xxxx" ASC-yə borcu yoxdur. Lakin onun adına tərtib olunan “Abonentin saldosunda” qeyd olunanlardan ona məlum olmuşdur ki, 2008-2011-ci illər üzrə yaşadıqları ünvana əlavə sərfiyyat yazılmış və bununla bağlı 3316,76 manat məbləğində borc hesablanmışdır. Hesab edir ki, həmin illər üzrə borcun hesablanması əsassızdır. Belə ki, borcun hesablandığı 2008-2011-ci illərdə o və ailə üzvləri ünvan 1 №-li fərdi yaşayış evində yaşamamışlar. Həmin ünvana 2011-ci ilin sonlarında köşmüşlər. Təbii ki, yaşayış olmayan bir evdə elektrik enerjisindən istifadə də, mümkün deyildir. Lakin cavabdeh təşkilat sayğac quraşdırılmayan bir ünvan üzrə 2008-ci ildən başalayaraq, aybaay yazdığı sərfiyyatı və borcu hansı meyara əsaslanaraq hesablaması və 15 ildən sonra tələb olunması ona məlum deyildir. Ona məlum olan hal ondan ibarətdir ki, lektrik enerjisindən istifadəyə görə sərfiyyat sayğac göstəricilərinə uyğun olaraq hesablanır. Lakin bir daha bildirir ki, qeyd olunan ünvanda 2011-ci ilin sonunadək yaşayış olmamış, habelə elektrik sayğacı quraşdırılmamış, həmin ünvan üzrə cavabdeh təşkilatla onun və ya ailə üzvlərinin biri ilə elektrik enerjisindən istifadə ilə bağlı müvafiq müqavilə bağlanmamışdır. ünvan 1 №-li fərdi yaşayış evində elektrik sayğacı xx.xx.2011-ci il tarixində quraşdırılmışdır. Həmin tarixdə o və ailə üzvləri, bacısı həmin ünvanda yaşamamışdır. Ünvan üzrə əsassız olaraq 3316,76 manat məbləğində borc hesablansa da, həmin borcun ödənilməsi heç vaxt tələb edilməlmiş, ünvana elektrik enerjisinin verilməsi dayandırılmamış, elektrik xətti kəsilməmiş, məhkəmə qaydasında borcun ödənilməsi tələb edilməmişdir. Bu da öz növbəsində təsdiq edir ki, 3316,76 manbat məbləğində borcun hesablanması əsassızdır. Bundan başqa cavabdeh həmin borcu tələb etmək hüququnu itirmişdir. Belə ki, tələb edilən borc məbləği 2008-2011-ci illəri əhatə edən borc məbləğidir. Tərəflərin izahatları və iddiaya münasibəti:

3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi, vəkil izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir və təmin edilməsini məhkəmədən xahiş edir. Əlavə olaraq bildirmişdir ki, yaşayış evi ilə bağlı bütün kommunal xərcləri iddiaçı ödəyir. Lakin elektrik enerjisi ilə bağlı müqavilə iddiaçının bacısı ilə cavabdeh şirkət arasında bağlanmışdır. İddiaçı bacısı ilə birlikdə yaşamışdır. Faktiki olaraq tələb edilən borc məbləği 2008-2011-ci illəri əhatə edən borc məbləğidir.

4. Əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi, vəkil izahatlarında bildirmişdir ki, ünvan özbaşına tikilidir. Elektrik enerjisinin alqı-satqı müqaviləsi iddiaçının mərhum bacısı Həliməxanım Əliyeva ilə bağlanmışdır. H.Əliyeva vəfat etdiyi tarixədək iddiaçı və onun ailəsi ilə birlikdə yaşamışdır. Lakin ödənişlər həmişə iddiaçı tərəfindən yerinə yetirilmişdir. Ailə başçısı da iddiaçı olmuşdur. Evdə qazdan, sudan istifadəyə dair müqavilələr iddiaçı ilə bağlanmışdır. Hazırda iddiaçı ailəsi ilə birlikdə orada yaşayır. Azərişıq köhnə tarixdən borc qaldığı üçün onunla yeni müqavilə bağlamır. Bu borc 2008-2011-ci illər üçün olan dövr üzrə hesablanmışdır. Lakin iddiaçı həmin dövrdə evdə yaşamamışdır. Evdə ümumiyyətlə yaşayış olmamışdır. Onlar 2011-ci ildə oraya köçmüşlər.

5. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi, iddia tələbini qəbul etməyərək, məhkəməyə təqdim edən etirazı müdafiə etdiyini və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi izahatlarında bildirmişdir ki, borc 2008-ci ildən 2011-ci ilə qədərki dövr üzrə yaranmışdır. X5. Hazırki iddiaçının iddia irəli sürməyə subyektiv hüququ yoxdur. Azərişıqla İddiaçı arasında hər hansı müqavilə bağlanmamışdır. Borc köhnə borcdur. İddiaçı şirkətin abonenti deyil. X9 borcudur. H.Əliyeva ölübsə iddiaçı inzibati məhkəmə qaydasında müqaviləni öz adına keçirərdi və borcu ödəyərdi. Ünvanda borc varsa yeni müqavilə bağlanıla bilmir. Borc elektrik enerjisindən istifadəyə görə yaranmış, 2008-ci ilə aid borcdur. Abonentin saldosundan da görünür ki, 2008-c ildə cəmi 1 dəfə 20 manat, 2011-ci ildə 1 dəfə 20 manat ödəniş edilmişdir. İddiaçı ünvanda 2011-ci ildən yaşadığını deyir. Belə ki, onlara hər ay borc qəbzi verilib. Orada sərfiyyat, qalıq borc və cəmi borc barədə məlumatlar əks olunur. Deməli iddiaçının ünvanda nə qədər borc olduğundan xəbəri olmuşdur.

7. Cavabdehin nümayəndəsi xx.xx.2022-ci il tarixində məhkəməyə ərizə ilə müraciət edərək, bildirmişdir ki, iddia ərizəsində qeyd olunmuş **********8064A kodun abunəçisi Həliməxanım Əliyevadır. "xxxx" ASC-nin iddiaçı X11 ilə arasında elektrik enerjisinin alğı-satqısına dair müqavilə imzalanmamışdır. "xxxx" ASC tərəfindən iddiaçı Nayib Musarza oğlunun hər hansı hüququ pozulmamışdır. İddiaçının hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməsinə imkan verən subyektiv hüququ yoxdur. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:

8. **********8064A abonent kodu olan Həliməxanım Əliyevaya məxsus abonent haqqında olan məlumatdan görünür ki, ünvan 1 ünvanına 2008-ci ildən sayğac quraşdırılmış, xx.xx.2011-ci il tarixində və xx.xx.2021-ci il tarixində sayğac dəyişdirilmiş, aktlar üzrə abonentə 3316,76 manat borc hesablanmışdır.

9. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li arayışdan görünür ki, İddiaçı xx.xx.2004-cü il tarixindən ünvan 1 ünvanında qeydiyyatdadır. X4, X14, X15 həmin ünvanda qeydiyyatda olan digər şəxslərdir.

10. İddiaçı ilə “Azəriqaz” İB arasında bağlanan xx.xx.2017-ci il tarixli, 15/3321№li müqavilədən görünür ki, paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq, istehlakçını ünvan 1 ünvanında keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq, paylayıcı tərəfindən təqdim edilən hesaba ödəyir.

11. İddiaçı ilə "xxxx" ASC arasında bağlanan xx.xx.2020-ci il tarixli, 43318935 №-li müqavilədən görünür ki, müəssisə istehlakçını ünvan 1 ünvanında bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq, içməli su ilə təmin edir və tullantı sularının fasiləsiz qəbulunu həyata keçirir.

12. Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən verilən AZ-İİ seriyalı, 273157 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X1 xx.xx.2014-cü il tarixində ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2014-cü il tarixində 1104 № ilə qeyd edilmişdir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:

13. İddiaçı ünvan 1 ünvanında 2004-cü ildən qeydiyyatdadır. (X4, X14, X15 həmin ünvanda qeydiyyatda olan digər şəxslərdir-iddiaçının ailə üzvləridir.)

14. ünvan 1 ünvanına 2008-ci ildən sayğac quraşdırılmış, xx.xx.2011-ci il tarixində və xx.xx.2021-ci il tarixində sayğac dəyişdirilmiş, aktlar üzrə abonentə 3316,76 manat borc hesablanmışdır. Sayğac **********8064A abonent kodu olan Həliməxanım Əliyevaya məxsusdur.

15. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi qanunsuz tikilidir. Həmin ünvanda qazdan və sudan istifadə edilməsi ilə bağlı aidiyyəti təşkilatlarla müqavilələr (bunlar əsasında sayğaclar qoşulmuşdur.) İddiaçı arasında bağlanmış və kommunal ödənişlər sonuncu tərəfindən edilmişdir.

16. X12-Rza hazırki İddiaçı bacısı olmuş və həmin ünvana elektrik enerjisinin verilməsi ilə bağlı müqavilə müvafiq olaraq X1 arasında bağlanmışdır.

17. AZ-İİ seriyalı, 273157 saylı ölüm haqqında şəhadətnaməyə əsasən X1 xx.xx.2014-cü il tarixində ölmüşdür.

18. Bacısının ölümündən sonra İddiaçı elektrik enerjisindən istifadə edilməsi üçün cavabdehlə arasında yeni müqavilənin bağlanmasına nail olmaq istəsə də, ünvana 2008-2011-ci illəri əhatə edən 3316,76 manat borc hesablandığından cavabdeh təşkilat tərəfindən iddiaçı ilə yeni müqavilənin bağlanılması mümkün olmamışdır.

19. Hazırda iddiaçı hesablanan borc məbləğinə iddiaçının müddəti ötürdüyünə görə tələbetmə hüququnun olmadığını əsas gətirməklə iddianın təmin edilməsini və yaranmış borc məbləğinin abonent hesabından silinməsini xahiş edir.

20. Həmçinin iddiaçı iddia ərizəsində göstərir ki, həmin borc məbləğindən bu günədək məlumatı olmamış, ondan borc tələb edilməmiş və bu barədə xəbərdar edilməmişdir.

21. Cavabdehin nümayəndəsi isə izahatında göstərir ki, iddiaçı ilə cavabdeh arasında hər hansı müqavilə bağlanmadığından, cavabdeh tərəfindən iddiaçının hüquqlarının pozulması qeyri-mümkündür. Belə olan halda, iddiaçının hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ yoxdur. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:

22. Azərbaycan Respublikası Nazirlər Kabinentinin “Elektrik enerjisindən istifadə Qaydaları"nın təsdiq edilməsi haqqında 02 fevral 2005-ci il tarixli 18 nömrəli Qərarının 1.1ci bəndinə əsasən, elektrik enerjisi istehlakçısı - müqavilə əsasında elektrik enerjisini satın alan və ondan elektrikqəbulediciləri vasitəsilə istifadə edən hüquqi və ya fiziki şəxs, məişət abonenti (əhali) - yaşayış binalarının mənzillərində, yataqxanalarda, xüsusi yaşayış evlərində, həmçinin bağlarda, şəxsi qarajlarda məişət məqsədləri üçün elektrik enerjisindən istifadə edən istehlakçıdır.

23. Həmin Qərarın 4.1-ci bəndinə əsasən, enerji təchizatı müəssisəsi tərəfindən bütün istehlakçılara, o cümlədən məişət abonentlərinə elektrik enerjisinin verilməsi bu Qaydalara uyğun tərtib edilmiş elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir.

24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

25. 550-ci maddəsinə əsasən tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər.

26. 551-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir.

27. 551.2.1-ci maddəsinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər 5 il keçdikdən sonra qüvvəsini itirir.

28. 554.1-ci maddəsinə əsasən müddət keçdikdən sonra mükəlləfiyyətli şəxsin öhdəliyin icrasından imtina etmək hüququ vardır.

29. İşin halları ilə müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə 2008-2011-ci il tarixlərində elektrik enerjisindən istifadə ilə bağlı cavabdeh tərəfindən 3316.76 manat borc hesablanmışdır. Cavabdehlə müqavilə bağlayan şəxs ölmüşdür. İddiaçı faktiki olaraq həmin fərdi yaşayış evində yaşayır və abonent müqaviləsinin onunla bağlanmasını tələb etmişdir, lakin cavabdeh müqavilənin bağlanmasının köhnə borcların ödənildiyi təqdirdə mümkün olacağını bildirmişdir. Bu səbəbdən iddiaçı həmin borcun silinməsini məhkəmə qaydasında tələb etmək qərarına gəlmişdir. Cavabdehin nümayəndəsi iddiaçının iddianın faktiki əsasına dair dəlillərini qəbul etmiş, lakin iddiaya yuxarıda göstərilən qaydada etiraz etmişdir.

30. Məhkəmə qeyd edir ki, elektrik enerjisindən istifadəyə görə edilən ödənişlər vaxtaşırı ödəniş hesab edilir. Belə olan halda 2008-2011-ci illəri əhatə edən borc məbləğinə tələb hüququ Mülki Məcəllənin 551-ci maddəsinin tələbi baxımından 5 il müddət keçdikdən sonra itirildiyindən, yaranmış öhdəliyə xitam verilir. Bundan başqa ümumiyyətlə bütün tələblər üzrə 10 il keçdikdən sonra öz qüvvəsini itirir.

31. Bu baxımdan məhkəmə o qənaətə gəlir ki, qeyd edilən yaşayış evinə 2008- 2011-ci il tarixləri üçün elektrik enerjisindən istifadəyə görə hesablanmış 3316,76 manat məbləğindəki borc tələb hüququ keçdiyindən silinməli, həmin məbləğdə öhdəliyə xitam verilməlidir.

32. Məhkəmə subyektiv hüququn olmaması ilə bağlı cavabdehin etirazını formal mülahizə hesab edir.

33. Belə ki, elektrik enerjisi ilə təchiz olunan tikili onsuz da özbaşına tikilidir və bu məqamda hər hansı hüquq müəyyənedici sənədin mövcudluğundan danışmaq yersiz olar. Eyni zamanda cavabdehlə abonent müqaviləsi bağlamış şəxs artıq 2014-cü ildən vəfat etmişdir və həmin öhdəlik borclunun şəxsi iştirakı olmadan icrası mümkün olmayan öhdəlik hesab edilmir. Əks halda istehsalçı onsuz da vəfat edən şəxsin borcunu tələb etməkdə haqlı hesab edilə bilməzdi.

34. Bu səbəbdən elektrik enerjisi istehlakçısının(abonent isə əsas istehlakçı hesab edilir) və ya məişət abonentinin, ümumiyyətlə bütün enerjitəchizatının subyektlərinin elektrik enerjisindən istifadə ilə bağlı yaranmış borca dair mübahisə açmaq üçün subyektiv hüququ vardır. Üstəlik həmin evə dair digər kommunal xidmətlərlə bağlı müqavilələrin iddiaçı ilə bağlanmış olması və iddiaçının həmin evdə yaşaması və faktiki olaraq cavabdehlə elektrik enerjisinin alqı-satqısı ilə bağlı münasibətlərinin olması işin mübahisəsiz halıdır. Tətbiq edilən prosessual normalar:

35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

36. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

37. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

38. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

39. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticə:

40. Beləliklə, məhkəmə istinad edilən maddi hüquq normalarının tələblərini rəhbər tutub, iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verib hesab edir ki, iddia təmin edilməli, ünvan 1 ünvanında yerləşən (abonent kodu: **********8064A) yaşayış evinə elektrik enerjisindən istifadəyə görə "xxxx" ASC tərəfindən hesablanmış 3316,76 manat məbləğində borc silinməlidir.

41. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə

qətetdi:

İddia təmin edilsin. ünvan 1 ünvanında yerləşən (abonent kodu: **********8064A) yaşayış evinə elektrik enerjisindən istifadəyə görə "xxxx" ASC tərəfindən hesablanmış 3316,76 (üç min üç yüz on altı manat, yetmiş altı qəpik) manat məbləğində borc silinsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim İlkin Əliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar