Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5373/2021 11.11.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, məhkəmə iclas katibi X3 oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə 11 noyabr 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Cəfərov X2 Elmar Qasım oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək aralarında olan şifahi razılaşmaya əsasən cavabdehdən ünvan 1 ünvanında ümumi sahəsi 296,5 kv.metr ölçüdə olan 4 ədəd mənzilin alğı-satqısına görə əldə olunmuş 135000 manatın və Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən 3 ədəd mənzilin alğı-satqısına görə 100000 manatın, cəmi 235000 manatın və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, o, 2015-ci ildə ev tikib satmaqla məşğul olmaq qərarına gəlmişdir. Buna görə də, 2015-ci ildə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində 0,03 ha. torpaq sahəsini etibarnamə əsasında alıb həmin torpaq sahəsində 4 ədəd ev tikib satışa qoymuşdur. Bu evlərdən birini satsa da, digər üçünü sata bilməmişdir. Bundan başqa Abşeron rayonu, Digah qəsəbəsi, Zaur Həbibov küçəsində tikilmiş 5 mərtəbəli binanın beşinci mərtəbəsində ümumi sahəsi 296,5 kv metr ölçüdə olan 4 ədəd mənzili alıb satışa qoymuş, lakin həmin mənzilləri də sata bilməmişdir. Ev satmağı barədə bir neçə tanışına demiş və 2016-cı ildə yas mərasimində olarkən tanışı Zakir adlı şəxs onu əvvəllər tanımadığı Cavabdehla tanış edib həmin şəxsin ev alğı-satqısı ilə məşqul olduğunu bildirmişdir. O, Elmarla tanış olub evləri barədə ona danışmış və Elmarla Binəqədi qəsəbəsində yerləşən evlərə baxmışlar. Bundan sonra ünvan 2 ünvanında yerləşən ofisində Elmarla söhbət etmiş, Elmar oraya ümumi tanışları Zakirlə gəlmiş və orada onunla ofisdə işləyən Oruc Aliyevlə birlikdə Elmarla danışıb həmin mənzilləri Elmara verəcəyini, Elmar isə həmin mənzilləri satıb bir il müddətinə 120000 manat ödəyəcəyini, həmin pulun bir hissəsini, yəni 20000 manatı qabaqcadan verməli olduğunu razışlaşmışlar. Razılaşdıqdan 3-4 gün sonra Elmar ofisə gəlib ona 20000 manat pul vermiş və o, həmin evlərin açarlarını Elmara vermişdir. Bundan bir neçə gün sonra o, həmin evlərə baxmağa getmiş və Elmarın hər üç evdə təmir işləri apardığını görmüşdür. O, Elmarın bu hərəkətlərini bəyənmiş, Elmara Digah qəsəbəsində olan mənzillərini də satmağı təklif etmişdir. Bundan sonra onlar birlikdə Digah qəsəbəsində yerləşən mənzillərə baxmış, o, həmin mənzilləri 1 kv. metr üçün 500 manata satdığını bildirmiş, Elmara həmin mənzilləri satıb 1 ilə pulu ona qaytarmasını təklif etmişdir. Elmarla birlikdə həmin evlərə baxarkən yolda Elmar ona Mehdiabad qəsəbəsində özünə məxsus torpaq sahəsində ev tikib satdığını, beləliklə pul qazandığını demiş, ona həmin evlərin tikintisinə pul qoymağı və həmin puldan əlavə qəzanc əldə etməyi təklif etmişdir. Belə olan halda o, Elmarla razılaşmış və Elmara 120000 manat pul verməyi təklif etmişdir. Elmar da 120000 manatın əvəzində evləri tikib satdıqdan sonra 150000 manat qaytaracağını demişdir. Beləliklə, Elmarla Digah qəsəbəsindəki evlərin 1 kv.metrini 450 manata razılaşdıqdan sonra həmin mənzillərin çıxarışı olduğuna görə 11 saylı notariat kontoruna gedib mənzillərə dair ona etibarnamə vermiş,həmçinin arvadı da bu mənzillərin satılmasına razılıq ərizəsi vermişdir. Əlavə get-gəl olmasın deyə həmin vaxt Mehdiabad qəsəbəsindəki torpaqla bağlı Elmarla aralarındakı iş birliyinə görə ona 120000 manat pul verməsinə dair borc müqaviləsi bağlanmış, müqavilə bağlanarkən notarius pulun notariat kontorunda verilib-verilməməsinin ona önəmli olmadığını bildirmiş və o, notariat kontorundan çıxdıqdan sonra avtomobildə həmin 120000 manatı cavabdehə vermişdir. 2017-ci ilin dekabr ayında Elmarın Binəqədi qəsəbəsində yerləşən evləri artıq satmasını bilmiş və bundan sonra Digah qəsəbəsində yerləşən mənzillərlə də maraqlanmış, həmin mənzillərin də artıq satıldığını öyrənmişdir. Elmarla danışıb pulunu istədikdə, Elmar müxtəlif bəhanələr gətirərək qısa müddət ərzində mənzillərin pulunu ona verəcəyini demiş, lakin bir manat da olsun pul verməmişdir. O, dəfələrlə Elmarla söhbət etdikdən sonra Elmarın onun etibarından sui-istifadə edib aldatdığını görüb məcbur olub hüquq mühafizə orqanlarına müraciət etmiş və Binəqədi qəsəbəsində yerləşən evlərlə bağlı Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə şikayət etmişdir. Binəqədi rayon Polis İdarəsində ərizəsi əsasında material toplanaraq cinayət işinin başlanması məsələsinə baxılması üçün Binəqədi rayon Prokurorluğuna göndərilmiş, Digah qəsəbəsində olan mənzillərin ələ keçirilməsi ilə bağlı olan şikayəti Abşeron rayon Polis İdarəsində əvvəlcə rədd edilmiş, sonra isə Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə göndərilmiş, Elmara 120000 manat verməyi ilə əlaqədar isə mülki qaydada Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Araşdırma dövründə cavabdeh ona məxsus olan ümumi dəyəri 235000 manat olan mənzilləri satıb pulları ona qaytarmadığı onun özünün izahatı və digər materiallarla təsdiq olunmuşdur. Buna görə də, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin istintaq şöbəsinin müstəntiqi polis mayoru Rövşən Cavadovun 26 aprel 2021-ci il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmiş və mülki qaydada məhkəməyə iddia ərizəsi ilə məhkəməyə müraciət etməyi izah edilmişdir. Bu qərarla da Cavabdeh ona məxsus evlərin və mənzillərin satılmasından 235000 manat verməli olduğu təsdiq olunur. Ona görə də hesab edir ki, aralarında olan şifahi razılaşmaya əsasən Cavabdeh ünvan 1 ünvanında ümumi sahəsi 296,5 kv.m. ölçüdə olan 4 ədəd mənzilin alğı-satqısına görə əldə olunmuş 135000 manat və Bakı şəhəri. Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən 3 ədəd mənzin alğı-satqısına görə 100000 manat olmaqla cəmi 235000 manat və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu alınıb ona ödənilməlidir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iddianı qəbul etmədiklərini bildirərək izahatında göstərdi ki, iddiaçı ilə cavabdeh arasında münasibətlər 2017-ci ilin dekabr ayından başlamışdır. Belə ki, təsadüfi tanışlıq zəminində iddiaçı cavabdehin tikinti materialları satdığını bilmiş, ondan özünə məxsus evlərin satılmasında köməklik istəmişdir. Sonradan cavabdeh iddiaçı ilə birlikdə iddiaçıya məxsus, ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 296,5 kv.metr olan 4 ədəd evə baxmış, cavabdeh evlərin satılmasında köməklik edəcəyini demişdir. 04 iyun 2018-ci il tarixdə iddiaçı ilə cavabdeh notariat kontoruna getmişlər, iddiaçı sözügedən evlərin satışını həyata keçirməsi üçün cavabdehə etibarnamə vermişdir. Etibarnamının şərtlərinə əsasən, cavabdehə həmin evlərlə bağlı iddiaçı tərəfindən sərəncam hüququ verilmişdir. Lakin, iddiaçı cavabdehlə gələcəkdə aralarında yarana biləcək anlaşmazlığın təminatı olaraq həmin tarixdə notariat ofisində cavabdehlə borc müqaviləsi bağlamışdır ki, həmin müqaviləyə əsasən, güyə iddiaçı cavabdehə 6 ay müddətə geri ödəmək şərti ilə 120000 manat pulu borc kimi vermişdir. Halbuki, həqiqətən də 120000 manatın iddiaçı tərəfindən cavabdehə verilməsi ilə bağlı heç bir sübut mövcud deyil, evlərlə bağlı sərəncam hüququnu özündə əks etdirən etibarnamənin təminatı kimi bağlanmışdır. İkinci, yəni 120000 manatın cavabdehdən iddiaçının xeyrinə tutulması ilə bağlı məhkəmə qətnaməsi mövcuddur. Yəni, iddiaçı Digah qəsəbəsindəki, iddia ərizəsində göstərilən 4 ədəd evin təminatı kimi müəyyənləşdirdiyi 120000 manatın cavabdehdən tutularaq ona ödənilməsi ilə bağlı məhkəməyə müraciət etmiş, iddiası təmin olunmuşdur. Cavabdeh tərəfindən həmin qətnamədən apellyasiya şikayəti verilsə də, şikayət təmin olunmamışdır. Hazırda cavabdeh tərəflər arasında 120000 manatlıq borc müqaviləsinin etibarsız hesab edilməsi tələbi ilə məhkəməyə müraciət etmiş, iş Binəqədi Rayon Məhkəməsinin icraatındadır. İddia tələbi Digah qəsəbəsindəki evlərin alğı-satqısından əldə edilmiş 135000 manatın ödənilməsi hissəsində tamamilə əsassızdır, ona görə ki, həmin evlərin cavabdeh tərəfindən 135000 manata satılmasını təsdiq edən heç bir sübut iddia ərizəsinə əlavə edilməmişdir. Cavabdeh iddia ərizəsinə əlavə edilmiş 26 aprel 2021-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan hazırki iddia ərizəsi məhkəməyə verildikdən sonra məlumat almış, həmin qərarla tanış olarkən müəyyən etmişdir ki, İstintaq Şöbəsinin müstəntiqi tərəfindən onun izahatı təhrif olunmuşdur. Buna görə də, cavabdeh tərəfindən sözügedən qərardan şikayət verilmiş, izahatının yenidən, düzgün alınması tələb olunmuşdur. Tərəflər arasında Digah qəsəbəsindəki evlərdən başqa iş birliyi olmamışdır. Sonda Nümayəndə məhkəmədən göstərilənləri nəzərə alıb iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş materiallarında olan: - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23 oktyabr 2019-cu il tarixli, 2(001)-5892/2019 saylı qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında 04 iyun 2018-ci il tarixdə bağlanmış, Bakı şəhəri 11 saylı notariat kontorunda təsdiq edilərək reyestrdə 3M-447 nömrə ilə qeyd edilmiş kredit müqaviləsinə əsasən, İddiaçı Cavabdeh 04 dekabr 2018-ci il tarixədək qaytarmaq şərti ilə 120000 manat borc pul vermişdir. Həmin qətnaməyə əsasən, Cavabdeh 120000 manat əsas borcun və 30 manat dövlət rüsumunun tutularaq İddiaçı verilməsi qərara alınmışdır. - Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi tərəfindən qəbul edilmiş 26 aprel 2021-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın surətindən görünür ki, Cəfərov X1 RPİ-nin 5-ci Polis Bölməsinə ərizə ilə müraciət edərək bildirmişdir ki, ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 296,5 kv.metr olan 4 mənzilini həyat yoldaşının razılıq ərizəsi ilə etibarnamə əsasında 2017-ci ilin yay aylarından əvvəllər tanıdığı Cavabdeh ilə razılaşaraq ona satmağı tapşırmış, Cavabdeh öz növbəsində həmin evlərin aralarında olan razılığa görə sataraq hər kv.metrə görə 450 manatdan verməli olmuş, Cavabdeh 2018-ci ilin may ayından gec olmayaraq həmin evləri sataraq pulunu verəcəyinə söz vermiş, evləri 130000 manata sataraq pulunu isə verməmişdir. Toplanmış materialda cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmin araşdırma zamanı Cavabdeh izahatında göstərmişdir ki, o, İddiaçı Binəqədi qəsəbəsində inşa etdirdiyi 3 ədəd evin satılması üçün İddiaçı kömək məqsədi ilə evləri alıb material əvəzinə dəyişdirə biləcəyini, həmin materialları ilə Bakı şəhəri, Binəqədi qəsəbəsində Mehdiabad yolunun üstündə özünün tikdiyi evlərin tikintisində istifadə edib sonradan həmin evləri satıb İddiaçı pulunu verə biləcəyini təklif etmiş, İddiaçı bu təkliflə razılaşmış, evlərin açarlarını ona vermişdir. Sonradan o, həmin evləri satmış, əldə etdiyi materialı tikintisi aparılan evlərin tikintisində istifadə etmiş, əldə etdiyi pulla isə metarial alaraq eyni məqsədlə istifadə etmişdir. 2017-ci ilin yay aylarında İddiaçı şəriki Oruc adlı şəxs Digah qəsəbəsində ümumi ölçüsü 296 kv.metr olan 4 ədəd mansard tipli mənzilləri satmaqda ondan kömək istəmiş, onlar mənzillərə baxdıqdan sonra ümumi dəyər 120000 manat müəyyən edilmişdir. Həmin evlərlə bağlı İddiaçı ona etibarnamə vermiş, o, həmin evlərin satışı ilə bağlı pulun böyük miqdarını ala bilməmişdir. Məhkəmə iddiaçının dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Hazırkı iş üzrə tərəflər arasında mübahisəli məbləğin cavabdeh tərəfindən ödənilməsi ilə bağlı hər hansı müqavilənin mövcudluğu iş üzrə müəyyən edilməməklə yanaşı, iddiaçı tələbinin əsası kimi digər mötəbər sübuta əsaslanmamış, yalnız cavabdehin Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsində verdiyi izahatına istinad etmişdir ki, həmin izahat cavabdehin iddiaçı qarşısında öhdəliyinin yaranmasını sübut etmir (26 aprel 2021-ci il tarixli Qərar). Halbuki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Əksinə, həmin qərarda qeyd olunan, tərəflərin verdikləri izahatdan görünür ki, həm İddiaçı, həm də Cavabdeh Digah qəsəbəsində yerləşən, ümumi sahəsi 296,5 kv.metr olan 4 ədəd mənzillə bağlı etibarnamənin 2017-ci ilin yay aylarında verildiyini göstərmişlər. İş materiallarında olan, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23 oktyabr 2019-cu il tarixli, 2(001)- 5892/2019 saylı qanuni qüvvəyə minmiş qətnaməsində göstərilmişdir ki, tərəflər arasında 120000 manatlıq müqavilə 2018-ci ilin iyun ayında bağlanmışdır. Hazırki məhkəmə iclasında iddiaçı izahatında bildirmişdir ki, Digah qəsəbəsindəki evlərlə bağlı notariat kontorunda cavabdehə etibarnamə verərkən əlavə get-gəl olmasın deyə, həmin vaxt aralarında 120000 manat borc müqaviləsi də bağlanmışdır. Beləliklə, müəyyən olunur ki, sözügedən 120000 manatlıq borc müqaviləsinin bağlanma tarixi qanuni qüvvəyə minmiş qətnamədə 2018-ci ilin iyun ayı kimi, iddiaçının həm istintaq şöbəsində, həm də hazırki məhkəmə iclasındakı izahtında isə 2017-ci ilin yay ayları kimi göstərilmişdir. Yaranmış ziddiyyətlə əlaqədar məhkəmə hesab edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi sübut kimi qəbul edilməlidir, istintaq şöbəsinin müstəntiqi tərəfindən qəbul edilmiş qərarda göstərilən izahatların isə hazırki işdə sübut kimi qəbul edilməsi qeyri-mümkündür. Belə olan halda tərəflər arasında iddia tələbində qeyd olunduğu kimi Binəqədi qəsəbəsində iddiaçıya məxsus 3 ədəd evin alğı-satqı münasibətlərini təsdiq edən hər-hansı sübut aşkar olunmur. Digər tərəfdən, iddia öz tələbində cavabdehdən ünvan 1 ünvanında ümumi sahəsi 296,5 kv.metr ölçüdə olan 4 ədəd mənzilin alğı-satqısına görə əldə olunmuş 135000 manatın və Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən 3 ədəd mənzilin alğı-satqısına görə 100000 manatın cavabdehdən onun xeyrinə tutulmasını tələb edir ki, hazırki iş materialları ilə cavabdehin sözügedən mənzillərin satışından müvafiq olaraq 135000 və 100000 manat əldə etməsini təsdiq edən heç bir sübut müəyyən edilmir. Göründüyü kimi, qanunvericilik sübutlar təqdim edilməsi və sübut edilməsi vəzifəsini hər bir tərəfin öz üzərinə qoymuş, öz zərərinə olan hər hansı sübutun təqdim edilməli olması şərt kimi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmənin qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddiaçı öz tələblərinin əsası kimi istinad etdikləri halları sübuta yetirə bilməmiş, iddiaçının öhdəlik hüquq münasibətləri əsasında cavabdehdən pul tələb etməsi öz təsdiqini tapmamış və bunun əsası kimi hər hansı mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə hazırkı tələb üzrə iddia müddətinin tətbiqi ilə bağlı cavabdehin vəsatətinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 372.1-ci maddəsin əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. - 372.2-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. - 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. - 377.2-ci maddəsinə əsasən, icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Hazırki iş üzrə məhkəmə belə nəticəyə gəlir ki, tərəflər arasında hüquq münasibətləri Digah qəsəbəsindəki 4 ədəd evlə bağlı etibarnamənin verildiyi 2018-ci ilin 04 iyun tarixindən başladığından iddiaçı hazırki tələbdə iddia müddətini buraxmamışdır. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası əsassız olduğundan rədd edilməli, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin olunmasın, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-5373/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5373/2021
11.11.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver