Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5358/2022 08.12.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı İddiaçı1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıların xüsusi mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Fəxrəddin İsayev küçəsi, ev 5 ünvanına cavabdehlərin və himayələrində olan xx.xx.2006-cı il təvəllüdlü X5, xx.xx.2008-ci il təvəllüdlü X7, xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2011-ci il təvəllüdlü X8 istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia ərizəsini onunla əsaslandırmışlar ki, X3 ilə bağlanmış alqısatqı müqavilələrinə əsasən iddiaçılar ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakı almışlar. Qeydiyyatda olanlar qeydiyyatdan çıxmalarını öhdələrinə götürsələrdə, qeydiyyatdan çıxmamışlar. Cavabdehlərin pasport qeydiyyatında qalması iddiaçıların mənzilə olan hüquqlarının həyata keçirilməsinə maneə törədir, mülkiyyət hüquqlarını məhdudlaşdırır. Bu səbəbdən də qanunvericiliyin tələblərini nəzərə alaraq öhdəliyini yerinə yetirməyən cavabdehlərin mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsinə zərurət vardır. Məhkəmə iclasında iştirak edən İddiaçı1 iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazıminca məlumatlandırılmalarına baxmayaraq, digər iddiaçı və cavabdehlər məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə görə, məhkəmə işə onların iştirakı olmadan baxmağı mümkün hesab edir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib və mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıdakılara əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin **********45-10301 reyestr nömrəli çıxarışından görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Fəxrəddin İsayev küçəsi, ev 5 ünvanında yerləşən ümumi sahəsi 68 kv.m olan fərdi yaşayış evinin 1 otağı (y/s 11.8 kv.m k/s 8.8 kv.m) ********** qeydiyat nömrəsinə əsasən İddiaçı1 (qeydiyyat tarixi xx.xx.2019-cu il), qalan hissəsi isə ********** qeydiyyat nömrəsinə əsasən isə İddiaçı2 (qeydiyyat tarixi xx.xx.2021-ci il) xüsusi mülkiyyətindədir. - yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, xx.xx.2006-cı il təvəllüdlü X13, xx.xx.2008-ci il təvəllüdlü X14, xx.xx.2010-cu il təvəllüdlü X10 və xx.xx.2011-ci il təvəllüdlü X15 ünvan 1 ünvanında qeydiyyatdadırlar. - daşınmaz əmlakın AN-İ ******* nömrəli, xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Fəxrəddin İsayev küçəsində yerləşən ü/s 68.0 kv.m, y/s 33.9 kv, yar/sah 34.1 kv.m olan 3 otaqlı 5a saylı yaşayış evinin k/s 8.80 kv.m, y/s 11.8 kv.m olan 1 otağı satıcı X3 tərəfindən alıcı İddiaçı1 45 500 manata satılmışdır. - 4Ə-1087 saylı, xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə dair notariat işindən görünür ki, X6 (həyat yoldaşı) və Cavabdeh3 notarial qaydada ərizə verərək, X2 məxsus ünvan 3 ünvanında yerləşən ü/s 68.0 kv.m olan fərdi yaşayış evinin k/s 8.80 kv.m, y/s 11.8 kv.m olan 1 otağının satılmasına etiraz etməmişlər. - daşınmaz əmlakın AN-İ ******* nömrəli, xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən, ünvan 1 ünvanında yerləşən, paylı mülkiyyətdə olan, ümumi sahəsi 68 kv.m olan fərdi yaşayış evinin satıcı X2 məxsus 47.4 kv.m hissəsi bütünlükdə alıcı İddiaçı2 qızna 35.000 manata satılmışdır. - 4Ə-374 saylı, xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə dair notariat işindən görünür ki, X6 (həyat yoldaşı), Cavabdeh3, X11, Cavabdeh2, Cavabdeh1 və İddiaçı1 (alıcılıq hüququndan imtina etmə) X2 məxsus ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin satılmasına etiraz etməmişlər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 1-ci bəndinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə əsasən mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəllənin: - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. - 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. - 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. - 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. - 203.1-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Mənzil Məcəlləsinin 29.1-ci maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsi müəyyən edir ki, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüququnun və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə, şəxs məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Göründüyü kimi qanunun tələbinə görə şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında mümkündür. Beləliklə, müəyyən edildi ki, Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin **********45-10301 reyestr nömrəli çıxarışından görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Fəxrəddin İsayev küçəsi, ev 5 ünvanında yerləşən ümumi sahəsi 68 kv.m olan fərdi yaşayış evinin 1 otağı (y/s 11.8 kv.m k/s 8.8 kv.m) ********** qeydiyat nömrəsinə əsasən İddiaçı1 (qeydiyyat tarixi xx.xx.2019-cu il), qalan hissəsi isə ********** qeydiyyat nömrəsinə əsasən isə İddiaçı2 (qeydiyyat tarixi xx.xx.2021-ci il) xüsusi mülkiyyətindədir. Cavabdehlərin mübahisəli mənzilə istifadə hüquqları formal xarakter daşıdığından, həmin mənzildə formal olaraq qeydiyyatdadırlar. Müəyyən edildi ki, onlar həmin ünvanda yaşamırlar. Cavabdehlərin həmin mənzildə qeydiyyatda qalması iddiaçıların həmin mənzil üzərindəki sərəncam hüququnun həyata keçirməsinə mane olur. Məhkəmə qeyd edir ki, AR Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideyinlik hüquqlarını itirməmiş valideyinlərinin yaşayış yeri sayılır. Ona görə də məhkəmə hesab edir ki, hazırki halda cavabdehlər X7, X4 və X8 yaşayış yerləri onların valideyinlərinin yaşayış yeri ilə müəyyən edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Fəxrəddin İsayev küçəsi, ev 5 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüquqları itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan islifadə etməlidir. Həmçinin hər bir tərəf öz tələblərinin və etirazlarınının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, xx.xx.2006-cı il təvəllüdlü X5, xx.xx.2008-ci il təvəllüdlü X7, xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2011-ci il təvəllüdlü X8 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüquqları itirilmiş hesab edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova
Məhkəmə qərarları › İş №2(001)-5358/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5358/2022
08.12.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver