Məhkəmə qərarları › İş №2(001)-5371/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5371/2025

20.11.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5371/2025 20.11.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə (açar sözlər: delikt, maddi zərər, borc) Hakim Vəliyeva Elnarə Fəxrəddin qızının sədrliyi, Hüseynov Həmid Xudaverdi oğlunun katibliyi, İddiaçı Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: 1.İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 6510 (altı min beş yüz on) manat məbləğində dəymiş real zərərin və 2000 (iki min) manat məbləğində dəymiş mənəvi zərərin Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 2.İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh 2024-cü ildə özünə məxsus BMW 535 markalı **-ZS-*** dövlət qeydiyyat nişanlı avtomobilini təmir etmək üçün təhvil vermiş, lakin cavabdeh iddiaçıya məxsus 7300 manat məbləğində vəsaiti ələ keçirmişdir. İddiaçı, hüquqların müdafiəsi məqsədilə xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Binəqədi RPİ-nin 4-cü Polis Bölməsinə müraciət etmişdir. Araşdırma zamanı, cavabdeh 6510 manat məbləğində iddiaçıya ziyan vurduğunu səmimi etiraf etmişdir. İş üzrə Cinayət işinin başlanmasının rədd edilməsi haqqında Qərar qəbul edilmiş, məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. İddiaçı vəsaitin geri alınması ilə bağlı məhkəməyə müraciət etməyə haqlıdır. Belə ki, dəfələrlə cavabdehə müraciət etməsinə baxmayaraq cavabdeh öhdəliyin icrasından yayınmışdır. Bu səbəbdən iddiaçı cavabdehdən dəymiş zərəri, yəni özünün etiraf etdiyi 6510 manat məbləğində məbləği ödəməlidir. İİ.Tərəflərin mövqeləri: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, 2600 manat onun tərəfindən iddiaçıdan borc alınsa da, sonradan istədiyi işi edə bilmədiyindən pulu iki dəfə ödəniş etməklə iddiaçının bank kartına ödəniş etmişdir. Onun tərəfindən barəsində polis orqanlarında araşdırılma gedən zaman 6510 manat iddiaçıya borcunun olması barədə etiraf edilməmişdir. Polis əməkdaşı qərarda onun vermədiyi izahatı göstərmişdir. İddiaçı avtomobilinin təmir edilməsi üçün 3290 manat ödəniş etmiş, həmin məbləğ avtomobilin təmiri və detalları üçün xərclənmişdir. Onun tərəfindən avtomobilə çəkilmiş xərclərlə bağlı bütün məlumatlar, alınan detallar barədə iddiaçıya məlumat vermişdir. İddia tələbinin rədd edilməsini xahiş edir. İİİ.İşin faktiki halları: İş materiallarına əlavə olunmuş: - xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda qeyd olunmuşdur ki, xx.xx.2025-ci il tarixində ünvan 1 ünvanında yaşayan vətəndaş X1 RPİ-nin 4-cü PŞ-nə müraciət edərək bildirmişdir ki, 2024-cü ildə özünə məxsus BMV 535 markalı **-ZS-*** dövlət qeydiyyat nişanlı avtomobili təmir etmək üçün Cavabdeh vermiş, lakin Cavabdeh ona məxsus 7300 (yeddi min üç yüz ) pul vəsaitini ələ keçirmişdir. Daxil olan məlumat Binəqədi RPİ-nin 4-cü PŞ-də 1 saylı "törədilmiş və ya haızrlanan cinayətlər barədə məlumatların qeydiyyatı” kitabında 1-HK-724 sayı ilə qeydə alınaraq xx.xx.2025-ci il tarixdə icraat daxil olmuşdur. Təhqiqat zamanı vətəndaş X4 izahat verərək ərizəsində göstərmiş olduğu xüsusatları təsdiq etmişdir. Araşdırma zamanı vətəndaş X3 ümumilikdə 7300 manat maddi ziyan dəymişdir. Araşdırma zamanı vətəndaş Cavabdeh izahat verərək Xətai Əliyevin ərizəsində və izahatında göstərmiş olduğu xüsusatları təsdiq etmiş və onun tərəfindən Xətai Əliyevə 6510 manat maddi ziyan vurulmasını səmimi olaraq etiraf etmişdir Toplanmış material xx.xx.2025-ci il tarixində Binəqədi RPİ-nin İŞ-nə göndərilmiş, lakin xx.xx.2025-ci il tarxində 4-cü PŞ-nə geri qaytarılmış, xx.xx.2025-ci il tarixində icraatıma daxil olmuşdur. Araşdırma zamanı X5 tərəfindən təqdim edilmiş BMV servisdən alınmış avtomobilə dəymiş ziyan aktı toplanmış materiala əlavə edilmişdir. - xx.xx.2025, xx.xx.2025, xx.xx.2025,xx.xx.2025, xx.xx.2025, xx.xx.2025, xx.xx.2024, xx.xx.2025, xx.xx.2025, xx.xx.2025-ci il tarixli qəbzlərin surətindən görünür ki, İddiaçı tərəfindən 4300 manat manat pul köçürülmüşdür. İV.Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının və cavabdehin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia aşağıdakılara görə iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 459.1-ci maddəsinə əsasən isə, zərərin əvəzini ödəməyə borclu olan şəxs əvəz ödəməyə borclu edən hal baş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa etməlidir. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyriəmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li 03 noyabr 2008-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Məhkəmə iddiaçının mənəvi ziyan tələbi ilə bağlı qeyd edir ki, İnsan hüquqları üzrə Avropa Məhkəməsi qərarlarında çəkilmiş maddi ziyana kompensasiya ödənilməsinin ərizəçinin təqdim etdiyi sübutlar və pozuntu ilə ziyan arasında səbəbli əlaqə əsasında müəyyən etsə də, mənəvi ziyana görə kompensasiya ödənilməsinin ərizəçi tərəfindən bunun sübut edilməsi ilə deyil, onun pozuntu nəticəsində müəyyən sarsıntılara, əzaba və məyusluğa məruz qalması ilə əlaqələndirmişdir. Məhkəmə qeyd edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Məhkəmə iddiaçının mənəvi zərər ilə bağlı tələbinə münasibətdə qeyd edilir ki, iddiaçı tərəfindən bünüla bağlı hər hansı sübut təqdim edilmədiyindən həmin hissədə iddia təmin edilməməlidir. İş üzrə iddiaçıya maddi zərərin vurulduğu işin mübahisəsiz və aşkar halıdır. Yuxarıda sadalanan normaların məzmunundan və işin hallarından göründüyü kimi, bu zərərin əvəzinin ödənilməsi vəzifəsi cavabdehin üzərindədir. Belə ki, cavabdeh tərəfindən qeyd ediklən ödənişlərin həyata keçirilməsi izahatında bildirilərək məhkəməyə qəbzlər təqdim edilsə də, məhkəməyəqədər tərəflər arasında olan mübahisənin hüquq mühafizə orqanları vasitəsi ilə aparılan araşdırılması zamanı cavabdeh izahatında 3510 manat məblğində borcunun qaldığını bildirmiş, təqdim edilmiş qəbzlər həmin araşdırmaya qədər edilmiş ödənişlər olmaqla məhkəmə iclasında həmin izahatın onun tərəfindən verilmədiyi irəli sürülsə də izahaatında təsdiq edən hallarea dair sübutları təqdim edə bilməmişdir. Bundan başqa məhkəməyə cavabdeh tərəfindən təqdim edilmiş qəbzlərlə həqiqətən də iddiaçının avtomobilin təmiri üçün alınmalı olan ehtiyyat hissələr və görülən işlərlə bağlı xərclərin kassa vasitəsi ilə ödənilməsini müəyyən etmək mümkün olmamışdır. Məhkəmə iclasında cavabdeh özü də etiraf etmişdir ki, nnəqliyyat vasitəsi düzəldilərək iddiaçıya təhvil verilsə də, bir neçə gün sonra eyni nasazlıqla bağlı iddiaçı yenidən ona müraciət etmiş və mübahisə də təmir edilməmə ilə başlanmışdır. Cavabdeh izahatın onun tərəfindən verilmədiyini bildirsə də, araşdırmanın nəticəsi olan səlahiyyətli orqanın qərarı onun tərəfindən mübahisələndirilməmiş, həmin halların əksini təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası MPM-nin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 6510 manat maddi zərər tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə görə, məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə xərci ilə bağlı qeyd edilir ki, iddiaçı müharibə veteranı olmaqla dövlət rüsumundan azad edildiyindən cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. V. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 6510 manat maddi zərər (altı min beş yüz on) manat pul tutularaq İddiaçı xeyrinə ödənilsin. Cavabdeh 85 (səksən beş manat) dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Elnarə Vəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar